Müttəfiqlərin sınağı
Rusiyanın Ukraynaya müdaxiləsi beynəxalq təşkilatların
səmərəli fəaliyyətini
şübhə altına
aldığı kimi,
hərbi-siyasi ittifaqların
etibarlığını da
müzakirə mövzusuna
çevirdi. Rusiyanın Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatındakı
müttəfiqləri - Ermənistan,
Qazaxıstan, Qırğızıstan
və Tacikistan Moskvanın tərəfini
tutmaq istəmədilər.
BMT Baş Assambleyasında
Ukraynada apardığı
müharibənin dərhal
dayandırması tələb
olunanda Belarusdan başqa müttəfiqlərinin
heç biri Rusiyanı müdafiə etmədi. Daha sonra isə
məlum oldu ki, Avrasiya İqtisadi
Birliyindəki müttəfiqləri
də Rusiyanı Qərbin sanksiyalarından
müdafiə etmək
istəmirlər. Rusiyanın müttəfiqləri
onu müdafiə etməkdən çəkindikləri
kimi, Qərb cəbhəsində də
tam yekdiklik yoxdur.
The New York Times qəzetinin diplomatik mənbələrə
istinadən yazdığına
görə, NATO-da fikir ayrılığı
mövcuddur. Polşa və Baltikyanı
ölkələr Moskva
ilə münasibətlərin
tamamilə kəsilməsinə
çalışdığı halda, Almaniya, Fransa və Türkiyə baş verənlərdən asılı
olmayaraq Rusiya hakimiyyəti ilə əlaqə saxlamağa çalışır. Türkiyədən fərqli olaraq Almaniya və Fransa Rusiyaya qarşı sanksiyalara qoşulub. Ankara sanksiyalara qoşulmamaqla yanaşı, Moskva ilə münasibətlərini
dərinləşdirməkdə də davam edir.
Rusiya prezidentinin köməkçisi
Dmitri Peskov Türkiyənin
Rusiyaya qarşı sanksiyalara qoşulmamasının
Moskvada yüksək qiymətləndirildiyini bildirib.
Ankaranın bu mövqeyi
Vaşinqton və Brüsseldə narazılıq
doğurur. ABŞ prezidenti Co Baydenin türk həmkarı Rəcəb Tayyip Ərdoğanla NATO-nun ötən
ay Brüsseldə keçirilən
sammitində təkbətək
görüşməkdən imtina etməsi də Vaşinqtonun Ankaranın siyasətindən
narazı olması ilə bağlıdır.
Ankaranın siyasətindən narazı olması prezident Co Baydenin F-16 təyyarələrinin Türkiyəyə
satılmasına razılıq
verilməsi barədə
Konqressə müraciətində
də öz əksini tapıb. Həmin müraciətində Co Bayden
ABŞ-ın Türkiyə
ilə münasibətlərini
"gərgin" adlandırıb.
Türkiyənin özündə də
NATO-ya yönəlik münasibət olduqca mənfidir. Rəy sorğularına görə, əhalinin cəmi 20 faizi NATO-nun fəaliyyətini dəstəkləyir.
Qərbdə qeyd edirlər
ki, NATO-ya belə münasibət adətən Rusiya və Serbiya kimi ölkələr üçün xarakterikdir.
Türkiyədə anti-NATO əhval-ruhiyyəsinin əsas
səbəbi kimi Şimali Atlantik Alyansına qarşı aparılan təbliğat göstərilir. Bu zaman Türkiyədə müstəqil
mətbuat vasitələrinin
çox az
qaldığı, bütün
əsas media orqanlarının
hakim partiyaya bağlı
iş adamları tərəfindən satın
alındığı da
xüsusilə qeyd olunur.
ABŞ Konqressinin Türkiyəyə
Ankaranın istədiyi
40 ədəd F-16 qırıcısını
satmaqdan və 70 ədəd F-16 təyyarəsini
yeniləməkdən imtina
edəcəyi halda türklərin Rusiyadan
Su-35 və Su-57 qırıcılarının
almağa çalışacağı
ilə bağlı məlumatlar var. Əslində,
Türkiyə rəsmiləri
bir neçə ildir ki rusiyalı
həmkarları ilə
bu istiqamətdə danışıqlar aparırlar.
Ötən ilin payızından isə danışıqlar prosesinin sürətləndiyi
haqqında məlumatlar
var.
Avropa Birliyinin
viza verməkdən imtina etdiyi Rusiya
vətəndaşlarına Türkiyənin bütün
"qapıları" açması
da Qərbdə çox böyük narazılıq yaradır. Rusiyalı turistləri
cəlb etmək üçün Türkiyənin
xüsusi aviaşirkət
yaratmaq niyyəti də Qərbdə tənqidlə qarşılanır.
Yeni aviaşirkətin Rusiya şəhərləri ilə
Türkiyənin kurort
bölgələri arasında
uçuş həyata
keçirməsi nəzərdə
tutulur. Türkiyədə belə hesab
edirlər ki, bu aviaşirkət əlavə bir milyon rusiyalı turistin cəlb edilməsinə imkan verəcək. Bütün bunlar
Qərbdə, xüsusilə
də Vaşinqtonda narazılıq doğurur və Türkiyə etibarlı müttəfiq hesab edilmir.
Türkiyədən fərqli olaraq Almaniya Vaşinqtondakı narazılığı aradan
qaldırmağa çalışır
və Rusiyaya yönəlik siyasətini
sərtləşdirir. Xarici işlər
naziri Annalena Berbokun Ukraynanın ağır silahlarla təchiz edilməsinin zərurəti haqqında bəyanatı da Berlinin Rusiyaya yönəlik siyasətini
sərtləşdirməsi kimi dəyərləndirilir.
Almaniyanın Rheinmetall silah
korporasiyası istehsal
etdiyi ağır silahları, o cümlədən,
tankları Ukraynaya göndərməyə hazır
olduğunu açıqlayıb.
Məlumata görə, söhbət
Leopard 1 tanklarından gedir.
Konsernin rəhbəri Armin Pappergerin
sözlərinə görə,
tanklar altı həftəyə Ukraynaya çatdırıla bilər.
Bir neçə həftə əvvəl Böyük Britaniyanın Ukraynaya silah göndərilməsinə
mane olan Almaniya indi mövqeyini 180 dərəcə dəyişib.
NATO-daxilində etibarlı müttəfiqliyi şübhə altına alınan ölkələrdən biri də Macarıstandır. Viktor Orbanın başçılıq etdiyi hökumət Macarıstan ərazisindən Ukraynaya silah nəqlinə qadağa qoyub və Rusiyadan enerji daşıyıcıları almaqda davam edir. Budapeştin bu siyasəti onun NATO müttəfiqlərində ciddi narazılıq doğurur. Viktor Orban hökuməti çox ciddi tənqidlərə məruz qalır. Artıq Macarıstanla əlaqələr qopmağa başlayır. Polşa rəsmiləri bildirirlər ki, Macarıstan Ukrayna ilə bağlı siyasətini dəyişməsə, əvvəlki əməkdaşlıq olmayacaq. Polşanın hakim Hüquq və Ədalət Partiyasının lideri, baş nazirin müavini Yaroslav Kaçinski Macarıstan hökumətinin başçısını sərt tənqid edib: "Orban Buçada baş verənləri görə bilmədiyini deyəndə, ona bir oftalmoloqa müraciət etməsi tövsiyə edilməlidir".
Aprelin ilk bazar gününə kimi Vaşinqton və Brüsseldə ümid edirdilər ki, parlament seçkilərində Viktor Orbanın rəhbərlik etdiyi "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası seçkiləri uduzacaq və yeni hökumət fərqli siyasət aparacaq. Lakin "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası ötən bazar günü keçirilən parlament seçkilərində öz mövqelərini qoruya bildi. İndi artıq Vaşinqton və Brüsseldə Macarıstanla gələcək müttəfiqlik mümkünsüz sayılır. Xüsusilə də Finlandiya və İsveçin NATO-ya üzv olmaları ehtimalı artdıqca Macarıstan müttəfiq kimi cəlbediciliyini itirir.
Rusiyaya qarşı sanksiyalara qoşulmadığı üçün Türkiyə və Macarıstanın NATO-dan, Macarıstanın eyni zamanda Avropa Birliyindən qovulmasını təklif edənlər də var. Almaniya kansleri Olaf Şolts və Hollandiya baş naziri Mark Rütte Türkiyəyə səfərləri zamanı Ankaranı Avropa və Rusiya arasında seçim etməyə çağırıblar.
Avropa Komissiyası Macarıstanı Avropa İttifaqının ümumi büdcəsindən ayrılan maliyyənin azaldılması ilə hədələyib. Bu məhdudiyyət Budapeştə on milyardlarla avroya başa gələ bilər.
Vaşinqton isə hələlik
səbrli davranmağa
çalışır və Rusiya ilə
qarşıdurmanın indiki anında NATO-da fikir
ayrılığı və parçalanma
istəmir, buna görə də
Macarıstan və Türkiyə ilə bağlı məsələni
qabartmır. Ancaq Ukraynanın işğal təhlükəsi
aradan qalxdıqdan və Rusiyanın məğlubiyyəti
aşkar görünməyə
başladığı zaman Vaşinqton Macarıstan və Türkiyə ilə
münasibətlərini çox güman ki, yenidən dəyərləndirəcək.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 13 aprel.- S.8.