"Baburnamə"nin Bakı əlyazması:
mövqeyi və tədqiqi
Zahirəddin Məhəmməd Baburun ən geniş şöhrət qazanmış
əsərinin "Baburnamə"
olduğu və bu möhtəşəm abidənin iniyə qədər bir sıra xarici dillərə tərcümə
edildiyi hamımıza
yaxşı məlumdur.
"Baburnamə"nin bu günəcən dünyanın
müxtəlif əlyazmaları
fondlarında qorunub saxlanan 17 nüsxəsindən
hansılarının daha
yayğınlığı və nisbətən dolğunluğu haqqında
görkəmli özbək
mətnşünası Parsa
Şəmsiyevin aşağıdakı
fikirləri diqqətəlayiqdir:
"...Əsərin əsl
adı "Baburiyyə"
olsa da, onu "Vaqinamə",
"Tüzüki-Baburi", "Vaqiyati-Baburi" kimi də adlandırdılar, sonralar isə əsər "Baburnamə"
adı ilə məşhurlaşdı.
Bu əsərin mövcud tam mətni 1857-ci ildə türkoloq N.İ.İlminski
tərəfindən özünün
nəşr prinsipləri haqqında
dörd səhifəlik
ön sözlə və tipoqrafiya üsulu ilə Kazanda çap olunmuşdur. Əsəri nəşrə hazırlamaqda
və dünyaya çıxarmaqda rus alimi N.İ.İlminskinin qızğın fəaliyyətini
ayrıca vurğulamaq
lazımdır.
Bu nəşrdən sonra ingilis şərqşünaslarından
A.Beveric xanım
1905-ci ildə "Baburnamə"nin Heydərabadda tapılmış bir əlyazmasının faksimilesini
(əlyazmasının eynən
özünü) sinkoqrafiya
üsulu ilə çap etdi. Bu nüsxənin nə vaxt və kim tərəfindən
köçürüldüyü məlum deyildir. Bu da tam mətn
olsa da, Kazan nəşri ilə müqayisədə bəzi
nöqsanları və
buraxılmış yerləri
vardır.
Bax, bu iki mövcud nüsxəyə əsaslanıb,
1948-1949-cu illərdə "Baburnamə"nin iki hissədən ibarət tam mətni çap olunub yayılmışdı. Bundan
sonra "Baburnamə"nin tam mətni
1960-cı ildə yenidən
nəşrə hazırlandı
və nəşr olundu.
... "Baburnamə"nin tərəfimizdən
hazırlanmış bu
üçüncü nəşrində
də əvvəlki nəşrlərdəki kimi,
yuxarıdakı əsas
və köməkçi
mənbələrlə tutuşdurulub,
çapda üz vermiş və öz tərəfimizdən
yol verilmiş xəta və çatışmazlıqları aradan qaldırmağa və düzəltməyə
səy göstərildi..."
"Baburnamə"nin sözügedən
məşhur nəşrlərindən
sonra aradan keçən yarım əsrdən çox vaxt ərzində əsərin bir sıra başqa nəşrlərində aparılan
uğurları qeyd etməklə bərabər,
görkəmli və təcrübəli mətnşünas
P.Şəmsiyevin iştirakı
ilə həyata keçirilən nəşrlərin
indiyə qədər,
xüsusən, bir cəhətdən öz mötəbərliyini qoruyub
saxladığını da
qədirbilənliklə vurğulamaq
lazım gəlir. Biz burada "Baburnamə"nin ən yayğın əlyazmalara
əsaslanan çap nüsxələri (Kazan və
London) arasındakı fərqlərin
üzə çıxarılmasını
nəzərdə tuturuq.
Fikrimizcə, bu, təkcə "Baburnamə"nin
deyil, ümumən
Babur yaradıcılığının dərindən öyrənilməsində
mühüm əhəmiyyətə
malik bir məsələdir.
Bu baxımdan son zamanlara qədər "Baburnamə"nin dünyanın müxtəlif əlyazmaları
xəzinələrində qorunub
saxlanan nüsxələri
arasında diqqətdən
kənarda qalan Bakı əlyazma nüsxəsinin diqqət mərkəzinə çəkilməsi
böyük maraq doğurur.
Sözügedən nüsxəni ilk dəfə
çağdaş baburşünaslığın
gündəminə gətirən
və maraq dairəsinə təqdim edən tanınmış
Azərbaycan ədəbiyyatşünası,
Azərbaycan-özbək ədəbi
əlaqələrinin görkəmli
tədqiqatçısı, filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova A.) olmuşdur. Ədəbiyyatşünas "Baburnamə"nin Bakı
əlyazması nüsxəsinin
təsviri və "Baburnamə" də Əlişir Nəvai haqqında" adlı tədqiqatında yazır:
"AMEA Məhəmməd Füzili adına Əlyazmalar İnstitutunda
qorunan minlərlə qədim əlyazması nüsxələrindən biri
də Zahirəddin Məhəmməd Baburun
"Baburnamə" əsəridir
(Babur Zahirəddin Məhəmməd
Baburnamə (əlyazması)
//AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutu,
Nadir əlyazmalar fondu,
şifri: C-391/13609). İnstitutun
Nadir əlyazmalar fondunda
saxlanan həmin əsərin təsviri belədir:
- Babur Məhəmməd Zahirəddin.
Baburnamə (özbək
dilində)
- Əlyazmasında Şeyx
Zeynəddinin farsca fərmanları vardır.
- Əlyazması Orta
Asiya üsulu ilə hazırlanmış
medalyonlu meşin cildə tutulmuşdur.
- Xətti: şikəstə-təliq
- Əsər ortadan və sondan naqisdir..."
Almaz Ülvinin bu tədqiqatının bir maraqlı cəhəti də ondan ibarətdir
ki, onda müəllif Bakı əlyazmasının təsvirinə
davam etməklə yanaşı, eyni zamanda, bir ədəbiyyatçı
intuisiyası ilə onun tezliklə baburşünaslıqda böyük
maraq doğuracağına
əvvəlcədən dərin
inam bildirir:
" - Məzmunu: 899-cu ildən
935-ci ilə qədər
Fərqanədə, Kabildə
və Hindistanda baş verən Hadisələrdən bəhs
edir.
- Ölçüsü: 15x26 sm.
- Həcmi: 425 vərəq,
- Şifri: C-391/13609.
Əlyazmanın bu təsviri tədqiqatçılar üçün
maraq kəsb edəcəyinə əminik. Məsələn, elə bu kontekstdən
yanaşsaq, bir qeyd-məktubu diqqətə
yetirmək istərdik.
Yaponiyadan
olan 87 yaşlı baburşünas alim
Professor Eiji Mano ilə Özbəkistanda -
Z.M.Baburun doğulduğu
Əndican şəhərində
tanış olmuşduq. Baburşünas alim "Z.M.Babur
- 534" beynəlxalq elmi
konfransından öz vətəninə qayıdandan
bir neçə gün sonra ondan dalbadal 5 məktub aldım. Qeyd etmək istəyirəm ki, konfransda məruzəm yüksək dəyərləndirilmişdi,
həmin yapon alim də fasilə
zamanı yaxınlaşaraq
" - məruzəniz məni
həvəsləndirdi ki,
Bakı əlyazması
nüsxəsini incələyim.
Fikrimi sizə göndərəcəm."
O, "Baburnamə"nin Bakı
nüsxəsinin elektron
nüxəsini Özbəkistanın
Əndican şəhərindəki
Babur muzeyindən almış
və öz vətənində incələyərək,
dediyi kimi fikrini yazaraq ünvanımıza göndərdi...".
Burada, yeri gəlmişkən, onu da vurğulamaq vacibdir ki, Eiji
Mano, istər baburşünas kimi, istər mətnşünas
kimi sıradan biri olan imzalardan
deyil. O, öz vətənində "Baburnamə"nin tədqiqi və nəşri sahəsində bir sıra ciddi uğurlara imza atmış məşhur və təcrübəli şərqşünaslardan sayılır.
Heç də təsadüfi deyildir ki, tanınmış özbək mətnşünası
Səidbek Həsənov
tərəfindən yenidən
nəşrə hazırlanmış
və 2002-ci ildə Daşkəndin "Şərq"
nəşriyyatında işıq
üzü görmüş
"Baburnamə"nin yeni
nəşrində də
Parsa Şəmsiyev və Sadiq Mirzəyev
kimi görkəmli özbək alimlərinin sırasında Eiji Manonun da təcrübəsi
əsas kimi götürülmüşdür.
Yaponiyalı baburşünasın Azərbaycan ədəbiyyatşünasına
"Baburnamə"nin
Bakı əlyazması
ilə bağlı yazdığı məktubların
məzmunu və səciyyəsinə gəlsək,
ədəbiyyatşünas Almaz Ülvinin şəxsi arxivində saxlanan bu məktubların
əsas xüsusuiyyətlərini
aşağıdakı şəkildə
diqqət mərkəzinə
çəkmək olar:
1. Prof.Dr.Eiji Mano (Yaponiya, Tokio) tərəfindən Azərbaycan
paytaxtına, filologiya
elmləri doktoru Almaz Ülvi Binnətovaya 10 gün ərzində (01 noyabr
2017-ci ildən 10 noyabr
2017-ci ilə qədər)
ünvanlanmış beş yığcam məktubun hamısının
əsas mövzusunu
"Baburnamə"nin Bakı
əlyazmasının ayrı-ayrı
cəhətlərinin qısaca
təhlili, yaxud onun başqa yayğın əlyazma nüsxələri ilə
müqayisəsi təşkil
edir.
2. Məktublar, bəzi istisnalara baxmayaraq (məsələn, bəzən
"əlyazma" anlayışının
özbəkcə "kolyazma"
variantının işlədilməsi
və s.) əsasən,
Türkiyə türkcəsində
yazılmışdır və
bir qayda olaraq, ziyalı mədəniyyətinə uyğun
salam-sayqı və sağollaşma ifadə edən sözlərlə
başlanır və başa çatır.
3. Məktubların, demək
olar ki, hamsında yapon aliminin "Baburnamə"yə
sonsuz sevgisi ilə bərabər, əsərin Bakı əlyazmasına böyük
marağı ("Enteresan
kolyazmasıdır", "Baku nüsxəsi biricikdir",
"Şimdi bilmiyorum,
Baku nüsxəsi ilə
bənim tənqidi mətnimi düzəltmək
lazım və ya olmaz" və s.) aşıq-aşkar
hiss olunur.
4. Məktublarda Eiji Manonun bəzi məqamlarda tərəddüd keçirməsi və təbir caizsə, özü özü ilə mübahisəyə girişməsi, bir tərəfdən, onun məsələyə son dərəcə elmi məsuliyyət və diqqətlə yanaşmasından xəbər verirsə, ikinci tərəfdən, gələcəkdə "Baburnamə"nin ən yayğın əlyazma nüsxələri arasında Bakı nüsxəsinin özünəməxsus yeri və rolu haqqında ciddi bir tədqiqatın yaranacağına dərin inam oyadır.
5. Eiji Manonun Bakı əlyazmasının özünəməxsusluğuna dair qiymətli fikirləri, hər şeydən öncə, fakt və dəlillərin inandırıcılığı ilə diqqəti yaxından cəlb edir. Xüsusən, 08 noyabr 2017-ci il tarixli dördüncü məktubunda "...Bakı əlyazması "Baburnamə" nin əlyazmaları arasında nadir bir yazma deməkdir" xülasəsindən sonra təcrübəli mətnşünasın başqa məşhur nüsxələrdən və Bakı əlyazma nüsxəsindən gətirdiyi mətnlər ortasındakı ciddi fərqlər xülasənin doğruluğunu bir daha sübuta yetirir.
6. Eiji Mano öz məktublarında, eyni zamanda, elmi etikaya və prinsipiallığa ciddi riayət edib, "Baburnamə" nin digər yayğın əlyazma nüsxələrini, o cümlədən, görkəmli şərqşünas N.İ.İlminski tərəfindən elmi dövriyyəyə gətirilən məşhur nüsxəni də diqqət mərkəzindən yayındırmır.
7. Məktublarda "Baburnamə"nin Bakı əlyazmasına diqqəti yönəltdiyi üçün tanınmış Azərbaycan ədəbiyyatşünası Almaz Ülviyə görkəmli yapon şərqşünası və baburşünası Eiji Manonun ehtiramı və təşəkkürü ayrıca vurğulanır.
Bəxtiyar
MƏMMƏDOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun" Azərbaycan - Türkmənistan
- Özbəkistan ədəbi əlaqələr"
şöbəsinin böyük elmi işçisi
525-ci qəzet.- 2022.- 12 aprel.- S.14.