İlklər müəllifi...
Bu gün Qurban Qurbanovun
50 yaşı tamam olur
Bu gün müasir Azərbaycan futbolunun canlı əfsanəsi,
"Qarabağ" Futbol Klubunun baş məşqçisi
Qurban Qurbanovun 50 yaşı tamam olur.
Deyirlər,
hər yaxşı futbolçu yaxşı məşqçi
ola bilmir. Amma Q.Qurbanov həm yaxşı
futbolçu, həm də yaxşı məşqçi ola bildi. Futbolçu kimi qol
sayına görə Azərbaycan milli komandasının
bombardiri olan Q.Qurbanov məşqçi kimi də mütləq
rekordu özündə saxlayır. O, yeganə azərbaycanlı
məşqçidir ki, komandası dalbadal yeddi dəfə Azərbaycan
çempionu olub, hazırda isə səkkizinci
çempionluğun bir addımlığındadır.
"Qarabağ" Q.Qurbanovun rəhbərliyi dövründə
ardıcıl 8 il Avropa kuboklarının
qrup mərhələsinə vəsiqə qazanıb. Azərbaycan klublarından ilk və hələlik
sonuncu dəfə Çempionlar Liqasının qrupunda da məhz
Qurban Qurbanovun komandası oynayıb. Və
2021/22 mövsümündə Qurbanovun
"Qarabağ"ı Avropa kuboklarında qrup səddini
aşan ilk Azərbaycan klubu oldu.
Q.Qurbanov
yüksək məşqçilik bacarığı ilə
yanaşı, meydandan və ondan kənarda yüksək insani
keyfiyyəti, futbolda hər məşqçiyə xas olmayan ləyaqətli
davranışı, ədalətli qərarları ilə
tanınır və sevilir ki, bu fakt da həm Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, həm də
ictimaiyyət tərəfindən bir neçə dəfə
vurğulanıb.
Q.Qurbanov üçün bu əlamətdar gündə
Azərbaycanın idman və ictimai həyatının
tanınmış simaları onunla bağlı fikirlərini
bölüşüblər.
Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid Qol.az saytına bildirib ki,
Qurban Qurbanov artıq Azərbaycan futbolunun əfsanəyə
çevrilmiş imzalarından biridir: "Onun ən
üstün keyfiyyətlərindən biri peşəkarlığıdır.
Bu illər ərzində Qurban Qurbanov
"Qarabağ"ın uğur qazanmasında böyük rol
oynayıb. Hələ 2009-cu ildə, Ağdamın
işğalının 16-cı ildönümündə
komanda Norveç "Rosenburq"na qalib gələrkən
demişdim ki, bu, mühüm və böyük hadisədir. "Qarabağ" o vaxt indiki kimi azad deyildi,
işğal altındakı Ağdamı təmsil edirdi.
Komandanın beynəlxalq arenada uğur
qazanmasının böyük üstünlükləri
vardı. Dünyada minlərlə,
milyonlarla futbol azarkeşinin yaddaşına,
şüuraltına Ağdam və "Qarabağ" sözləri
yazılırdı.
Bir çoxları düşünür ki,
Qarabağdakı həqiqətlərin onlara çatmasında
"Qarabağ" komandasının uğurlarının
böyük rolu olub. "Qarabağ"a qarşı elə
Qarabağdakı kimi haqsızlıqlar çox olub. Amma Qurban Qurbanov həmişə öz təmkinini
qoruyub saxlayıb. O, ən çətin məqamlarda da
soyuqqanlı olmağı bacarıb. Eyni zamanda
Qurban Qurbanov həm də emosional insandır. Bir neçə dəfə onun
"Qarabağ"ın uğurlarından sonra göz
yaşlarını saxlaya bilmədiyi görmüşük.
Bu yaxınlarda "Qarabağ" "Marsel"lə
oyuna getməzdən bir neçə gün əvvəl şəhid
baş leytenant Səid Rəşidzadənin atası Nofəl
Qasımov bir tədbirdə Qurban Qurbanova oğlunun hərbi
paltarını vermişdi. Onda Qurban Qurbanovun necə
kədərləndiyini, həm də qürur duyduğunu
görmüşdüm. "Qarabağ"ın
Qurban Qurbanovun baş məşqçiliyi ilə
qazandığı uğurlar Azərbaycan futboluna heç vaxt
olmayan inam yaratdı. On minlərlə
insanın stadiona gəlib, məyus qayıtmaması
"Qarabağ" klubunun və Qurban Qurbanovun uğurudur.
Hətta mən özüm şahidəm,
"Qarabağ"ın legionerləri də müsahibələrində
deyirdilər ki, biz komandada özümüzü doğma vətənimizdəki
kimi hiss edirik. Bu mövzuda Qurban Qurbanovun
yaratdığı mühitin böyük rolu olub. Mən onu 50 yaşının tamam olması
münasibəti ilə təbrik edirəm. Əminəm ki, hələ bundan sonra da Qurban
Qurbanovun Azərbaycan futboluna çoxlu
başucalığı gətirəcək fəaliyyətinin
şahidi olacağıq".
"Qarabağ"
klubunun direktoru Əmrah Çelikel deyir ki, Qurban Qurbanovla
tanışlığı 2008-ci ilə təsadüf edir:
"O vaxtkı ofisimiz "Ruslan 93" adlanan bazada yerləşirdi.
Biz elə ilk dəfə orada
görüşmüşdük. Sonra da
Qurban müəllim "Qarabağ"ın baş məşqçisi
təyin olundu. 2008-ci ildən indiyədək
çox şey dəyişib. Klubumuzun
sponsoru "Azersun"u daimi dəstəyi, Qurban Qurbanovla
qarşılıqlı etibar, inam nəticəsində
"Qarabağ" artıq böyüyüb, başqa səviyyəyə
çatıb, çox böyük nailləyyətlər
qazanıb. Burada ən çox əmək
sərf edənlərdən, zəhmət çəkənlərdən
biri Qurban Qurbanovdur. Onun
düzgünlüyü, təmizliyi, zəkası sayəsində
"Qarabağ" Avropada öz adından söz etdirir.
2008-ci ildəki "Qarabağ"la indiki komanda
arasında çox böyük fərq var. O gündən bu
günə dəyişməyən tək şey Qurban
Qurbanovun duruşu, sadəliyi, təmizliyi, düzgünlüyüdür.
Bizim nailiyyətlərimiz artdıqca onun sadəliyi
də bir o qədər artıb. Qurban
müəllim mənim çox yaxın dostum, böyük
qardaşımdır. Biz onunla məsləhətləşirik.
Hər zaman bizlərə, hətta mənim ətrafıma
düzgün yol göstərir, kömək edir. Qurban Qurbanovun "Qarabağ"da olmağı bizim
üçün böyük şansdır. Mən ona uzun ömür, cansağlığı
diləyirəm. Allah onu Azərbaycana
çox görməsin".
Uzun illər Q.Qurbanovla çiyin-çiyinə
çalışan, onun həm komanda yoldaşı və
futbolçusu olmuş, bu gün isə "Zirə"
klubunu çalışdıran R.Sadıqov Q.Qurbanov barəsində
minnatdarlıqla danışır. Qol.az-a müsahibəsində Rəşad
Sadıqov deyir:
"Mənim futbolçu kimi formalaşmağımda
Qurban Qurbanovun çox böyük əməyi olub. Tək mən yox, son 10 ildə
Azərbaycan futbolunda milli səviyyəsinə qədər
yetişən, istər daxili, istərsə də beynəlxalq
arenada futbolumuzu layiqincə təmsil edən
oyunçuların 80-90 faizini ya
Qurban müəllim yetişdirib, ya da formalaşdırıb.
Futbolçuda perspektiv, potensial ola bilər.
Amma bir futbolçunun formalaşması
üçün mütləq savadlı, can yandıran bir məşqçisi
olmalıdır. Mənim də bəxtim gətirdi
ki, 26-27 yaşımdan sonra Qurban müəllimin baş məşqçiliyi
altında oynamağa başladım. Onun rəhbərliyi
altında oynayandan sonra həqiqətən də özümdə
inkişaf hiss etdim. Futbola yanaşmamda da, şəxsi həyatımda
da bir çox dəyişikliklər baş verdi.
O, futbolçuya təkcə futbol oynamağı yox, hətta
düzgün həyat yaşamağı öyrədir. O, həmişə
öyrədir, istiqamət verir. Mən məşqçiliyi
isə tam sıfırdan Qurban Qurbanovdan öyrənmişəm.
Bundan sonra da məşqçi kimi hər hansı
bir uğur qazansam, bu, birbaşa Qurban müəllimin əməyi
olacaq. Mən həyatımın sonuna qədər
ona minnatdar olacam. O, mənim uğurlu futbolçu
karyerası yaşamağıma kömək etdi, həm də
məşqçilik peşəsinin sirlərini öyrətdi.
İnanıram ki, mən də onun üzərimdə
çəkdiyi əziyyəti boşa
çıxarmayacağam. Yəqin ki,
hamı mənimlə razılaşar ki, son 10 ildə Azərbaycan
futbolunun yükünün əsas hissəsini daşıyan
şəxs Qurban Qurbanovdur. Onun "Qarabağ"da
qurduğu komanda, gördüyü iş,
verdiyi nəticələr yalnız Azərbaycanda deyil, bütün
dünyada danışılır. Qurban müəllim
komandada inkişaf yolunu davam etdirir. Uzun illər boyu stabil
və uğurlu iş görmək bir məşqçi
üçün çox çətindir. Daimi
komandanı motivasiyada saxlamaq demək olar ki,
qeyri-mümkündür. Bu, böyük məşqçilərdə
də belə olub. Yəni, hamı belə
mövzuda problem yaşayır. Amma məhz
Qurban müəllim bunun öhdəsindən çox layiqli
şəkildə gəlib. O, "Qarabağ"ı istər
futbol tərəfdən, istərsə də komandanın
davranışları cəhətdən dünyada nümunəvi
kluba çevirib. Qurban müəllim həm
"Qarabağ"ı, həm də Azərbaycan futbolunu
inkişaf etdirdi. İlk iş günlərindən fərqlənirdi.
Mən o vaxta qədər bir çox məşqçi
ilə işləmişdim. Biz ilk dəfə
məşqçi-futbolçu kimi "Neftçi"də fəaliyyət
göstərmişdik. O, zəhmətkeşliyi,
futbolçularla qurduğu ünsiyyətə görə fərqlənirdi.
Bilirsiniz, Qurban müəllim uzun illər kapitan
olub. Məşqçi karyerası da bir
növ futbolçu karyerasına bənzəyirdi. Amma bundan sonra məşqçi karyerasını elə
bir səviyyəyə gətirdi ki, artıq onun dünyada
TOP-10 mütəxəssis arasına
düşdüyünü deyə bilərik. Hətta bir çox böyük məşqçilər
Qurban müəllimin nəticələrini verə bilməzdilər.
Bir komandanı sıfırdan qəbul edib, belə
yüksək səviyyəyə gətirmək hər məşqçinin
işi deyil. Qurban müəllim klubun
bazasına hamıdan əvvəl gəlirdi, hamıdan sonra da
gedirdi. O, işinə böyük həvəs, sevgi ilə,
futbolçulara, azarkeşlərə və rəhbərliyə
isə böyük hörmətlə yanaşır. Qurban müəllimdən saatlarla danışmaq olar.
O, nümunəvi məşqçi və nümunəvi
insandır".
AFFA-nın
vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri
Vaqif Sadıqov Qol.az saytı üçün Q.Qurbanov haqda
yazdığı yazıda bu qeydləri edib: "Mənə
görə, bir insanı şəxsiyyət kimi həyatda
üç şey formalaşdırır - onun
dürüstlüyü, işi və nailiyyətləri.
Bu mənada, Zaqatala rayonunun Aşağı Tala kəndindən olan gənc Q.Qurbanov üçün özünü təsdiq etmək o qədər asan deyildi. O, futbolda ilk addımlarına yerli "Daşqın" komandasında başlayarkən dərhal böyük klubların maraq dairəsinə düşmüşdü. Mən də o vaxt onu öz komandamda görmək istəyirdim. Azərbaycan millisinin baş məşqçisi işləyəndə isə Q.Qurbanovla birgə çalışdıq. O, öz zəhməti sayəsində komandasının əsas oyunçusuna çevrilməyi bacarmışdı.
Qurbanov 2005-ci ildə milli karyerasını başa vuran zaman vida matçında futbolçuları və məşqçilər heyətini özü seçmişdi. Sonra tale elə gətirdi ki, elə həmin oyun mənim də millidə vida matçım oldu. Qurbanın məşqçi işində ilk addımları da çox yaxşı yadımdadır. Deyə bilərəm ki, bu, o qədər də rahat alınmamışdı. Ancaq Qurban öz qüvvəsinə inanaraq istədiyinə nail olub. Təsadüfən deyilməyib ki, zaman, nəticə geciksə də, səbr edən mütləq zəfər çalar.
Dürüstlüyə gəlincə, ilk tanıdığım gündən Qurban öz prinsiplərinə sadiq qalıb. Bu dürüstük, xeyirxahlıq, sadəlik ailə tərbiyəsindən irəli gəlir. Bu, Qurbanın həyat tərzinə çevrilmişdi. İnsan olmaq nə din, nə təhsil, nə də pula bağlıdır. İnsan olmaq sadəcə, vicdan işidir. Biz hamımız "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə cavab oyununda bunun canlı şahidi olmuşuq.
Qurban Qurbanovun nailiyyətlərindən danışarkən isə onu deyə bilərəm ki, ona ən böyük qiyməti Prezident İlham Əliyev verib. O, çıxışlarında bir neçı dəfə Qurban Qurbanovun mərdliyini, dürüstlüyünü, ləyaqətini, uğurlarını dilə gətirib. Ölkə başçısı bildirib ki, biz ləyaqətli olduğumuzu hər zaman və hər sahədə sübut edirik.
Onu da yaddan çıxarmamalıyıq ki, "Qarabağ"ın, Qurban Qurbanovun nailiyyətlərinin siyasi tərəfi də var. İşğal altında olan torpaqları təmsil edən vaxtlarda "Qarabağ" Avropadakı çıxışı zamanı bütün təxribatlara baxmayaraq, "Qarabağ Azərbaycandır" həqiqətini sübut edib. Qurban Qurbanovdan danışanda onun Azərbaycan futboluna bəxş etdiyi vətənpərvər oyunçuları da qeyd etmək lazımdır. Qurban Qurbanov və komandası uğurları, nailiyyətləri, dürüstlüyü, əzmi ilə adını Azərbaycan və dünya futbolu tarixinə yazdırıb. Bu uğurların hamısının memarı onun özüdür.
Və sonda mən Qurban Qurbanovu 50 yaşının tamam olması münasibəti ilə təbrik edirəm. Arzulayıram ki, onun hər günü dünənkindən çox uğur və savab qazanaraq keçsin".
Nur Zeynalova
525-ci qəzet.- 2022.- 13 aprel.- S.9.