"Məhəbbət"

 

 "Bir rəsmin dedikləri"  

 

Rasim Hənifə oğlu Babayev 1927-ci ildə Bakıda dünyaya gəlib. İlk ixtisas təhsilini Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Texnikumunda (1945-1949), ali təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1949-1956) alıb. 1959-cu ildə Rəssamlar İttifaqına üzv qəbul edilib. R.Babayev 1964-cü ildə "Əməkdar rəssam", 1989-cu ildə isə "Xalq rəssamı" fəxri adlarına layiq görülüb. O dəfələrlə xaricdə yaradıcılıq ezamiyyətlərində olub, rəssamın müxtəlif ölkələrə aid əsərlərindən ibarət fərdi sərgiləri təşkil edilib.

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nərgiz Abdurahmanovadır. Onunla Rasim Babayevin "Məhəbbət" əsəri haqqında danışmışıq.

 

***

 

- Rasim Babayevin yaradıcılıq xüsusiyyətləri "Məhəbbət" əsərdə özünü necə göstərir?

 

- Abşeron məktəbinin Azərbaycan təsviri sənətində xüsusi yeri olub. Sovet ideologiyası kommunist partiyasının ideallarına zidd olduğu üçün milli incəsənət növlərinin yayılmasına, milli-mənəvi dəyərlərin təbliğinə maneələr törədib. Bu ideologiyanın çərçivələri bir çox istedadlı rəssamların yaradıcı təfəkkürünün potensialını məhdudlaşdırsa da, müstəqillik illərində rəssamlarımızın əsərlərinə lazımi diqqət göstərilib.

 

Belə istedadlı rəssamlardan biri Xalq rəssamı Rasim Babayevdir. Rasim Babayev sənətin bədii/texniki sirlərinə yiyələnərək ülvi ümumbəşəri dəyərlərlə zəngin bədii təxəyyülünü əks etdirib. Rəssamın istər qrafika, istər rəngkarlıq sahəsində yaratdığı əsərlərində barışmaz mövqe, daxili üsyan, insanın dünyasının harayı əsas yer tutur. Dəzgah qrafikasında yaradılan  "Məhəbbət" əsərini rəssam iyirminci əsrin 70-ci illərində avanqardizm üslubunda yaradıb.

 

- Əsərin texniki məziyyətləri haqqında deyə bilərsiniz?

 

- Əsərin texnikası akvarel, quaşdır. Rəssam bu əsəri karton  kağız üzərində çəkib.

 

- Tablonun rəng koloriti bizə deyir?

 

- "Məhəbbət" əsərinin rəng həlli qəhvəyi rəngdə, fon isə çəhrayı rəng qammasında həll edilib. Rəssamın "Diktator" adlı əsəri ilə eyni dövrdə çəkilən bu əsərində sətiraltı hegemonluğa, avtoritarlığa, heyvanı instinktlərə vurğu edilib. Rəng haqqında xromastika adlı sahə var, orada müxtəlif cərəyanlarda, etnoslarda rənglərin mənası barədə fərziyyələrə əsasən qəhvəyi rəng totalitar rejimlərin simvolu kimi şərh olunur.

 

Rasim Babayev fonda çəhrayı yaşıl tonlarla bir bədəndə iki divin vəhdətinin ifadəli ekspressiv təqdimatını verib.  Adından göründüyü kimi, "Məhəbbət"əsərini rəssam insanın qaranlıq tərəfinin, basdırılmış duyğuların təcəssümü kimi bir növ aqressiv akt olaraq icra edib.

 

- Tablo hazırda harda saxlanılır?

 

- Əsər Azərbaycan Müasir İncəsənət Muzeyinin sərgi ekspozisiyasında saxlanılır.

 

- Biz bu əsərdə  novator cizgilər görə bilirikmi?

 

- Çox vaxt həyatın məişət tərəfinin bədiiləşməsinə meyl göstərməyən  Rasim Babayev digər Abşeron məktəbi rəssamları bir qayda olaraq psixanalik Karl Qustav Yunqun arxetiplər nəzəriyyəsinə əsasən folklora, miflərə müraciət edirdilər. Bildiyiniz kimi, iblislərə, şeytanlara, divlərə nağıllarımızda geniş yer verilirb. Onlar xalqımızın bədii təfəkküründə xeyir   şərin mübarizəsində obrazlı şəkildə təsvir olunub. Rəssamlarımızın yaratdığı bu obrazlar isə insanın təbiətinin, müxtəlif emosional hal halətlərinin temperament tipləri ilə səsləşir. Elə bu səbəbdən rəssam Rasim Babayev Azərbaycan ədəbiyyatının zəngin şərq-oriental fəlsəfəsinin vəhdəti-vücud  mülahizəsi ilə iki aşiqin divlərin eşqin rənginə boyanmasını metafora ilə verib.

 

- Sizcə, bu rəsm bizə deyir?

 

- Öz dövrünün fəlsəfi-siyasi ideologiyasına etiraz əks etdirən bu əsər bir növ qorxulu nağılların əcaib varlıqları vasitəsi ilə şəxsiyyətin davranışına, ruhun qaranlıq nöqtələrinə, insanın daxilindəki konfliktlərə nəzər salaraq insanın özünü kəşf etməsinə zəmin yaradır. Ümumiyyətlə, 60-cı illər nəsli təsviri sənətimizdə milli iradə, milli kimlik axtarışları şərq təfəkkürünün yenidən alovlanması ilə nəticələnərək incəsənətimizin müasirliyinə yeni nəfəs verib. Təsadüfi deyil ki, Rasim Babayevi yaradıcılığının retrospektiv təhlilinə görə Qafqazın Pikassosu adlandırırdılar. Rasim Babayevin yuxularında, fantaziyalarında canlandırdığı divlər rəssamın daxili dünyasının rənglərlə partlayışının təzahürü eyni zamanda özünüdərk prosesinin məhsuludur.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 13 aprel.- S.20.