Seyran Səxavətlə Dilçilik İnstitutunda
görüş olub
Ədibin dilçi
alimlərlə söhbətində ana dilimizə münasibətdəki
problemlərdən danışılıb
Cəmiyyətin
həyatına, dünyagörüşünə,
düşüncəsinə və ən əsası, dil
biliklərinə Kütləvi İnformasiya Vasitələrinin
təsiri böyük olduğundan bir sıra problemli məqamların
səbəblərini məhz həmin sahələrdə
axtarmaq məntiqlidir. Müxtəlif dövrlərdə görkəmli
dilçi alimlərlə
yanaşı, Azərbaycan
xalqının sevə-sevə
mütaliə etdiyi, sözünün kəsəri
olan yazıçı
və şairlərimiz
bu məsələləri
gündəmə gətirmiş,
yazılı və şifahi mətbuatda məruzələrlə çıxışlar
etmiş, yaranmış
problemlərin həlli
istiqamətində fikirlər
irəli sürmüşlər. Daim sözügedən
ziyalıları narahat
edən məsələ
özündə, ilk növbədə,
Azərbaycan dilinin saflaşdırılması və
dilin qanunauyğunluqlarına
düzgün əməl
olunması məsələlərini
ehtiva edir.
Azərbaycanın tanınmış yazıçısı,
şair, publisist Seyran Səxavəti də yazıçı kimi daima bu
məsələlər narahat
edib və müxtəlif vaxtlarda bu barədə çıxışlar edib.
Seyran Səxavətin
"Cümlə qurmaq
dövlət qurmaq qədər çətindir"
adlı ixtisarlarla mətbuatda öz əksini tapan qeydlərində Azərbaycan
dilinin televiziya kanallarında təhrifolunma
halları göstərilib,
bunun səbəblərinə
toxunulub və çıxış yolları
sadalanıb.
Aprelin
13-də Azərbaycan Milli
Elmlər Akademiyasının
Nəsimi adına
Dilçilik İnstitutunda
bir sıra dilçi alimlərlə Seyran Səxavətin görüşü keçirilib.
Görüşdə Seyran Səxavət sözügedən qeydlər
barədə dinləyicilərə
məlumat verib. Yazıçı, bir növ, həyəcan
təbili çalaraq hazırkı vəziyyətin
ürəkaçan olmadığını
vurğulayıb. O, dilin
bir xalq üçün necə vacib amil olduğunu
qeyd edərək alimləri birgə mübarizəyə səsləyib
və problemlərin çıxış yolları
barədə danışıb.
Çıxışının əvvəlində dilin vəziyyəti ilə bağlı ümumi fikirlərini bölüşüb:
"Ölkəmizdə fəaliyyət
göstərən televiziyaların
"qayğısı və
diqqəti" sayəsində
Azərbaycan dili elə bir vəziyyətə
gəlib çatıb
ki, bu dildə
ara vermədən iki saat danışarsan
və heç nə deməyə bilərsən - bu, əsl dəhşətdir:
danışırsan, danışırsan
və heç nə demirsən - söz yığnağı.
İkinci Dünya müharibəsində
konslagerlərdə insanlar
üzərində aparılan
amansız təcrübələri
xatırlamalı oldum.
Yumşaq desək, televiziya kanalları Azərbaycan dilinin varlığında görünməmiş
"cərrahiyyə əməliyyatları"
aparmaqla onu zəiflədir, nəticədə
dilin "astması"
diaqnozu ilə üzbəüz qalırıq.
Dünyanın hər yerində
dilin yaradanı, cilalayanı, inkişaf etdirib qoruyanı xalqdı - əgər xalq öz dilini,
dərinə getsək,
özünü unudub
televiziya dilində danışmağa başladısa,
bu, başlanğıc
deyil, sondur".
Seyran Səxavət Azərbaycan dilinə yüksək dövlət qayğısı olduğu halda, mövcud qanunlara əməl etməyən kəsləri qınayıb: "Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsinə daima böyük diqqətlə yanaşır, bu barədə ali sənədlər imzalayır. Dilimizin saflığının ən yüksək səviyyədə dəstəklənməsi sevindirir, ancaq gəlin görək bu sevinci ürək dolusu yaşaya bilirikmi? Bizim borcumuz bu gedişatın qarşısını almaqdır. Bu mənada, altmış ilə yaxın Azərbaycan diliylə işləyən bir adam kimi, öz narahatlığımı, istəyimi sizinlə bölüşmək istəyirəm. Birinci növbədə, Azərbaycan dilinin kövrək ərazisinə diqqət yetirsək vəziyyətin ürəkaçan olmadığını görəcəyik. Əgər siz də mən baxan tərəfdən baxsanız, qarşınızda nəhəng döyüş meydançasını xatırladan bir görüntü açılacaq: mühasirədə qalan və mühasirəyə alanlar. Gəlin hər şeyi öz adı ilə deyək: mühasirədə qalan Azərbaycan dilidir. Mühasirəyə alanlar isə bunlardır: televiziyalar, radiolar, saytlar, mətbuat".
Daha sonra yazıçı qeydə aldığı faktları dinləyicilərin nəzərinə çatdırıb.
Seyran Səxavətin nitqinin ardınca dilçi alimlər çıxışlar edərək fikirlərini dilə gətiriblər. İnstitutun baş direktoru Nadir Məmmədli çıxış üçün S.Səxavətə minnətdarlığını bildirib. Yaranmış vəziyyətlə bağlı narahatlığını dilə gətirib. Professor qeyd edib ki, Seyran Səxavət institutun daxilində fəaliyyət göstərən Nitq mədəniyyəti və monitorinq şöbəsinə qeydə aldığı faktları təqdim etdiyi halda problemin həlli istiqamətində istənilən müraciətə imza ata bilər.
Dilçilik İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli S.Səxavətin bu narahatlığını əsl ziyalı mövqeyi kimi qiymətləndirib. Professor özünün də müşahidələrini dilə gətirərək yazıçı ilə həmfikir olduğunu vurğulayıb.
Professorlar - Qəzənfər Kazımov, Sayalı Sadıqova, İlham Tahirov, İsmayıl Məmmədli, filologiya elmləri doktorları - İlhami Cəfərsoy, Mayıl Əsgərov, filologiya elmləri namizədi, dosent Fikrət Əlizadə fikirlərini bölüşüb, S.Səxavətin mövqeyini müsbət qiymətləndirib, çıxış yolları barədə danışıblar.
Nadir YALÇIN
525-ci qəzet.- 2022.- 14 aprel.- S.9.