"Altmışıncılar" və
son 60 ilin ədəbi həyatı”ndan səhifələr
(Əvvəli ötən saylarımızda)
***
Bədxahlarınızı bağışlayın, amma
adlarını unutmayın.
Con Kennedi
***
Üzərində bir ildən artıq müddətdə
işlədiyim "Altmışıncılar və son 60 ilin
ədəbi həyatı" kitabımı bitirmişəm,
əsərdən bir neçə parçanı oxuculara təqdim
edirəm.
***
Stalinin
ölümüylə başlanan yeni dövr
...Rus və
Ümumittifaq yeni ədəbiyyatından bu adları çəkmək
vacibdir: Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Bella Axmadulina, Robert
Rojdestsvenki, Yuri Kazakov, Vasili Şukşin, Fazil İskəndər,
Vasili Aksyonov, Andrey Bitov, Vasili Belov, Valentin Pasputin, Vladimir
Vısotski, İosif Brodski, Vladimir Maksimov və bir çox
başqaları. "Altmışıncılardan"
yaşca böyük olan Bulat Okudjavanı, Yuri Trifonovu, Viktor
Astafyevi, Fyodor Abramovu, Viktor Rozovu, Viktor Nekrasovu və bir
sıra başqalarını da bu siyahıya daxil etmək olar.
Milli ədəbiyyatlara gəlincə Qırğızıstanda
Çingiz Aytmatov, Mar Baycıyev, Qazaxıstanda Oljas
Süleymenov, Nurpeisov, Ukraynada İvan Draç, Vitali
Korotiç, Özbəkistandan Timur Pulatov, Belarusiyada Vasil
Bıkov, Ales Adamoviç, Estoniyada Rummo və E.Vetemea, Moldovada
Drutse, Viyeru, Gürcüstanda Otar və Tamaz Ciladze
qardaşları, Cansuq Çarkvianı, Quram Pancikidze, Ermənistanda
Qrant Matevosyan.
Bu yazıçıların taleləri də müxtəlif
oldu. Yüksək Sovet təltifatlarını və
mükafatlarını alanlar da oldu, həbs və
sürgün edilənlər də, vətənlərindən
qovulub ömürlərini xarici ölkələrdə
başa vuranlar da, Nobel (Brodski), ya Lenin (V.Şuşkin)
mükafatlarına layiq görülənlər də.
Elə talelərinin bu müxtəlifliyi də bir
çox hallarda sonra gələn nəsillərin
qınağına səbəb olur. Yəni
"altmışıncılar" necə rejimə asi olublar ki, bu rejimin ən yüksək ordenlərini,
Fəxri adlarını almışdılar. Yaxud
"Siz niyə dissident olub sürgün, həbs
olunmamısınız, məhv edilməmisiz" - deyə
soruşurlar.
"Altmışıncılar"a aid bu ittihamları əsasən, Qorbaçov
islahatlarından sonra qələmə sarılmış sonrakı
ərköyün nəsillərin nümayəndələri
irəli sürür. "İcazəli cəsarət"
dönəmində keçmişdəkiləri "cəsarətsizlikdə"
suçlamaqdan asan nə var ki?
Vaxtilə (daha dəqiq 16-22 oktyabr 2002) "Literaturnaya
qazeta"da "Poçemu boqatıe ne löbət
şestidesətnikov" ("Niyə varlılar
altmışıncıları sevmir") adlı məqalə
çap olunmuşdu. Məqalə müəllifi Serqey
Baymuxametovun bir sıra fikirləri mənə maraqlı
olduğu üçün bu qəzeti saxlamışdım.
Müəllif ən çox internet səhifələrində
gənc nəsillərin altmışıncılara
hücumlarından bəzi sitatları gətirir:
"Dövlət onlara (altmışıncılara - A.) hər
şey vermişdi, onlar isə dövləti rüsvay etməyə
çalışırdılar".
Başqa
bir sitat:
"Tarix onlara nadir bir şans - nisbi sərbəstlik bəxş
etmişdi. Onları isə bu şansı yalnız özlərini
reklam etməkçün istifadə etdilər, özlərindən
cavanların yollarını kəsdilər" (Necə, nə
sayaq? - A.)
Birisi hətta
Lenindən bəyəndiyi sitatı gətirir: "Lenin haqlı
deyib ki, ziyalılar millətin nəcisidir" (Lenin də,
sitat gətirən də bu sözü öz adıyla
yazır).
Başqa
bu sayaq və daha biabırçı sitatlar gətirəndən
sonra Baymuxametov "altmışıncılar" haqqında
öz fikirlərini bölüşür:
"Altmışıncılar Xruşşova inanıb onun ardınca
getdilər. Amma sistem onları da,
Xruşşovun özünü də süpürüb
atdı. Qorbaçov yenidənqurmadan,
azadlıqdan və demokratiyadan dəm vururdu, amma elə onun rəhbərliyi
dövründə Anatoli Marçenko həbsxanada aclıq elan
edərək dünyasını dəyişdi.
(Yeri gəlmişkən, həmin bu mərhum Ukrayna
dissidenti Anatoli Marçenko azadlıqda olan zaman mənim
"Dantenin yubileyi" povestimi ukrain dilinə
çevirmişdi. Dostu Abbas Abdullaya yazırdı ki, Ukrayna mətbuatı
əsəri məzmununa görə çap etməyə cəsarət
etmədi. Görəsən, bizimkilərdən
betər ayıq-sayıqlar bu povestdə hansı antisovet təxribatı
tapıblar? - A.)
Baymuxametovun yazdığına görə, Qorbaçov
dövründə bir nəfəri ona görə həbs ediblərmiş
ki, Tvardovskinin "Tyorkin o dünyada" poemasnı
yayırmış. Biçarə məhbus bu poemanın
"İzvestiya" qəzetində dərc olunmuş mətnini
göstərsə belə, bunun bir faydası olmayıb. Başqa bir fotoqrafı isə ona görə həbs
ediblərmiş ki, uydurma faktların fotosunu çəkib.
Müəllif yazır: "Tvardovski
otuzuncu illərin dəbinə uyğun olaraq qolçomaq elan
olunmuş və sürgün edilmiş valideynlərindən
imtina edib, ömrü boyu bu hərəkətinin əzabını
çəkib. Tvardovski yalnız "Novıy mir"
jurnalının redaktoru deyildi, həm də hakimiyyətə
yaxın adam idi. O, Xruşşovun köməkçisi
Lebedevlə dostluq edir, onunla araq içirdi. Və
Lebedevin vasitəsiylə Xruşşova "İvan
Denisoviçin bir günü" povestini çatdıra
bilmişdi. İndi düşünün,
Lebedevlə dostluğu olmasaydı, Tvardovski həmin povesti
"Novıy mir"də necə çap edə bilərdi və
beləliklə, Soljenitsinin sonrakı taleyi necə olardı?
Ümumiyyətlə, onun yazıçı
taleyi baş tutardımı? Bəli,
Yevtuşenko də öz etirafına görə Mərkəzi
Komitənin kabinetlərini gəzə-gəzə söz
azadlığı uğrunda mübarizə etdiyini deyir.
Hakimiyyətlə mübarizə edənə, dissidentə
baxın!
Amma axı həqiqətən belə idi. Bütün
bunlarla bərabər, bu davranışın önəmli tərəfləri
də vardı".
O dövrün məhdudiyyətləriylə
qarşılaşmamış indikilər - bu cəhətdən
xoşbəxt və asudə ədəbi gənclik - səthi
nəticələr çıxarıb əsassız hökmlər
verməməlidirlər.
Məqalə müəllifinin
fikrincə, sonrakı nəsillərin altmışıncılara
bu hədsiz nifrətinin səbəbi odur ki, dəhşətli
şöhrət hərisləri ola-ola
altmışıncıların populyarlığının
yüzdə birini də qazana bilməyiblər.
İkinci səbəb odur ki, o dövrün
imtiyazlarından eşidiblərsə də, çətinliklərindən
xəbərləri yoxdur.
Bizim dilin ifadəsiylə
desək, "hazıra nazir" gəliblər. Niyə daha əvvəlki dövrlərin makulatura
"ədəbiyyatı" onları nəinki qəzəbləndirir,
heç onun üstünü də vurmurlar. Görünür, belə ədəbiyyat onları
daha çox təmin edir. Niyə məhz
onların özlərinə yol açan
"altmışıncılar" əsas hücum hədəfidir?
Məqalə müəllifi bunu Freydin "Edip kompleksiylə"
əlaqələndirir. "Belə də olmalıdır -
yazır. - Çoxluğu səfalət içində
yaşayan, min cür məişət qayğısı olan
xalqın narazılığını, qəzəbini hara
yönəltsələr yaxşıdır? Əlbəttə,
ilk növbədə ziyalılara, özəlliklə də
"altmışıncılara".
Baymuxametovun məqaləsi, rus ədəbi həyatına
aid olsa da, eyniylə bizim Azərbaycan ədəbiyyatına
şamil edilə bilər.
Onların və bizim
bu inkarçıları çox şey eyniləşdirir, o
cümlədən, əsrlər boyu bütün dinlərin və
mədəniyyətlərin təsdiq etdikləri əxlaq
normalarına tüpürmək. Bəşəriyyətin
əsrlər boyu qəbul etdiyi əxlaq normalarına görə
"ölənin dalınca danışmazlar", ya da
"ölənlər haqqında ya yaxşı danış,
ya heç danışma".
Bu prinsiplərə tam zidd olaraq
pornoqrafik romanlar müəllifi Eduard Limonov yazıçı
Vasili Aksyonovun ölümüylə bağlı deyir:
"Aksyonov da, digər
"altmışıncılar" kimi mənim nəslimin rəqibləri
idi. Biz isə rəqiblərimizin ideologiyasını qəbul
etmirik - başdan-ayağa dissidentçilik, ədəbi planda
bəsit romanlar. Düşünmürəm
ki, onların yazdıqları əsrlər boyu qalacaq".
Kimin romanları bəsitdir,
kimin ancaq epataj naminə yazılmış mətnləri bəsit
deyil - bunu Zaman göstərər. Onu da zaman müəyyənləşdirəcək
ki, əsrlərdə kim qalacaq, kiminsə
adını belə unudacaqlar.
Amma indi məni
düşündürən odur ki, eynilə bu cür
yanaşma bizim bəzi novcavanların da düşüncə
tərzidir. Özləri az-çox fərli
bir mətn ortaya qoya bilmədən işləri-peşələri
özlərini tərifəmək, başqalarını
aşağılamaqdır. Xam xəyallarında
"altmışıncıları" çoxdan məhv
edib basdırıblar, amma iş ondadır ki, o nəsil hələ
də ölmək istəmir və canlı meyitlərdən
daha diridirlər. Hətta dünyadan gedəndən
sonra da əsərləri yaşayır.
Eyni əxlaq, daha doğrusu, əxlaqsızlıq
prinsipiylə bir vaxt özünü "mən kifayət qədər
dahiyəm" deyə reklam edən (belə yerdə "ətin
tökülsün" deyərlər) bir nisbətən cavan
şair Fikrət Qoca kimi həqiqətən klassik sayılan
böyük şairin ölümünə son dərəcədə
ədəbsiz və tərbiyəsiz ifadərlə münasibət
bildirir ("Yeni Müsavat" qəzeti, 6 may 2021).
"Altmışıncılara"
haqsız hücumlardan bezmiş Yevgeni Yevtuşenko deyir ki,
"mən altmışıncılara nifrət edənlərə
nifrət edirəm". Bu sayaq iradlara Bulat
Okudlava daha sakit və təmkinli cavab verir.
"Gənc "səksənincilər" "altmışıncılara" qarşı yaman qəzəblidirlər. Unudurlar ki, atalar və oğullar problemi əsrlər boyu olub. Təbii ki, "altmışıncılar" öz zəmanələrinin övladları idilər. Onlar inqilabçı deyildilər, sadəcə olaraq namuslu insanlar idi və o şəraitdə yaşamaq istəmirdilər. Onlar rejimi dəyişməyi düşünmürdülər, onu bir qədər insaniləşdirməyə çalışırdılar ki, azacıq nəfəs almaq mümkün olsun. Vəssəlam, Mən "səksənincilərə" müraciət edirəm. Biz bacardığımızı elədik. İndi növbə sizindir. Bundan sonrasını siz davam edin".
Məsələ ondadır ki, "altmışıncılar" adıyla birləşən nəslin hamısı eyni düşüncəyə, eyni estetik ölçülərə malik deyildilər. Hətta xronoloji olaraq bu nəslə mənsub olanların bəziləri "altmışıncılar" anlayışının özünü belə qəbul etmir, özlərini bu sırada saymırdılar. Əsasən bu fərqlənmə kənd və şəhər mövzularında yazan müəlliflərin bir-birlərinə ən azı şübhəylə yanaşmalarında idi. Bu, xüsusilə rus ədəbiyyatında hiss olunurdu. Çünki Rusiyada bu iki qism həm də milli-etnik fərqlənməylə bir-birindən ayrılırdı. Kənddən çıxmış və kənd mövzularında yazanlar həqiqi rus yazıçıları sayılırdı. Şəhər mövzularından, özəlliklə ziyalı zümrələrindən yazanlara isə müəyyən şübhəylə yanaşırdılar, çünki onların arasında rus dilində yazan yəhudilər, yarıyəhudilər, ya da xalis rus olub yəhudi meylliləri sırf rus yazıçısı kimi qəbul etmək istəmirdilər. Hələ qatı antisemitləri demirəm. İşin çətin cəhəti ondaydı ki, bu sırf ədəbi qarşıdurma yüksək partiya orqanları tərəfindən də ayrı-seçkiliyə əsas verirdi, Xruşşov başda olmaqla partnomenklatura bu "şəhər yazıçılarını" quruluşa gizli asilər kimi qəbul edirdilər, lakin kənd mövzularında həqiqəti yazanlar, faktik olaraq rejimə qarşı yönəlmiş sərt tənqidi yazıları dözümlü qəbul edirdilər. Belə hesab edirdilər ki, torpaqla bağlı olan xalis rus müəlliflərin tənqidi içəridəndir, ziyalıların daxili ziddiyyətlərini ədəbiyyata gətirən "şəhərlilər" isə xarici düşmən qüvvələrin təsiri altındadırlar. Ən sərt kənd yazarları Vasili Şukşin, Valentin Rasputin, Viktor Astafyev, Vasili Belov ölkənin ən yüksək Lenin və Dövlət mükafatlarına layiq görülür, Sosialist Əməyi Qəhrəmanı olurdular (Valentin Rasputin). Müəyyən ayrı-seçkilik şübhəsiz, milli ədəbiyyatlara, o sıradan Azərbaycan ədəbiyyatına da şamil edilirdi. Bu barədə mən "Drujba narodov" jurnalının təşkil etdiyi bir müşavirədə öz fikrimi bildirmişdim. Sonralar "Literaturnaya qazeta"da dərc olunmuş bir yazıda mənim fikirlərimlə səsləşən düşüncələrə rast gəldim. Qriqori Pomeranets adlı müəllif "Tövbəsiz" adlı məqaləsində ("Literaturnaya qazeta", 5 fevral 1997) yazırdı:
"Suslov siyasəti öz bəhrələrini verirdi, Polşa kommunistlərinin yoluyla gedərək Moskva ziyalılarını (ancaq Moskva ziyalılarınımı? - A.) parçalayırdılar. "Poçvenniklərin" (zəmin, torpaq yazarları kimi də çevirmək olar - A.) "mürtəce romantizmi" imtiyaz qazanırdı. Yəni kəndlinin bəsit bütövlüyü şəhər ziyalısının anlaşılmaz tərəddüdlərinə qarşı qoyulurdu, çünki bu sayaq ziyalılar öz rusluqlarını guya ki, qeyb etmişdilər (burada "rusluğunu" sözü əvəzinə "azərbaycanlılığını, qırğızlığını, litvalılığını" təyinlərini də qoymaq olar. - A.) Belə bir xam xəyal da yaranmışdı ki, ədəbiyyatda kəndli obrazları şəhərli obrazlarından daha bədiidir və yeganə həqiqət də məhz "kəndli həqiqətidir". Əslinə qalsa, bu ideya örtülü də olsa Soljenitsinin "İvan Denisoviçin bir günü" povestində və "Matryonanın həyəti" hekayəsində görünmüşdü. Kənd nəsrinin şəhər nəsrindən üstün tutulması siyasətin və senzuranın təsiriylə idi. Amma tutalım kinoya müraciət etsək, Andrey Tarkovskinin "İvanın uşaqlığı" filminin bütün qəhrəmanları ziyalılardır. Lakin Tarkovski heç də Şukşindən əskik sənətkar deyil. Tarkovskinin obrazları Vasili Belovun "Adi məsələ"sindəki personajlardan daha dərindirlər".
Məqalədə yer alan bu doğru fikirlərə mən onu da əlavə edərəm ki, şəhər ədəbiyyatında Yuri Tifonovun qəhrəmanları psixoloji təsvirin dərinliyinə görə heç də Rasputinin psixoloji təsvirlərindən zəif deyillər.
Bu misalları milli ədəbiyyatların nümunələriylə də təsdiq etmək olar. Məhz bu illərdə kənd mövzularında yazan "Azərbaycan altmışıncıları" rəsmi dəstək alır, irəli çəkilirdilər. Ziyalıların həyatını qələmə alan əsərlər isə şübhəli və gərəksiz hesab olunurdular, tənqid hədəfinə çevrilirdilər. Artıq dəbdən düşmüş "sosializm realizmi" metodu əvəzinə rus tənqidində kənd nəsrini təqdir edən "sosial realizm" ifadəsi işlənməyə başlandı. Xüsusən müharibədən sonrakı kənd həyatına həsr olunmuş əsərlərdə sosial çətinliklərin təsviri sərt, amma həqiqi və yüksək bədii ədəbiyyat kimi dəyərləndirilirdi və bu, əlbəttə, düzgün idi. Həmin ədəbiyyat kamil örnəkləriylə bu haqqı qazanmışdı. Amma məsələ ondaydı ki, bu ədəbiyyat söz sənətinin yeganə örnəyi kimi qəbul edilirdi, müsbət dəyərləndirilirdisə, şəhər insanlarının mənəvi iztirablarından bəhs edən mətnlər az qala Sovet həyat tərzinə qarşı təxribat sayılırdı. İztirablar yalnız maddi qayğılara aid edilə bilərdi. Düşünən insanın həqiqət axtarışları, şübhələri, tərəddüdləri, ictimai narahatlığı "öz içində qurdalanmaq" kimi damğalanırdı. Azərbaycanda isə bu sayaq "ziyalı özündən narazılığı", mənəvi axtarışlar ümumiyyətlə Sovet həyatının təhrifi kimi suçlanırdılar. Amma bütün bunlara rəğmən, son Sovet dövrünün tam mənzərəsini - kəndiylə şəhəriylə - küll halında əks etdirən ədəbiyyat kommunist ideoloji sisteminin iflasına yol açdı.
Haşiyə olaraq onu da qeyd edim ki, "şərti olaraq şəhər yazıçıları" adlandırılanlar kənd nəsrinin ən yaxşı örnəklərini təqdir edir, kənddən yazan istedadlı yazıçıları səmimi şəkildə dəyərləndirirdilər. Şərti olaraq kənddən yazan (və kənddən çıxmış) əhli-qələmlər isə "şəhərliləri" yazdıqlarını ciddi ədəbiyyat kimi qəbul etmirdilər. Ona görə ki, onların fikrincə, şəhərlilər həyata bələd deyillər (bu fikir daha çox Azərbaycan ədəbi mühitinə xas idi). Amma "həyat" deyəndə onlar yalnız kənd həyatını nəzərdə tuturdular. "Şəhər yazıçıları" isə heç vaxt kənddən yazanları şəhər həyatını bilməməkdə günahlandırmırdılar. Hətta onlar şəhər həyatından yazmağa uğursuz təşəbbüslər etdikləri zamanda da. Kənddə doğulmuş, böyümüş, yetişmiş, ömürlərinin müəyyən hissəsini torpaqla təmasda yaşamış müəlliflər şəhərlilərin xarakterini çətin qavrayırdılar və yetərincə dərk etmədən qınamağa başlayırdılar. Amma axı yazıçı peşəsinin özü əsasən şəhərli peşəsidir. Doğrudur, Lev Tolstoydan Mixail Şoloxova qədər bir çox klassiklər şəhərlərdən uzaqlarda yaşayıb-yaratmışlar (Azərbaycanda belə örnəklər göstərmək çətindir). Və o da var ki, ədəbi həyat, ədəbi mühit anlayışları şəhərlərdə formalaşır və odur ki, kənddən çıxmış yazıçıların şəhərdə məskunlaşmağa can atmaları anlaşılandır, amma söhbət bəzi hallarda "gəmidə oturub gəmiçiylə dava etməkdən" gedir. Mənim sözüm deyil, kimsə çox dəqiq deyib ki, "bəzi kənddən çıxmış yazıçılar ömürlərinin bir qismini kənddən köçüb şəhərli olmağa sərf edir, ikinci qismini isə doğma yerlərin həsrətini çəkib şəhəri burunlamağa".
Ədəbiyyatda, sənətdə Sovet ideoloji tabularından biri də o idi ki, əsərlərdə ziyalı, özəlliklə də sənətkar obrazı yaratmaq təqdir edilmirdi. Əlbəttə, söhbət keçmiş dövrlərin konkret şəxsiyyətlərindən, məsələn, - Nizamidən, Nəvaidən, Puşkindən, Abaydan getmirdi, çağdaş yazıçı, rəssam, bəstəkar, rejissor, ya aktyorların bədii obrazlarını əsərin baş qəhrəmanı kimi təqdim etməkdən gedir. Sanki unudurdular ki, XX əsrin bir sıra klassik əsərlərində məhz sənətkar insanların obrazları yaradılıb. Ancaq elə üç şah əsəri xatırlamaq yetərlidir. Tomas Mannın "Doktor Faust" romanının baş qəhrəmanı bəstəkardır. Mixail Bulqakovun "Master i Marqarita" ("Ustad və Marqarita") romanının baş qəhrəmanı yazıçıdır. Bulqakov eyni zamanda səhnə həyatından bəhs edən "Teatr romanı"nın müəllifidir. Federiko Fellinin "Səkkiz yarım" filmi kinorejissorun yaradıcılıq axtarışlarından və əzablarından bəhs edir.
Bu sayaq temalar Sovet ədəbiyyatının
magistral yolundan sapmış cığırlar
sayılırdı. Magistral yolda isə rəsmi Sovet tənqidinin
rəyincə, doğrudan da böyük əsər olan
"Sakit Don"la bərabər, növ-növ "Sementlər".
"Hidrosentrallar",
"Qara metallurgiya" kimi "romanlar" sosialist realizminin
bariz örnəkləri sayılırdı.
İndi
"altmışıncılara" irad tutanlar unudurlar, ya
heç bilmirlər ki, onlar ədəbi meydana çıxandan
çox-çox əvvəllər elə "əsərlər"
təqdir olunur ki, dağ başına
qaldırılırdı ki, indi onları ya tamam unudublar, ya da
çağdaş gözlə tanış
olsalar, ədəbiyyata parodiya təsiri
bağışlayardılar. Yaxşı
yadımdadır, o dövr "ədəbiyyatının"
bəzi belə örnəkləri rəhmətlik Araz
Dadaşzadənin dilindən düşmürdü. Ancaq ona məxsus "yoluxucu" gülüşlə
qəhqəhə çəkərək sitatlar gətirirdi.
O vaxtki pyeslərdən birində anaya oğlunun ölüm xəbərini
verəndə ana: - "Doğrudur, bu xəbər məni bir
qədər sarsıtdı" sözləriylə
başlayan cümlə işlədirdi. Başqa bir fantastik
roman tənqid tərəfindən ona görə qiymətləndirilirdi
ki, müəllif Marsda və Yupiterdə yaşayan
şüurlu məxluqların dilini müxtəlif şəkildə
təqdim etmişdi: marsdakılar əruz vəzninin rəməl
bəhrində, yupiterlilər mütəqarib bəhrində
danışırdılar. Belə bir şeir misrası da
dilimizin əzbəri idi: Salam Taras dayı,
necədir halın, yenə də ağarıb saçın,
saqqalın". Araz: necə "yenə də?" - deyə uğunub gedirdi - Yəni bir gün
saqqalı qaralır sonra "yenə də ağarır?"
Bəli, belə
günlər və belə meyarlar da vardı o vaxtki ədəbiyyatda.
"Altmışıncılara" iradlar
İndiki cavanların "altmışıncılara" bir iradı da ondan ibarətdir ki, onlar dissident olmayıblar. Düzdür, bu irad daha çox rus ədəbiyatının altmışıncılarına qarşı yönəlir. İttiham edənlər "altmışıncıların" nəşr olunmuş leqal ədəbi məhsullarına qarşı yasaq olunmuş "Samizdat" mətnlərini çıxarırlar. Bilməyənləri agah edim ki, "Samidat", yəni "Özünü çap" adlandırılan gizli nəşrlər dara bir çərçivədə, özəlliklə Moskvada və Leninqradda yayılırdı. Təbii ki, elə bu şəhərlərdə də, bütün ölkədə də belə yazılarla çox cüzi bir zümrə tanış ola bilirdi. Doğrudur, yasaq edilmiş bir çox qiymətli əsərlər, o cümlədən, çağdaş dünya ədəbiyyatından bir sıra tərcümələrlə o vaxt yalnız Samizdat nəşrləri vasitəsiylə tanış ola bilərdin. Samizdat ədəbiyyatının əhəmiyyətini heç də azaltmadan, dissidentlərin hünərlərinə və dözməli olduqları əzablarına sayğı duymaqla bərabər, o həqiqəti də etiraf etmək istəyirəm ki, bu mətnlərin sadaladığım səbəblərdən şüurlara kütləvi təsiri ola bilməzdi. İctimai şüura təsir edən mətbuatda çıxan yazılar idi. Rus ədəbiyyatında da, milli ədəbiyyatlarda da məhz həqiqət barədə həqiqəti əks etdirən əsərlər sosrealizm deyilən psevdo ədəbiyyatın bel sütununu qırdı.
Bizim Azərbaycanın altmışıncılarına tutulan iradlardan biri də budur ki, niyə sizin bəzi rus yazıçıları kimi o vaxt çap oluna bilməyəcək sandıq yazılarınız yoxdur ki, indi bunu üzə çıxardasınız? Əvvəla, bizim də elə yazılarımız var və onları məhz sensurasızlıq dövründə üzə çıxardıq. İkinci, imkan daxilində həqiqətləri çatdıran əsərlərin təsir gücü sandıqda qalıb heç kəsin xəbər tutmadığı mətnlərdən daha önəmli deyilmi? "Əlyazmaları yanmır" deyən (halbuki Mirzə Cəlil oğullarının otaqlarını isitmək üçün əlyazmalarını yandırmışdı) deyən Mixail Bulqakov ölməz romanın müəllifidir. Amma sandıqda qalmış "Ustad və Marqarita"dan daha çox o dövrün ictimai rəyinə İlya Erenburqun xatirələri, Yevtuşenkonun və Voznensenskinin poeziyası nüfuz edirdi. İndi yaşadığımız dövrdə bu müəlliflər də bir çox başqa layiqli yazıçılar kimi nəinki kölgədə qalır, hətta xidmətləri nankorcasına inkar edilir. Unudurlar və unutdurmaq istəyirlər ki, ictimai şüura güclü təsir göstərən bu adların sırasında hökmən Yuri Trifonovun, Vasili Şukşinin, Vasil Bıkovun, Çingiz Atmatovun, Viktori Astafyevin, Vasili Aksyonovun və bir çox başqalarının da adlarını çəkmək vacibdir. "Ustad və Marqarita" romanı isə oxuculara o vaxt çatdırıldı ki, zaman artıq dəyişmişdi. O cümlədən, əsərləri leqal çap olunan yazıçıların cəhdlərinə görə dəyişmişdi. Senzura yasaqlarını adlayıb keçən ədəbiyyatı yarımçıq həqiqət saymaq insafdan deyil. Əlbəttə, qeydsiz-şərtsiz tam həqiqət daha yaxşıdır. Amma buna heç bir imkan verilməyəndə, yarıhəqiqət hər halda ağ yalandan da, lal-dinməzlikdən də daha faydalıdır.
(Ardı var)
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2022.- 9 aprel.- S.10-11.