Böyük şairin yaradıcılığı
görkəmli dilçinin nəzərində
Xalq şairi Bəxtiyar
Vahabzadənin ana dilimizə münasibətini professor Yusif Seyidov
əhatəli şəkildə tədqiq edib
Bədii yaradıcılığı Azərbaycan ədəbiyyatının
mühüm tərkib hissəsi olan Xalq şairi Bəxtiyar
Vahabzadə poeziyasının dilinin öyrənilməsi ciddi
aktuallıq kəsb edir.
B.Vahabzadənin bədii və publisistik
yaradıcılığında ana dili məsələsi
xüsusi yer tutur. Müəllif özü bu barədə yazır: "Mənim
ən böyük mübarizəm sovet dövründə
ayaqlar altında tapdanan, qapılar arxasında qalan ana dilimizin
uğrunda həm əməli işimdə, həm də yaradıcılığımda
ardıcıl mübarizə idi. Mən bu
mövzuya onlarla məqalə, onlarla şeir və poema həsr
etmişəm. Demək olar ki, bütün
poemalarımın ricət hissəsində dolayısı ilə
bu və ya başqa şəkildə dilimizin rəsmi dövlət
idarələrindən qovulmasına etirazımı bildirmiş,
onun hüququnun özünə qaytarılmasını
arzulamışam".
Böyük şairimizin təkcə bədii
yaradıcılığında deyil, ədəbi-publisistik əsərlərində
də ana dili, onun milli sərvət kimi qorunub saxlanması,
saflığı və təmizliyi uğrunda mübarizə
mühüm rol oynayır. Ona görə də bir sıra tədqiqatçılar,
o cümlədən, görkəmli alim, professor Yusif Seyidov
B.Vahabzadə və dil məsələsi üzərində
geniş şəkildə dayanıb bu mənəviyyat xəzinəsini
dərindən araşdırmağa səy göstəriblər.
Ümumiyyətlə, yazıçı və dil problemini Azərbaycan
dilçiliyində ilk dəfə sistemli şəkildə
araşdıran alim görkəmli dilçi, professor
Yusif Seyidov olub. Bu baxımdan Y.Seyidovun hələ 1983-cü
ildə nəşr olunmuş "Sözün qüdrəti"
monoqrafiyasında təxminən 100 səhifə B.Vahabzadə
yaradıcılığının dilinə və ümumiyyətlə,
sənətkarın dil və üslub məsələlərinə
həsr edilib. Y.Seyidov bununla kifayətlənməyib,
B.Vahabzadə yaradıcılığında dil məsələsinə
aid "Şairin fikir dünyası" adlı ayrıca bir
monoqrafiya da nəşr etdirib. Mövzu
çox geniş olduğuna görə biz bu məqalədə
Y.Seyidovun B.Vahabzadənin bədii irsində deyil, konkret olaraq
publisistik yaradıcılığındakı dil məsələlərinə
aid tədqiqat əsərlərini araşdırmağı
qarşımıza məqsəd qoyduq.
B.Vahabzadənin
publisistik əsərlərini əhatə edən "Vətən
ocağının istisi", "Sənətkar və
zaman", "Sadəlikdə böyüklük", "Dərin
qatlara işıq" , "Gəlin açıq
danışaq", "Ədəbi düşüncələr"
kimi kitablarında şairin dil məsələlərindən
bəhs edən qiymətli məqalələri də öz əksini
tapıb. Professor Y.Seyidov həmin kitablara
dayanaraq B.Vahabzadə və dil problemini geniş şəkildə
araşdırmağa çalışıb.
Qeyd etdiyimiz kimi, şairin dil haqqında düşüncələrində
ana dili məsələsi aparıcı rol oynayır. Y.Seyidov bu barədə
yazır: "Başqa sənətkarlar kimi B.Vahabzadə də
insanın, ümumən xalqın həyatında ana dilinin rolunu dərindən duyur və onu qiymətləndirir.
Şeir və poemalarında tez-tez, həm də müxtəlif
münasibətlərlə bu məsələyə
müraciət edən şair-ədibin ana dili
haqqındakı mülahizələri
bir sıra hallarda ümumi nəzəri istiqamətdə olur,
yəni bu və ya digər bir dillə məhdudlaşmır,
milli və irqi fərqlər, dillərin müxtəlifliyi ana dili anlayışına təsir göstərmir,
bütün xalqlar, bütün insanlar üçün ana
dili doğma və əzizdir. Təsadüfi
deyildir ki, şair "Oğluma" şeirinə N.Nərimanovun
"Ana dili. Bir dil ki, mehriban bir vücud məhəbbətini....
sənə bu dildə bəyan edir, bir dil ki, hələ
beşikdə ikən bir layla şəklində öz ahəng
və lətafətini sənə eşitdirib, ruhun ən dərin
guşələrində nəqş
bağlayıbdır"- sözlərini epiqraf vermişdir.
Bu ümumi nəzəri mülahizələr öz qidasını və
fonunu Azərbaycan dilindən alır, bəzən isə onun
ana dili haqqındakı fikirləri bütünlüklə Azərbaycan
dilinə söykənir".
Y.Seyidov B.Vahabzadənin şeirin yüksək poetik əsər
kimi ortaya çıxmasında onun fikir yükünü də
yüksək qiymətləndirdiyini göstərir. Alim böyük şairin
aşağıdakı cümlələrinə xüsusilə
böyük önəm verir: "Ədəbiyyat o zaman
yüksək zirvəyə çatır ki, söz fikirlə
yüklənmiş olsun, böyük bir fikrin ifadəsinə
xidmət etmiş olsun. Fikrin düzgün və
sərrast ifadəsi, dinləyiciyə tez çatması
üçün ən dəqiq sözlər, ibarələr,
ifadələr tapılmalıdır".
Y.Seyidov B.Vahabzadənin poeziya dilinin sadə və
aydınlığını da əsas amillərdən hesab
etməsinə, burada sözün yerində işlədilməsini
mühüm şərt kimi irəli sürməsinə diqqəti
cəlb edir.
Bu qənaətə gələrkən şairin
aşağıdakı fikrinə söykənir: "Sözdən
istifadə məsələsində bu və ya digər sözün şeirdə
işlədilə bilib işlədilə bilməməsindən
söhbət getməməlidir. Əsas məsələ
sözün özündə deyil, sözün nə dərəcədə
yerində işlədilməsindədir".
Məlumdur
ki, B.Vahabzadə bir çox şair və
yazıçının dil xüsusiyyətlərindən bəhs
etmiş, ancaq o daha çox öz ustadı böyük sənətkar
S.Vurğun irsini dərindən araşdırmış, onun
haqqında namizədlik və doktorluq dissertasiyası
yazmış, bu tədqiqatlar əsasında kitablar çap
etdirmiş, həmin kitablarda, xüsusən "Səməd
Vurğun" monoqrafiyasında o, ədəbi dilimizin
inkişafında böyük rol oynamış xalq
şairimizin dil və üslub xüsusiyyətlərindən də
xeyli söz açmışdı. Ona görə
də Y.Seyidov B.Vahabzadənin öz ustadının dili
haqqındakı mülahizələri üzərində
geniş dayanıb. Y.Seyidov S.Vurğun
poeziyasının ədəbi dilimizin inkişafındakı
rolunu, onun üslub xüsusiyyətlərini dərindən tədqiq
edib. Onun fikrincə, bir şair kimi yeni
söz və ifadə axtarışları S.Vurğunun
bütün yaradıcılıq axtarışlarının tərkib
hissəsi olub. Məhz buna görə B.Vahabzadənin şairin dili haqqında
düşüncələri alimin diqqətini cəlb
etmişdi.
S.Vurğunun "Muğan" poeması həm ədəbiyyatımızın,
həm ədəbi dilimizin qiymətli söz abidəsidir. Qeyd edək
ki, böyük S.Vurğunun ədəbiyyata gəldiyi
dövrdə poeziyamız hələ klassik poeziyanın
şablon sözlərindən tam şəkildə yaxa
qurtarmamışdı. Ona görə də şair
"Muğan" poemasında bu ənənəni
qırmış və yeni sözləri də cəsarətlə
yerli-yerində işlətməyə nail olmuşdu. Məsələn:
Ekskavator
sözü yoxdur
Sarvanımın
öz dilində,
Lakin ona həmdəm
oldu
öz
yurdunda, öz elində.
Y.Seyidov
B.Vahabzadənin "Muğan" poemasının lüğət
tərkibindəki bir sıra sözlərin cəsarətlə
poetik məqamda işlədilməsini
alqışlamasını bəyənərək onu olduğu
kimi kitabda sitat şəklində verib: "Bir zaman
şeirimizdə sement, beton, tok, balta və s. sözləri
görsəydilər, dodaq büzər, bəlkə də belə
əsərləri şeir adlandırmazdılar. Lakin həmin sözlər S.Vurğunun dilində nə
qədər şairanə və gözəl səslənir.
Bu sözlər
oxucunun nəzərində qəhrəmanın iş prosesini,
çarxların gurultusunu, qayışların
şappıltısını səsləndirir. Yenə
həmin əsərdə "car çəkir
çarxların çaxnaşıq səsi" misrasında
şair c və ç səslərini bir neçə dəfə
təkrar etməklə əməyin poeziyasını,
musiqisini qulaqlarımızda səsləndirmiş olur".
B.Vahabzadə Füzuli irsinin vurğunu idi. O, ulu məhəbbət
şairini söz ordusunun sərkərdəsi adlandırır,
sözü isə onun silahı hesab edirdi. Onun fikrincə,
Füzuli, sözlərində nəfəs alan,
fikirlərində yaşayan, duyğularında fəryad
çəkən insanlar insanı, şairlər şairi,
ariflər arifidir. Təsadüfi deyil ki, Xalq şairi
"Şəbi-hicran" kimi ədəbiyyat tariximizdə
ozünəməxsus yeri olan gözəl bir poetik əsər
yaratmışdı.
Y.Seyidov B.Vahabzadənin Füzulinin sözə
münasibəti haqqındakı aşağıdakı fikrinə
yüksək qiymət verir: "Biz şairlər çox
zaman sözün zəifliyindən şikayət edirik. Bəzən
isə elə gəlir ki, hisslərimiz çox güclü,
söz isə çox acizdir. Hisslərimizi
ifadə etmək üçün söz tapa bilmirik. Lakin Füzuli heç zaman sözün
yoxsulluğundan şikayət etməmişdir, sözdə bir
neçə məna verməyi bacarmışdır. Füzulinin əlində söz mum kimidir. O,
sözə istədiyi şəkli, istədiyi mənanı
verir, ondan istifadə edir. O, sözün bütün mənalarının,
həm lüğəti, həm məcazi mənalarının
dəyərini, ağırlıq və
yüngüllüyünü, çalarlarını
bütün dərinlik və incəliyi ilə
qavramışdır. Söz Füzuli ürəyində
qaynayır, ürəyin bütün tellərindən
keçir, sonra
şeirə çevrilir. Bu sözlər
yanan şair ürəyinin qanından qida alıb lələ,
cəvahirə çevrilir. Buna görə
də Füzulinin sözləri kağız üzərində
alışıb yanır. Onlar, dörd yüz
ildir, öz hərarətini itirmir, yanır və bizi də
alovunda qızdırır".
B.Vahabzadə klassik ədəbiyyatda olduğu kimi, müasir ədəbiyyatda da ədəbi şəxsiyyətlərin yaradıcılığı haqqında xeyli araşdırma aparmış, o söz ustalarının yaradıcılığı haqqında, onların dil xüsusiyyətləri haqqında maraqlı və diqqətəlayiq mülahizələr irəli sürüb. Bu vəziyyəti nəzərə alan Y.Seyidov bunları ayrı-ayrı gözdən keçirir. Məsələn, alim bu baxımdan B.Vahabzadənin Mir Cəlal haqqında mülahizələrini diqqət mərkəzinə gətirir və onun bu fikrinə nəzər salır: "Ədibin bədii dilinə aludə olmamaq mümkün deyil. Mir Cəlal cümləni qurmamışdan əvvəl "Bu fikri, bu mətləbi xalq necə deyər?" sualını özü-özünə verib sonra yazır. Bədii əsərləri bir yana, hətta elmi-tədqiqat əsərlərində də Mir Cəlal süni kitab dilindən qaçır. Ədibin S.Vurğun haqqında yazdığı bir məqalə belə başlayır: "S.Vurğun əlinə qələm alan gündən şairdir. O, kağız-kuğaz korlamamışdır".
B.Vahabzadə dövrünün gənc şairlərinin yaradıcılığını ardıcıl şəkildə izləmişdi. Bu gənc istedadlar arasında Fikrət Qoca, Məmməd Araz, Məmməd Aslan, İsa İsmayılzadə poeziyasını xüsusilə yüksək qiymətləndirmişdi. Y.Seyidov B.Vahabzadənin M.Aslan yaradıcılığı haqqında məqalə yazdığını, onu düzgün qiymətləndirməyə çalışdığını göstərir. Bununla əlaqədar alim, B.Vahabzadənin M.Aslan haqqında yazdığı "Sözün şəhdi, dilin nəğməsi" adlı məqaləsi üzərində dayanır. Məqalədə M.Aslanın poeziyasından bir neçə bənd nümunə verdikdən sonra yazır ki, bu şeir sözlərin, səslərin uyarlıq nəğməsidir. B.Vahabzadə elə bu məqalədə oxuculara üzünü tutaraq M.Aslanın "Səsimə səs ver" kitabını oxumağı tövsiyə edir: "Qoy ana dilimizin dadını, duzunu, şəhdini, şəkərini duymaq istəyənlər bu kitabı oxusun, səslərin düzülüşünə, sözlərin nəğməsinə valeh olsunlar".
Göründüyü kimi, Xalq
şairi B.Vahabzadə bir şair, bir alim, bir ziyalı kimi
bütün həyat və yaradıcılığı boyu
dilimizin keşiyində durub, onun yaşaması, yad təsirlərdən
qorunub saxlanması, təmizliyi, saflığı və
inkişafı uğrunda yorulmadan mübarizə aparıb.
Görkəmli sənətkarın zəngin ədəbi-elmi
irsinin dərindən öyrənilməsi filologiya elmimizin
qarşısında duran mühüm vəzifələrdən
biridir.
Aliyə
QULİYEVA,
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 13 aprel.- S.22.