"Dionisin şərəfinə" yazılanlar  

 

 

Bizdən əvvəl belə idimi, dəqiq bilmərəm, amma bizim dövrümüzdə sənət-ədəbiyyat tandemində ən çox meydana gələn suallardan biri budur: teatrdan hansımız yazmalı, teatrşünasmı, ədəbiyyatşünasmı, jurnalistmi? Uzun illərdən bəri çox yaxşı ədəbiyyatşünas-tənqidçi kimi tanıdığım, hələ bir müddət mühazirələrini dinləyib dərs almaq şansı da qazandığım Əsəd Cahangirin yenicə işıq üzü görmüş "Dionisin şərəfinə" kitabını əlimə alanda beynimin ən ucqar yerində yenə bu məşum sual projektor kimi yanıb söndü: teatrdan hansımız yazmalı? Əsəd Cahangir teatrşünas deyil, rejissor da deyil, aktyor heç deyil. Bəs onda böyük ciddi hissəsi teatr sənətinə həsr olunmuş bu kitabı necə mənalandıraq?..

 

Kitabı açar-açmaz, oradakı ilk yazı - " var, yox, Teatr" diqqətimi cəlb elədi. Bu hissədə müəllif teatr tənqidindən bəhs edir dəqiqləşdirməyə çalışır ki, teatr tənqidi varmı, yoxmu... Axı hər kəs onun yoxluğundan dad yanır. Bəs İlham Rəhimli, Məryəm Əlizadə, Aydın Talıbzadə sair kimi tənqidçilərin fəaliyyətini necə yox sayaq? Bu, haqsızlıq olmazmı? Bu yerdə Əsəd müəllim böyük ustalıqla dövrün mənzərəsini cızaraq yazır: "Amma teatr tənqidinin yoxluğundan danışanların fikirlərində həqiqət var. Bəs bu həqiqət hardadır? Onları narazı salan nədir? Məncə, bunun iki səbəbi var:

 

- birincisi, teatra dair məqalə kitablar daha çox nəzəri ya tarixi səciyyə daşıyır. Tənqid isə daha çox carilik, operativliklə bağlı olmalıdır. Saysız-hesabsız premyeralar haqqında operativ yazılara az rast gəlirik. "Resenziya" adıyla dərc olunanların çoxu jurnalistlərin sensasiya xarakterli qələm məşqləridir. hələ yaxşı ki, onlar yazırlar. Çünki bu sahədəki boşluq nəyləsə dolmalı deyilmi? Axı tamaşa heyəti və tamaşaçı yeni tamaşalar haqda söz eşitmək istəyir.

 

- ikincisi, teatr tamaşaları haqqında əksərən "yaxşılardan" yazmaq prinsipi ilə yazırlar. Professional etikaya etinasızlıq, prinsipial mövqenin yoxluğu, dişsizlik, dəstəbazlıq-teatr tamaşaları ilə bağlı yazıların qabarıq nəzərə çarpan xüsusiyyətləri bunlardır".

 

Bu məqalə 2010-cu ildə qələmə alınıb. Yəni düz 12 il öncənin mənzərəsidir bu yazılanlar. Bəs bu 12 ildə dəyişən nəsə varmı? Çox az! Bu illərdə yuxarıda saydığımız teatrşünasların cərgəsinə cəmi 2-3 ad əlavə olunub. Yenə də teatrdan yazanların əksəriyyəti jurnalistlər, mədəniyyət yazarlarıdır. Ancaq insafla danışsaq, indi bu yazıların ciddi hissəsini "sensasiya xarakterli qələm məşqləri" adlandırmaq ən yaxşı halda ədalətsizlik olardı.

 

Kitabı bir az da vərəqləyib keçirəm "Resenziyalar" bölməsinə. Burdakı ilk yazı "Bir çarə var ancaq-yeniləşmək!" adlanır. Əsərləri təkcə ədəbiyyatımızı, ruhumuzu deyil, teatr səhnəmizi də bəzəyən dahi Hüseyn Cavidin məşhur misrası sərlövhə seçilən məqalədə Gəncədəki "Yeni Teatr" Respublika Festivalı haqqında müəllifin təəssüratları yer alıb. Təəssürat da ki nə təəssürat... Əsəd müəllim bir əlinə qılıncını, bir əlinə də qələmini götürüb düşüb teatr cameəsinin canına. Nə rejissorun him-ciminə baxır, nə aktyorun göz yaşına acıyır. Festivalda çıxış edən ölkə teatrlarını bircə-bircə qələminin süzgəcindən keçirir.

 

"Vay dədəm, vay!" resenziyası isə adını çox eşidib, haqqında çox dinləyib, təəssüf ki, tanışmaq nəsib olmayan mərhum rejissorumuz Vaqif İbrahimoğlunun "Lənkəran xanının vəziri" tamaşasına həsr olunub. YUĞun estetikasını sevən və ruhuna daha yaxın hesab edən biri kimi bu estetikanın yaradıcısı Vaqif İbrahimoğlunun tamaşaları mənə həmişə maraqlı olub. Bu yazı isə həm marağımı, həm də heyrətimi artırdı. Niyə ki, yazı kitabdakı yeganə qaravəlli üslubunda yazılmış bir nümunədir. Əlbəttə, müsahibədə də bu nüansdan yan keçməmişdik. Yazının üslubunu müəllif belə əsaslandırmışdı: "Tamaşa özü qaravəlli janrında idi. İstədim ki, tamaşanın ruhu yazının üslubunda öz əksini tapsın. Tamaşa o qədər gözəl, sirli, nağılvari idi ki, səhnəyə çıxıb aktyorlarla birlikdə olmaq istəyirdin. Vaqif müəllim bunu eşidəndə dedi ki, deməli, mən bir rejissor kimi öz məqsədimə çatmışam".

 

"Portretlər" bölməsində teatr səhnəsindən, mavi ekranlardan tanıdığımız, rollarını, əsərlərini dönə-dönə izlədiyimiz, sənət zövqümüzü formalaşdıran sənətkarlar haqqında məqalələr yer alıb. Günümüzə ən yaxın tarixdə - 2021-ci ildə yazılan "Mahnı dağlarda qalmadı" Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunub. Yazı ötən ilin yazısı olsa da, hadisələr köhnədir. Hətta o qədər köhnə ki, yazının əvvəlində müəllifin cəmi-cümlətani 5-6 yaşı varo, teatrla, belə demək mümkünsə, sənətlə ilk dəfə tanış olur: İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesi əsasında rejissor Ə.Ələkbərovun quruluş verdiyi eyniadlı tamaşa ilə. Bu tanışlıq o balaca oğlana elə təsir edir ki, o oğlan böyüyüb Əsəd Cahangir olsa da, "Mahnı dağlarda qaldı" indi də gözündə dünyanın ən sehrli nağılı, İ.Əfəndiyev ən böyük dramaturqu, Şahnaz rolunun ifaçısı Amaliya Pənahova isə ən gözəl aktrisasıdır.

 

Bu təəssüratıyla giriş etdiyi yazıda Əsəd müəllim Amaliya Pənahova şəxsiyyətini və yaradıcılığını həmin o "1971-ci ilin uzaq, əlçatmaz payız günündən" üzü bəri təhlil edir, edir, edir... Ta ki, bu gözəl aktrisanın "gözlənilməz" ölümünə və dəfninə qədər. Əsəd müəllim bu ölümdən və dəfndən də o qədər təsirlənir ki, həmin günü Milli Teatrın ən qəmli günlərindən biri adlandırır. Neyləyəsən, həyat bu... Sonu həmişə ölümdür...

 

 

 

Bu bölmədəki "Bəhramnamə" məqaləsini ürəyimin baş köşəsinə çəkib acgözlüklə oxuyuram. Axı tanınmış rejissor Bəhram Osmanovu mən də çox yaxşı tanıyır, əsərlərinə dönə-dönə baxmışam və baxmaqdayam. Nə olsun ki, Əsəd müəllimin burda adını çəkdiyi bəzi əsərlər mənim yaşımdan çox əvvələ aiddir və elə yaşımdan çox əvvəl də repertuardan çıxarılıb. Yenə də Bəhram Osmanov dəst-xətti həm tanış, həm də doğmadır. Bu məqalənin sətirləri kimi... Rejissorun yaradıcılığına, şəxsiyyətinə, prinsipinə geniş işıq salan bu çoxşaxəli məqalədən geniş danışmadan Bəhram müəllimin rejissurasında mənim də diqqətimi çəkən və müşahidələrimlə üst-üstə düşən bir məqamı xüsusi vurğulayıb keçirəm növbəti bölməyə:

 

"B.Osmanovun aktyorlarla işi məsələsinə bir neçə aspektdə baxmaq olar:

 

- rejissorun yenilikçi rol bölgüsü;

 

- trafaretləşmiş aktyorların "sındırılıb" yenidən qurulması;

 

- aktyorlarla işin son nəticəsi kimi canlı insan obrazı, tipik xarakterlər yaratmaq".

 

"Dionisin şərəfinə" kitabının ən sevdiyim hissəsi "Müsahibələr" oldu desəm, təəccüblənməyin. Bəlkə də bir jurnalist instinkti ilə bu bölmədəki müsahiblər də, suallar da, cavablar da məni həyəcanlandırdı. Xüsusən, mərhum sənətkar, filmlərini, obrazlarını sevə-sevə izlədiyimiz Barat Şəkinskaya ilə söhbətini vurğulamaq yerinə düşərdi. Bu müsahibədə Barat xanımın ailəsindəki gizlinlərdən tutmuş, sənətindəki bilinməzlərə qədər hər şey böyük səmimiyyətlə gün üzünə çıxır. Əlbəttə, burada müəllifin ünvanladığı sualların rolu əvəzsizdir.

 

Bu hissədə Süleyman Ələsgərov, Həsən Turabov, Səyavuş Aslan, Fuad Poladov, Yaşar Nuri, Telman Adıgözəlov, Eldəniz Zeynalov, Yasin Qarayev, Naibə Allahverdiyevasair kimi sənətkarlarla olan söhbətlər də böyük maraqla oxunur.

 

Kitabın adını aldığı "Dionisin şərəfinə" məruzəsi isə demək olar ki, nəşrin düz yarsındadır. Sən demə, Əsəd müəllimin Azərbaycan Yazıçılar Birliyinin qurultayında ötən dövr dramaturgiyası haqqında məruzəsi belə adlanırmış. Burada 2004-2011-ci illər dramaturgiyamızın ədəbi-nəzəri mənzərəsi cızılır. Məruzənin birinci hissəsində əsasən, müəllif son dövr dramaturgiyamızın geriləməsindən danışaraq, bunun səbəblərini aydınlaşdırmağa çalışır. İkinci hissədə isə konkret müəlliflərin konkret əsərləri əsasında geniş miqyaslı təhlil aparır ki, bu təhlildə də əslində, bayaq sadaladığı səbəbləri faktlaşdırır.

 

Kitabın ikinci hissəsi kino sənətinə həsr olunub. Burada ilkin diqqət çəkən İran kinoları (M.Məcidinin "Peyğəmbər", "Əsgər Fərhadinin "Satıcı") haqqındakı resenziyalardır. Kino sənətimizin inciləri Həsən Məmmədov, Rasim Balayev və Həmidə Ömərovayla müsahibələr, doğrudan da, oxunmağa dəyər nümunələrdir.

 

Kitabın "Musiqi"yə həsr olunan III fəslində müəllif yenə də teatra üz tutur. Onun "Eşq imiş hər nə varsa..." resenziyası Ü.Hacıbəylinin "Arşın mal alan" operettasının Musiqili Komediya Teatrı səhnəsindəki tamaşasına həsr olunub. Burada da müəllif incəlik və dəqiqliklə həm tamaşanı, həm də əsəri təhlil edərək sanki oxucunu tamaşaçıya çevirir.

 

Müsahibələr bölməsində Sara Qədimova, Habil Əliyev, Şəfiqə Axundova, İslam Rzayev, Zeynəb Xanlarova, Cavanşir Quliyev, Azər Zeynalov, Elmira Rəhimova və sair kimi sənətkarlarla yanaşı, Murad Laçınlı kimi gənc xanəndəyə də yer verilməsi musiqi sənətimizin gələcəyinə ümidlərin çox olduğunu göstərir.

 

Kitabın "Televiziya" bölməsində "Gecə"dən "səhər"ə doğru" adlı məqalədə "Xəzər" Tv-də yayımlanan Həmid Herisçi və İlhamiyyə Rzayevanın apardığı "Xəzər-Səhər" verilişindən danışılır. Müəllif burada təkcə bu verilişlə kifayətlənməyərək, hər iki aparıcının yaradıcılığına ayrı-ayrılıqda və birgə nəzər salır, onların əvvəlki proqramlarını xatırladır.

 

Sonuncu -"Kulturologiya" bölməsində isə Əsəd Cahangir bütün bu fikirlərinin və yazılarının, əsas da sənət barədə görüşlərinin yekunu kimi "Səs" essesi ilə çıxış edir. Onun bu seçimi isə aşağıda dedikləriylə bağlı imiş: "Səs" əvvəla Qarabağ deməkdir, bu kitab isə qələbədən sonra ərsəyə gəlib. "Səs" essesini şəhidlərimizin müqəddəs ruhuna ithaf eləmişəm. Digər tərəfdən "Səs"də incəsənətin ən müxtəlif sahələri birləşir. Odur ki, yekunlaşdırıcı yazı kimi esseni kitaba daxil etməyi lazım bildim".

 

P.S. Ə.Cahangirin tənqidçi kimliyindən gələcək yüksək anlayışına sığınaraq, kitabın bircə qüsurunu dilə gətirmədən yazını sonlandırmaq istəmədim. Sənətə və sənətkara həsr olunan bu cür sanballı nəşrin ciddibol korrektura xətaları oxucunu həm yorur, həm də sətirlərdən soyudur. Güman edirəm ki, kitabın gələcək nəşrində bu xətalar da mütləq aradan qalxacaq.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 13 aprel.- S.14.