Məhəmməd Peyğəmbərin kəlamları
"Heç bir ata övladına yaxşı tərbiyədən
daha gözəl sərvət miras qoya bilməz".
Həzrət
Məhəmməd (s)
Məlum olduğu kimi, elm insan fəaliyyətinin
xüsusi sahəsidir. Bəşər övladı isə bu
xüsusi fəaliyyət nəticəsində müasir
elmi-texnoloji yeniliklərə sahib olmuş, mühüm naliyyətlər
əldə etmişdir. İnsanı isə öz
növbəsində psixologiya, anatomiya, fiziologiya və s. kimi
elmlər öyrənməkdədir. Məsələn,
psixologiya insan psixologiyasını, anatomiya orqanizmin
quruluşunu, fiziologiya onun orqanlarının funksiyalarını
araşdırmaqdadır.
Pedaqogikaya gəlincə, o, əhəmiyyətinə
görə nəinki sadaladığımız elmlərdən
geri qalır, hətta qeyri-adiliyi və vacibliyi ilə
xüsusi məqama sahibdir. Çünki o,
kainatın ən böyük nailiyyəti, yer
üzünün əşrəfi sayılan insanın təhsil-tərbiyəsinin
nəzəri və tətbiqi məsələlərini tədqiq
etməklə məşğuldur. Son dövrlərdə
isə pedaqogikanın əsas anlayışları xeyli
artmış, təlim, tərbiyə, təhsil, inkişaf,
pedaqoji proses pedaqogikanın əsas tədqiqat sahələrinə
çevrilmişdir. Pedaqogikanın əsas tədqiqat
obyektlərindən olan tərbiyə anlayışına gəlincə,
həmin söz ərəb mənşəli rəbb
sözündən törəyərək "tərbiyə
etmək, doğru yol göstərmək, islah etmək"
anlamlarını ifadə etməkdədir. Qurani-Kərimdə Uca Yaradanın 99 adından biri
kimi bəhs olunan sözügedən kəlmə "tərbiyə
edən, nemət verən, insanları mənəvi yüksəlişə
aparan" mənalarını da özündə əks
etdirmişdir. Termin kimi isə o,
davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin
məqsədyönlü, planlı və mütəşəkkil
şəkildə formalaşdırılması prosesidir.
Mövzuya keçməzdən əvvəl tərbiyənin
necə əmələ gəlməsi haqqında fikirlərə
nəzər salmaq da maraqlı olardı. Məsələ
ilə bağlı ilk öncə onu qeyd edək ki, mövzu
ilə əlaqədar biri-birindən fərqli, hətta təzadlı
müddəalar mövcuddur. Belə ki, ənənəvi
müddəalar arasında Ş.Leturno, J.Simpson, A.Espinas və
başqalarının təmsil etdikləri təkamül
bioloji və P.Monronun əsasını qoyduğu psixoloji nəzəriyyələr
mühüm yer tutur. Təkamül - bioloji
nəzəriyyənin müəlliflərinin fikrinə görə,
ibtidai insanların tərbiyəvi fəaliyyətləri adi
heyvanların öz balalarına göstərdikləri instinktə
əsaslanan qayğıya bənzəyir. Onlar
hətta heyvanlar aləmində də tərbiyənin
mövcud olduğunu söyləyirlər. Bu
alimlər tərbiyənin şüurlü səciyyəsini
inkar etməklə onu qeyri-mütəşəkkil, kortəbii
bir hadisə hesab edirlər. P.Monro isə tərbiyənin
yaranmasını yalnız uşaqların böyükləri
şüursuz surətdə təqlidində
görürdü.
İnsanın mənşəyi və tərbiyənin
yaranması ilə bağlı dini təlimlərdə isə
dəyərli fikirlər vardır. Bu təlimlər
ümumiyyətlə insanın meymundan əmələ gəlməsini
əsas götürən təkamül nəzəriyyəsini
qətiyyətlə rədd edir. Məsələyə
bu prizmadan yanaşan tədqiqatçı alimlərin fikrincə
isə, insan elə insan olaraq yaranmış, öz qabiliyyət
və keyfiyyət imkanları hesabına inkişaf edib, təkmilləşmişdir.
Bu fikirlər son dövrlər
aparılmış genetik təcrübələr
baxımından da öz təsdiqini tapmışdır
(1980-ci illərdən sonra aparılan araşdırmalar
darvinist iddiaların tamamilə səhv olduğunu ortaya
qoymuş və bu həqiqət bir çox alim tərəfindən
də dilə gətirilmişdir. Xüsusilə
ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən
olan çoxlu sayda tədqiqatçı alim darvinizmin əsassızlığını
görür, canlıların mənşəyini artıq
yaradılış həqiqəti ilə
açıqlayırlar).
Dahi şəxsiyyətlər, mütəfəkkirlər,
o cümlədən, İslam müqəddəsləri də
tərbiyəyə dəyər vermiş, kəlamları ilə
məsələnin önəminə diqqət çəkmiş
və insanları gözəl əxlaqla tərbiyə etməyə
təşviq etmişlər. Məsələn, İslam müqəddəslərindən
olan Məhəmməd Peyğəmbərə görə,
uşağın tərbiyəsində məqsəd onun
Allahın razı olduğu, bəndənin bəyəndiyi,
dövlətinə, vətəninə, millətinə, ailəsinə,
cəmiyyətə və bəşəriyyətə
faydalı, dürüst və vətənpərvər insan
kimi yetişməsidir.
Ümumiyyətlə, insanın övlad sahibi olması
böyük məsuliyyət tələb edən olduqca
ülvi bir hissdir. Həzrət Məhəmmədin kəlamlarından
anlaşılır ki, ana-ata ilə uşaqlar arasındakı
münasibətlər həm əxlaqi, həm də hüquqi əsaslarla
tənzimlənməlidir. Bu halda
uşağa ciddi yanaşmalı, gözəl, əxlaqlı
yetişməyi üçün hər cür fədakarlıq
göstərilməlidir. Çünki
Allahdan bizə böyük ehsan və lütf olan, gözümüzün
nuru, qəlbimizin sevinci və həyatmızın bəzəyi
sayılan övladlarımıza gözəl tərbiyə
vermək və onları yaxşı əxlaq sahibi, şəxsiyyət
kimi yetişdirmək müqəddəs vəzifələrimizdən
biridir.
Buna görə də, övladlarımızı
doğulduqları andan ən gözəl əxlaq üzərində
tərbiyə etməyə çalışmalıyıq. Onların əllərindən
tutaraq gələcəyə hazırlamaq isə ən vacib hədəflərimizdən
biri olmalıdır. Uşaqlarına sahib
çıxmayan cəmiyyətdə, bunun nəticəsinin necə
ağır olduğunun şahidi olmaqdayıq. Bu baxımdan gələcəyimizin təminatı
olan uşaqlarımızı kamil şəxsiyyət kimi tərbiyə
etmək ən ümdə vəzifəmiz olmalıdır.
Bunun üçün elə körpəlik
dövründən başlayaraq uşaqda sağlam əxlaq
formalaşdırılmalıdır. Bu formalaşmada isə
davranış qaydaları hər şeydən əvvəl gəlir.
Kiçik yaşlarda uşaqdakı
yanlış davranışların qarşısı
alınmalıdır. Uşaqlar
yaxşı, gözəl davranışlara təşviq edilməlidir.
Çünki bu günün kiçikləri,
sabahın böyükləri olacaqdır. Qurani-Kərimin
ifadəsi ilə "Dünya həyatının bəzəyi"
(Kəhf 18,46) olan övladlarımız
sabahımızı quran dəyərli
varlıqlarımızdır.
Həzrət Məhəmmədin kəlamlarından
aydın olur ki, ata-ana övladlarına yaxşı örnək
olmalı, uşaqlarına xoş və yumşaq davranmalı,
ən vacibi isə onlara qarşı sevgi hissi ilə
yanaşmalıdır. Düzgün tərbiyə mühiti
yaratmalıdırlar. Yaxşı yoldaş
seçməkdə onlara kömək etməli və
yoldaşları ilə necə davranmalı məsələsində
onlara bilik verməlidirlər. Daim şəfqət
və mərhəmətə möhtac olan kiçik nəslin
nümayəndələri bu hisslərlə əhatələnməlidir.
Belə ki, sevimli Peyğəmbərimiz bir hədisində
"Kiçiklərə mərhəmət göstərməyən
bizdən deyildir..." və ya "Yerdəkilərə mərhəmət
edin ki, göydəkilər də sizə mərhəmət
etsin" buyuraraq, uşaqlara qarşı
davranışlarımızın təməlində mərhəmət
amilini əsas götürmüşdür. Bu məsələdə
başqa bir hədis diqqəti çəkir: "Bir gün
Allahın elçisi, nəvəsi Həzrət Həsəni
öpmüşdü. Bunu görən sahabələrdən
biri: "Mənim on uşağım var, heç birini öpmədim"
demiş, Peyğəmbərimiz isə ona: "Mərhəmət
etməyənə mərhəmət edilməz. İnsanlara mərhəmət etməyənə
Allah da mərhəmət etməz", - deyə cavab
vermişdi.
Şübhəsiz ki, insanlar arasında ən ülvi
hiss və ən dərin duyğu sevgidir. Buna görə,
Peyğəmbərimiz sevdiyimiz insanlara bu duyğumuzu bildirməyi
tövsiyə etmişdir. Uşaqlara qarşı olan
sevgi və mərhəmət duyğusunun da onlara hiss etdirilməsi
çox vacibdir. Bunun ən gözəl yolunu
Peyğəmbərimizin həyatında görürük.
Belə ki, o, uşaqları yolda görüncə onlara salam verər, saçlarını oxşayar və
hal-əhval tutarmış.
Uşağı həyata hazırlamaq, ona gözəl tərbiyə
və faydalı biliklər vermək ata-ananın
övladına verdiyi ən gözəl sərvətdir. Bu,
ata-ananın valideynlik vəzifəsi, övladın ata-ana
üzərindəki haqqıdır. Peyğəmbərimiz
bununla bağlı kəlamlarının birində:
"Heç bir ata övladına yaxşı tərbiyədən
daha gözəl sərvət miras qoya bilməz" - deyə
buyurmuşdur.
Zənnimizcə, övlad sahibi olan hər bir valideyn Həzrət
Məhəmmədin (s) bu kəlamını həyat
düsturu kimi qəbul etməli, bu kəlamı rəhbər
tutaraq ən önəmli vəzifələrindən birinin məhz
övlad tərbiyə etməklə bağlı olduğunu dərk
etməlidir.
Peyğəmbərimiz başqa bir kəlamında
"Valideynin övladına gözəl tərbiyə verməsi
onun bir qab sədəqə verməsindən daha xeyirlidir"
- buyurmaqla gözəl tərbiyənin sədəqə verməkdən
belə üstün olmasına diqqət çəkmişdir.
Ümumiyyətlə, Peyğəmbərimizin
yaşından asılı olmayaraq insan tərbiyəsi ilə
bağlı xeyli müdrik kəlamları vardır. Həmin kəlamlarda
toxunulan xüsusları belə təsnifləndirmək olar:
Din, vətənpərvərlik
və digər milli-mənəvi dəyərlər
Bu kəlamlara görə, uşaqlara ilk öncə iman,
dürüstlük və haramlardan uzaq durmaq kimi Allahın əmrləri
öyrədilməli, vətən sevgisinin önəmi daim
xatırladılmalıdır. Məsələn, Onun
"Vətəni sevmək imandandır" və ya
"Əlində silah vətən keşiyində duran
gözlər cəhənnəm atəşini görməz"
kimi kəlamları bunun bariz nümunələridir.
Uşağın zehninə yerləşdirilməsi
labüd olan ilk və əsas məsələ odur ki, onlar hər
şeyin fövqündə, hər şeyə qadir və hər
şeyin yaradıcısı olan Allaha ibadət, insanlara
hörmət etməyi və sevməyi ən böyük vəzifəsi
bilsinlər. Eyni zamanda, ona Allahın yalnız
çalışqan və ədalətli bəndələrini
sevdiyi, yaratdığı hər şeyi, xüsusilə
insanları sevməsi və yorulmadan çalışması
təlqin edilməlidir. Uşağın
belə bir inanclara sahib olması, onun dürüst,
vicdanlı, əxlaqlı, cəmiyyətə yararlı və
vətənpərvər ruhunda tərbiyə olunması deməkdir.
Cəza,
mükafat və şəfqət
Peyğəmbərin
tərbiyə metodlarından biri də uşaqlara ailə
qorxusunu və xəta edəcəkləri zaman cəzalandırılacaqları
aksiyomasını hiss etdirməkdir. Cəzanın
növü isə, mütləq uşaqda ağrı verəcək
şəkildə olmamalıdır. Bu,
yüngül, normal bir danlaq və yumşaq bir səs tonu
şəklində olmalıdır. Bu üsulun
uşağa etdiyi təsir, dayağa vərdiş etmiş bir
uşağa tətbiq olunan sərt fizika cəzadan heç də
az təsirli deyildir. Belə
ki, cəza artırıldıqca uşaqdakı təsiri
azalır. Bunun uşağı üsyana və
qərarsızlığa aparması daha çox
müşahidə olunur. Bu baxımdan Məhəmməd
Peyğəmbər (s) kəlamlarının birində:
"Şübhəsiz ki, Allah hər işdə yumşaq və
şəfqətli davranmağı sevər" buyurmaqla hər
işdə olduğu kimi, uşaq tərbiyəsində də
mülayim və şəfqətli davranmağı tövsiyə
etmişdir.
Cəzanın yaşa uyğun olması və dərhal
günahın ardından verilməsi, lağa qoymaq, ələ
salmaq, pis ləqəb qoymaq şəklində olmamalıdır. Çünki Allah-Təala
"Ey iman gətirənlər! Bir qövm digərini
lağa qoymasın" buyurmaqla həmin cəhətlərdən
çəkindirmişdir (Hucurat surəsi, 11).
Ümumiyyətlə, uşağın tərbiyəsində
mümkün qədər zorakı metodlardan uzaq durmaq
lazımdır. Əgər mütləq cəza vermək
lazımdırsa, cəzanın mənası və səbəbi
uşaq tərəfindən mənimsəniləcək bir
vaxtda olmalıdır. Uşaq hətta
qohum-əqrəbanın da yanında cəzalandırılmamalıdır.
Hətta ona başqalarının yanında qəlbinə
dəyəcək söz belə deyilməməlidir. Çünki bu, psixoloji cəhətdən
uşağa mənfi təsir edir, o, özünü
başqalarının yanında alçalmış kimi hiss
edir. Bu da onun tərbiyəsinin
pozulmasına yol açır. Uşaq bir söz dedikdə
ona "Uşaqsan, otur uşaq yerində" kimi sözlər
deyərək sözünün qəbul olunmaması, eyni
zamanda məclislərdə, ictimai yerlərdə təhqir
olunması, uşağın həm tərbiyəsinin
pozulmasına, həm də ruhi cəhətdən
sarsıntı keçirməsinə, inamsız, ümidsiz,
qorxaq, cəsarətsiz, kölgəsindən belə qorxacaq vəziyyətə
gəlməsinə səbəb olur. Bu da gələcəkdə
uşağın hər cəhətdən zəifliyinə gətirib
çıxarır.
Mükafatlandırmaq
və uşaqların aldadılmaması
Həzrət Məhəmməd kəlamlarında bu
xüsuslara da diqqət çəkmiş, bir gün öz
uşağanı hədiyyə adı ilə
çağırıb onu verməyəcəyindən ehtiyat
etdiyi səhabəsini bu xüsusda ciddi xəbərdar
etmişdir. Mükafatın uşaq tərbiyəsində
heç şübhəsiz ki, müsbət təsiri
vardır. Lakin bu, xüsusi diqqət tələb
edən bir haldır. Hər şeydən əvvəl
uşaq yaxşı bilməli və inanmalıdır ki,
dürüst, mərd, çalışqan, fədakar və
namuslu, daha doğrusu, gözəl tərbiyəsahibi olmaq,
üstünlük vahidi deyil, insani keyfiyyətlərindəndir.
Eyni zamanda, uşaq bilməlidir ki,
çalışması, cavabdehlik daşıması, işə
məsuliyyətlə yanaşması, məktəbdə
yaxşı oxuyub sinifdən-sinifə keçməsi onun adi vəzifəsidir.
Mükafat qeyri-adi uğurdan sonra verilməlidir.
Hər yaxşı və gözəl əməldən,
asan uğurlardan sonra mükafat almağa aludə olmuş
uşaqda məsuliyyət hissi formalaşmaz. Öz şəxsi mənfəətini
güdən adama çevrilər.
Övladları
tərbiyə edərkən aralarında ayrı-seçkilik
etməmək və ədalətli olmaq
Övladları tərbiyə edərkən aralarında
bərabərliyi qorumaq və onların arasında qız,
yaxud oğlan fərqi qoymadan ədalətli olmaq hər bir
valideyn üçün vacibdir. Həzrət Peyğəmbər bu
mövzuda: "Övladlarının bəzilərinə bir
şey verdikdə, digərlərinə də eynisini vermək
lazımdır. Yalnız bu halda onlara
qarşı adil olmaq mümkündür" - buyurmaqla
onların ədalətli bir insan kimi yetişdirilib tərbiyə
edilməsinə diqqət çəkmişdir.
Ancaq Həzrət
Məhəmməd başqa bir kəlamında: "Kimin
üç qız övladı olarsa və
dolanışıqlarını təmin edərək
onları ən mükəmməl əxlaq üzərində
tərbiyə edərsə, cənnət onundur" - buyurmaqla
qız övladının tərbiyəsinin xüsusiliyini
vurğulamışdır.
Ümumiyyətlə,
övladlar arasında fərq qoymaqla tərbiyə olunması
gələcəkdə onların birinin digərinə həsəd
aparmasına, nifrət bəsləməsinə və qəzəbli
yanaşmasına səbəb ola bilər.
Əgər qardaşlar arasında həsəd və nifrət
varsa, deməli, onların qohumluq əlaqələri
qırılmış hesab olunur. Belə halda onlar
bir-birinə dayaq olmaqdan imtina edər, düşmənçilik
və nifrət hissi bəsləyərlər. Digər tərəfdən
övladlar arasında fərq qoymaq, onların valideynin
üzünə ağ olmalarına da səbəb
ola bilər. Ata xərclik verməkdə
övladları arasında fərq qoymaqla,
övladlarının niyyətlərini korlamış olur.
Çünki bundan sonra onlar əməlləri
və itaətlərini Allah üçün deyil,
atalarının gözündə yaxşı görünmək
və digər qardaşa verilən xərcliyə nail olmaq məqsədilə
edəcəklər. Xərclik verilən
övlad özünü digər qardaşlarından
üstün və daha layiqli hesab edə bilər. Bu da onun mənəvi sarsıntı keçirməsi
və işlərinin pozulması üçün kifayətdir.
Oyun və
oyuncaqlar
İslam Peyğəmbərinin mövzu ilə
bağlı kəlamlarında diqqət çəkən
başqa bir xüsus oyun və oyuncaqlarla bağlıdır. Belə ki, o, uşaqları
bəyənilməyən vərdişlərdən çəkindirmək
və onların tərbiyəsini daha da gözəllişdirmək
üçün onlara müxtəlif materiallardan düzəldilmiş
oyuncaqlar verər, güləş yarışlarının
keçirildiyi yerlərə apararmış. Mütəxəssislər
də oyun və oyuncaqların uşağın diqqətini
çəkmək və əqli inkişafını, ətrafa
marağını artırması baxımından faydalı
olmasını vurğulamaqdadırlar.
Daxildən gələn maraqdan uşaqlar oyuncaqların işləmə mexanizmini bilmək, içərisində nə olduğunu görmək istəyirlər. Uşağın belə davranışı, onun psixi inkişafına təkan verdiyi üçün onlara mane olunmamalı və "oyuncağını xarab etdi, qırdı" deyərək cəzalandırılmamalıdır. Lakin tez-tez oyuncağını qıran və xarab edən uşağa yenisi alınmamalı, oyuncaqdan isifadə və qeydinə qalmaq qaydaları öyrədilməlidir.
Oyunlar uşağın yalnız fiziki deyil, ruhən inkişafına da təsir göstərir. Çevikliyi, ani qərar verməyi öyrətdiyi kimi, iradəni də qüvvətləndirir. Oyun qaydaları və incəlikləri şüurun inkişafına səbəb olur.
Yaşlı nəslə hörmət
Əxlaq tərbiyəsinin müqəddəs, ülvi tərkib hissələri sırasında yaşlı nəslə hörmət, sadəlik və təvazökarlıq, düzlük və doğruçuluq mühüm yer tutur. Bu əxlaqi keyfiyyətlər bir-biri ilə sıx bağlıdır. Yaşlı nəslə hörmət etməyən düz ola bilməz. Doğru danışan, sadə və təvazökar olan cəmiyyət üçün faydalıdır.
İslam Peyğəmbəri bu xüsusda: "Allah o ata və anaya rəhmət etsin ki, övladlarını ata və anaya yaxşılıq etmək ruhunda tərbiyə ediblər" - buyurmaqla övladını yaşlı nəslə hörmət ruhunda tərbiyə olunmasına təşviq etmişdir.
Uşaqların təlim-tərbiyəsi cəhətindən Azərbaycanın təbiəti, bədii incəsənət əsərləri, milli, bəstəkar musiqisi öz milli zəmini üzərində yüksəlmiş, qabaqcıl dünya mədəniyyətinin ən gözəl ənənələrindən bu və ya digər dərəcədə bəhrələnmiş, daha da inkişaf edərək müasir şəklini almışdır.
O cümlədən, hesab edirik
ki, uşaqların inkişafı, tərbiyəsi və təhsili
haqqında dünya mütəfəkkirlərinin, o cümlədən,
Həzrət Peyğəmbərin də kəlam və nəzəriyyələrini
öyrənmək, tədqiq etmək, müasir iş prosesində
bundan istifadə etmək faydalı olardı.
Səyyad
ARAN
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin
I müavini, Filologiya elmlər namizədi
525-ci qəzet.- 2022.- 13 aprel.- S.16;17.