"Seyid Şuşinski Azərbaycan
muğamının ağasıdır"
Gülhüseyn Kazımov: "Azərbaycan muğam
tarixində ilk dəfə Seyid Şuşinski səhnəyə
frakla çixan xanəndə olub"
Azərbaycanın muğam tarixində adı hörmətlə
anılan ustad xanəndələrdən biri də Seyid
Şuşinski olub. Keşməkeşli və bir o qədər
də maraqlı həyat yaşayan xanəndə haqqında
doğumunun 133-cü ildönümü münasibətilə
ictimai xadim, araşdırmaçı, yazıçı və
şair Gülhüseyn Kazımovla həmsöhbət olduq.
Gülhüseyn müəllim,
Seyid Şuşinski oxumağa başlayanda necə oldu ki, tez
bir zamanda Qarabağda tanınıb şöhrət
qazandı?
- Seyidin fəaliyyətini
üç yerə bölmək olar. Birinci xanəndəliyidir,
ikinci pedaqoqluğudur, üçüncü xeyriyyəçiliyidir.
Seyid hərtərəfli adam olub. 1889-cu ildə o vaxtkı Cəbrayıl qəzası,
indiki Füzuli rayonunun Horadiz qəsəbəsində
dünyaya gəlib. Seyidin Hürzad
adında xalası olub. Hürzad muğam
oxuyan imiş. O dövrlərdə Şuşaya qədər
hamı tanıyırdı onu. "Mahur"un
mahir ifaçısı olub. Çox
maraqlıdır ki, Seyid yaşlı vaxtlarında "Orta
Mahur" lentə yazdırıb. Bəlkə
də, həmin vaxt xalasından öyrəndiklərinin Seyidə
təsiri olub. Hürzad onu özü ilə
toylara aparırmış.
- Şuşaya da xalası aparıb?
- Yox,
Seyidin Məşədi Seyid Əli adında bir əmisi var
imiş. Musiqini, ədəbiyyatı sevən adam
olub. Onun Şuşanın tanınmış
muğam ifaçıları ilə əlaqələri
yaxşı əlaqələri var idi. Günlərin
birində əmisi Seyidə deyir ki, gəl səni aparım
Şuşaya. Beləliklə, Seyid
Şuşaya gedir və oranın toylarında oxumağa
başlayır.
- Cabbar Qaryağdıoğlu Seyidi çox bəyənirmiş,
tanışlıqları necə yaranıb?
-
Şuşada toyların birində Seyid necə oxuyursa, Cabbar
Qaryağdıoğlu onu bağrına basır və deyir ki,
ölsəm də, dərdim olmaz, məndən sonra Seyid var.
Sonralar Cabbar Qaryağdı oğlu kimi nəhəng sənətkar
Seyid Şuşinskini Azərbaycan musiqisinin incisi
adlandırıb.
- Deyilənə
görə, o, Mir Möhsün Nəvvabdan da dərs
alıb...
- Mir
Möhsün Nəvvab enskilopedik şəxsiyyət olub.
"Vaqif poeziya günləri"ndə Vilayət Quliyevlə
birlikdə Nəvvabın evində olduq... Seyidə
məsləhət görüblər ki, muğamın incəliklərini,
qəzəl barədə bilikləri öyrənmək
üçün Nəvvabın yanına getsin. Nəvvabın "Məclisi-fəramuşan"ının
tərkibində "Xanəndələr" məclisi də
olub. Seyid də orada iştirak edib. O
vaxtı Şuşada ilk musiqi məktəbini Xarrat Qulu
yaradıb. Məktəb dini təmayüllü
idi. O məktəbdə Quran oxumağın, azan verməyin,
mərsiyəxanlığın qayda-qanununu öyrənirdilər.
Aşura günlərində meydan
tamaşaları vaxtı həmin məktəbin şagirdləri
öz məharətlərini göstərirmişlər.
Həmin meydan tamaşalarında mərsiyyələri
muğam üstündə oxuyurmuşlar. Dövrün
görkəmli xanəndələri Xarrat Qulunun məktəbindən
çıxıb. Şuşada Kor Xəlifənin
də məktəbi olub. Amma Bülbül
yazırdı ki, Kor Xəlifənin məktəbində
uşaqlar 14 yaşına qədər oxuyardılar, sonra Xarrat
Qulunun məktəbinə gedərdilər. Seyid Şuşinski də belə bir mühitin yetirməsi
idi.
-
Gülhüseyn müəllim, Seyid Şuşinski Gəncəyə
necə gedib?
- Günlərin
birində Fikrət Əmirovun atası Cəmil Əmirov gəlir
Qarabağa. Seyidə deyir ki, sən bu yerlərdə
məşhurlaşmısan, gəl səni aparım Gəncəyə.
Gəncədə Cəmil Əmirovun musiqi məktəbi
olub. Seyid həmin məktəbdə dərs
deyib, toylara gedib, qısa müddətdə Gəncədə
də məşhurlaşıb.
- Onun
Tiflisə köçməsi ən maraqlı hadisələrdən
biri olub, orada da şöhrəti hər yana
yayılıb. Seyidin Tiflis dövrü barədə
danışaq...
- Seyid
Şuşinskinin səsi Gəncəyə də
sığmır. 1911-ci ildə Tiflisə gedir.
Onun Tiflis həyatı əvvəlki və
sonrakı həyatından tamamilə seçilir. Seyid Şuşinski Tiflisdə çox parlayıb.
Tiflisdə təkcə gürcülər
yaşamırdı, ora ictimai-siyasi, mədəni mərkəz
idi. Qafqazın bütün yerlərindən,
Şərq ölkələrindən çoxlu insanlar Tiflisə
səyahət edirdilər. Azərbaycan
muğam tarixində ilk dəfə Seyid Şuşinski səhnəyə
frakla çıxan xanəndə olub. İran
konsulunun qızının müşaiyəti ilə ayaq
üstə "Bayatı-İsfahan" oxuyub. Seyid orda çox məşhurlaşmışdı.
-
Bildiyimizə görə, Seyid Şuşinski həm də
çox böyük imkan sahibi olub...
- Seyid Tiflisdə xeyli var-dövlət qazanıb. Bir dəfə mənə
sual verdilər ki, Gülhüseyn müəllim, deyirlər,
Seyid çox varlı adam olub. Dedim, yox,
Seyid varlı olmayıb, Seyid zəngin adam
olub. Çünki o öz var-dövləti ilə
insanların xeyrinə xidmət edib. Seyid
Tiflisdə də, Bakıda da zəngin olub. Bakıya köçəndən sonra da Tiflisə məsclislərə
gedərdi, milyonçuların toylarında oxuyurdu. Şifahi mənbələrə görə, Seyidin
Tiflisdə "Auditoriya" adlı binası olub, oteli olub,
"Mersedes"i də var imiş. Günlərlə
Bakıdan gələn aktyorlara ziyafətlər verdirərmiş,
maddi köməklik göstərirmiş. Seyid
Şuşinski xeyriyyəçi olub.
- Onu Cəlil Məmmədquluzadə ilə hansı tellər
bağlayırdı?
- Hamı
bilirdi ki, Seyid əliaçıqdır. Tiflisdə
olanda "Molla Nəsrəddin" jurnalının
çapında problemlər yarananda Cəlil Məmmədquluzadə
Seyid Şuşinskiyə müraciət edib. Seyid jurnalın nəşrinə xeyli köməklik
göstərib.
- Bəs
bu qədər var-dövlətdən niyə sonraya heç nə
qalmayıb?
- İnsanın var-dövlətinin qalması
üçün gərək ailəsi olsun. Seyid toylardan
yaxşı pul qazanırdı, çoxlu daş-qaş
verirdilər. Amma o bu pulları hara xərcləyəcəkdi?
Ailə-uşaq yox idi... Son günlərinə qədər
hamı Seyidə hörmət edib.
- Seyiddən
nəsə nişanə qalıbmı?
- Seyidin,
cəmi, bir yadigarı qalıb. Deməli, Seyidin
Muğam mərkəzində 130 illiyini keçirəndə o
yadigarı tamaşaçılara nümayiş etdirdim. Nəriman Əliyev Seyidin ən məşhur tələbəsi
olub, vəfatından qabaq Ağdama gedəndə də öz
yerini Nəriman Əliyevə verib. Nərimanın həyətində
iki otaqlı ev var. 130 illik ərəfəsində
Arif Əsədullayevlə həmin evə getdik. Həmin otaqlar yerindədir. Orda
Seyid yay vaxtları qalırmış. Yaxşı olar
ki, ora Seyidin ev muzeyinə çevrilsin. Cəmi, bir yadigarı qalıb, vərəqlərlə
dolu qovluq. Qovluqda oxuduğu repertuar cəmləşib,
qəzəlləri, əlyazıları var.
-
Maraqlıdır, Tiflisdə muğama belə sevgi hardan
qaynaqlanıb?
- Seyiddən
əvvəl Tiflisdə başqa xanəndələrimiz olub. Məsələn, Ərdəbildən gələn
Mirzə Səttar. Tiflisin özünün
də Allahverdi adında gözəl xanəndəsi olub.
Allahverdi Nəriman Nərimanovun babası idi.
Sadıxcan, Bülbülcan da orda şöhrət
qazanıb. Bülbülcan onların dilini
də öyrənib. Yəni, insanlar səsə
aşiq olurdular. Belə götürəndə, Cabbar
Qaryağdıoğluna qədər hamı muğamı fars qəzəlləri üstündə oxuyub.
İnsanlar səsin sehrinə
düşürdülər. Uzun
sözün qısası, Seyid Tiflisə bunlardan sonra gedib.
Artıq orda bu ənənə var idi. Seyid də bu ənənəni davam elədi.
- Seyidə Tiflisdə kimsə yol göstərirdimi?
- Seyid
novator sənətkar olub. O, yeniliyə imza atmaqdan qorxmurdu. Onu buna ruhlandıran Hüseyn Ərəblinski idi.
Hüseyn Ərəblinski uzun müddət
Tiflisdə yaşayıb, oradakı teatrda fəaliyyət
göstərib. Səhnə mədəniyyətindən
tutmuş ən xırda məsələlərə qədər
Seyidə izah edirdi.
- Bəs
bu qədər şöhrətin içindən niyə
Bakıya qayıtdı?
- 1919-cu
ilə qədər Tiflisdə yaşayıb. Amma
niyə qayıtdığı heç bir mənbədə
öz əksini tapmayıb. Bakıda da
çoxlu toylara gedib.
- Seyid
pedaqoqluqla məşğul olana qədər biliklərini necə
kamilləşdirib?
- Bir dəfə
Şamaxıya toya gedib. Görüb ki,
Şamaxının ən böyük oxuyanı Mirzə Məhəmmədhəsən
də ordadır. Seyid deyirdi ki, heç
kimi Mirzə Məhəmmədhəsənə bərabər
tutmaq olmaz, mən ondan bəzi şeyləri öyrəndim.
Seyid həmişə öyrənməyə can atıb. Qəzəllər toplayırmış, muğamlara
uyğunlaşdırır, izahlarını öyrənirmiş.
Şərq poeziyasını dərindən
öyrənib. Seyid Tiflisdə olarkən Əbülhəsən
xan İqbali Azər ilə tanış
olur. Əbülhəsən xan Seyidin
oxumağını çox bəyənib və həmişə
onunla maraqlanıb. Hətta Qurban Pirimov
danışırmış ki, 40-cı illərdə biz Cənubi
Azərbaycana gedəndə Əbülhəsən xan bizdən
Seyidi xəbər aldı. Əbülhəsən
xan muğamların şöbə və guşələri
barədə Seyidə bəzi məlumatlar verib. Hansı muğamda hansı qəzəli oxumaq
lazımdır və başqa bu kimi məsələlər barədə
danışıb.
- Seyid
Şuşinskinin məzarı ilə bağlı
narahatlıqlarınız var, kiməsə müraciət
etmisinizmi?
- 1965-ci ildə Seyid deyib ki, Qarabağın bülbüllərinin səsini eşitmək istəyirəm. İltifat adlı tələbəsi aparıb onu Qarabağa. Orada vəfat edib, Bakıda, I Fəxri xiyabanda dəfn ediblər. Düz həmin vaxtdan bu yana onun məzar daşının üzərindəki yazılar kiril qrafikasındadır. Mədəniyyət nazirindən də xahiş etmişəm... Seyidin məzarı gözəl olmalıdır. Biz onu köməkləşib edə bilərik, amma orada iş aparmağa ixtiyarımız yoxdur. Axı Seyid böyük bir sərvət qoyub gedib. Seyid Şuşinski Azərbaycan muğamlarının tədris metodikasını hazırlayıb. O, keçmiş Azərbaycan muğamları ilə müasir muğamlar arasında körpü inşa edib. Geyimindən tutmuş özünü aparmağına, təvazökarlığına görə hamı ona Ağa deyərmiş. Seyid Şuşinskini Azərbaycan muğamının ağasıdır. O, oxuyanda Seyid Əzim Şirvaniyə tez-tez müraciət edərdi. Seyid Əzimin bir beyti var: "Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim..." Bu beyti hər iki şəxsiyyətə aid edə bilərik: həm Seyid Əzimə, həm də Seyid Şuşinskiyə. İkisinə də Allah rəhmət eləsin!
Nadir YALÇIN
525-ci qəzet.- 2022.- 13 aprel.- S.15.