Samuray mənəvi ruhu yaşayır  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Yaponlar yeganə xalqdır ki, onu təşkil edən əhalinin əksəriyyəti iki dinə sitayiş edir. Buddist də, xristian da sintoizmə sitayiş etməyə borcludur, bu dinin ibadətləri də elə sərt və məcburi xarakter daşımır.

 

Yapon ailəsi tarixən kiçik yaşayış sahəsi olan evdə, mənzildə yaşamışdır. Ənənəvi şəhər və kənd evləri bir-birindən o qədər də fərqlənmir. Yaşadığı mənzildə yaponlara xas olan etnogenez komponentləri öz əksini tapır. Onda üfüqi hərəkət edən çoxlu lövhələrdən istifadə olunur, qapını təmsil edən lövhə belə qaydada açılıb örtülür. Döşəmə sahəsi tatami ilə örtülür, onun üstündə yalnız corabda gəzirlər. Bir divarda adətən taxça - tam estetik əhəmiyyəti olan tokonoma olur. Ora rəsm əsərləri, kallirafiya yazılmış kağızlar qoyulur, aşağısında isə içində çiçək olan vaza yerləşir.

 

Avropalılar çox vaxt yapon nəzakətinin mürəkkəb sistemini başa düşmür, onun barəsində xoşa gəlməyən rəylər söyləyirlər. Bizim üçün çay içmək hər gün təkrar olunan adi hadisə olsa da, yaponlarda bu, öz ciddi qaydaları və özünəməxsus estetikası olan bir ritual xarakteri daşıyır. Çay mərasimində əcnəbiyə adamı yorğun salan kimi görünən hərəkətlər, əslində dəqiq olmaqla, vaxta və zəhmət çəkməyə qənaət etmək olub, öz zərifliyini büruzə verir. Çay mərasimindəki ağılın sakitliyi, ruhun dincəlməsi, davranışdakı soyuqqanlılıq və təmkinlilik digər təfəkkürün və yaxşı hisslərin bünövrəsi kimi qəbul edilməlidir.

 

Bu mərasimin məqsədi zövqün yüksəlişini tərbiyə etməkdir. Ya-no-yu adlanan çay dəstgahı adi mərasimdən də böyük hadisə hesab olunmalıdır.

 

Yapon teatrı və incəsənəti də avropalılarınkına bənzəmir. Yapon poeziyası da adamı fəlsəfi düşüncələrə dalmağa dəvət edir. Yapon geyşaları öz incə hərəkətləri, hətta sərçəni andıran yerişləri, ritual qaydalarını dəqiq bilmələri, poeziyaya, musiqiyə bələdçilikləri, milli simli alət olan simuzendə məharətlə ifa etmələri ilə, əslində, bir aktyorun teatrı təsəvvürünü yaradır, onunla təmasda olanlar fiziki hissiyyatı unutmaqla, yalnız mənəvi zövq almanı bir mükafat kimi qəbul edirlər. Lakin bu, heç də o demək deyildir ki, onlara vurulanlar olmur.

 

Yapon bağlarının da istər Avropa, istərsə də digər Şərq ölkələri bağlarına heç bir yaxınlığı yoxdur, bağ barədəki adəti təsəvvürlərimizi də alt-üst edir. Yaponlar üçün məhz öz bağının ümumi görünüşü və onun hər bir komponenti əzizdir, qiymətlidir. Royandzi "daş bağında" adamlar bizə adi, bəlkə də primitiv görünən bu mənzərəyə böyük heyranlıqla baxır, maraq naminə onun daşlarına yaxınlaşmaq istəyənə az qala yeretik əməlin sahibi kimi yanaşırlar.

 

Xalqın mentalitetinə, dünyagörüşünə xas olan bu nüanslara nəzər yetirdikdə, samurayın qeyri-adi hadisə olması barədə düşüncələrimizdə müəyyən dəyişiklik əmələ gəlir. Təkcə yapon poeziyasının sirlərinə, yapon bağlarının "qəribəliklərinə" nüfuz etdikdə bizə qaranlıq kimi görülən məsələlər də aydınlaşmağa, başa düşülməyə üz tutur. Biz yapon həqiqətlərinə öz "zəng" mövqeyimizdən yanaşdıqda qnoseoloji səhvə yol veririk və bu səhvi düzəltməyə də elə bir cəhd göstərmir, ya da onun əbəs olacağını güman edirik.

 

Yapon döyüşçü kastası olan samurayın da varlığı barədəki təsəvvürlərimiz başqa rakursdan yanaşdıqda kiçik də olsa, müsbət metamorfozaya uğrayır.

 

Seppuku

 

Seppuku xalq dilində xarakiri kimi məşhurdur, qarnı yarmaqla özünü öldürmək mənasını verir. Yapon üçün seppuku səfehliyin hətta kölgəsindən də məhrumdur. Qarın ona görə yarılır ki, ora insan könlünün məskəni, məhəbbətin olduğu yer güman edilir.

 

Samuray ölümü, yüngülləşmək və ar hissindən gizlənməyin vacib üsulu hesab edir. Şərəfin qorunub saxlanması naminə ölüm Busidoya görə çox sayda həllini tapmayan problemlərin həll edilməsini açarıdır.

 

Seppuku ilə öz cinayətlərini yuyursan, səhvlərini düzəldirsən, biabır olmaqdan qaçırsan, dostları xilas etmək şansı ilə də öz kamilliyini göstərirsən.

 

Seppuku mərasim qaydasında həyata keçirilir. Samuray təzim edib, üst paltarını soyunur ki, qurşağa qədər çılpaq olsun. Nəcib yapon döyüşçüsü bu qaydada ölərkən cəsədi yalnız irəli yıxılmalıdır. Qılınc tiyəsini beldən aşağı soxur. Yavaş-yavaş sağa tərəf aparır və yarada qılıncı döndərib, qarnını yuxarı tərəfə qədər kəsir. Yaxındakı etibar etdiyi adamın - sekundantın bir zərbəsi ilə onun başı bədənindən ayrılır. Bunda məqsəd seppukunu edənin dəhşətli ağrıdan səsini çıxartmaması, zəifliyini göstərməməsidir.

 

Üç qardaşın bir yerdə seppuku etməsi real baş vermiş hadisədir, lakin əfsanə xarakteri daşıyır. İki qardaş, onlardan birinin 24, digərinin isə 17 yaşı var idi, İeyasu Tokuqavanı öldürməyə hazırlaşmışdılar və syoqunun düşərgəsinə girdikdə, mühafizəçilər tərəfindən tutulmuşdular. Köhnə hərbi xadimi bu gənclərin igidliyi heyran etmişdi. Ona görə də onlara şərəflə ölməyə icazə vermişdi. Qaydaya görə, nəsillərindəki bütün kişi cinsindən olanlar ölümə məhkum edilməli idi. Ona görə də onların yeganə sağ qalmış 8 yaşlı kiçik qardaşları da ölməli idi.

 

Edam mərasimi yerinə gələndə böyük qardaş ən kiçiyə dedi ki, sən birinci get, əmin olum ki, hər şeyi düzgün etdin. Uşaq dedi ki, o, heç vaxt seppukunun icrasını görməmişdir, ona görə də qardaşlarının nümunəsi əsasında hərəkət etmək istəyir. Əvvəlcə böyük qardaş qılıncı qarnına soxdu. İkincisi kiçik qardaşına dedi ki, gözünü açıq saxla, sən başqa cür ölsən, arvada oxşayacaqsan. Ruhunu cəmləşdir, cəhdini ikiqat et ki, qarnını yara biləsən. Oğlan əvvəlcə ən böyük, sonra ikinci qardaşının ölümünü seyr etdi, hər ikisi son nəfəsini verirdi. O, sakitcə qurşağa qədər soyundu və onların nümunəsi əsasında hərəkət etdi. Bu qardaşlar seppukuya pərvanə odun üstünə gedən kimi gedirdilər. Ona görə də yaponlar Dantenin "İlahi komiediya"sında təsvir etdiyi cəhənnəmin yeddinci dövrəsində məskunlaşırlar, çünki öz əlləri ilə həyatlarına son qoyduqlarından məhz o dövrəyə düşürlər.

 

Samurayın Yolu - ölümdür. Ölümə samuray ona xas olan mərd qaydada, heç bir tərəddüdə yol vermədən gedir. Yalnız ağürəklilər o düşüncə ilə özlərinə haqq qazandırırlar ki, məqsədə çatmamışdan qabaq ölmək, it kimi ölmək mənasını verir. Çünki bütün insanlar yaşamağı arzu edirlər, ona görə də qorxaqlar ölməməyə nə iləsə haqq qazandırmağa çalışırlar.

 

Lakin heç bir samuray ölümə can atmır, ölümü qəsdən axtarmaq qorxaqlığa bərabər sayılır. Samuray üçün ölümə nifrət etmək cəsurluq və igidlik işidir, ancaq həyatın özü ölümdən qorxulu olduqda yaşamağı davam etdirmək həqiqi cəsurluq sayılır.

 

Seppuku fanatizm əlamətlərindən, dəlilikdən bütünlüklə məhrumdur, onun həyata keçirilməsi üçün mütləq soyuqqanlılıq lazımdır.

 

Ancaq cinayət kodeksi qəbul olunduqdan sonra özünü intihar etmək və uzun müddət mövcud olmuş qisas almaq kimi hər iki adət artıq öz mənasını itirmişdir.

 

Samuray təbiətini izah edən əsərlər

 

Usta qılınclı adamların yazdıqları əsərlər bu sənətin mahiyyətini başa düşməkdə əla açar rolunu oynayırdı. XVII-XVIII əsrlərin sərhədində yazıb-yaratmış İssai Çozan (1659-1741-ci illər) alleqoriyadan istifadə edərək, pişik obrazlarından döyüş təcrübələrini müqayisə etmək üçün istifadə edir. Belə bir cəhəti vurğulayır ki, vəzifə ondan ibarət idi ki, hiyləgər siçovulun samurayı öz evindən uzaqlaşdırmasının qarşısı alınsın. Bu, müəllifin qılınc işlərindən yaxşı baş çıxartdığını göstərir. O, özü usta olması da, onun "Qoca pişiyin sirli qabiliyyətləri" əsəri həmin vacib məsələyə həsr olunmuşdur.

 

Hirayama Şiryunun (1759-1828-ci illər) "Qılınc nəzəriyyəsi" və "Qılınc haqqında traktat" əsərləri (XIX əsrin əvvəlləri) bu məşhur silahdan istifadənin heç də güzəştdən xəbər verməyən nəzəri əsaslarını təhlil edir. O, samuray ruhunun kvintessensiyasının birbaşa və düzgün istiqamətdəki maraqlı illüstrasiyalarını nəzərə çarpdırır. "Səkkiz dəf etmə yolu" əsərində isə o, klassik Çin əsrlərindən irəli gələn müddəaları açıb göstərir.

 

Çozanın Qoca pişik barədəki əsərində deyilir ki, Şoken adlı bir qılınclı adam var idi. Bir dəfə onun evində iri siçovul meydana gəldi, hətta bu həşərat günün günorta çağı da özünəməxsus olan fəaliyyətinə başladı. Ev sahibi otağını bağlayıb, siçovulu orada ağzı bağlı qoydu və pişiyini də ora buraxdı ki, onu tutsun. Pişik irəli sürünəndə, siçovul onun başı üstündən tullanıb bədənini dişlədi.

 

Öz tədbirinin uğursuz olduğunu görən Şoken qonşu evlərdə olan bir dəstə pişiyi gətirdi ki, siçovula bir əncam tapsın. Sürünü otağa buraxanda siçovul pişikləri vecinə almadan küncdə oturmuşdu. Pişiklərdən biri ona yaxınlaşanda siçovul irəli tullanıb, onu dişlədi. Digər pişiklər belə dəhşətli səhnə ilə üzləşdikdə, qorxudan geri çəkildilər və onunla çarpışmaqdan bütünlüklə imtina etdilər.

 

Şoken çox hirslənmişdi, ağac qılıncını götürüb, özü siçovulu öldürmək istədi və onun arxasınca düşdü. Lakin siçovul ona elə baxırdı ki, ev sahibi zərbə də vura bilmirdi. Hava işıqlananda siçovul yuxarı tullandı ki, Şokenin üzünü dişləsin və o da qorxmağa başladı ki, görünür, bu heyvan onu hökmən yaralamaq istəyir.

 

Yazıq kişi tərləmişdi, nökərini çağırdı və o, ağasına dedi ki, bundan kiçik bir çıxış yolu vardır. Mən bir qəribə pişik barədə eşitmişəm. Şoken sevindi, nökərinə dedi ki, gedib onu tapıb, bura gətirsin.

 

Nökərinin həmin pişiyi gətirdiyini gördükdə, gözlədiyinin əksinə, pişik onda elə də bir təəssürat yaratmadı. Pişik heç də fərasətli, ağıllı və xüsusən də sürətli hərəkət edənə oxşamırdı. Şoken qapını açdı ki, pişik otağa girsin və onun nə edəcəyinə baxmaq istədi. Pişik içəri girəndə siçovul hərəkətsizə çevrildi, az qala donmuş kimi görünürdü. Ancaq pişik hələ heç nə etməmişdi, yalnız otaqda yavaş-yavaş, təmkinlə gəzişirdi və siçovulu tutub, ağzına atdı.

 

Həmin axşam pişiklər Şokenin pişiyinin şərəfli işinə cavab olaraq, onun qarşısında diz çökdülər: "Biz hamımız ağır məşq etmişdik və siçovul ovlamağı da yaxşı bilirdik. Caynaqlarımızı da daim iti saxlayırdıq, lakin heç vaxt buradakı siçovulun gücünə bənzər bir şeyi sınaqdan çıxarmamışdıq. Lakin sənin texnikan onu tabe olmağa məcbur etdi. Xahiş edirik, öz sirli peşəni sən bizə də öyrədəsən".

 

Onlar bu xahişi böyük ehtiram nümayişi ilə ona çatdırdılar.

 

Döyüşə hazırlıq və onun gedişi barədə mülahizələr

 

Qoca pişik onların sözünə güldü və dedi: "Siz cavan pişiklər olmaqla, yəqin ki, hətta tam ağır qaydada zəhmət də çəkmisiniz, lakin siz heç vaxt düşmənə həqiqi yaxınlaşma qaydasını öyrənməmisiniz, ona görə də öz təcrübənizdən azacıq kənar olan bir qaydada hərəkət edəndə, məğlub olursunuz. Biz isə lap əvvəldən sizin məşqlərinizdən çox uzağa gedirik".

 

Cəld hərəkət edən bir qara pişik irəli çıxdı: "Mən siçovul tutanlar ailəsində doğulmuşam və kiçik yaşlarımdan ağır məşqlər etmişəm. Mən lap uca pərdənin üstünə tullana bilirəm, kiçik deşikdən də keçə bilirəm, bütün akrobatik qaydaları mənimsəmiş, onları icra edə bilirəm. Mən özümü yatmış kimi də göstərə bilərəm və siçovullar mənə yaxınlaşanda bir andaca oyana bilirəm. Hətta onlar dirəyə, sütuna dırmaşanda da məndən qoruna bilmirlər. Lakin bugünkü siçovul mən düşündüyümdən xeyli güclü idi. Ona görə də bütün əvvəlki məşqlərim mənə əbəs kimi göründü. Mən buna heç cür inana bilmirəm".

 

Qoca pişik cavab verdi: "Sən nə öyrənmisənsə, onlar formanın və texnikanın yalnız zahiri cəhətləridir. Ona görə də sənin cəhdin uğursuz oldu. Sən bir tərəfdən başqa tərəfə tullanır və yeni variantlar icad edirsən, sən köhnə ustaların qabiliyyətlərinin mahiyyətindən xəbərsizsən, məhrumsan. Öz ağlından istifadə etməklə sən heç nəyə nail ola bilməyəcəksən. Adamların hərtərəfli qabiliyyətinin yüksəkliyi, arxalandığı fərasət priyomlarının hamısı buna bənzəyir. Qabiliyyətdə ağılın işə salınmasına baxmayaraq, o, heç də həqiqi cığıra əsaslanmır (Buddizmdə isə əsas məsələ düzgün cığırı tapmaqdır - müəllif). Sənin öz bacarığını cəmləşdirməyinin səviyyəsi isə məhduddur, faktiki olaraq öz ağlına güvənməyin sənə yalnız ziyan vuracaqdır. Bu məsləhəti qəbul et, sınaqdan keçir və bu vaxt proqresə nail olacağına qayğıkeşliklə bel bağla".

 

(Ardı var)

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 13 aprel.- S.21.