Su ilə dolu susuz dünya  

 

 

Əkinçilik, yatırım və markalaşdırma mütəxəssisi

 

(İstanbul)

 

Önünüzdə qlobus varsa, sürətlə fırladın... Dünya sanki mavi rəngli okeandan ibarətdir. Sonra da televiziyanı açın və istədiyiniz ölkənin xəbər kanalına baxın. Ən azı bir xəbərdə cadar-cadar olmuş torpaqları, quraqlıqdan yanmış əkin sahələrini və afrikalı bir körpənin çatlamış dodaqlarını görəcəksiniz... Dünyada çirkli su səbəbilə hər dəqiqə 3 uşaq ölür. 97 faizi su və 10 faizi buzla əhatəli planetimizin dərdinə baxın: SU... Daha doğrusu, SUSUZLUQ...

Televiziya ekranlarında və mətbuatda suyun dəyərindən söhbət gedəndə adətən əhaliyə suya qənaət etmək tövsiyə edilir. Təbii olaraq da belə bir fikir yaranır ki, evlərdə israfçılıq var. Lakin suya necə qənaət olunmasına dair konkret məsləhətlər verilmir. Kiçik bir mənzildə yaşayan insan sudan nə qədər istifadə edə bilər ki? Detallarla qənaət tövsiyələri vermək lazımdır ki, israf rəqəmləri bəlli olsun. Məsələn, mətbəxinizdə  damla-damla sızdıran boru, 1 ildə ortalama 11.000 litr (11 ton!) su itkisi deməkdir. Bu suyla sahəsi 1000 kv.m. olan 11 istixanada tərəvəz yetişdirmək olar. "Dama-dama göl olar" ifadəsi ordan gəlirmiş.

Bəşər övladı sərf etdiyi suyun nə qiymətini, nə də mühasibatını bilir. Su təkcə əlimizi yuduğumuz, ya da içdiyimiz maye deyil, eyni zamanda yağış, qar, yeraltından çıxan sular və çirkləndirdiyimiz maye tullantılardır. Bu suların  miqdarı onun mühasibatını təşkil edir. Bu bir istehlak göstəricisidir və bəzən fərqinə varmadığımız üçün işlədilən tonlarca su gözə görünmür, yaxud sərfi gizli qalır.

 

Planetimiz kimi bədənimizin də 70 faizi sudan ibarətdir. Hətta sümüklərimizin 31 faizi sudur. Bu səbəbədən gündəlik ehtiyacımızı ödəmək üçün hər gün 2 litr su içməliyik. 2 nəfərlik ailə hamam, tualet, təmizlik, mətbəx və s. üçün gündə ortalama 200 litr su işlədir. Bu miqdar geridə qalmış ölkələrdə 2 dəfə az, lüks həyat tərzi olanlarda isə 5 dəfə çoxdur. Evlərdə istifadə olunan suyun dörddə biri isə tualet sifonlarından çəkilən sudur. Sudan ən çox irriqasiyada (70 faiz) və sənayedə (15 faiz) istifadə olunur. Geri qalanı isə məişətin payına düşür.

 

İçdiyimiz çayın 1 qurtumu üçün 1 litr su sərf edilir. Boş vaxtınızı öldürmək, ya da nəzakət üçün çay içirsinizsə, iki dəfə düşünün. Bir fincan çayın önümüzə gəlməsi üçün əkilib-becərilməsi, qablaşdırılması, fabrikdə emalı və dəmlənməsi nə az, nə də çox - 30 litr su tələb edir. İçində yarım litr su olan 1 plastik PET qabın özünün, qapağının və etiketinin istehsalında 6 litrə yaxın sudan istifadə olunduğunu bilirdinizmi? Cəmi 7 qram qəhvədən bişirilən 1 fincan türk qəhvəsinin başa gəlməsi - 140 litr su tələb edir. Bura tropik yağışlar və emal prosesi də daxildir. 250 ml pivə - 75, 1 qədəh şərab (125 ml) - 120, 1 kq buğda - 1300, 1 dilim çörək  - 40, 1 kq kartof - 900, 1 kq toyuq əti - 4 min litr su dəstəyi ilə başa gəlir. Münbit ərazilərdə 1 kq qoyun əti tədarük etmək üçün 6 min litr (6 ton) su lazımdır. Bu, bir insanın 4 ildə içdiyi suya bərabərdir. 1 kq mal əti tədarükü üçün lazım olan suyun miqdarı isə tam 20 min litrdir. Yəni 20 ton. Əgər quraq ərazilərdən söhbət gedirsə, bu rəqəmlər 3 dəfə artır. Bir fincan (200 ml) süd istehsalı üçün 200 litr su sərf olunduğunu bilirdinizmi? Bura inəklərin içdiyi, yem bitkilərinin suvarılması, südün qablaşdırılması üçün tələb olunan sular da daxildir. Gələcəkdə su sərfiyyatı baxımından ən qənaətli istehsal zəncirləri düşünülməlidir ki, qlobal fəlakətə sürüklənməyək.

 

Səudiyyə Ərəbistanının El Safi səhrasındakı bir südçülük təsisi böyüklüyünə görə Ginnesin rekordlar kitabına düşüb. Qızmar səhrada inəklərin sağlamlığını qorumaq üçün hər 20 dəqiqədən bir onlara soyuq duş verirlər. Burda gündə 1 milyon litr süd sağılır və 1 litr süd üçün 2 ton su sərf edilir. Kondisionerli binalarda saxlanan 50 min Holstein inəyi üçün Braziliyadan QDO-lu qarğıdalı və soya yemi gətirilir. Südün maya dəyəri haqqında danışmağa belə dəyməz, çünki bu, kompleksin sahibi üçün çox da önəmli deyil. Əsas məsələ Ginnesin rekordlar kitabına düşmək imiş. Bu yerdə elə o torpaqlarda nazil olmuş müqəddəs kitabımız Qurani-Kərimin Əraf surəsi yada düşür: "Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (Əraf, 31-ci ayə).

 

Sənayedə isə məsələ daha da qorxuncdur. Bir qısaqol pambıq köynəyin başa gəlməsi üçün 4100 litr, bir cüt dəri ayaqqabı istehsalı üçün 10 min litr (10 ton!), pambıq parçadan cins şalvar üçün 11 min litr (11 ton!), 1 kq düyünün yetişib paketlənməsi üçün isə  - 3400 litr su tələb olunur.  Bəzən qısa bir məktub yazıb sonra da zibil yeşiyinə atdığımız 1 ədəd A4 kağızının başa gəlməsi üçün 10 litr su işlədilir. Yəni bir ölkə köynək, kağız, ayaqqabı, şalvar yada düyü ixrac edirsə, bu, eyni zamanda dolayı yolla işlənmiş suyun ixaracatı deməkdir.

 

Su, təbii proseslər nəticəsində, qitələr arasında qeyri-bərabər şəkildə paylanıb. Su qıtlığı olmayan ölkələr yağışlı iqlim şərtlərinə, qarlı təbiətə, buzlaqlara və çaylara sahibdirlər. Afrika qitəsinin yarısı, Asiyanın 20 faizi susuzluqdan əziyyət çəkir. Planetdə içməli su mənbələrinin yarıdan çoxu Kanada, Braziliya, Norveç, Rusiya, ABŞ, Yeni Zelandiya, Avstraliya, Kolumbiya, Braziliya və Çinin payına düşür.

 

Qardaş Türkiyə də susuzluq problemi ilə üz-üzədir. Həm torpaq həm də şirin su mənbələri baxımından zəngin olmayan Anadolu torpaqlarında əkinə yararlı ərazilər sürətlə azalmaqdadır. Əvvəllər yerin 40 m dərinliyindən su çıxırdısa, indi bu göstərici 100 metri də keçir. Ölkənin şərqində artezian quyularının 2/3-ü quruyur, torpaqlar səhralaşır. Qərbdə - Bursa və Sakaryada isə vəziyyət başqadır. Hər ay dünyanın 110 ölkəsinə bu iki vilayətdən qablara doldurulmuş içməli su göndərilir. 80 milyon dollar gəlir gətirən türk sularının 40 faizi Almaniya və Böyük Britaniyaya satılır. Ötən il Birləşmiş Ərəb Əmirliklərinə 60 min ton, İsrailə 35 min ton və Şimali Kiprə 25 min ton şirin su satılıb.

 

Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatına görə, insanların suya olan münasibəti dəyişməsə, 150 ölkədəki  minlərlə istehsalçı şirkət iflas edəcək. Çünki su həm də bütün istehsal proseslərində işlənən xammaldır. Başqa sözlə, dünya miqyasında istehsalda istifadə edilən suyu planetimizin əhalisinin sayına bölsək adambaşına 7 min litr təşkil edir. Əslində, bu sulardan təkrar istifadə edilsə, yeraltı su mənbələrinə qənaət olunardı. Məsələn, avtoyuma məntəqələrində, bütün tualetlərdə, qapalı damcılı suvarma sistemlərində işlənmiş sulardan təkrar istifadə oluna bilər. Bakının ən çox su sərf olunan bir məhəlləsində bir pilot layihə yaratmaqla bu məsələyə start vermək olar.

 

DƏNİZ SULARINDAN İSTİFADƏ

 

Elə bir istehsal sahəsi yoxdur ki, orada enerji sərfi olmasın. Dəniz suyunu duzsuzlaşdıran qurğular enerji tələb etdiyi üçün uzun illər 2-ci planda qaldı. Lakin dünyada artıq bərpaolunan enerji layihələri start alıb.

 

İndi əsas məsələlərdən biri duzsuzlaşdırmanın maya dəyərini aşağı salmaq - yəni enerji sərfiyyatını ucuzlaşdırmaqdır.

 

Türkiyənin Mərmərə dənizindəki 4 min əhalisi olan incə qumlu Avşa adasına 2 dəfə səyahət etmişəm: 12 il əvvəl və ötən il... Əvvəlki gəlişimdə adada susuz qalmanın nə demək olduğunu anladım. Adaya suyu gəmilərlə gətirirdilər. Adalıların fırtınalı günlərdə nələr yaşadığını təsəvvür edə bilərsiz. Ötən il getdiyimdə isə vəziyyət bambaşqaydı. Bələdiyyə adada dəniz suyunu duzsuzlaşdıraraq gündə 4000 m3 içməli su istehsal edən təsis tikib. Elə bu səbəbdən də İstanbula cəmi 135 km uzaqlıqda yerləşən Avşa yay aylarında adalılardan 30 dəfə artıq - 120 min yerli turisti rahat qəbul edir. Adada 1 m3 suyun duzsuzlaşdırma maliyyəti isə 2 dollardır.

 

SIFIR GÜNÜNƏ HAZIR OLAQ

 

Artıq planetimizdə su qıtlığının qurbanı olan ölkə rəsmən açıqlandı. İqlim dəyişikliyi və plansız əhali artımı səbəbilə Cənubi Afrika Respublikasında, xüsusən paytaxt Keyptaunda durum dəhşətlidir. Məcburiyyət qarşısında qalan hökumət 2019-cu ildə Sıfır Günü (Day Zero) proqramının icrasına başlayıb. 8 il sonra, yəni 2030-cu ildə dünyanın yarısında nələr olacağını bilmək istəyirsinizsə, Keyptauna baxın. Adambaşına günlük su ehtiyacı nə az, nə də çox - 25 litrdir. Bu suyla ancaq 2 dəfə saç yumaq olar. Bu suyun alternativsiz nemət olduğunu isbat edir. Su ilə əhatəli planetin ortasında susuz qalmaq istəmiriksə, suyun qədrini bilək...

 

 

Etibar RƏHİMOV

 

525-ci qəzet.- 2022.- 14 aprel.- S.12.