Tarixin canlandırılması və ya "Azərbaycan" qəzetinin yeni həyatı
XXI əsr, müasir dünyamız və bir tərəfdə də XIX əsrin sonu - XX əsrin əvvəllərinin mətbuatı,
publisistikası gözümüzün
qarşısında canlansın...
Bu gün qəzet,
jurnal nəşrlərinə
dövrün tələbinə
uyğun olaraq nə qədər biganə yanaşırıqsa,
ötən əsrlərin
mətbuat işlərinə
bir o qədər önəmli baxırıq.
Səbəbi odur ki, dövri mətbuat həmin əsrin ictimai-siyasi, iqtisadi, mədəni həyatını
bütünlüklə ortaya
qoyur. Ümumiyyətlə, tarixən baş
vermiş hadisələri,
ölkənin keçmiş
vəziyyətini öyrənmək
üçün həmin
dövrdə nəşr
olunmuş qəzetlərə,
jurnallara baxmaq kifayətdir.
Bu baxımdan yaxın günlərdə ərəb
əlifbasından latın əlifbasına
transliterasiya edilmiş,
müasir Azərbaycan
dilinə uyğunlaşdırılmış
"Azərbaycan" qəzetinin
II cildinin işıq üzü görməsi xəbəri bizləri sevindirdi. Azərbaycan Xalq Cümhuriyyətinin əsas mətbu orqanlarından olan bu qəzet 15 sentyabr 1918 - 28 aprel 1920 tarixləri arasında nəşr edilmiş 443 nömrədən ibarətdir.
İlk dörd nömrəsi Gəncədə,
sonrakı nömrələri
Bakıda nəşr edilən "Azərbaycan"
qəzetinə redaktorluğu
Ceyhun bəy Hacıbəyli, Şəfi
bəy Rüstəmbəyli,
Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim kimi maarifpərvər ziyalı şəxslər
etmişdi. Qəzetin əksər nömrələri
4 səhifə həcmində
olsa da, bəzi nömrələrin
səhifələrinin sayı
fərqlidir. Qeyd edək
ki, qəzetin 20 cild şəklində nəşri planlaşdırılıb.
İlk cilddə 15 sentyabr 1918 - 31 oktyabr 1918 tarixləri arasındakı
1-27-ci nömrələri, ikinci
cilddə isə 1 noyabr 1918 - 29 noyabr 1918 tarixləri arasındakı
28-52-ci nömrələri toplanıb.
Bu layihə Türkiyənin
Mərmərə Universitetinin
dosenti türkoloq Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu
tərəfindən həyata
keçirilib, ADA Universitetinin
təşəbbüsü və dəstəyi ilə kitab halında nəşr edilib.
Bu külliyyatın müasir
oxucuya çatdırılması,
həqiqət naminə,
çox böyük işdir. Arxa planda çalışan şəxslərin
gərgin əməyi
bir yana,
düşünürük ki, bu dərəcədə
ağır və məsuliyyətli işin altına girmək də hər igidin işi deyil. Materialın çoxluğu, oxunmasının
bir o qədər də asan olmaması,
oxunduqca xeyli qəliz ərəb, fars sözlərinin, rus və rus
dili vasitəsilə alınmış avropa mənşəli sözlərin,
terminlərin dilimizə
uyğunlaşdırılması və bütün bunların yanında mətnlərin originallığının
pozulmamasına riayət
etmək böyük səriştə, bacarıq
tələb edir.
Kitabın "Ön söz"də ADA Universitetinin
rektoru Hafiz Paşayev haqlı olaraq öz təəssüfünü
bildirir: "Təəssüflə
qeyd etmək lazımdır ki, bu istiqamətdə ayrı-ayrı təşəbbüslər
olsa da (mərhum professor Şirməmməd
Hüseynovun çalışmaları
xüsusilə yada salınmalıdır), "Azərbaycan"
qəzeti kimi mühüm bir nəşrin müasir oxucu üçün əlçatan olmasını
təmin edəcək
bu səviyyədə
bir iş, 30 illik müstəqillik dövründə həyata
keçirilməmişdir".
Ancaq indi bir halda ki,
M.Gəncəli və
A.Ağaoğlu qarşılarına
qoyduğu bu məqsədə nail olublar,
onda biz də bu əməli alqışlamalı və
davamının gəlməsini
diləməliyik.
Bu qəzetin hazırki
nəşri sıravi
oxucularla yanaşı,
həmçinin, böyük
elmi bir kütləyə də xidmət edəcək. Belə demək
mümkündürsə, tədqiqatçılar
üçün yeni qaynaqların ortaya çıxmasına, yeni üfüqlərin yaranmasına
səbəb olacaq.
Çünki dövrü hərtərəfli
özündə əks
etdirən "Azərbaycan"
qəzeti bir çox sahələrin araşdırılmasına material verir. Bu qəzetdən
dilçilər də,
ədəbiyyatçılar da, jurnalistlər də, tarixçilər də, siyasətçilər
də yararlanacaq.
Eyni zamanda kitabların nəfis tərtibatda çapı və elektron versiyasının internetə yerləşdirilməsi
də oxucular tərəfindən əldə
edilməsini çox rahat hala gətirib.
Burada qeyd etmək yerinə düşərdi ki, kitabda hər nömrənin sonunda verilmiş "Qeyd və şərhlər"
bölümü, hər
cildin sonunda verilmiş "Adlar göstəricisi" bölümü
isə kitabdan istifadə etmək istəyən tədqiqatçıların
işini daha çox asanlaşdıracaq.
Nəşr olunmuş I və II cilddə bizim üçün maraqlı olan bir çox yazılara rast gəlirik. Məsələn, elə ilk - 15 sentyabr nömrəsində Bakının işğaldan azad edilməsi barəsində Qafqaz İslam Ordusu Komandanı Nuri Paşanın göndərdiyi "Biminnətil-Kərim, Bakı şəhəri 15/9/34 saat 9 əvvəlində [9-a işləmiş] qitəatımız [birliklərimiz] tərəfindən zəbt olundu" teleqrafı və ona Nazirlər Kabinetinin Sədri Fətəli xan Xoyski tərəfindən göndərilən "Təhti-komandanızda [komandanız altında] olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati-həmiyyət pərvəranələrinizə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edirəm, əfəndim" təşəkkür teleqrafı tarixi bir faktın göstəricisidir. Qəzetin müxtəlif saylarında Mart soyqırımına, ermənilərin bizə olan münasibətinə, I Dünya Müharibəsi fonunda baş vermiş hadisələrə, AXC-nin ictimai-siyasi həyatına dair yazılara, xəbərlərə də rast gəlirik. Həmçinin, təhsil, tərbiyə, teatr kimi mədəni yönlərdə publisistik yazıları, daha çox tarixi və ya ictimai məzmunlu ədəbi nümunələri və s. də görmək mümkündür.
Nəticə etibarilə, görülmüş bu işi Azərbaycan üçün böyük nailiyyət hesab edir, yaxın zamanlarda qəzetin kitab halında nəşr edilmiş digər cildlərinin də oxucularına qovuşmasını diləyirik.
Məleykə MİRZƏLİ
BDU-nun Türkologiya kafedrasının
magistrantı,
Türkoloji dərnəyin
rəhbəri
525-ci qəzet.- 2022.- 13 aprel.- S.19.