Nizami küçəsində
Əllərindən tutan var bütün gözəl qızların,
Gecikmişik
bu şəhərə,
bu küçəyə,
bu yaza.
Hamının oynadığı
Bu gənclik oyununu,
Ya çoxdan uduzmuşuq,
ya bizsiz oynayırlar.
Əllərindən tutan var bütün gözəl qızların.
Gecikmişik
o əllərə,
o qızlara,
bu şəhərə,
bu yaza...
2018
Qürub
Günəş batır...
Tanrı köhnə qələmiylə
Bu günün də səhifəsinə,
üfüqdə bir nöqtə qoyur.
Günəş batır,
əlim çatmaz uzaqlıqda,
"Ahım yetməz" uzaqlıqda.
Arzu
Ölmək...
Mövsümlər payıza gəlmişkən,
Yazlar ayaza gəlmişkən
Dönmək üz tutduğun xam xəyallardan..
Örtmək gülüş səslərinə pəncərələri...
Ölmək...
Payız başımdaykən ölmək,
Sevda yaşımdaykən ölmək.
Xəzan yaşıl yarpaqların qanın içmişkən,
Uzaq uçan quşlar qürbət yolun seçmişkən,
Bəmdən qopan ağrılarım zilə keçmişkən - Ölmək.
Sevda yaşımdaykən ölmək,
Payız başımdaykən ölmək.
2018
Payız - 2018
Keçdim bütün arzuların şirin dadından,
Sındı uçan xəyallarım şux qanadından,
Allahın da çıxar oldum daha yadından.
Gözəl günlər uşaqlıq
tək uzaqda qaldı,
İsti
ocaq diləkləri sazaqda qaldı,
Güllər açan gəncliyimi xəzanlar aldı.
Əl açdığım
yağışlardan bir
əlac varmı?
Göylər susqun çöhrəsindən
niqab açarmı?
Döndüm şanlı zirvələrin
yarı yolundan,
Söndüm soyuq payızların
bircə yelindən,
Sındım həyat deyilənin ağır əlindən.
Yıxıldığım küçələrdən bir
keçən yoxmu?
Çökdü dizlər, qapıları bir açan yoxmu?
Payız - 2019
Bu küçənin döngəsində
bir az
gözləməyim var,
Bir az durub
gözləmək ki,
yollarıma kim çıxar.
Ölmək,
indi
hər arzudan
min kərə daha gözəl,
Bahar getmiş,
güllər solmuş,
addımlar xəzəl.
Sussa yellər,
donsa günəş
batdığı yerdə,
Payız
olsa quşların da çatdığı yerdə...
Yanır
çox-çox uzaqlarda
sarı işıqlar,
Elə bil ki,
Evlərə də payızlar dolar.
Bahar keçdi, nəğmə
yenə yarımçıq
qaldı,
Nə ağrılar gedər oldu,
Nə yaralar sağaldı.
Ölüm varsa son ucunda bütün yolların,
Köçən quşlar qürbətlərdə
nəyi axtarır?
Baş qoyduğum səcdələr
də
Qaçdı alnımdan,
Keçməz oldu dualarım göy qapısından.
...Bu küçənin döngəsində
bir az
gözləməyim var,
Bir az durub
gözləmək ki,
yollarıma kim çıxar...
Pəncərəmdə bir pişik
Pəncərəmdə bir pişik,
Ağzın açıb yalvarır
öz dilində,
Amma mənim yorğunluğum,
onun aclığından
ağır,
Pəncərədən o yandasa aram-aram payız yağır,
Payız
yağır yarpaq-yarpaq,
Payız yağır yağış-yağış.
Günlər keçir..
Gəncliyimi addım-addım məndən
qoparıb,
Pəncərəmdə pişik də var, payız
da var,
Yağış da var, yarpaq da,
Əlim
yetmir nə pişiyə, nə payıza,
Nə yağış,
nə yarpağa.
Dünya
döndü bir dövrə də Günəşinin başına,
Payız çatdı bir yağışla gözümüzün
yaşına.
Pəncərəmdə bir pişik,
Ağzın açıb yalvarır
öz dilində,
Amma mənim yorğunluğum,
onun aclığından
ağır,
Pəncərədən o yandasa aram-aram payız yağır.
2019
"Nərimanov parkı"nda
Siz şahmat oynayın qaranlığacan
Mən alnımı qoyub masanın üstə,
Küləyin səsinə qulaq
asacam,
Gülüşən, qışqıran
o uşaqlara,
Yolların tozuna qulaq asacam.
Siz şahmat oynayın payıza qədər,
Mən alnımı qoyub masanın üstə
Əsən əlinizə qulaq
asacam...
İndi
yaşınız çox,
ömrünüz azdır,
Atlar, fillər hürkür qırışınızdan,
Çox
da ki, günəş
var, çox da ki yazdır,
Soyuq qarlar yağır baxışınızdan.
Siz şahmat oynayın ölümə qədər,
Mənsə öz ömrümün
axırınacan
Alnım
masa üstdə, gözüm yumulu,
Ötüşən illərə qulaq asacam
Keçən fəsillərə qulaq asacam.
2020
27 yaşın şeiri
Bir il də
artırdıq ömrün
oxunmuş səhifələrinə.
Çevirdik maraqsız romanların sıxıcı səhifələri
kimi.
Bir fəsil də xəzanlarını çəkdi
küçələrimizdən,
Sürüyüb yorğun-yorğun apardı
haralara..
Bir qışın
da qarını yorğan kimi qatlayıb qoyduq kənara.
Neyləmək?
Açmaqmı yenə əllərimizi göylərə sarı?
Əyilməkmi dizlərə söykəyib
ovucları?
Qoymaqmı yazılmış alnımızı
qupquru döşəməyə?
Başqa
yol yox, həyat kimi ağırlığı çiyinlərdən
atmaq üçün,
Başqa
yol yox
Bu günlərdən sabahlara,
Sabahlardan
sonralara
Sağ ümidlə çatmaq üçün.
2021
Dörd arı yeşiyi
qaldı həyətdə
Dörd
arı yeşiyi qaldı həyətdə,
Qaldı qar altında, külək altında.
Arılar
qısılıb biri-birinə,
Üşüyüb içəri girən soyuqdan,
Qorxub səs-küyündən boranın,
qarın,
Sakit görə-görə donmaqlarını,
Andılar günəşli yaz
günlərini,
Çiçəkdən-çiçəyə qonmaqlarını.
İndi yanlarında ballı pətəklər.
Çöldə ağ-ağ yağan soyuq çiçəklər.
Hardansa səs gəlir yaddaşlarına,
O səs deyir, yenə bahar olacaq,
Yenə
uçacaqsız dağlar
üstündən,
Uçacaqsız yenə yollardan
keçib,
Bağçalar üstündən, bağlar
üstündən.
Dörd
arı yeşiyi qaldı həyətdə,
Qaldı qar altında, külək altında.
2021
Sentyabr - 2017
İndi
payız gələr,
sonra qış gələr,
Ağaclar hər axşam
bir az
soyunub,
Axırda
bir qarlı qış gecəsində,
Ağappaq yorğanın altına girər.
Biz baxarıq susa-susa pəncərələrdən,
Kimsə
yada düşər andıqca hərdən,
Çəkilməz sevdanın havası sərdən.
Biz susarıq baxa-baxa
pəncərələrdən.
Xatırlamalar
Dodaqların dodağımın yadından
çıxıb.
Əllərimin əllərində, tellərində
gəzişməyi,
Bahar başlayan vaxtlarda işıqlı pəncərələrin
Otaqlara doluşmağı,
Çiçəklərin açılmağı, soluşmağı.
Hər görəndə əyilərək
Telindəki ətirlərdən,
Saçlarının keçmiş rəngin soruşmağım,
Sənin
uzaq öpüşlərin,
Kədərlərin,
İlıq-ilıq gülüşlərin
İndi
məndən milyon illər uzaqda qalmış,
Sanki heç olmamış,
sanki xəyalmış.
2016
Qış - 2017
Qorxuram qar yağa, qar yağa,
Əsən ürəyimə yağa,
Titrəyən əlimə yağa.
Azmış yollarıma yağa.
Qar yağa, qorxuram, qar yağa,
Bir səhər başlayıb yağa,
Bir axşam başlayıb yağa.
Göylərdən üzülə-üzülə,
Küləklərdən keçə-keçə,
Şəhər-şəhər, küçə-küçə,
Qar yağa, qorxuram, qar yağa.
Pərdəsin örtdüyüm pəncərələr də
Təzədən pərdəsin çəkib qırağa,
Qar göstərə mənə - ağappaq qarlar.
Altında gizlənsəm yorğanımın da,
Qara yuxuma da qarlar girələr.
Qorxuram qar yağa, qar yağa,
Halsız qollarıma yağa,
Azmış yollarıma yağa.
Qar yağa,
qorxuram, qar yağa.
Təvəkgül
BOYSUNAR
525-ci qəzet.- 2022.- 13 aprel.- S.23.