Xalq yazıçısı Anar oxucuları ilə görüşüb
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan"
klubunda Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anarla "Qobustan"
jurnalının redaksiya
heyəti, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsinin
tələbələri və
Bakı şəhəri
308 nömrəli məktəbin
şagirdləri ilə
görüş keçirilib.
Görüşü giriş sözü
ilə "Qobustan"
jurnalının baş
redaktoru, yazıçı
Pərvin Nurəliyeva
açıb. O bildirib
ki, ilk sayı 1969-cu ildə Anar müəllimin təsisçiliyi
və redaktorluğu ilə nəşr olunan "Qobustan" jurnalı uzun bir fəaliyyət yolu keçib. Toplu bu illər ərzində
ölkədə və
dünyada baş verən mədəniyyət
hadisələri, sənət
yenilikləri, araşdırmalar,
incəsənət adamlarının
yaradıcılığı ilə bağlı materialları oxucuların
ixtiyarına verib.
Əlli üç illik yaradıcılıq yolu keçən "Qobustan"
jurnalı bu gün də
öz fəaliyyətini
uğurla davam etdirir: " Biz daim gənc filoloq tələbələrlə
jurnalın əlaqəsini
qurmağa çalışırıq.
Onların bir çoxu
artıq jurnalımız
ilə əməkdaşlıq
edir. Düşünürəm ki,
bu əlaqə gənclərin yetişməsinə
müsbət təsir
göstərir, onlarda
araşdırmaçı peşəkarlığının
yaranmasına kömək
edir. Tələbələrə
stimul vermək, onları yaradıcılığa
həvəsləndirmək üçün
jurnalın hər nömrəsində onlara yer veririk. Redaksiyanın
əməkdaşları ilə
məsləhətləşib belə qərara gəldik ki, bir müsabiqə təşkil edək, yaz sayımız haqqında ən dolğun xülasə yazan, video-çarxlar hazırlayan tələbələri
mükafatlandıraq.
Təbii
ki, "Qobustan" jurnalının adı çəkilincə, onun yaranması və yaşamasında böyük
əməyi olan dəyərli
yazıçımız Anar
müəllimin xidmətlərini
qeyd etməliyik. Universitetdə dərs dediyim ilk gündən tələbələrimə tövsiyəm
bu olub ki,
əgər bir filoloq kimi dilimizi,
ədəbiyyatımızı, yazı sənətini öyrənmək istəyirsinizsə, o zaman Xalq yazıçısı Anarın yaradıcılığını
yaxşı oxuyun. Müşahidə edirəm
ki, tələbələr
Anar müəllimin yaradıcılığı
ilə çox maraqlanır, onun əsərlərini sevə-sevə
mütaliə edirlər.
Bu günki görüş
də daha çox tələbələrin
arzu və istəyi ilə reallaşıb.
Tədbirdə AYB-nin sədr müavini Rəşad Məcid, Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlu, AYB-nin
katibi Səlim Babullaoğlu, mətbuat katibi Xəyal Rza, şair Ramil Əhməd və başqaları iştirak edib.
Tədbirboyu tələbələr Xalq yazıçısı Anara
onun yaradıcılığı
və əsərləri
ilə bağlı suallar ünvanlayıb. Gənclərin maraqlı suallarına
özünəməxsus yumor
və məntiqlə cavab verən yazıçı alqışlarla
qarşılanıb.
308 saylı məktəbin direktoru Təranə Məmmədova da çıxış edərək
şagirdləri üçün
yaradılmış bu
fürsətə görə
təşəkkürlərini bildirib: "Bizim ən çox oxuduğumuz və şagirdlərimizlə birgə
müzakirə etdiyimiz
yazıçıdır Anar
müəllim. Hər zaman
onun əsərlərindən
danışanda suallarımız
yaranırdı. Bu gün belə görüşü təşkil
edib suallarımızı
ünvanlamaq şəraiti
yaratdığınıza görə
hər birinizə minnətdarıq".
"Qobustan" toplusundakı
50 illik fəaliyyətinə
görə AYB-nin fəxri fərmanı ilə təltif olunan publisist Esmira Nəzərli çıxış edərək
jurnaldakı fəaliyyətindən
danışıb: "Mən jurnala işə gələrkən
21 yaşım vardı.
Bütün gəncliyim, həyatım
bu redaksiyada keçib. O zaman Anar müəllim də çox gənc idi. O, jurnalda qaynar yaradıcı mühit yaratmışdı. Biz ondan yaradıcılıq,
peşəkarlıq, prinsipiallıq,
humanizm və insanlıq dərsləri öyrənirdik. "Qobustan" bu gün də mənim üçün çox əzizdir. Mənə göstərdiyiniz diqqətə
görə, Anar müəllimə, jurnalın
redaktoru Pərvin xanıma və bütün kollektivə öz minnətdarlığımı
bildirirəm".
Xalq yazıçısı Anar
çıxış edərək
"Qobustan" jurnalının
əməkdaşlarına, tələbə və şagirdlərə öz
minnətdarlığını bildirib: "Qobustan" jurnalı mənimçün
çox doğmadır.
Yarım
əsrlik bir yol keçən "Qobustan" da çox istedadlı, yaradıcı insanlar çalışıb. Təəssüf
ki,
bu jurnalda illər əvvəl çalışdığımız kollektivdən yalnız iki nəfər: bu gün sənət yubileyini qeyd etdiyimiz Esmira xanım və mən həyatdayam. Sevinirəm ki, bu gün jurnal öz fəaliyyətini daha da inkişaf
etdirib, çoxillik ənənəni unutmadan yeni metodlarla işini davam etdirir, gənclərin bu jurnalla əməkdaşlığı
çox müsbət
haldır. Bugünkü
tədbirdə iştirak
edən gənclərin
intellektual düşüncəsi,
ədəbiyyata olan həvəsi, polemik cəsarəti məni çox sevindirir. Qeyd edim ki, gənclərlə
görüşə hər
zaman hazıram. Bir az bundan
əvvəl "Siz daha çox harada yaşamaq və kim
olmaq istəyərdiniz?"
sualını verən
tələbəyə isə
cavabım belədir:
-Vətəndə yaşamaq
və həmişə
özüm olmaq!"
Tədbirdə müsabiqənin qalibi elan olunmuş gənclərdən Rəna
Sadıqova, Əli Əlizadə, Nəzrin Əlizadə, Elvira Əlixanova
və Ayçin Məmmədovaya "Qobustan"
jurnalının fəxri
diplomu təqdim edildi.
Maraqlı sual-cavab və diskussiyayla keçən tədbirin sonunda xatirə şəkilləri
çəkdirildi.
Narıngül
NADİR
525-ci qəzet.- 2022.- 14 aprel.- S.9.