Örnək ömür
Bir dəfə həmsöhbətlərimdən biri
"Tanınmışlar haqqda yazmağa ehtiyac varmı?" - demişdi.
Gülümsünmüsdüm. Bu, etiraz idi. Təbəssümümü
aysberqi xatırlatmaqla, bir də "Tanınmışlardan
yazmaq tanıtma niyyəti deyil, yaşatma niyyətidir", - kəlmələriylə
tamamlamışdım. Tanıdığın
tanınmışlar haqqında yazmaq həm də ehtiramın
ifadəsidir...
Polkovnik İslah Paşayevi yaxşı
tanıyırdım. Həm xalqını, dövlətini sevən
azərbaycanlı kimi, həm də qohum kimi. Söhbətləri də yaddaşımdadır, nəsihətləri
də, tapşırmaları da. Özü də
xatırladardı, özüm də xatırlayardım ki,
böyüklərin, bu anlamda aqillərin məsləhətini
eşitmək, eşidib də ona əməl etmək mənəvi kamilliyin təzahürüdür. Onun "Haqqa
tapınan ömür" kitabını təkcə tarix
haqqında məqalələr kitabı kimi deyil, tarixi kitab
kimi oxumuşdum. İşıqlı fikirlərin,
bilməli olduğumuz tarixi hadisələrin mahiyyəti digər
oxuyanlar kimi mənim də düşüncələrimə
hopmuşdu. İslah müəllimin
ziyalı, ziyalı-alim sözünə həmişə
ehtiramı olub. Bu ehtiramı sevgi
biçimli ehtiram kimi yaşadıb, ziyalı, ziyalı-alim kəlamını
ömür ülgüsü bilib. O, "Haqqa tapınan
ömür" kitabında akademik Ziya Bünyadovun bir fikrini də
xatırladır. "Hər bir alim, jurnalist,
bütövlükdə qələm çalanlar kəndlərinin,
qəsəbələrinin, şəhərlərinin tarixini
yazmağa təşəbbüs göstərsinlər...". İslah müəllim təkcə
kəndin, regionun tarixini deyil, həm də dövrün
tarixini yazıb. Bunları tarixçilər
üçün tezis də adlandırmaq olar, elmi məqaləyə
tarixi mənbə də.
Mən İslah Teymur oğlunun ömürlüyündən
yazmaq fikrində deyiləm; İslah müəllimin örnək
ömür yolu tarixə də yaxşı tanışdır,
günümüzün gənclərinə də. Bu
ömrün işığı zaman-zaman yüzlərlə
ömrün uğuruna işıq olub.
İslah
Teymur oğlu təbiəti sevib: Dağların
vüqarına, düzlərin genişliyinə, gen kölgəli
ağacların göy üzüylə səssiz kəlmələşməsinə,
şimşəklərin çaxışına, küləklərin
titrəyişinə, yağışın melodik səslənişinə,... aludə olub. Bu aludəlik Vətənə
sevgiydi - Vətən sevgisiydi. Ata yurdunu
sevməyən kəndini, kəndini sevməyən ölkəsini
- Vətənini sevə bilməz; İslah Teymur oğlu Teymur
kişinin ocağını, Tatar kəndini sevirdi. Bu sevgi
ona kəlam qüdrətində yaşarı, bəşəri
fikir yazdırıb: "...Doğma kəndim Tatar Azərbaycan
torpağının bir hissəsidir, deməli, Azərbaycan
tarixi mənim də kəndimin tarixidir". Bu qəti
inam, bu sevgi onun dünyagörüşünün
genişliyindən, erudisiyasından, milli-xəlqi ruhumuzun
tarixinə bələdlikdən (və buna müqayisəyəgəlməz
vurğunluqdan) süzülürdü, süzülə-süzülə
kəlmələşirdi, söz biçimində nəsihətə
dönürdü. Və bu nəsihət də
tarixləşəcək, tariximizi sevənlər belə kəlamları
da sevərək yaşadacaq. Yəni İslah Teymur
oğlu kəlamlarla kəlamlarda da yaşayacaq...
İslah müəllim insanları sevib,
insanlığı sevib-bəşəriliyi sevib. Bu sevgini onun
ömrünün uvertürası bilmək suç olmazdı. Soruşulsaydı "Sən nə üçün
yaşayırsan!" - sorğusuna tərəddüd
etmədən "Xalqıma, dövlətimə xidmət
üçün, insanların ürəyini,
könlünü ziyarət üçün, dövlətçiliyimizin
işığına sədaqət üçün!" - deyərdi.
Ağdam rayonunun polis rəisiydi. Moskvanın da, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin də erməniliyə
münasibəti haqqında İslah Paşayevin
yazdıqları əslində, müharibə ərəfəsində
yaşanılan reallıqlardır və bu reallıqların
ağır (əslində, faciəvi) nəticələrinin
arqumentləşdirilməsində tarixi faktlardır. O
illərdə, İslah müəllimin yazdığı kimi,
"... ermənilər bizim adamlarımızı hər
gün güllələyir, öldürürdülər. Ermənilərə törətdikləri qanlı cinayətlərə
görə cəza kəsən, söz deyən yox idi.
Bizimkilərin isə kiçik bir işini böyütmək
onların peşəsi idi...". O
dövrün reallığı həqiqətən beləydi.
Ağdamın Muradbəyli kəndinin sakinləri Xocavəndli
bir erməni ailəsini (ər-arvadı, dörd
uşağı) döyüblər, maşınlarını əziblər. Bu məsələnin
səs-sədası, daha dəqiqi, hədəsi Moskvadan gəlib.
Azərbaycan Respublikasının Daxili işlər
naziri bunu biabırçılıq adlandırır. Qəribədir, biabırçılıq nə idi
və kimin yanında utanc yaradacaqdı?
Biabırçılıq deyildi, yüksək vəzifəlilərin
kreslosunun titrəyişinə vəsilə ola
biləsi hadisə idi. Onda İslah Paşayev
nazirə cavab olaraq deyir ki, ermənilər hər gün
iki-üç azərbaycanlını qətlə yetirir,
ev-eşiyini yandırır. Bunlar haqqında sizə
gündəlik məlumat verilir, heç səsiniz
çıxmır, indi 2-3 erməni döyülüb deyə
respublika bir-birinə dəyib...
Bir erməni
ailəsinin - Ovanesyanların döyülməsi hadisəsi ilə
bağlı SSRİ Daxili İşlər Nazirliyindən Oleq
Qromov üç nəfərlə Ağdama gəlir, İslah
müəllimin cəsarəti, məntiqli izahatı (və
savadı) gələnlərin hadisəyə real, gerçək
münasibət bildirməsini təmin edir, araşdırmalar
Ağdam polisinin (deməli, Azərbaycan Respublikasının)
günahsızlığını təsdiqləyir. Yəni
Moskva rayon polis idarəsinin rəisi olan İslah Paşayevin qətiyyətli
mövqeyi, azərbaycançılığı, milli-mənəvi
kamilliyi hesabına Azərbaycana qarşı yeni bir ittiham
yürüdə bilmir.
İrəvandan Xankəndinə gedən sərnişin
avtobusları Qərvənd kəndindən keçəndə
camaat irəlidəki avtobusu daşa basır. Xalqın erməniliyə qəzəbinin
təzahürü kimi...
Səhərisi
gün Ağdama sərnişin avtobusuna atılan 4-5 daşa
görə SSRİ Daxili İşlər nazirinin birinci
müavini, İstintaq Baş İdarəsinin rəisi
general-polkovnik İvan Şilovun rəhbərliyi ilə
böyük bir istintaq qrupu gəlir.
Onda İslah Teymur oğlu nə gələnlərin tərkibindən
çəkinir, nə vəzifələrindən, nə də
rütbələrindən. Hadisə ilə bağlı müfəssəl
məlumat verdikdən
sonra ittiham həddində deyir:
- ...Ermənilər bizim öz torpaqlarımızda hər
gün azərbaycanlılardan neçəsini
öldürür, yaralayır, əmlakını
dağıdır, istədikləri hərəkətləri
edirlər. Bütün bunlar barədə dərhal Respublika və
SSRİ Daxili İşlər Nazirliklərinə məlumat
verirdik, amma əhəmiyyət verən, maraqlanan yoxdur. Ermənilərin avtobusuna daş atılıb,
bütün Sovet İttifaqı qalxıb ayağa. Bəs
azərbaycanlıların hüquqlarını kim
müdafiə edəcək, məgər onlar da SSRİ vətəndaşı
deyillərmi?
Bu, ittiham
idi!
Bu,
xalqın adından deyilən ittiham idi!
Vəzifəsindən
uzaqlaşdırılacağından, digər səbəbsiz səbəblə
ittihama cəlb oluna biləcəyindən çəkinməyən,
milli heysiyyəti, qətiyyəti, xalqın adına
layiq səviyyədə yaşadan polis zabitinin ittihamı! Gələnləri bu ittihamla qarşılayan cəsarətli
polis rəisi onlara son bir gündə ermənilərin törətdikləri
cinayət hadisələri haqqında da dəqiq məlumat
verir. - Şilova və Azərbaycan KP MK-nin
katibi Rafiq Zeynalova.
Bunlar Moskvadan gələnlərin də, Rafiq Zeynalovun rəhbərliyiylə
Bakıdan gələnlərin də qərəzini azaldır,
azaltmaqla tamamlanmır, aradan qaldırır. Budur o illərdə erməniliyin
küyünə düşən Moskvanın yaratmaq istədiyi
cinayət şəbəkəsinə qarşı təkbaşına
cəsarətli mövqenin təntənəsi, İslah
Paşayevin timsalında vətənpərvərliyin qələbəsi!
Təəssüf ki, bu qətiyyəti, bu qələbəni
Azərbaycan KP MK qətiyyətlə davam etdirə bilmədi;
"düşmən dəyirmanına su tökənlər"
daha da fəallaşdılar...
Polkovnik İslah Paşayevin Ağdamda xidmət etdiyi o
ağır, çətin şəraitdə belə hadisələr
çox olub.
İctimaiyyət bunları əhatəli şəkildə
bilmədiyindən bu cəfakeş zabitin, xalqımızı,
dövlətimizi dəruni sevgilərlə sevən zabitin mənəvi
dünyasına necə bələd ola bilərdi?
Haqqa tapınan ömrüylə həmişə
haqqın yanında oldu İslah Teymur oğlu.
Başlanğıcı
1932-ci ilin may ayı olan duru bir ömür yaşadı. Belə ömürlərin başlanğıcı bəllidir,
sonu yoxdur - sonu əbədiyyətdir.
1958-ci ildə
İndiki İqtisad Universitetini (1980-ci ildə isə SSRİ
Daxili İşlər Nazirliyi Akademiyasının Rostvov
filialını) bitirən, rayon Komsomol Komitəsinin katibi
seçilən, fəallığına, siyasi səbatlığına
görə Daxili İşlər orqanlarına xidmətə
göndərilən, İslah Teymur oğlu 1961-ci ildən
1992-ci ilədək Zəngilan Rayon Daxili İşlər şöbəsində
SƏDM xətti üzrə əməliyyat
müvəkkili, Göranboy Rayon Daxili
İşlər şöbəsində rəis
müavini, Gəncə Şəhər Daxili İşlər
İdarəsi cinayət-axtarış şöbəsinin rəisi,
Göranboy, Göyçay, Ağdam və Xacmaz rayonlarında
Polis idarəsinin rəisi vəzifələrində xidmət etdiyi müddətdə
dövlətçiliyin cəfakeşi olub.
1993-cü ildə təqaüdə çıxan
polkovnik İslah Paşayev yaxşı bələd olduğu
tariximizin işığında həm yaxın
keçmişimizin, həm də yaşadığı dövrün,
bu sıradan Birinci Qarabağ müharibəsinin tarixini
yazıb. Tarixçi kimi yox, tarixi faktlara istinadən vətənpərvər
kimi, jurnalistikanın bütün yaradıcılıq şərtlərinə
əməl edilməklə yazıb. Bu yazıların
publisistik səviyyəsi diqqətçəkəndir,
oxunaqlıdır, könüləyatımlıdır, deməli,
gərəklidir...
İslah Paşayev yüksək rütbəli polis
zabitiydi, dövlətçiliyimizi qoruya-qoruya
xalqımızın zaman anlamında dünənlərinin də
mühafizəkarıydı.
İslah Teymur oğlu dürüst düşüncəli
vətəndaş idi. Bu düşüncələrin mahiyyətində
Vətən olardı, xalq olardı, dövlət olardı,
dövlətçilik olardı. Tabeçiliyində olanlara deyərmiş
ki, yerinə yetirdiyiniz iş sizin vəzifə borcunuzdur, vətəndaşlıq
borcunuzu da həmin məsuliyyətlə yerinə yetirin ki,
sonralar özünüz-özünüzü
qınamayasınız. Həm də deyərmiş
ki, vətəndaşlıq borclarını Vətənə,
dövlətçiliyə sədaqətlə yerinə yetirməyənlərin
yaxşı işçi olmasına inanmamışam, inanmaram
da. Fikrinə qüvvət kimi böyük Nizaminin
misralarını xatırladarmış:
Çalış
öz xalqının işinə yara,
Geysin əməlindən dünya zər-xara.
...İslah Teymur oğlu ədəbiyyatımızı
sevirdi, bu sevgi həm də ədəbiyyat tarixinə olan
sevgiydi. Mir
Möhsün Nəvvabın yaradıcılığına bələdlik,
həm də bu yaradıcılığı haqqında
gözəl fikirlər bildirmək - fikrimin təsdiqi zəmanətləridi.
İslah Teymur oğlu etnoqrafiyaya, şəcərəşünaslığa da vaqif idi. "Haqqa tapınan ömür" kitabında nəsil şəcərəsinin tərtibi, tərtibin elmiliyi onun erudisiyasının səviyyəsinin göstəricisidir, şübhəsiz.
İslah Paşayev məsuliyyətli ata idi. Övladlarını Vətənin övladı kimi böyütmüşdü...
Bu yazı 2022-ci il aprelin 5-də əbədiyyətə qovuşan dəyərli vətəndaşa, hamımızın sevdiyimiz insana, ağsaqqalımıza vida sözüdü. Onun işıqlı ömrünün nuru mənim də ömrümdə var - minlərdən biri kimi mən də o işığı unuda bilmərəm, unutmaram...
Vida sözümü hamımıza əziz olan ruhuna salavat bilirəm, İslah müəllim. Həyat sevginlə, xalqa, Vətənə sevginlə sən gerçək müəllim idin...
Ruhun şad olsun!..
Bayram Məmmədov
525-ci qəzet.- 2022.- 15 aprel.- S.12.