"Altmışıncılar" və son 60 ilin ədəbi həyatı”ndan səhifələr  

 

 (Əvvəli ötən saylarımızda)

 

***

 

Bədxahlarınızı bağışlayın, amma adlarını unutmayın.

 

Con Kennedi

 

***

 

Üzərində bir ildən artıq müddətdə işlədiyim "Altmışıncılar və son 60 ilin ədəbi həyatı" kitabımı bitirmişəm, əsərdən bir neçə parçanı oxuculara təqdim edirəm.

 

 

 

Azərbaycanda necə, sırf dissident fəaliyyəti olubmu?

 

Bu sözün dar mənasında yox, olmayıb. Sovet dönəminin müxtəlif illərində ayrı-ayrı dissident təşəbbüsləri olub, dərhal da üstü açılıb və cəzalandırılıb. Amma bu mənada quruluşa açıq şəkildə asi olan dissident ədəbiyyatı olmayıb. Lakin bu anlayışı daha geniş anlamda - mövcud ideoloji və estetik çərçivələrə sığmayan, rejimin bədii yaradıcılığın qarşısına qoyduğu tələblərlə barışmayan ədəbiyyat və incəsənət əsərləri - həm də tək bədii söz sahəsində deyil, musiqidə, rəssamlıqda, teatr və kinoda şübhəsiz olub. Sovet gerçəkliyinin plakatlarda təsvir olunduğu kimi yox, həqiqi mənzərəsini göstərmək elə dissidentlik idi. Bu anlamda hətta rus ictimai fikrində də, ədəbiyyatında da yalnız Soljenitsin, Saxarov, Bukovski, Amalrik, Şaranski, Qinzburq, general Qriqorenko, Serqey Kovalev deyil yuxarıda adları çəkilən yazıçılar da, Azərbaycanda Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Sabir Əhmədov və bir sıra başqa müəlliflər də dissident sayıla bilər.

 

Bu barədə danışmaq mənimçün yaxşı deyil, amma deməliyəm ki, o illərdə bizim publisistt yazıçılarımızdan biri yüksək kürsüdən bəyan edirdi ki, Azərbaycanda da Soljenitsin əmələ gəlib, məsələn, Anar. İndi mən bunu gecikmiş zarafat və layiq olmadığım kompliment kimi qəbul edirəm, amma o vaxt bu sırf siyasi danos idi.

 

Altmışıncı illərdə ədəbiyyat tariximizin ən önəmli cərəyanı Mirzə Fətəli Axundzadədən, Mirzə Cəlil Məmmədquluzadədən, Mirzə Ələkbər Sabirdən gələn tənqidi, ifşaedici istiqamət altmışıncı illər ədəbiyyatının şah damarı oldu. Və elə qələm sahiblərinin bəziləri şeytançılıq, çuğulluq edərək bu təşəbbüsləri sovet quruluşuna qarşı təxribat kimi təqdim edir, "lazımi yerlərə" açıq ya gizli danoslar verirdilər.

 

Sovet dönəmində aldığımız mükafatları, Fəxri adları başımıza qaxanlar, o dövrün ölçüsüz-biçisiz rəsmi basqılarından, ayıq-sayıq partiya nəzarətindən, amansız senzura istibdadından başqa öz həmkarlarımızın şeytançılığını da nəzərə alsaydılar, bəlkə bir az daha insaflı olardılar. Amma bəxtimiz onda gətirmişdi ki, o vaxt Azərbaycana öz etirafına görə özü ən böyük dissident olan Heydər Əliyev rəhbərlik edirdi. Heydər Əliyevin əvvəllərdə gətirdiyim çıxışından bir fikri xüsusi vurğulamaq istəyirəm. Tamamilə doğru qeyd edir ki, Azərbaycanda dissident sayıla biləcək yazıçılar sovet həyatı haqqında həqiqəti yazırdılar. Həqiqəti olduğu kimi göstərmək isə sovet ideoloqlarının rəyincə quruluşu ittiham etmək deməkdi.

 

Azərbaycanda "altmışıncılar" nəsrinin ən parlaq əsərlərinin qəhrəmanları adi insanlar idi, bunu isə o vaxtın ideoloji tənqidi sistemə qarşı təxribat kimi qələmə verməyə çalışırdı. Hətta altmışıncılara müəyyən rəğbətlə yanaşan mötəbər tənqidçilər belə bu əsərlərdəki həyat həqiqətlərinə meşşanlığa qarşı mübarizə kimi qələmə verməyə çalışırdılar, halbuki personajlarımız meşşanlar yox gündə rast gəldyimiz adi insanlar idi. Plakat qəhrəmanlara alışmış estetik baxışlar bunu heç cür qavraya bilmirdilər. Bəzi sital tənqidçilər isə yazılarımızı yalnız sosrealizmə zidd (bu doğurdan da belə idi) mətnlər kimi yox, həm də antisovet mətnlər kimi qələmə verməyə başladılar ki, bu artıq siyasi danos idi. Biz insanın daxili aləmini təsvir etməyə çalışırdıq, amma hətta yetərincə hazırlıqlı və savadlı tənqidçi də bunu mikromühitə yəni kiçik dünyaya varmaq kimi qavrayırdı. Belələri üçün MAKROMİR yəni böyük dünya əzəmətli quruculuq işləri, adi insani miqyaslara sığmayan möhtəşəm əməllər idi. Onların düşüncəsinə görə, Makromirin - böyük dünyanın adi insanların gündəlik qayğıları, ailə, məişət, iş problemləriylə heç bir əlaqəsi yox idi. Qəhrəmanlıq şücaətlərindən, nəhəng əməllərdən başqa hər şey onların gözlərində xırdaçılıq, kiçik məsələlərlə uğraşmaq deməkdi. Bizim personajlar adi sözlərlə danışırdılar, amma ritorikaya və pafosa alışmış oxucu bunları şivə kimi, ləhcə kimi, ara danışığı kimi qavrayırdı. Gərək on illər keçəydi ki, bütün bunlar bizim düşündüyümüz kimi qavransın. Amma elə bir dövr gələndə və o dövrün ədəbiyyatına həyat həqiqətlərinə uyğun təsvirlər kimi qəbul olunmağa başlananda yeni peyda olmuş yazıçılar da bunları heçə saymağa başladılar və "ədəbiyyat bizdən başlayır" - kimi əsası olmayan iddialarla çıxış etdilər. Həmişə bu fikirdə olmuşam və indi də bu fikirdəyəm ki, altmışıncı illər ədəbiyyatımızın qızıl dövrü idi. Amma məhz iddialı və inkarçı gənclərin bu ədəbiyyatı heçə saymalarından rəncidə olaraq ilk dəfə "altmışıncı illər ədəbiyyatın qızıl dövrü idi, indi isə qızılça dövrüdür" demişdim. Qızılça uşaqlıq xəstəliyidir və doğrudanda da bəzi gənclərin yazıları infantilizm, yəni uşaq oyunları səviyyəsində görünürdü. Bu sözlərlə kimisə incitmişəmsə ifadəmi geri götürürəm, altmışıncı və yetmişinci illər (faktiki olaraq bu iki on illik eyni estetik dəyərlərin təsdiq olunduğu dövrdür. "Altmışıncılar" deyəndə yetmişinci illər ədəbiyyatda özlərini təsdiq etmişlər də nəzərdə tutulur). Doğrudur, bu illəri ədəbiyyatımızın "qızıl dövrü" saymağımda israrlıyam, amma etiraf edirəm ki, sonrakı səksəninci, doxsanıncı illərdə və XXI əsrdə də ədəbiyyatımızın bütün sahələrində, şeirdə, nəsrdə, dramaturgiyada, tənqiddə bir çox dəyərli əsərlər yarandı. Lakin təkrar edirəm "altmışıncılar" ("yetmişincilər" də daxil olmaqla) ədəbiyyat tarixinə xronoloji anlayış kimi yox, estetik məfhum kimi təsdiq olunub. Bu baxımdan altmışıncılara aid ədəbiyyatşünaslığımızdan və ədəbi tənqidimizdən xeyli sitatlar gətirmək olar:

 

"XX əsrin altmışıncı illərində Azərbaycan ədəbiyyatında baş vermiş "altmışıncılar" ədəbi axının möhkəm və dayanıqlı olmasında yetmiş-səksəninci illərdə ədəbi-ictimai mühitdə ümummilli ideyalar uğrunda aparılan mübarizədə və nəhayət, müstəqillik dövründə yeni ədəbiyyatın yaradılmasında, bədii fikrin ölkə maraqlarına xidmətə istiqamətləndirilməsində Xalq yazıçısı Anarın özünəməxsus xidmətləri vardır.

 

İSA HƏBİBBƏYLİ

 

60-cıların ideya-estetik hərəkatı sovet cəmiyyətinin (və insanının) daxilindən kükrəyən, normal, humanist düşüncənin münsifliyinə əsaslanan bir hərəkat idi...

 

NİZAMİ CƏFƏROV

 

60-70-ci illər Azərbaycan nəsri yalnız ideyası ilə deyil, poetikası, sənətkarlıq xüsusiyyətlərinin zənginliyi ilə Mirzə Cəlil ruhuna, dünyasına yaxındır. Mirzə Cəlil məktəbinin davam etdirən sənətkarlarda bədii detal və təfərrüat baxımından üzvü yaxınlıq, varislik var. Üstəlik hər yazıçı Mirzə Cəlillə bir cür bağlıdır; dil üslub bağlılığı, süjet və kompozisiya bağlılığı, ideya məfkurə bağlılığı və s. Və Mirzə Cəlil nəsr məktəbi deyəndə biz bunu geniş mənada daha çox poetik sistem və ideya-əqidə möhkəmliyinin simvolu kimi nəzərdə tuturuq. Eyni zamanda bu yazıçıların hər birinin öz poetik sistemi olduğu üçün başqa sənətkarlıq xüsusiyyətləri kimi detal və təfərrüat da özünəməxsus şəkildə təqdim olunur.

 

Kamil Vəli "Sözün sehri" kitabından səhifə 251

 

Onlar şair kimi eyni zaman kəsiyində - 60-cı illərdə "doğulmuşdular". Dünyadan müxtəlif vaxtlarda köçdülər. Əli Kərim, Məmməd Araz, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, İsa İsmayılzadə... Ustadları Rəsul Rza, böyük müasirləri Bəxtiyar Vahabzadə idi. Birlikdə 60-cılar kimi ədəbiyyat tariximizə daxil olmuş bu şeir pleyadası yeni bir mərhələ yaratmışdı. Bu yenilik səthi təsvirdən fəlsəfi tərənnümə keçid, adiliyin mürəkkəb harmoniyasını tapmaq, lirik-psixoloji üslub və bütün dünyanı İnsanın mənəvi aləmində yerləşdirmək, zamana hakim kəsilməkdən ibarət idi.

 

NİZAMƏDDİN ŞƏMSİZADƏ

 

Fikrət Qocanın vəfatıyla bağlı yazısından

 

"Ədəbiyyat qəzeti", 8 may 2021

 

Bu yeniləşmə 60-cı illərdə ədəbiyyata gələn Y.Səmədoğlu, Ə.Əylisli, Elçin, Anar, İ.Məlikzadə, Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarının imzasıyla təsbit olundu. Bu ədəbi nəsil Azərbaycan ədəbiyyatı tarixində "yeni nəsr" deyilən hadisənin başlıca iştirakçıları oldular (Əlbəttə "yeni nəsr" anlayışını tək "yeni nəsr"lə məhdudlaşdırmaq olmaz. Burada bütün nəsillərin müştərək fəaliyyəti nəzərdə tutulur, lakin başlıca iştirakçılar, əlbəttə, yuxarıda adlarını çəkdiyimiz müəlliflərdir).

 

NƏRGİZ PAŞAYEVA

 

"İnsan bədii tədqiq obyekti kimi" kitabından səhifə 6

 

Dünyada Anardan məşhur yazıçılar da var... Ancaq mənim üçün Yer üzündə Anardan eləcə də İsa Muğanna, Sabir Əhmədli, Əkrəm Əylisli, Elçin, İsi Məlikzadə, Seyran Səxavət, Afaq Məsud, Vaqif Nəsib, Mövlud Süleymanlı, Məmməd Oruc, Azər Abdulla və daha neçə-neçə Azərbaycan nasirlərindən doğma yazıçı yoxdur.

 

ƏSƏD CAHANGİR

 

Əkrəm, Anar, İsa Muğanna, Sabir Əhmədli, Əli Kərim və başqa şair və yazıçılarımızın istiqamətini sovet realizm metodundan ayırdılar. Ədəbiyyatı insan elminə, insan beyninə, dünyaya, dünyadakı ədəbi prosesə yaxınlaşdırdılar. Bu dəyişmədə Əkrəm Əylislinin rolu böyükdür.

 

KƏramƏt BÖYÜKÇÖL

 

"525-ci qəzet", 20 noyabr 2010

 

Bəli, "altmışıncılar" ədəbiyyatı ədəbiyat tariximizdə bir mərhələ kimi təsdiq olundu. Amma bizim nəslin bu gecikmiş etiraf olunmasına qədər anlaşılmazlıq, qəbuledilməzlik, ətalət və cəhalət cəngəlliyindən keçdikləri yolu da unutmaq olmaz.

 

Çətin yolun yolçuları

 

Ən kəskin, ən şiddətli tənqidlərə, felyeton üslublu rişqəndlərə ən istedadlı gənc yazıçılar və şairlər hədəf seçilirdi. İsa Hüseynovun, Sabir Əhmədovun, Əkrəm Əylislinin, Maqsud və Rüstəm İbrahimbəyovların Azərbaycan nəsrində hadisə olan əsərləri son dərəcə ədalətsiz və insafsız, nadan  hücumlara məruz qalırdılar.

 

İsa Hüseynovun bu gün haqlı olaraq klassik sayılan əsərləri sərt tənqid olunur, hətta MK-nın birinci katibinin çıxışında mənfi ədəbi hadisə kimi damğalanırdı. Sabir Əhmədlinin "Dünyanın arşını" romanı şiddətli tənqidlərə məruz qalırdı. Əkrəm Əylislinin istedadlı ilk əsərləri haqqında yazılmış məqalənin adı "Xalturaya meyl edəndə" idi. Yazıçının "Mənim nəğməkar bibim" povesti əvvəlcə Moskvada "Drujba narodov" jurnalında çap olundu. Ancaq bundan sonra Bakıda nəşr edilə bildi. Əkrəmin o dövrdə yazdığı başqa bir povesti də "Drujba narodov" jurnalında çap olunsa da Azərbaycanda həyatımızı qaralayan əsər kimi damğalanmışdı.

 

O dövrün qəribə bir paradoksu da vardı. Bəzən əsərlərimizi ilk dəfə Moskvada tərcümədə çap etdirə bilirdik və ancaq bundan sonra onlara Azərbaycanda da yol açılırdı. Bəzənsə Azərbaycanda elə yazılarımızı çap etdirə bilirdik ki, Moskvada bunların senzuradan keçməsinə mat qalırdılar.

 

Rüstəmin "8-ci Xrebtova" povesti və onun əsasında çəkilmiş "Bir cənub şəhərində" filmi o vaxtki partiya liderləri tərəfindən sərt tənqid olunurdu.

 

Yaşar Qarayev yazır: "Elə də olub ki, nəsrin səsi bugündən, tənqidin səsi dünəndən gəlib. Lakin bu, sonuncu dəfə keçmişdən gələn səs "Bir cənub şəhərində" filminə qarşı çevrilmişdi".

 

"Keçmişdən gələn səs".

 

"Kommunist" qəzeti, 1969

 

Maqsud İbrahimbəyovun zənnimcə ən yaxşı əsəri "Küsü" ("Ondan yaxşı qardaş yoxdu") ölkənin ən mötəbər ədəbi jurnalı "Novıy mir"də dərc olunandan sonra Moskva mətbuatında əsəri çox yüksək dəyərləndirən məqalələr dərc edildi. Povest ümumsovet ədəbiyyatının nailiyyəti kimi qiymətləndirilirdi.

 

Azərbaycanda isə bunun tam əksinə povest qəzəbli etirazlarla, sərt tənqidlə qarşılandı. Tənqidçi Cəlal Məmmədov Azərbaycan KP-MK orqanı "Bakinskiy raboçiy" qəzetində "Çelovek iz proşloqo" ("Keçmişin adamı") adından mahiyyəti aydın olan məqaləsində əsəri ideloji-siyasi cəhətdən yıxıb sürüyürdü.

 

"Ədəbi modanın dalınca düşərək qəhrəmanın "adı adamlardan" seçən müəllif həyata bələd olmadığından həyat həqiqətindən üz döndərir. Sosialist cəmiyyəti insanların mənəvi kamilləşməsi üçün hüdudsuz imkanlar yaradır. Oxucu (yenə də bədbəxt oxucu! - A.) arzu edir ki, bizim müasirlərimiz haqqında yaranan əsərlər yüksək fikirlər, böyük məqsədlər naminə yaradılsın. Ancaq bu zaman o, müasirlik adına qəlp məhsulat deyil, əsl mənada müasir əsərlər gözləyir. Povestin müəlifi insanları daha dərindən öyrənməli, onun əməllərini və niyyətlərini, həyatı daha dərindən təhlil etməlidir. Belə olduqda asanlıqla əmin olardı ki, qəhrəmanın cılız aləmi arasında görə bilmədiyi həqiqət - həyatımızın sənginliyi, insanın ən ülvü arzularını gerçəkləşdirən həyat tərzimizin böyüklüyüdür...

 

"Bakinskiy raboçiy" qəzeti, yanvar 1974

 

Göründüyü kimi, "Mirkomir - makromir" söhbəti kimi bu yazı da ehkamçı sovet ideoloji qəlibləri çərçivəsində ədəbi əsərə siyasi ittiham verir. Əsərin bədii cəhətlərinə məhəl qoymadan siyasi danos verilir. "Adi adamlardan yazmaq" sovet həyat tərzinə zidd, qəhrəman müasirlərin surətlərinə etinasızlıq, deməli, sovet həyat tərzinə və sosrealizm metoduna qarşı etiraz kimi qələmə verilirdi. Bu illər hamımız kimi Maqsud və Rüstəm üçün xüsusilə çətin bir dövr idi. İbrahimbəyov qardaşları faktiki olaraq təqib edilir, mənəvi təzyiq altında yaşayırdılar. Nəhayət, canı boğazına yığılan Maqsud Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyevə məktubla müraciət etməli oldu. Surətini mənə verdiyi məktubunda Maqsud yazırdı:

 

"Hörmətli Heydər Əliyeviç!

 

Əvvəlcədən üzr istəyirəm ki, Sizə şəxsi məsələylə bağlı müraciət edirəm. Bu ilin oktyabrında MK-nın Plenumunda çıxış edərkən Siz tənqidi mövqedən mənim "Bir xoş gün" hekayəmi qeyd etdiniz. Bu tənqidi mən haqlı hesab edirəm və özümçün nəticələr çıxarmışam. Məruzənizdə yalnız bircə dəfə mənim adımı çəkmisiniz. Başqa Plenum iştirakçılarının çıxışlarında da heç kəs mənim vətəndaşlıq hüquqlarından məhrum edilməyim haqqında bir söz deyilmir. Amma indi mən Azərbaycanda qadağan olunmuş yazıçıyam".

 

Sonra Maqsud məktubda yazır:

 

"Gənclik" nəşriyyatında artıq mətbəədə yığılmış kitabımın çapının qarşısı alınmasıdır. Guya bu Mərkəzi Komitənin göstərişiylə edilib. "Ulduz" jurnalı öz təşəbbüsüylə mənim bir hekayəmi dərc etmək istərkən buna da qadağa qoyuldu. Məsələ gülünc şəkil alır. Müslüm Maqomayev televiziyayla çıxış edərkən Maqsud İbrahimbəyovun ssenarisi əsasında filmdə iştirakından danışarkən çəkiliş dayandırılmış, Müslümə mənim adımı çəkməmək təklif edilmişdir. Hiddətlənən Müslüm çəkilişi yarımçıq qoyub çıxıb getmişdir. "Literaturnıy Azerbaydjan" jurnalı də mənim "Küsü" povestimi çap etmək niyyətində idi. İndi bu da sual altındadır. Redaksiya çap etmək istəsə də qorxur".

 

Elə o vaxtlar Heydər Əliyev Maqsud və Rüstəmi qəbul etdi, onlarla ətraflı söhbət etdi və bundan sonra onlara qarşı hərəkətlərə son qoyuldu.

 

Məmməd Arazın kiçik bir redaksiya qüsuruna görə işlədiyi "Ədəbiyyat və incəsənət" qəzetində işindən azad edilmişdi. Əli Kərimin, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin yeni nəfəsli şeirləri abırsız şəkildə lağa qoyulurdu.

 

 

 

Bir az da özümdən

 

1954-cü ildən, on dörd yaşından yazı-pozuyla məşğul olsam da, atam yazdıqlarımı mətbuata təqdim etməyi məsləhət bilmirdi. Yalnız "Keçən ilin son gecəsi" hekayəmi oxuyandan sonra, "Hə, bunu çapa təklif edə bilərsən" - dedi.

 

Həmin hekayəni və "Bayram həsrətində" adlı başqa bir hekayəmi "Azərbaycan" jurnalında nəsr şöbəsində redaktor işləyən Yusif Səmədoğluna göstərdim. Hekayələri bəyəndi və nəsr şöbəsinin müdiri İsa Hüseynova verdi. O da xoş sözlərlə jurnalın redaktoru Əbülhəsən müəllimə təqdim etdi. Beləliklə, Əbülhəsənin redaktə etdiyi "Azərbaycan" jurnalının 1960-cı il dekabr nömrəsində yazılarım ilk dəfə işıq üzü gördü. Fərəhimin həddi-hüdudu yoxdu. İndi düşünürəm ki, sonralar Bakıda da, Azərbaycandan uzaqlarda da çıxan yazılarımın, kitablarmın mənə bəxş etdiyi sevinclər bu ilk nəşrimin qüruruyla müqayisə edilə bilməz. Bir çox yazıçılar, oxucular tərəfindən eşitdiyim xoş sözlər fərəhimi daha da artırırdı.

 

Amma 22 yaşlı gəncin fərəhi də, sevinci də çox çəkmədi. Hekayələrə ilk kəskin tənqidi münasibəti "Azərbaycan gəncləri" qəzetində rəhmətlik Qulu Xəlilov bəyan etdi. "Həyat - yaradıcılıq çeşməsidir" adlı məqaləsində tənqidçi yazırdı:

 

"Anar hekayələrində təzə ifadələr işlətməyə səy edir, başqalarından fərqlənməyə çalışır. Bədii yaradıcılıqda bu, yaxşı cəhətdir. Lakin həyatı, zəngin xalq dilini yaxşı bilməmək, dilin duzluluğunu, şirinliyini qavramamaq, onun hekayələrini bəzən təbiilikdən uzaqlaşdırır. Müəllif bəzən yeniliyi, novatorluğu yeni çıxan paltar modalarında, formada, yeməyi hansı ədalarla yeməkdə görür. "Keçən ilin son gecəsi" hekayəsində gənclərin yeni ili necə qarşılamasından söhbət gedir. Tofiq və onun dostları Həmidə xalanın bişirdiyi aşı deyil, "konservdən-zaddan" yeyirlər. Bu mənzərəni görən müəllif belə bir nəticəyə gəlir: "Doğrudan da aşı neyləyirlər? Onlar konserv yeyəcəklər və özlərini sərbəst, xoşbəxt hiss edəcəklər. Burada aş yeyəcəkdilər. Amma özlərini sərbəst hiss etməyəcəkdilər. Bir az yalandan gülüşüb erkən dağılacaqdılar. Həmidə xala düşünür: "Aş və konserv, keçmiş və gələcək, gənclik və qocalıq". Başa düşmək olmur ki, aş nə vaxtdan arxayık yeməklər sırasına keçib və nə üçün adam onu yeyəndə özünü xoşbəxt, sərbəst hiss etmir? Hələ bu da azdır. Nə vaxtdan bəri konserv sərbəstliyin, xoşbəxtliyin, gəncliyin, gələcəyin timsalına, aş isə bədbəxtliyin, yalançılığın, keçmişin, qocalığın və məhdudluğun rəmzinə çevrilmişdir. Müasirliyi səthi başa düşmək, onu bəsitləşdirərək, primitivləşdirmək müəllifin "Taksi və vaxt" hekayəsində də nəzərə çarpır. Burada müəllif Nərgiz haqqında yazır: "Çiyinləri çılpaq idi. O, müasir qızdı. Saçları gödək, danışıq, yaşayış, düşünüş tərzi müasir. Zövqü müasir, gülüşü müasir, şüuru müasir, geyimi müasir".

 

Həyatı dərindən bilməyəndə, eyni qeyri-təbiilik və sünilik dilə də keçir. Çünki dil fikrin, təfəkkürün ifadə tərzidir və həyatı bilmədən onun gözəlliyini, axıcılığını, poeziyasını, şirinliyini hifz eləmək mümkün deyildir. Anarın hekayələrində belə cümlə və ifadələrə tez-tez rast gəlmək olur.

 

Qulu XƏlilov

 

"Həyat - yaradıcılıq çeşməsidir" məqaləsindən.

 

"Azərbaycan gəncləri" qəzeti

 

Məqalənin ən tikanlı yeri "istedad dədə kürkü deyil ki, nəsildən-nəslə keçə" deyimi idi ki, bu da mənim ədəbi ailədən çıxdığıma işarəydi və belə "səviyyəsiz yazılarımın" jurnalda çap edilməsi atamın nüfuzuyla bağlı olduğuna dolayı yolla "sübut" idi.

 

Ədəbiyyatda ilk addımımdan aldığım bu ilk zərbəni, illər boyu qoruyub-saxladığım qəzetin bu eyhamını bəlkə də unudardım, əgər elə o gün məni ilk dəfə sarsıdan da deməsəm təəccübləndirən hadisə olmasaydı. O vaxt mən Radio Komitəsində redaktor kimi çalışırdım. Başqa bir şöbədə işləyən, şəxsən tanış olmadığım qadın əlində həmin qəzet sevincək bizim otağa gəldi və iş yoldaşlarıma müraciətlə:

 

Oxumusunuz? - deyə soruşdu - Sağ olsun, lap ürəyimdən tikan çıxartdı Qulu müəllim.

 

Ədəbi həyatımda ilk dəfə rastlaşdığım bu açıq qərəzə mat qalmışdım. Axı heç tanış olmadığım bu qadına nə pisliyim keçmişdi ki, əleyhimə yazılana görə belə şadlıq-şadyanalıq edirdi? Və bəlkə də ədəbi mühitdə ilk dəfə onu da dərk etdim ki, heç bir pislik etmədiyimiz insanlar da nəyə görəsə bizə izahsız, səbəbsiz nifrət bəsləyə bilər və bizə dəyən hər zərbədən xüsusi zövq ala bilərlər. Nə isə...

 

İlk mətbu yazımdan sevindiyim qədər ilk haqsız tənqiddən də pəjmürdə olmuşdum. Rus dilində məqalə yazıb bir abzasda Qulu Xəlilova cavab vermişdim. Yazımı "Drujba narodov" jurnalına göndərdim, bilirdim ki, Azərbaycanda heç yerdə çap etdirə bilməyəcəm. Məqaləm "O konservax i konservatizme" adlanırdı. Elə bu vaxt yolum Moskvaya düşdü, "Drujba narodov" redaksiyasına getdim. Redaksiyada yazımı çox bəyənmişdilər və çap edəcəkdilər. Amma təklif etdilər ki, yazımın adını dəyişim, bir də Qulu Xəlilova aid abzası çıxardım. Razılaşmalı oldum. Beləliklə məqaləm "Çutğ blije k zvezdam" ("Ulduzlara bir az yaxın") başlığıyla "Drujba narodov" jurnalında dərc olundu. Yazıdakı polemik parçalar heç kəsin adı çəkilmədən bu şəkildə çap edildi:

 

"Gənc yazıçıları tez-tez həyatı bilməməkdə təqsirləndirirlər. Amma bəzən həyatı öyrənmək məsələsi ancaq kənd həyatını bilmək kimi anlaşılır. Kənd həyatı yazıçı üçün vacib və nəcib mövzudur, amma bu o deməkdirmi ki, bütün yazıçılar ucdantutma ancaq kənd həyatından yazmalıdırlar? Buna görə də kəndlərə ezamiyyətə göndərilməlidirlər ki, "həyatı öyrənsinlər?" Bu keçmişdən qalmış konservativ düşüncənin əlamətidir".

 

Həmin o, "Keçən ilin son gecəsi" də "Drujba narodov" jurnalında dərc edilmişdi. Sonralar dörd povestim, iyirmiyə qədər məqalə və hekəyələrim, haqqımda yazılar dərc olunan bu jurnalda ilk dəfə "Keçən ilin son gecəsi" və "Asqılıqda işləyən qadının söhbəti" hekayələrimlə çıxış etdim.

 

(Ardı sabahkı sayımızda)

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2022.- 12 aprel.- S.10-11.