"Daha gecdir..."
PORTRET
İki qalanın
oğlu adlandırardı
özünü, Şuşada
doğulub, İçərişəhərdə
doğulduğu üçün. Tanrı isə
onu seçilmişlərdən
etdi. Damarlarında axan qarabağlı
qanı ilə yetişdiyi sırf bakılı mühitinin harmoniyası onu elit təbəqənin bir fərdinə çevirdi, hər bir evin qonağı
etdi. Onu hamı tanıdı, çünki hər gün insanlara: "Axşamınız xeyir, əziz tamaşaçılar"
deyərək, diktor adlı peşəsinə
sədaqətlə, ləyaqətlə,
sevgi ilə xidmət etdi. Uzun illər onu tez-tez görürdüm, çünki eyni divarların arxasında işləyirdik. O zaman
universitet tələbəsi
olan mən nə jurnalistikada idim, nə də
onunla nə vaxtsa üz-üzə oturub yaradıcı insan kimi söhbət
edəcəyimizdən xəbərim
vardı. Bu, həmin
dönəmlər idi
ki, artıq qəlbən bağlı olduğu efir məkanını tərk
etmişdi və özü bir tamaşaçıya çevrilmişdi.
Müsahibə fikrimə:
"Özümü mükəmməl
bir söhbətə kökləyib xəbər
verəcəyəm" desə
də, fələk saydığını saydı...
Bir neçə il keçdi
və bu yaxınlarda sosial şəbəkədə qarşıma
"Ekranın səsi"
adlı bir film çıxdı. Ekran sözü
mənə yaxın olduğundan filmi açdım və eşitdiyim doğma səs məni yenidən öz sehrinə saldı. Və bir neçə
gündən sonra respublikanın Xalq artisti, hələ də unudulmayan, yeri görünən diktor Rafiq Hüseynovun
əvəzinə, divarlarına
nəfəsi hopan, varlığını yaşadan
ocağında xanımı
Səbinə Hüseynli
ilə həmsöhbət
oldum.
***
- Gəlin əvvəldən
başlayaq.
- Bakıda doğulmuşam.
Atamı
erkən itirdiyimdən
nənə-baba və
anamın himayəsində
tək övlad olaraq böyüdüm.
Bakıdakı 14 saylı məktəbi
bitirdikdən sonra indiki Dövlət İdarəçiliyi Akademiyasına
daxil oldum. Rafiq Hüseynov bizim mühazirə müəllimimiz
idi. Televiziyaya böyük marağım
olduğundan Rafiq müəllimdən (o zaman
müəllimim idi) diksiya dərsləri alırdım. Ali məktəbi bitirdikdən
sonra ailə qurduğum üçün
bir müddət işdən uzaqlaşdım.
Bir neçə ildən sonra kinodramaturgiya üzrə ikiillik "İnternational" kurslarına
daxil oldum və bu sahədə
bir sıra işlərə imza atdım. "Üzü qibləyə"
adlı qısametrajlı
film üçün yazdığım
ssenari çox uğurlu oldu, xaricdən qrant aldı, Vətənimdə
"Humay" mükafatına
layiq görüldü.
Daha sonra Mədəniyyət Nazirliyi və bir neçə telekanallarla çalışdım.
Rafiqin xəstəliyi, qızımın
dərsləri ilə
bağlı sıx qrafikim olduğundan, hər şeyi kənara qoyub sırf ailəmlə məşğul olmalı
idim və oldum da. O vaxtdan bu yana gördüyüm
ilk iş Leylinin ideya müəllifliyi ilə ərsəyə gətirdiyim və tamaşaçılara təqdim
etdiyimiz "Ekranın
səsi" filmi oldu. Sonra nələr olacaq
onu hələ bilmirəm.
- Tələbəsinin həyatını
dəyişən Rafiq
Hüseynovdan danışaq.
- Dilimizdə belə bir ifadə var: "Adamın naxışı gətirib". Rafiq naxışı gətirənlərdən oldu həyatda. O da atasını erkən itirib, anası bacısı ilə Rafiqi tək böyüdüb. Anasının yükünü yüngülləşdirmək üçün işləməyi özünə borc bildiyindən televiziyaya üz tutub. Niyə məhz televiziya? Ona görə ki, Tanrıdan qismətinə yazılmış bu yol ilə mütləq addımlamalı idi. Təki ona iş versinlər deyə, televiziyaya böyük marağı olduğunu bildirərək, işıqçı kimi o astanadan daxil olub. Hər bir gənc kimi, o da gələcəyi haqda arzularla yaşayıb. Və günlərin birində diktorluq müsabiqəsinin elanını eşidəndə, özlüyündə: "Niyə də yox" deyərək, bəxtini sınamaq qərarına gəlib. Bəxti Rafiqin üzünə gülüb. 17 yaşında işıqçı kimi qəbul olunduğu televiziyanın efirində üç ildən sonra Rafiq Hüseynov adlı bir gənc tamaşaçıları salamlayır. Həyəcandan ilk efir uğurlu alınmır, Mərkəzi Komitə tərəfindən sərt qarşılanır və dərhal efirdən uzaqlaşdırılması tələb olunur. Lakin Tanrının yazdığını kim poza bilər?
O zaman televiziyada sədr müavini olan mərhum Nəbi Xəzri: "Bu gəncin gələcəyi var" deyərək, müdafiəsinə qalxır, onu qoruyur və müəyyən müddətə efirdən kənarlaşdırılır. Rafiq rus təhsilli idi və savadlı diktor olmaq üçün Azərbaycan dilini səlis, mükəmməl bilməyin vacibliyini anlayaraq güclü mütaliəyə başlayıb, yorulmadan öyrənib, öz üzərində çalışıb. Nəticə isə erkən qazandığı uğurlar olub. 33 yaşında Əməkdar artist, 44 yaşında Xalq artisti adlarını alıb, 45 yaşında Dövlət Mükafatına layiq görülüb. Sovet dönəmində bu, hər adama nəsib olmurdu. Rafiq həm televiziya aləminin parlaq səhifəsi, həm televiziya tarixində bir şəxsiyyət oldu və elə də qaldı.
Rafiq çox dürüst və düzgün insan idi. Onun duruşunda belə, yalan olmayıb və o üzdən televiziyadan ayrıldı. Bu da onun həyatının boşluğu oldu. Televiziyanı hədsiz sevirdi, hər gün efiri izləyirdi, özlüyündə aparıcıların nöqsanlarını qeyd edirdi, iradını bildirirdi. Orada olmasa da, televiziya insanı olaraq qalmışdı, çünki televiziya onun içində idi. 15 ildən sonra yenə televiziyaya qayıtsa da, o boşluğu heç nə doldurmadı. Onun üçün sadiqlik hər şeydən əzəl idi. Sənətinə, dostlarına, sevdiyi qadına belə, sadiq idi Rafiq. Həyatında dörd evlilik olsa da, ailəsinə həmişə sadiq qalıb, yalnız sevgi bitəndən sonra yollar ayrılıb. Xəyanət, aldatmaq əsla ona xas olmayıb. Rafiqdə qəribə cazibə qüvvəsi vardı. Kənardan baxanlarda təəssürat yarada, simpatiya oyada bilirdi. Dəfələrlə məclislərdə əcnəbilər onu kənardan görüb maraq üçün yaxınlaşanda diktor olduğunu biləndən sonra: "Ona görə belə diqqət cəlb edirsiz" deyiblər. Rafiq peşəsini özündə gəzdirirdi. Zənnimcə, bu, Tanrının ona bəxş etdiyi fitri istedad idi.
- Və bu məhəbbətin bir Leylisi gəldi dünyaya.
- Rafiq həyatda övlad acısı çəkib. İlk evliliyi Xalq artisti Roza Tağıyevadan olan oğlu Rövşənin faciəli ölümü onu hədsiz sarsıtsa da, bu ağrını büruzə vermədən içində yaşayıb, yenidən ata kəlməsini eşidə biləcəyi ümidini itirməyib. Və bu ümid ömrünün müdrik çağında qızımızı ona bəxş etdi. Nənəsinin adını verdi ona - Leyli. Övladım olduğu üçün tərif kimi qəbul olunmasın, Leyli düzgün tərbiyə almış bir qızdı. Xasiyyətcə atasına çox bənzəyir - dürüst, həqiqəti söyləyən, dostluqda möhkəm. İki il əvvələ qədər atasından fərqli bir xüsusiyyəti vardı Leylinin - televiziyaya qəti marağı yox idi. Özünəməxsus xarizmaya malik, danışmağı xoşlamayan, daxili aləmi ilə yaşayan bir qız olub. Gözəl qələmi var, 12 yaşından yazır və bunu çox sevir. Yazdıqlarının yayılmasını istəməyib. Həmişə deyib ki, bu, mənim hisslərimdi, açılmasına ehtiyac yoxdu. Onun oxucuları atası və mən olmuşuq. Leylinin gözəl rəsm çəkmək qabiliyyəti var və Rafiqin ən böyük arzusu onu rəssam kimi görmək idi. Leyli atasının arzusunu yaşatdı. İndi Rəssamlıq Akademiyasının sonuncu kurs tələbəsidi. Artıq iki ildi Leyli atasının sənətində də çalışır. Düzü, bu qəfil qərar əvvəlcədən düşünülmüş olmayıb. Adına qismətmi deyim, ya təsadüf, bilmirəm. Leylinin yüksək səviyyədə, mükəmməl ingilis dili bilgisi var və bundan yararlanmağı hamı ona məsləhət görürdü. Televiziyanın ingilis dilində xəbərlər proqramının olduğunu bildikdən sonra Leyli oranın nəzdindəki Akademiyaya daxil oldu, üç ay kurs keçdi və ilk çəkilişdən təsdiq olundu. Artıq iki ildi ingilis dilində xəbərlər proqramının aparıcısıdı. Bu yolu davam edəcəyi haqda hələ ki, qərar verməyib, çünki jurnalistika ona daha maraqlı görünür. Bunu zaman göstərəcək.
- Bir az keçmiş zaman kəsiyinə boylanaq.
- Hamı kimi pərəstiş etdiyim Rafiq müəllimdən dərs alanda, səmt küləyinin dəyişəcəyindən bixəbər idim. Bir də gördüm ki, münasibətlər dəyişib və evlilik təklifi aldım. Sevginin əsirinə necə çevrilmişdimsə, nə düşünür, nə də kimsəni görürdüm. 30 il yaş fərqi mənim üçün 3 il idi. Ailənin, qohum-əqrəbanın narazılığına rəğmən, biz evləndik. Umu-küsü evliliyimizdən sonra da davam etdi, məni düşünməmiş addım atmaqda suçladılar. Lakin mən seçimimi artıq etmişdim. Sonralar hamı Rafiqə böyük hörmət bəslədi. Onunla ailə qurandan sonra birdən-birə böyüklərin əhatəsinə düşdüm və yaşımdan xeyli böyük bir həyat başladı mənim üçün. Ana olandan sonra isə hər şey fərqli oldu. Əvvələr onun şarmı, televiziyaya olan həvəs məni cəlb etmişdisə, ailə qurandan sonra bu maraq söndü, çünki Rafiq kimi bir nəhəng televiziyada artıq heç nə görmürdüsə, mən orda nə tapa bilərdim? Beləcə, istəyim itdi. Artıq 4 ildir Rafiqsiz günlərimizi yaşayırıq. Həyatda olanda da, yoxluğu ilə də çox şey öyrətdi mənə. Rafiqin xəstəliyi ilə mübarizə aparanda ən çox qızımıza görə narahat idim. Atası ilə keçirdiyi hər gün mənim qazancım idi. Tələsirdim ki, heç olmaya Leylinin ali məktəbə daxil olduğunu görsün. Mənə çox arxayın idi, düşünürdü ki, yanındayamsa, problemlər həll olunacaq... Bu gün Rafiq olmasa da, hər addımımda onu hiss edirəm - mənə istiqamət verir, düzgün səmtə yönəldir. Nə qədər ki, Rafiqdən yadigar qalan bu kiçik ailə var, onun qoyduğu izlərin ardınca addımlayacaq.
Tamilla M-zadə
525-ci qəzet.- 2022.- 13 aprel.- S.18.