Bülbül nidası

 

Aşiqəm, eşqimlə canındayam mən,

Qərarsız, ümidsiz yanındayam mən.

Amma sən qönçəsən, açılmırsan heç,

Ətrini yayıb, saçılmırsan heç.

Bəlkə mən əbəs yanmaqdayam, de,

Səni öz məşuqəm sanmaqdayam, de.

Kərəm qıl, gözümün yaşlarını sil,

Bir gün həqiqəti sən dərk elə, bil.

Naz-qəmzə etməkdən bezmirsən, neçün?

O ləl dodağını açmırsan neçün?

Söylə bu gülzar olmazmı xəzan,

Bu sevgi dastanın varmı bir yazan?

Sənin gözəlliyin əbədidirmi?!

Mənim aşiqliyim tükənməzdirmi?!

 

Sibir

 

Sərhədsiz bir məkan, saysızdır sirlər,

Dəlisov arzular istəməz səbir.

Burda hərblərdə keçib neçə əsrlər,

İgid babalarım at sürən Sibir.

 

Anasay  - gör necə sakitcə axır,

Sanki axmaqdadır məhzun xatirat.

Qılıncla nəqş olmuş, yazılmış tarix,

Bu gün nəsillərə necə olub yad?!..

 

Pıçıldar ormanlar - nağılbaz şaman,

Sözləri - keçmişə açılan eşik.

Mətinlik, saflıq var burda, şərəf-şan,

Neçə səltənətə olmusan beşik.

 

Söylərsən, yəhərdə keçən əsrlər,

İz qoymuş əfsanə, həqiqətlərdən.

Atlar dırnağından qopan zəlzələ,

Yuxusun qaçırmış neçə kəntlərdən.

 

Söylərsən, dünyanı alıb qoynuna,

Çoxdan avazımış qasırğalardan.

"Gedər-gəlməz" yoldan gedən oğul tək,

Tale oyununda itmiş yarlardan.

 

Hanı o, vücuda sığmayan gücü,

Yer üzün neçə gəz  alan o türklər?

Sadədillikmi deyim, qənimin öcü -

Qürbətdə batıb qalan o türklər...

 

Sibir, gizli sirlər, səbrlər səndə,

Ürəyi təmizlər bunu biləcək.

Keçmiş ələmindən qəlbim yanarkən,

Nələri pıçıldar bizə gələcək?!..

 

Ömrünün sonunda Muğannanın ürəyindən keçənlər

 

Oyy, elim,

Ərki balası tək sevən elim - eyy,

İnamın qalmadımı artıq özünə?

Odlarda bişib bərkimiş,

Qılıncdan da kəskin

Baxışları axtarıb yandım,

Qurumuş dəniztək bomboş gözündə,

İnandım:

Kölətək yaşamaq səni bezdirib,

Nərə çəkəcəksən bir gün hayqırıb,

Açılacaq onda dumanlı başlar,

Azadlıq səsinin cingiltisindən!

Ümidlər sərhədsiz,

Arzular sonsuz...

Kol-koslar çinara çevrilməyən tək

Arzuma çatmadım,

Bəxtim gülmədi.

İstisinə günəş dözə bilməyən

Alov ürəyinə girə bilmədi.

Səbr dözümün əlindən tutub,

Qismətə baş əyən yazıqlar, durun,

Bu tale bizim boyumuza

Əbədi biçilməyib,

Dünyaya hayqırıb deyin!

...Nisgillə aləmdən getmək istəməm,

Bununçün od vurum indi özümə -

Vücudum alovdan libaslar geysin,

Əbədi

Əks etsin, elim, gözündə!..

 

Sonet

 

Təqib etməkdədir, gülüm, xəyalın

Canımı odlara yandırmaqda, bəs.

Əlçatmaz arzudur indi vüsalın,

Sevincli duyğular hamısı əbəs.

 

Közərər yadımda hər dəm, hər nəfəs,

Sönmüş ulduz təki qapqara xalın.

Eşqi sanırmışam sanki bir həvəs,

Sonsuz əzab imiş sənin xəyalın.

 

Gözümə sancılar keçmiş, xatirə,

Şadlıq kədərə qarışıq dəmlər.

Könlüm aynasında məyus əks edər.

 

Yazıq ürək yanar ələmlər içrə,

Daha da güclənər hicran yanğısı -

Alovun dilləri ömrümü biçər.

 

Ana dilim

 

Altın şamama tək parlaqsan daim,

Şamama tək şirin ah mənim dilim.

Nuhun tufanından, ondan da qədim

Min illərdən gələn mənim türk dilim.

 

"Urralar"la keçən o yürüşlərin

Zəhməti, şövkəti tacdar başlarda.

Gələcək yaradan hərb-zərblərin

Şanlı möhrü  qalıb bitik-daşlarda.

 

Turan nəqş edilmiş tarix qatında!

Amma bu sözümə nadanlar gülər;

Nəinki Çin-Maçin, o son qitədə

Əks-səda verib, desəm türkülər.

 

Günəşi daşıyan nəhəng şir kimi

Zəbt etdin hər yanı, dünyanın bürcün.

İstəsən alardın göylərə kimi

Bir alıb, ödədin on artıq borcun

 

Dünyanın daşqın çay, dəryalarından

Doyub içə-içə bir dəniz oldun.

Həzrət Nəvainin nəvalarından

Nəzm-nəvada da bənzərsiz oldun.

 

Tayın yox, oxşarsan nəhəng ağaca -

Uzanıb hər yana qol-budaqların.

Hər biri-bir ağac. Kökləri birdir...

Yerə-göyə sığmaz, bəzən ahların.

 

Közərib yanmaqda böyük xatirat,

Zülmətlər qoynunda qalmaz heç nəva.

Arzular sonsuzdur, sən bərhəyat -

Keçmişi oyadan əbədi səda!

 

Altın şamama tək parlaqsan daim,

Şamama tək şirin ah mənim dilim.

Nuhun tufanından, ondan da qədim,

Min illərdən gələn mənim türk dilim!

        

Sonet - 2

 

Mənim taqətim yox, sənin səbrin dağ,

Hicran əzabında vücudum sınar.

Çatılmış qaşların şəfqətsiz yaraq,

Peykanlar zərbindən qandır sinələr.

 

Sanki nalə kimi qəmli bir sual:

Eşqə zar olanlar dünyadan doyar?

Aşiq iztirabı çatarmı sona,

Bal istər, dodaqlar müdam dilənər.

 

Tale qismətimlə yamanca oynar,

Gözündən rəng alar xəyallar mavi,

Saçın tək qarışıb getməkdə oylar.

 

Vüsalsız eşq haqda bir zaman ravi 

Qoşuqmu, dastanmı - nələrsə söylər,

Misilsiz sevgimə deyər səmavi!..

 

Bir söz var...

 

Bir söz var,

Namusçün tökülmüş qan tək mötəbər.

Günəşin ilk nurun içib göz açan,

Varlığı bəzəyən gül tək bakirə.

 

Bir söz var,

Hər bir cəsur ürək onu arayıb.

Bu sözün saçların Tumaris mama,

Muğanna babalar darayıb.

 

Bir söz var,

 

Ona yetəmməyib hələ çox millət.

Bu sözü unudub yaşayan elin,

Yediyi çörək olmaz biminnət.

 

Bir söz var,

Yoludur vəslinə o böyük Haqqın.

Alnı açıq olar, aydan da parlaq

Bu sözü bayraqtək qaldıran Xalqın!

 

Dördlüklər

 

Günəş Məğribdə bax sakit batar,

Nadanlar Vətənsiz, satqınlar yaddır.

Allahı tanıyan aqillər anlar,

Bu dünya əslində köhnə dünyadır.

***

Qulaq eşitdiyin görməz gözümüz,

Top mərmisitək partlar sözümüz.

Ona cəza lazım, buna mükafat!-

Qərarlar veririk. Kimik özümüz?!

***

Dünya qaranlıqdır, ay tapılmayır,

Könül çırağına yağ tapılmayır.

Bir xoş xəbərdən ötrü ölürəm,

Özümü qoymağa yer tapılmayır.

***

Gərçi zəmin bircə, birdir asiman,

Kimə buğda rəva, kiməsə saman.

Ümidsiz bəndələr şeytana əsir,

Duadan yorulmaz ümidvar insan!

***

Min şükür, yoxdan var etdiyin üçün,

İmana xiridar etdiyin üçün.

Köksünü "Haqq" deyə qan edən ərlər

Dərdinə giriftar etdiyin üçün..

***

Tarixlər yazılmaz zaman olmasa,

Zamanda rəqiblər, düşman olmasa.

Sənin "böyüklüyün" bil puç olardı,

Önündə bir sürü nadan olmasa?!

***

Bil, hər bir əməldə bir hikmət olur,

Dəqiq hesab-kitab, həqiqət olur.

Könül məhəbbətdən gər uzaq düşsə,

Bil ki, tapacağı kin, nifrət olur.

***

Əkən özümüzük min taqət ilə,

Məhsulu yığan da məşəqqət ilə.

Amma xırmanlarda alçaqlar hazır,

Mərhəmət gözlərik xəcalət ilə!

***

Yaxşı da, yaman da pünhan qalırmı,

Haman cəhalətdə cahan qalırmı?

Aman saxla, desəm mömünü fəqət

Qorxuram, ay Allah, bir can qalırmı?

***

Kim ki, azad insan, nəfsə deyil qul,

Ona söylər sözüm, nəsihətim bu:

Əgər sağ-salamat qalmaq istəsən,

Tacdardan həmişə uzaq, uzaq ol!

***

Hicranın hər anı il tək əslində,

Üşşaqa  məlum bu sevgi fəslindən.

Nuh əleyhissalam on əsr yaşadı,

Min il hicrandayam mən əslində.

***

Bu dünya malından sən çək gözünü,

Dilini dişlə, saçma sözünü.

Yaradanın sonsuz inayətinə,

Nail olacaqsan sıxıb özünü.

     

Özbəkcədən çevirən:

Yaşar QASIM,

Azərbaycan Yazıçılar Birliyinin və Özbəkistan Yazıçılar İttifaqının üzvü

Siracəddin RAUF

 

(Özbəkistan Respublikası)

 

525-ci qəzet.- 2022.- 12 aprel.- S.15.