Bəstəkarların Qələbə məzmunlu yaradıcılığı davam edir

 

 

Bugünlərdə mətbuatda ədəbiyyat incəsənət xadimlərinin ünvanına qınaq dolu haqsız fikirlər oxudum. Guya  44 günlük İkinci Qarabağ müharibəsindəki möhtəşəm Zəfərimizdən sonra qələbənin təntənəsini göstərən ədəbi -bədii əsərlər yaradılmayıb. Halbuki  Ermənistan üzərindəki şanlı Qələbəmizdən sonra yaradıcı ziyalılarımızın bu məzmunlu çoxsaylı əsərləri ərsəyə gəlib.

 

Yadımdadır, Vətən müharibəsində Azərbaycan xalqının böyük Qələbəsindən heç bir ay keçməmiş - 2020-ci il dekabrın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında bu mövzuya həsr olunan dəyirmi masa keçirilmişdi. Orada çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə münasibətilə həmkarlarını təbrik edib, şəhidlərin müqəddəs ruhları qarşısında baş əyərək, yaralı əsgər zabitlərimizə şəfalar diləmişdi.

 

Bu yaradıcı birliyin rəhbəri qeyd etmişdi ki, torpaqlarımızın işğal altında olduğu  dövrdə bəstəkarlarımız tərəfindən Azərbaycan xalqının milli azadlıq mübarizəsini, tariximizin faciəvi səhifələrini əks etdirən müxtəlif janrlı  musiqi əsərləri yaradılıb. Onların sırasında  Vasif Adıgözəlovun "Natəvan" operası, "Qarabağ şikəstəsi" oratoriyası, Məmməd Quliyevin Xocalı faciəsinə həsr olunmuş "Rekviyem", Azər Rzayevin "Bakı - 90" simfoniyası, Tofiq Bakıxanovun "Qarabağ harayı" 7 saylı simfoniyasını xüsusi qeyd etmək lazımdır. Vurğulamışdı ki, həmişə olduğu kimi, bu gün Azərbaycan bəstəkarları öz qələmini yerə qoymayıb, xalqımızın bu böyük bayramını əks etdirən yeni əsərlər üzərində çalışacaqlar.

 

Firəngiz xanımın həmin qətiyyətinin əks-sədasını çox gözləməli olmadıq. Mətbuatda oxuyuruq ki, bu şərəfli mübarizə yolunu qələbə əzmini özündə ehtiva edən çoxlu sayda vokal xor əsərləri var. Öncə  Xalq artisti Firəngiz Əlizadənin "Zəfər marşı"nı xatırlatmaq istərdim. Bəstəkar xor, solist orkestr üçün qələmə aldığı bu əsərində özünün vətən sevgisini, mübariz düşüncələrini sözü musiqisi ilə qovuşduraraq hər an vətən yolunda sanki müzəffər əsgər kimi hazır olduğunu bəyan edir. Bu əsər ilk dəfə 2021-ci il iyulun 31-də 12-ci Beynəlxalq Qəbələ Musiqi Festivalında hərbi orkestrin müşayiəti ilə Kənan Qədimovun ifasında səslənib.

 

Ötən ilin noyabrında - Qələbənin bir  illiyi münasibətilə Filarmoniyada Azərbaycan bəstəkarlarının Zəfər Gününə həsr olunmuş "Qarabağ bizimdir" adlı konserti keçirilmişdi. Konsertdə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbəri olduğu Azərbaycan Dövlət Xor Kapellası, Leyla Zalıyevanın bədii rəhbərliyilə Azərbaycan Milli  Konservatoriyasının tələbə xoru çıxış edirdi. Proqramda Cəlal Abbasovun "Şanlı Azərbaycan",  Azər Dadaşovun  "Zəfər çələngi", Mobil Babayevin "Şanlı Qələbə", Ceyhun Allahverdiyevin "Qələbə uvertürası", Vüqar Camalzadənin "Təntənəli uvertüra", Azad Zahidin "Qalib sərkərdəsi Azərbaycanın!" (Ali Baş Komandan İlham Əliyevə həsr olunub), Elnarə Dadaşovanın  "Döyüş cəngisi", Firəngiz Əlizadənin "Zəfər marşı", Vasif Allahverdiyevin "Vətən torpağı", Sərdar Fərəcovun "Azad Şuşa", Nərminə Nağıyevanın "Qarabağa gedirəm" əsərləri başqa bir sıra müəlliflərin yaradıcılıq nümunələri səslənmişdi.

 

Bəstəkarların bu istiqamətli yaradıcılığı davam edir. Xalq artisti, professor,  "Şöhrət" "Şərəf" ordenli bəstəkar Tofiq Bakıxanovun  Əməkdar jurnalist İttifaq Mirzəbəylinin sözlərinə yazdığı "Zəfər nəğməsi" ("Fəxr elə, əsgər ki, bizimdir Şuşa!")   musiqişünaslar tərəfindən maraqla qarşılanıb. Bəstəkarın dediyinə görə bu mahnı Xalq artisti Ağasəlim Abdullayevin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə lentə alınmaq üçün hazırlanır.

 

Bu mahnını əlamətdar edən məqamlardan birincisi ahıl yaşlı bəstəkarın Qələbə sevincidirsə, digəri , sözlərin müəllifinin əsgər analarına müraciət edərək, indi Şuşada yallı oynayan sərxoş erməni siyasətçinin deyil, məhz Azərbaycan əsgərlərinin olduğunu dilə gətirməsi, Qarabağımızın hər qarışına həyatın qaytarılmasının qeyd edilməsidir:

 

Ağlama, əsgər anası, şux dayan,

 

Bax, önündə arzulardı qaynayan.

 

Öz oğlundur  indi yallı oynayan --

 

Can gəlibdi  hər çəmənə, hər daşa --

 

Fəxr elə, əsgər ki, bizimdir Şuşa!

 

 

 

Ağdama bax, durdu, dözdü ər kimi,

 

Doğdu Günəş Cəbrayıla zər kimi,

 

Qalxan oldu Murov da Tərtər kimi,

 

Layiqdir hər dağ-düzümüz  alqışa

 

Fəxr elə, əsgər ki, bizimdir Şuşa!..

 

 

Nərgiz QULAMOVA,

Musiqişünas

 

525-ci qəzet.- 2022.- 13 aprel.- S.19.