"Altmışıncılar" və
son 60 ilin ədəbi həyatı”ndan səhifələr
(Əvvəli
ötən saylarımızda)
***
Bədxahlarınızı bağışlayın, amma
adlarını unutmayın.
Con Kennedi
***
Üzərində bir ildən artıq müddətdə
işlədiyim "Altmışıncılar və son 60 ilin
ədəbi həyatı" kitabımı bitirmişəm,
əsərdən bir neçə parçanı oxuculara təqdim
edirəm.
***
Bir
müddət sonra, 1967-ci il yanvarın 8-də
Moskvanın Mərkəzi Televiziyası "Keçən ilin
son gecəsi" hekayəsini ekranlaşdıraraq Birinci
proqramla bütün ölkəyə göstərdi. Bir il sonra - 1968-ci il yanvarın 5-də Mərkəzi
Televiziya həmin hekayəni bir daha başqa quruluşda
ekranlaşdırdı, bu dəfə Həmidə xala rolunda
böyük uğurla RSFSR Xalq artisti Fadeyeva
çıxış etdi.
Bakıda Gənc Tamaşaçılar Teatrının Bədii
rəhbəri Zəfər Neymətovun təklifiylə həmin
hekayə əsasında pyes yazdım və Ulduz xanım Rəfilinin
qurduğu uğurlu tamaşada Həmidə xala rolunda Firəngiz
Şərifova çıxış etdi. Mətbuat bu
tamaşanı geniş işıqlandırdı və
yüksək dəyərləndirdi. Qəribə
bir qanunauyğunluqla "istedad dədə kürkü
deyil" ifadəsinə rəğmən, Zəfər Neymətovun
oğlu rejissor Azər Paşa Nemətov həmin pyesin rus
variantını tamaşaya qoydu. Və yenə
də Həmidə xala rolunu bu səfər rus dilində Abbas
Mirzə Şərifzadənin və Mərziyə
Davudovanın qızları Firəngiz Şərifova ifa etdi.
Hekayənin radio tamaşasında həmin rolu
aktrisa Ətayə Əliyeva səsləndirmişdi. Ətayə xanımın oğlu ("dədə
kürkü" məsələsi) Ramiz Həsənoğlu
"Ötən ilin son gecəsi" adlı teletamaşa
yaratdı və Həmidə xanım rolunu Zərnigar
Ağakişiyeva ifa etdi. Yənə də
Mərkəzi Televiziyanın sifarişiylə Gülbəniz
Əzimzadə və Şahmar Ələkbərov həmin
hekayənin motivləri üzrə eyni adlı film çəkdilər.
Bu səfər Həmidə xala rolunda Elmira
Şabanova çıxış etdi. Bu
Moskva teleekranında Birinci proqramla nümayiş etdirilərkən
əsərə o vaxt SSRİxarici işlər naziri Andrey
Qromıko da baxırmış. Səbirsizliklə
Teleradio Komitəsinin sədri Lapinə telefon edib
soruşurmuş: Uşaqlar axırda analarının yanına
qayıdacaqlarmı?
"Keçən
ilin son gecəsi" Moskvada üç cildlik
"Seçilmiş sovet hekayələri" almanaxına daxil
edilmiş, dörd dildə - ingilis, alman, ispan, polyak dillərində
dərc olunan "Sovestkaya literatura" jurnalında
çıxmış, bundan başqa, ondan artıq dilə
çevrilərək bir sıra xarici ölkədə və
sovet respublikalarında oxuculara
çatdrılmışdır. Təbii ki,
hekayə də, onun kino - tele - radio - teatr təfsirləri də
mətbuat səhifələrində yüksək dəyərləndirilmişdir.
Qulu Xəlilov isə...
İllər
sonra "Təbiilik əsas şərtdir" adlı məqaləsində
Qulu Xəlilov mənim "Şəhərin yay günləri"
tamaşam haqqında yazırdı:
"Dramaturq
Anar "Şəhərin yay günləri" əsərinin
əsasına çox adi, müasir həyati mətləblər
qoymuşdur.
"Şəhərin yay günləri"
tamaşasının ən uğurlu cəhəti bundadır
ki, heç bir süni, qondarma, bayağı hadisə, lövhə,
hərəkət gözə dəymir. Hadisələri
əvvəldən axıra qədər maraqla izləməli
olursan. Və hər şey sənə həyatdakı
kimi çox adi, sadə, inandırıcı və təsirli
görünür.
Qiyas -
H.Turabov kişi nəfsini axıra qədər qoruyur və bəzən
zarafata keçib romantik şəkildə arvadının
qulağına "sırğalar" asır, boğazına
"boyunbağı" bağlayır, qoluna "bilərzik"
taxır. Qəzəblənəndə əyriliklə
varlanan adamların rəzilliyinə gülür.Teatrın yeni
tamaşası, yaradıcı kollektivin bədii nailiyyəti
sayılmalıdır".
Azərbaycan
Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulmuş daha
bir pyesim "Təhminə və Zaur" haqqında isə
Qulu Xəlilov belə yazırdı: "Bu baxımdan Anar daha
çox fərqlənirdi. Yazıçı cəmiyyətimizin
aparıcı, yaradıcı pafosunu təsdiq və təsbit
etməklə bərabər, bu "tiplərin" necə
ustalıqla fəlakətlər yaratdıqlarını da
gözdən qaçırmırdı. Həssas
müşahidə, hər təbəqəyə "əl gəzdirmək"
onun yaradıcılıq boyalarını artırdı və
geniş vüsət almasına şərait yaratdı... Anar
onu narahat edən fikirləri "Şəhərin yay günləri",
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"
kimi ciddi planla yazılmış pyes və romanlarda daha da dərinləşdirdi...
Bu da maraqlıdır ki, təxminən on il
bundan qabaq yazılmış "Ağ liman" povestində
o qədər də qabarıq görünməyən Təhminə
1980-ci ildə çap olunan "Beş- mərtəbəli
evin altıncı mərtəbəsi" romanında əsas
hadisələri özündə birləşdirən
dönüş nöqtəsinə çevrilmişdir. Nə üçün?
Təhminəni
bir qadın kimi xarakterizə edən əsas sifətlər səmimilik,
hər şeyi açıq etiraf etmək, hər cür
riyakarlıqdan, ikiüzlülükdən, paxıllıqdan,
şöhrət və pulgirlikdən uzaq olmasıdır... Təhminə kimi qadınlara ümumiyyətlə, əxlaqsız,
pozğun demək olarmı? Qətiyyən! O,
açıq-saçıqdır. Bu
açıq-saçıqlığı da olmasa, pozğunlar,
pullular, əyyaşlar onu udarlar... Təhminələr
dünyada bir həqiqət tanıyırlar - bu da qəlbin həqiqətidir.
Ən böyük xoşbəxtliyi də bunda
görürlər.
Qulu Xəlilov
"Həyatdan gələn səslər"
kitabından.
Gənclik. Bakı. 1984
Beləliklə, "Həyat - yaradıcılıq
çeşməsidir" məqaləsindən "Həyatdan
gələn səslər" məqaləsinə qədər
keçdiyi yol hörmətli Qulu Xəlilovun təbəddülat
yoludur.
Altı hekayədən ibarət ilk hekayələr
kitabımı nəşriyyata təqdim etdim. Nəşriyyatın baş
redaktoru əlyazmamı mötəbər bir
yazıçıya rəyə verdi və
ondan mənfi rəy aldı. Hekayələrimi alt-üst edən
rəy bu sözlərlə bitirdi:
"Kitabda müəllifin adı göstərilməsə
də, müəllifin Anar olduğu aydındır. Anar
partiyanın XXI qurultayından sonra ədəbiyyata gəlmiş
cavanlardan biridir. Biz haqlıyıq ki, onun
hekayələrində yaşadığı günlərin əzəmətli
yaradıcılıq pafosunu, müasirlərimizin qüvvətli
surətlərini axtaraq. Lakin təəssüf
ki, kitabda belə surətlər yoxdur.
Anar savadlı yoldaşdır. O, heç şübhə yoxdur ki,
Partiya və hökumət rəhbərləri ilə
yaradıcı ziyalıların son vaxtlarda keçirilmiş
görüşləri ilə əlaqədar olaraq çap
olunan materiallarla, nəhayət, Mərkəzi Komitənin iyun
plenumu və Azərbaycan KP MK-nın bu günlərdə
qurtarmış iyul plenumunun qərarları ilə
yaxşı tanışdır. Ona görə də
biz onun özünə müraciət edib soruşmaq istəyirik
ki, onun fikrincə, bu kitab həmin tarixi sənədlərlə
nə dərəcədə həmahəng səslənir?!
Bu altı hekayədən ibarət kitabça
ancaq tikanlardan düzəldilmiş buketə bənzəməzmi?!
Bizcə, gənc bir nasirin ilk kitabı kimi həm
müəllifin özü, həm də nəşriyyat
material seçkisində xüsusilə diqqətli olmalı,
bu hekayələri müəllifin həyatımızın
işıqlı cəhətlərini göstərən əsərləri
ilə əvəz etməlidirlər".
10.VII.1963
Rəyi mənə göstərdilər,
razılaşmadığımı bildirdim və təklif
etdim ki, hekayələrim başqa bir görkəmli
yazıçıya, məsələn, İsa Hüseynova
versinlər.
İsa
Hüseynov əlyazmama belə bir rəy yazmışdı:
"Anarın
lap ilk hekayələrini oxuyanda məndə onun istedadına
böyük maraq oyandı. "Keçən
ilin son gecəsi" adlı bu hekayədə mən, əlinə
qələmi inamla götürmüş, kifayət qədər
savadlı, hazırlıqlı gənc
yazıçının incə və orijinal müşahidələrini,
psixoloji incəlikləri təsvir etmək, predmeti oxucuya
göstərmək qabiliyyətini gördüm. Həmin
hekayədən sonra ötən iki ildə Anarın "Bayram
həsrətində", "Asılqanda işləyən
qadının söhbəti", "Yağış kəsdi",
"Dörd çahar" və sair hekayələrini
oxumuşam, bu əsərlərdə də yuxarıda dediyim
xüsusiyyətləri görmüşəm. Mən
inanıram ki, Anarın mövzu dairəsi getdikcə genişlənəcək,
o, heç kəsə oxşamayan bir nasir kimi sürətlə
artıb zənginləşəcəkdir".
İSA
HÜSEYNOV
Beləliklə, mənim ilk mətbu hekayələrim də,
ilk kitabım da İsa Hüsevnovun xeyir-duasıyla nəşr
olunub. Mənə Yazıçılar İttifaqı
üzvlüyünə zəmanətləri da Sabit Rəhman,
Yusif Səmədoğlu və İsa Hüseynov vermişdilər.
Mən bunu heç vaxt unutmuram.
Mənfi rəyin Süleyman Vəliyev tərəfindən
verildiyini bilirdim. Yazıçılar təşkilatına
rəhbər seçiləndən sonra bir dəfə də
olsun ona bu barədə kiçik işarə belə
vurmadım. Əksinə, çox xoş
münasibətlərimiz yarandı. Bunun əsas
səbəbi onun ağır taleyiylə bağlı idi.
Süleyman Vəliyev müharibə zamanı
almanlara əsir düşmüş, sonra isə Sovet Hökuməti
tərəfindən Sibirə sürgün edilmiş, çox
əzablar çəkmişdi.
Sibirin "buzlu cəhənnəmindən"
keçmiş başqa bir yazıçımıza -
Gülhüseyn Hüseynoğluna da, Süleyman müəllimə
də başlarına gələnlər haqqında əsər
yazmağı təklif etmişdim. Gülhüseyn müəllim
boyun olsa da, bunu etmədi, bəlkə də o ağır xatirələri
yenidən yaşamaq istəmədiyinə görə. Süleyman müəllim isə mənim israrlı təkidimlə
ömrünün o müsibətli günləri barədə
"Qanadı qırılmış quş da
uçarmış" adlı sənədli roman yazdı.
Gülhüseyn Hüseynoğlunu da, Süleyman Vəliyevi
də yüksək fəxri ada təqdim etdim və bu
adları aldılar.
Gənclərin
Zuğulba görüşlərindən sonra
1966-cı
il noyabrın 28-dən dekabrın 3-nə qədər
Zuğulbada gənc yaradıcı işçilərin
seminarı çox maraqlı və eyni zamanda gərgin
mübahisələr şəraitində keçirildi. Mən də bu seminarda dəfələrlə
çıxış etdim və "Kommunist" qəzetində
gənc şairlərə qarşı hücumları sərt
şəkildə pislədim. Çox
qısa bir zamandan sonra qəzet məndən bunun heyfini
çıxdı. İlk povestim "Ağ liman"
"Azərbaycan" jurnalında dərc edilən kimi
"Kommunist" qəzeti mərhum Xalid Əlimirzəyevin
üç sütunluq "Ağ liman povesti haqqında qeydlər"
adlı kəskin tənqidi məqaləsini çap etdi.
Xalid
Əlimirzəyev yazırdı:
"Son illərdə yaradıcılığa
başlamış gənc şair və nasirlərimiz ədəbiyyata
öz dəsti-xətləri, üslubları, xüsusi
yolları ilə gəlməyə çalışır və
bu sahədə inadlı axtarışlar aparırlar. Bu, olduqca
qanuni və təqdirəlayiq bir haldır. Lakin gənclərin axtarışlarından doğan
bütün nəticələri qeydsiz-şərtsiz, ictimai rəyin
və ədəbi-fənqidi fikrin süzgəcindən
keçirmədən qəbul etmək, qüsur və
nöqsanlarına etinasız yanaşmaq, həm onların
özlərinə, həm də bütünlükdə ədəbiyyatımızın
inkişafına mənfi təsir göstərə bilər.
Ona görə də bu axtarışların
mahiyyəti, məzmunu, estetik prinsipləri, yaxşı və
çatışmayan cəhətləri haqqında ətraflı
düşünmək, fikir mübadiləsi etmək,
açıq danışmaq, gənclərin
yaradıcılıq qüvvələrini daim sağlam,
obyektiv istiqamətə yönəltmək lazımdır.
Bu yaxınlarda "Azərbaycan"
jurnalında çap olunmuş "Ağ liman" povestinin məzmunu
bu məsələnin nə qədər ciddi və təxirəsalınmaz
olduğunu bir daha təsdiq edir.
"Ağ liman" povesti Anarın bir
yazıçı kimi getdikcə yetkinləşdiyini göstərsə
də, onun oxuculara təqdim etdiyi fikir və duyğuların
ictimai mahiyyəti, ümumestetik təsiri heç də
sevindirici deyildir. Nə üçün? Bu suala daha aydın cavab vermək üçün gəlin
"Ağ liman" povestinin özünə, orada təsvir
olunan adamların həyat tərzinə, əqidələrinə,
mənəvi-əxlaqi baxışlarına müraciət edək.
"Ağ
liman" povestinin qəhrəmanları insanların dost,
qardaş olduğu, qurub yaradan, daim irəliləyən bir cəmiyyətin
ümumi mübarizəsindən, məqsəd və qayələrindən
kənarda təsvir edilmişlər. Onların
heç biri həyatdan gəlməyib və bugünkü cəmiyyətimiz
üçün səciyyəvi adamlar deyildir. Onların bu inamsızlığı özlərinin
düşgün, cılız, bayağı mənəvi aləmləri,
şəxsi subyektiv keyfiyyətləri ilə bağlı
olduğu üçün çox kiçik və məzmunsuzdur.
Bununla belə, bu adamların düşüncələri
arxasında zərərli, bizə yad olan bir ideologiya,
dünyabaxışı durur. Başda Nemət və Təhminə
olmaqla əsərin qəhrəmanlarının
düşüncələri, nidaları, işarələri təkrar-təkrar
deyir ki, həyatda nizam-intizam, hamı üçün qəbul
olunmuş qayda-qanunlar, məişət və əxlaq tərzi
insanı bezikdirir, yorur, onun həyatını məzmunsuzlaşdırır,
şəxsi, fərdi hisslərini öldürür. Povestdəki açıq-saçıq naturalist səhnələr,
onun qəhrəmanlarının xarakterindəki əcaiblik,
çaşqınlıq, küskünlük də məhz bu
zərərli dünyagörüşün estetik prinsipləri,
estetik anlayışı ilə bağlıdır. Sənətdə, bədii yaradıcılıqda bu
estetik prinsipi müdafiə edənlərə görə həyat
hadisələrini, insanları müəyyən qayda-qanuna tabe
etmədən ictimai vəzifədən, qayələrdən,
idealdan kənarda, sərbəst təsvir etmək
lazımdır. Lakin belə uzağı
görməyən müəlliflər unudurlar ki, öz qəhrəmanlarını
hər cür ictimai idealdan, siyasətdən kənarda təsvir
edərkən onları nə qədər miskin, alçaq,
gülünc bir vəziyyətə salırlar. "Ağ liman" adamları məhz belə
yanlış bir təsəvvürün və
dünyagörüşün qurbanı olmuşlar.
Povestin məzmunu, təsvir üsulu aydın göstərir
ki, yazıçı sosializm realizmindən uzaqlaşdıqda,
həyatı və insanları dərindən-dərinə
öyrənmədikdə, zamanın nəbzini tutmadıqda necə
yanlışlıqlara gedib çıxa bilər.
İdeyaca ciddi nöqsanları olan "Ağ liman"
povestini oxuculara təqdim etmiş "Azərbaycan jurnalının
redaksiyası isə gənc müəlliflərə tələbkarlıq
göstərmək kimi mühüm vəzifələrini
unutmuşdur.
Xalid
Əlimirzəyev
"Kommunist"
11 iyun 1967
P.S. Bu
sitat böyük məqalənin üçdə biridir.
Xalid
Əlimirzəyevin məqaləsi çıxandan az sonra Bakı şəhər partiya fəallarının
toplantısında çıxış edən bəstəkar
Qara Qarayev dedi:
"Ə kateqoriçeski protiv statği v qazete
"Kommunist", napravlennıy protiv talantliveyheqo pisatelə
Anara".
("Mən "Kommunist" qəzetində çox
istedadlı yazıçı Anara qarşı
yazılmış məqalənin qəti əleyhdarıyam".)
Amma
iş ondadır ki, "Ağ liman" qalmaqalı bununla də
bitmədi. Əsəri Moskvada "Drujba
narodov" jurnalı Vladimir Portnovun tərcüməsində
dərc etdi. Haqqında "Literaturnaya qazeta"da
"Bir kitab haqqında iki rəy" səhifəsində
yazılar çap edildi. Həmin rubrikada
ilk dəfə olaraq Azərbaycan
yazıçısının əsəri haqqında -
"Ağ liman" haqqında iki rəy - sosioloq Perevedensevin
və tənqidçi Urnovun rəyləri çıxdı.
Urnovun bəzi tənqidi qeydləri olsa da, hər
iki müəllif əsəri müsbət qiymətləndirirdilər.
Daha sonra həmin rubrikada mənim və tənqidçi
N.Jusoytunun Rüstəm İbrahimbəyovun "8-ci
Xrebtovıda" povesti haqqında rəylərimiz
çıxdı. Sonralar bu rubrikada
Elçinin povesti haqqında da iki, əsasən, müsbət
rəy dərc edildi. Bütün bunlar
respublikada təqdir olunmaq əvəzinə, mənfi hal kimi dəyərləndirilirdi.
Sonralar həmin rubrikada heç bir Azərbaycan
yazıçısının əsəri barədə
yazı çıxmadı.
Sovet
ideologiyasının mərkəzində - Moskvada bizim
yazılarımız hər halda ədəbi hadisə
sayılırdı, respublikada isə "kraldan artıq
kralçılar", yaxud "Papadan betər katoliklər"
bizim ideya sapıntılarımızı "ifşa" etməklə
məşğuldular.
1970-ci ildə "Ağ liman" (rus tərcüməsində
"Kruq" Moskvada "Drujba narodov" jurnalında (¹ 2)
çap olunur.
X.Əlimirzəyevin məqaləsini dərc etmiş
"Kommunist" qəzetinin redaktoru indi də başqa bir
partiya orqanında Azərbaycan KP MK-nın "Azərbaycan
Kommunisti" jurnalında buna etirazını bildirir:
"Bəzi
moskvalı yoldaşlar yerlərdən gələn səslərə
qulaq asmırlar. "Azərbaycanfilm"
kinostudiyasında "Bir cənub şəhərində"
adlı film çəkilmişdir. Bu film həyatımızı
əyri güzgüdə göstərir. 50
ildən artıq bir müddətdə yaranıb təşəkkül
tapan sovet həyat tərzinin elə bil nə filmi çəkənlərə,
nə də filmin qəhrəmanlarına qətiyyən dəxli
yoxdur. Qəzetimiz susa bilməzdi. Filmin ciddi ideya, qüsurlarını şiddətli tənqid
atəşinə tutan kəskin bir məqalə dərc etdik.
Təəccüblü burasıdır ki, Lev
Kulicanov kimi hörmətli və görkəmli bir sənətkar
bu filmi sovet kino sənətinin şəksiz nailiyyəti
adlandırmış və beləliklə, qəzetimizlə
qiyabi mübahisəyə girmişdir (Yəqin L.Kulicanov Azərbaycan
dilində çıxan "Kommunist" qəzetini mütəmadi
izləyirmiş - A.). Bu mübahisə isə
adi mübahisə deyildir. Söhbət
sovet həyat tərzinin ən mühüm prinsiplərinə
münasibətdən gedir.
Daha bir fakt. "Kommunist" qəzeti gənc,
istedadlı yazıçı Anarın "Ağ liman"
povestini də kəskin tənqid etmişdi. Sovet həyatının
təsvirindən söhbət gedəndə hətta
istedadlı müəlliflərə də heç bir güzəşt
ola bilməz. "Ağ liman" povesti
"Azərbaycan" jurnalında çıxdı, bizim qəzetdə
tənqid edildi, bir qədər sonra isə əl gəzdirilmədən
ruscaya tərcümə edildi və tənqidi qeydlər nəzərə
alınmadan "Drujba narodov" kimi sanballı bir ictimai-siyasi
və ədəbi-bədii jurnalda dərc edildi. Burada söhbət heç də qəzetin tərəfini
saxlamaqdan, özümüzə haqq qazandırmaqdan getmir.
Mən Azərbaycan ədəbi ictimaiyyətinin
fikrini söyləyirəm. Redaksiyamıza
gələn məktublardan görünür ki,
oxucularımızın əksəriyyəti Anarın yeni
povestindən narazı qalmışdır. Yeri gəlmişkən deyim ki, bu povest Azərbaycan
yazıçılarının bu yaxınlarda
keçirilmiş qurultayında da haqlı tənqid
edilmişdir. Sual olunur. Bəs nə üçün geniş ictimaiyyətin
fikrinə bu cür etinasızlıq göstərilir? Mətbuat işçilərimiz Sovet həyat tərzinin
alovlu təbliğatçıları olmalıdırlar.
"Azərbaycan
Kommunisti" jurnalı,
1971, ¹ 2
Redaktorun
adından danışdığı "oxucuların və
ictimaiyyətin" rəyinə baxmayaraq, "Ağ liman"
Polşada, Macarıstanda, Bolqarıstanda, Estoniyada, Özbəkistanda,
Qazaxıstanda, bir neçə dəfə Türkiyədə
və bir neçə dəfə Moskvada ayrıca kitablar
şəklində nəşr olundu, Moskvanın ən mötəbər
mətbuat orqanlarında "Literaturnaya qazeta"da,
"Novıy mir", "Drujba narodov" jurnallarınn səhifələrində
povest haqqında müsbət rəylər dərc edildi. Azərbaycanda "narazı qalmış
oxucularsa" bir neçə nəşrinin ümumi tirajı
yüz minə yaxın olan povesti son nüsxəsinə qədər
alıb oxumuşdular. Nəhayət, görkəmli ədəbiyyatşünas
alim, akademik Məmməd Arifin "Ağ limanlar və
qırmızı gəmilər" adlı povesti xeyirxah
mövqedən təhlil edən məqaləsindən sonra
mübahisələr səngidi:
"Anarın hekayələri az müddətdə nəinki
Sovet İttifaqında, hətta xaricdə də bir
çoxlarının diqqətini cəlb etmişdir. Bunun səbəbi
üzərində düşünəndə belə bir nəticəyə
gəlmək olar ki, gənc istedad ədəbiyyata yeni bir təravət
gətirir. Bu təravət milli keyfiyyətlərə
malik olmaqla bərabər, bədii ədəbiyyatın
ümumi inkişafı, taleyi ilə də bağlıdır.
"Asqılıqda işləyən
qadın" bizi nəinki yaxşı tanıyır, hətta
bizimlə maraqlanır və dərdimizi də çəkir.
Bu hekayə Anarın ilk əsərlərindəndir.
Bahar müjdəsi gətirən bir hekayədir.
"Dantenin yubileyi" bir az sonra
yazılmışdır. Buradakı Feyzulla Kəbirlinski
ilə sanki biz çoxdan tanışıq. Bu sadə və adi insan mürəkkəb bir
varlıqdır. "Dantenin yubileyi"
hekayəsinin bədii təsiri çox güclüdür.
Onun gücü həssaslıqla insan ruhuna
dalmaqda, səmimi humanizmdədir. "Mən,
sən, o və telefon" hekayəsində zarafat dönüb
çox güclü və təsirli bir hadisəyə, bir
nağıla, əfsanəyə çevrilir, insan qəlbinin
hələ sağalmamış yaralarına toxunur, bakir
duyğular, təmiz hisslər doğurur. Anarı
tanımayan oxucu onun çox gənc olmasına inanmaz. Çünki əvvəlan, onun toxunduğu məsələlər
ancaq zəngin həyat təcrübəsinə malik olan ədibin
qələmindən çıxa bilər. İkincisi, Anar gənclərdən yazmaqla bərabər,
yaşlılardan, atalardan, analardan da yazır, qocaların da
xarakterini ustalıqla təsvir edir. "Keçən
ilin son gecəsi"ndə Həmidə xalanın bədii surətini
müəllif nə qədər canlı və təbii verə
bilmişdir. Həyatı həssaslıqla,
məhəbbətlə müşahidə etmək, insan taleyi
haqqında əsl bir insanpərvər kimi ciddi və səmimi
düşünmək bu sifətlər Anar yaşından
böyük göstərir. Bu cəhətdən
"Zəncir" hekayəsi öz ideya məzmunu və
orijinal forması ilə kamil bir əsərdir. Hekayə
ictimai həyatımızda özünə yer tapan ciddi
nöqsanlardan birini klassik deyilə biləcək bədii
üsulla ümumiləşdirmişdir...
Məmməd
Arif
Akademik Məmməd Arifin bu məqaləsində
belə bir abzas da vardı:
"Anarın "Ağ liman" povesti ilk dəfə çapdan çıxanda onu narazılıq hissi ilə qarşılayanlar da olmuşdu. Tənqidçilərdən biri Anarın təsvir etdiyi adamların cəmiyyətimiz üçün səciyyəvi olmadığını, hər cür idealdan, inamdan məhrum olduğunu göstərmiş, yazıçını həyatın nəbzini tutmamaqda təqsirləndirmişdi. Əlbəttə, biz qətiyyən bu fikirdə deyilik. Bununla belə, tənqidçinin narazılığını da etinasız buraxmaq istəmirik. Anar istedadlı bir yazıçıdır, onun qüvvətli qələmi daha qüvvətli əsərlər yazmağa qadirdir. Bu mənada tənqidçinin yazıçının müasir həyatımızın daha əhəmiyyətli, daha vacib məsələlərinə cəlb etmək təşəbbüsünə haqq verməmək olmaz".
MƏMMƏD ARİF.
"Ağ limanlar və qırmızı gəmilər".
"Ədəbiyyat və incəsənət" qəzeti,
17 aprel 1971
(Ardı var)
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2022.- 13 aprel.- S.10-11.