Mirzə Cəlil yaradıcılığının mühüm kodları: tənqidi-simvolik obrazlar

 

 

Məlum olduğu kimi, tənqidi realizmin poetikasında bədii əsərin strukturuna özünəməxsus yanaşma  həssas münasibət mövcud olub. Tənqidi realizm bədii əsərin struktur və detallarına həssaslıqla yanaşıb, konkret məqsəd və ideya üçün məna yükü verib. Bədii əsərə ideoloji-tərbiyəvi tezisdən yanaşan tənqidi realistlər üçün əsərin hər bir hissəsi bədii-estetik əhəmiyyət daşıyıb. Vaxtilə Cəlil Məmmədquluzadə özü də bu barədə bəhs edərkən yazırdı: "Amma biz bilmirik ki, o bir para mətləbləri yazmasaq, dəxi biz nə yazaq?! Hər yazıçının bir mətləbi var, yoxsa bu işlər bihudə deyil..."

 

Tənqidi realist əsərlərdə nəinki insan obrazları, mükəmməl xarakterlər yaradılıb, həmçinin, tarixi, lokal şəraiti daha konkret və canlı təsvir üçün həyat və məişət şəraiti, konkret əşyalar təsvir edilib, ictimai mühitin konkret vəziyyətini təsvir etməyə imkan verən tənqidi-simvolik və metaforik obrazlar yer alıb. Bu baxımdan, Azərbaycan ədəbiyyatında tənqidi realizmin bayraqdarı olan Cəlil Məmmədquluzadənin özünəməxsus və daha kamil yaradıcılıq tərzi var. Böyük ədibin "Danabaş kəndinin əhvalatları" povestində uzunqulaq, dəyənək, o cümlədən, bir sıra pyes və əsərlərində yer alan şallaq, "Xanın təsbehi" əsərində təsbeh, "Yan tütəyi" əsərində yan tütəyi, "Anamın kitabı" əsərində kitab, "İranda hürrriyyət" əsərində Pərinisənin yuxusu və orada yer alan qarpız, "Qurbanəli bəy" hekayəsində at axuru, "Poçt qutusu"nda poçt qutusu və b. özünün fikir-məna ifadəliliyi baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Onun əsərlərində rast gəldiyimiz uzunqulaq, dəyənək, şallaq, təsbeh, yan tütəyi, Danabaş kəndi, İtqapan, Qurbağalı və başqa bədii detallar ciddi ədəbi-estetik səciyyə qazanıb.

 

Böyük ustad C.Məmmədquluzadənin bədii yaradıcılığında müşahidə etdiyimiz və öz mahiyyəti, məna yükü ilə diqqətimizi cəlb edən metaforik-məcazi obrazlar sistemində yer alan ən vacib detallardan biri, fikrimizcə, uzunqulaqdır.

 

Bir çox tədqiqatlarda gördüyümüz kimi, uzunqulaq və ya eşşək obrazı klassik Azərbaycan və ümumən Şərq ədəbiyyatında, xüsusilə folklorumuzda və başlıca olaraq lətifə yaradıcılığında xüsusi bir məna yükü ilə yer alıb. Bu mənbələrdə uzunqulaq bir obraz olaraq bədii-estetik cəhətdən "müdriklik, səbir" anlayışlarını simvolizə edir. Molla Nəsrəddin lətifələrində də baş qəhrəman, xalq müdriki Molla Nəsrəddinin bəzi hallarda müdrikliyi, bəzi hallarda avamlığı mənalandıran uzunqulağı hər zaman ona yoldaşlıq edir. "Danabaş kəndinin əhvalatları" əsərinin ilk variantında "Eşşəyin itməkliyi" də, əslində, bizim fikrimizcə, bu cəhətdən xüsusi bədii-estetik məna, məzmun daşıyır. Məhəmmədhəsən əmi həm eşşəyinin itməsi və tapılması hadisəsini, həm də ciyərparası - oğlu Əhmədin və həyat yoldaşı İzzətin ölümünü Allahın təqdiri qəbul edərək yenə də səbir və təvəkküllə həyatına davam edir.

 

Böyük ədibin əsərlərində yer alan və xüsusi tənqidi-simvolik məna ifadə edən metaforik obrazlar arasında təsbeh də yer alır ("Xanın təsbehi"). O təsbeh ki, Nəzərəli xanın təsbehi idi. Bu təsbeh o təsbeh idi ki, "... iki il bundan qabaq xanın fərmayişinə ağ olan dəyirmançı Mehdini ... qayadan dərəyə elə tulladı ki, uşaqları heç ölüsünü də tapmadılar. Bu haman təsbehdir ki, Orucəlinin evini yandırdı, uşaqlarını çölə dağıtdı".  Zülmün, zorbazorluğun simvolu olaraq çıxış edən metaforik obrazlardan biri kimi dəyənək və şallaqdan sonra təsbeh gəlir. Pəri arvad istibdad zülmünün nələr törətməyə qabil olduğunu təxmin edərək öz inadını qırmış, Mirzə Sadıq Münşinin siğə təklifini qəbul etməyə məcbur qalmışdı. Bu mənada, fikrimizcə, görkəmli ədib təsbehə də diktatura və zülmün simvolik obrazı olaraq yanaşmışdır.

 

 

 

İdarəçilikdəki özbaşınalıqları, kef havasını eyham edən obrazlar arasında yan tütəyi də ("Yan tütəyi") vardır. Yenicə yan tütəyi çalmağı öyrənən və "fikri tütəyinin yanında qalan" bir məmurun - Mirzə Abbasın səhvi üzündən yaranan yanlışlıq zorbazor idarəçiliyin qəti qərarı olaraq yerli məmurlar və camaat tərəfindən icra edilərək böyük bir tənqidi gülüş ortaya çıxarır.

 

Cəlil Məmmədquluzadənin məharətlə yaratdığı obrazlardan biri də mifoloji mahiyyətə dayanan, amma realizmlə səciyyələnən şeytan obrazıdır. Ümumiyyətlə, bu obraz müxtəlif plandan - həm romantik, həm realistik, həm də simvolizm etibarilə Ə.Haqverdiyevin "Pəri-cadu", Hüseyn Cavidin "İblis", "İblisin intiqamı" və Cəlil Məmmədquluzadənin müxtəlif əsərlərində yer almışdır. Cəlil Məmmədquluzadənin bir neçə əsərində şeytana müraciət  ön planda dayanır. Belə əsərlərdən biri "Şeytana cavab" felyetonudur ki, burada şeytan zülmün və sitəmə rəvac verən qüvvələrin ümumiləşmiş obrazı olaraq təqdim edilir. Zeynəb arvadın qardaşı ilə birgə falaqqa altında qəddarlıqla döyülməsi "Allahın mömin bəndələrinin" əllərindəki güc və hakimiyyətin sui-istifadəsi faktı kimi xüsusi məqsədlə əks olunub. Ədib Zeynəb arvadın zülmünü belə əsaslandırır: "Yadındadırmı (Şeytana müraciət edilir - R .Q.), bir dəfə Rəştin hakimi "Lotu Mehdi"gildə qonaq idi, adam göndərib Zeynəb adlı bir dul övrəti gətirdilər, sonra bu övrətin qardaşı da gəldi, sonra genə bir neçə övrət gəldi, axırı bilmirəm noldu". Ədibin təsvirindən, mətləbi ifadə məntiqindən və qələm ustalığından anlamamaq mümkün deyil ki, dul Zeynəb arvadın və digər qadınların Lotu Mehdigilə çağırılması ədibin həmişə kəskin tənqid etdiyi, əxlaqsızlıq kimi dəyərləndirdiyi sırf "siğə" məsələsilə bağlı idi. Ədibin lotu adlandırdığı Mehdi də, Rəşt hakimi də lotuluğun tipik obrazı olan Şeyx Nəsrullahdan geri qalmayan obrazlardır. Biz ədibin, demək olar, bütün yaradıcılığında "siğə" məsələsilə insanların "başını piyləyib"  özləri üçün şəhvət öldürən pozğun, namus, irz, din düşməni şəriət və əxlaq pozğunlarının iyrənc əmllərilə tanış oluruq. İstər "Ölülər", istərsə də "Dəli yığıncağı", "Ər" əsərlərində şəriəti əxlaqsızlığa çevirən, dini qaydaları şəhvani mənafe ilə əyən belə çoxsaylı şəriət-din xadimləri obrazları ilə qarşılaşırıq. "Şeytana cavab"da zülmkara boyun əyməyən namus və irz mücəssəməsi Zeynəb arvadın çəkdiyi zülm də ifadə edilib: "...orası yadımdadır ki, Zeynəb övrəti və qardaşı kərbəlayı Novruzu mollanın həyətində yıxdılar yerə və bacı ilə qardaşın ayaqlarının qoydular falaqqaya, yazıq övrətin çılpaq qıçlarına boynuyoğun kişilər yaş şivkələrlə çırpırdılar, molla və hakimi-vilayət durub tamaşa edirdilər və gülürdülər və sən də gülürdün, şeytan qardaş".  Bu mənada taleləri bir-birinə oxşayan Zeynəb, Pəri kimi dul qadınların çəkdikləri zülm və yaşadıqları faciələr timsalında ədibin məhkəmə qurub zəmanəni, bilavasitə bu faciələrə səbəb olan əmmaməli lotuları və qarnıyoğun, zırrama hakimləri ittiham etdiyinin şahidi oluruq.

 

Böyük ustadın məşhur "İranda hürriyyət" əsərində Pərinisənin yuxusuna məhz qarpızın girməsi də, fikrimizcə, heç də bədii təsadüf deyildi. Zənnimizcə, burda müəllif özünəməxsus məqsəd daşıyır. Əlbəttə, müəllif gözəl bilirdi ki, hürriyyət və azadlıq mücadiləçilərinə gül-çiçək dəstəsi deyil, şah rejiminin qılınc-güllə dəstəsi tuş gəlməlidir. Məhz bu səbəblər üzündən ədib Pərinisənin yuxusuna siyasi məna verməyi də bədii məqsəd olaraq həyata keçirmiş, o zamankı dövrdə hürriyyət sevdasına düşən azərbaycanlı balalarının şah rejimi tərəfindən necə sərt cəzalandırılmasını diqqətə çəkmişdir. Bu əsərin ideya özünəməxsusluğu odur ki, Səttarxanın azadlıq inqilabı baş verən dönəmdə ədib "linqvistik təhqiqata" baş vurur və məlum olur ki, bu xalqın dilində "hürriyyət" kəlməsi yoxdur. Hürriyyət kəlməsini "pay" kimi anlayan bu camaata inqilabın "hədiyyə"si qarpızdan savayı nə olacaqdı ki?! Fikrimizcə, qarpız sirdir və bu sirr hürriyyət, azadlıq, inqilab sirridir, ədib tərəfindən inqilabı cəzalandıran şah rejiminin yumoristik-metaforik bomba anlayışıdır. Necə ki Məhəmmədəli Ərəblərdəki arvadına tez-tez məktub yazıb "hürriyyət payı"nı tələb edirdi, yalanı üzə çıxıb evləndiyi bəlli olandan sonra Ərəblərdəki arvadı gəlib həyətdə mərəkə salmışdı, böyük ədib də bu əhvalatın timsalında Səttarxan inqilabından olan gözləntini satirik-yumoristik tərzdə qarpız yuxusu ilə cavablandırmışdı. Müəllifin də hekayənin sonunu dava-mərəkənin başlaması ilə bitirib "dəxi bilmirəm mərəkənin axırı hara çatdı" kimi eyhamla bitirməsi bu inqilabın şiddəti və hələ də həllini tapmamış, sona yetməmiş bir savaş, mübarizə olayı olmasına işarəsi idi.

 

Böyük realist Cəlil Məmmədquluzadənin əsərlərində ideya-bədii ruha açar rolu oynayan obrazların hər birinin özünəməxsus məna yükü və estetik mahiyyəti var.  Fikrimizcə, yeni elmi-texniki inkişaf əsrinin tələblərini, milli birlik, həmrəylik və ümumdünya inkişaf, dəyişmə sürəti kontekstində poçt qutusu çevik rabitə, "Usta Zeynal" əsərində küpə milli dəyərlər və düşüncə sisteminin boxçası, "Qurbanəli bəy" hekayəsində at axuru, Mehman Qaraxanoğlunun da doğru izah verdiyi kimi, məzar, qəbir kimi və sair olaraq izah edilə bilər. Dəyənək, şallaq Xudayar bəy, Pirverdi kimi zalım məmurların əlində zorbazorluq hakimiyyətinin simvolu kimi təzahür tapdığı professor Y.Qarayev tərəfindən də qeyd edilmişdir.

 

Bütün bunlar bir daha göstərir ki, qüdrətli tənqidi realist sənətkar C.Məmmədquluzadənin yaradıcılığı timsalında tənqidi realizmdə hər bir bədii detal və vasitənin özünəməxsus bədii-estetik məzmunu, mahiyyəti və yeri vardır.

 

 

 

Ramiz QASIMOV

 

AMEA Naxçıvan Bölməsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 15 aprel.- S.13.