"Azər Buzovnalı arxivinin
təsviri"ndə nələr var?
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
əməkdaşı, filologiya
üzrə fəlsəfə
doktoru Könül Bağırovanın nəşrə
hazırladığı "Azər Buzovnalı arxivinin təsviri" adlı kitab bir müddət əvvəl çapdan çıxıb. Kitabın redaktoru
filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovadır.
K.Bağırova kitaba yazdığı
"Azər Buzovnalının
şəxsi arxivi haqqında" adlı ön sözdə şairin həyatı, yaradıcılığı, arxivinin
təşkili ilə bağlı məlumat verib, daha sonra
şəxsi fondun tərtib prinsiplərini qeyd edib.
Kitabın birinci bölməsində
"Azər Buzovnalının
əsərləri"nin
təsviri yer alır. Burada "Qəzavat" (6), mənzum
hekayə (2), həcv,
şeirlər (44) və
bir şeirin təsviri təqdim edilir. Bunların arasında şairin
farsca yazdığı
əsərlər də
vardır. Əlyazmaların əksəriyyəti ərəb
əlifbasındadır. İkinci bölümdə
"Azər Buzovnalının
tərcümələri"nin təsviri təqdim edilir ki, burada
"Bustan"dan tərcümə"nin
(4), Faruq Hafiz: "Çoban
çeşməsi"nin, "Rüstəm Burzu" dastanının, "Rüstəm
və Söhrab" dastanından tərcümələrin
(3), "Rüstəm və
İsfəndiyar" hekayəsinin
tərcüməsinin, "Səyavuş və Əfrasiyab" dastanından
tərcümənin (2), "Sədidən" tərcümənin
və N.Gəncəvinin
"Yeddi gözəl"
poemasından tərcümənin
təsvirini görürük.
Üçüncü bölümdə
"Azər Buzovnalının
məqalələri" verilir
ki, bura "Eşq-məhəbbət haqqında"
və "Nizaminin həyat və yaradıcılığı" adlı yazıların təsviri daxildir. Fikrimizcə,
məqalələr də
"Azər Buzovnalının
əsərləri" bölümünə
daxil olmalı idi, ya da
birinci bölüm
"Azər Buzovnalının
bədii əsərləri"
adlandırılmalı idi.
Dördüncü bölüm "Azər Buzovnalının məktubları"dır. Burada Əlisəttar
və Əliağaya,
Əmir İmaməliyevə,
Xosrov İmaməliyevə,
Kamala, Səməd Mənsura
və Şaiqə yazılmış məktubların
təsviri təqdim olunub. "Azər Buzovnalıya yazılmış
məktublar" adlı
beşinci bölümdə
Azər Buzovnalıya Ağasəlim Fədaidən
(2), Əlidən, Əlisəttardan,
Əmin Abiddən (2),
Əhməd Qəmərlidən,
Əli Razi Şəmçizadədən, Mirhəsənovdan, Mirəbdül
Xaliqdən, Mürşiddən,
Sənandan, Sultandan, Səburdan, Səbahidən,
Şəfidən və
naməlum şəxslərdən
(2) gələn məktubların
təsviri var. Altıncı
bölümdə "Tərcümeyi-hal
sənədləri"nin təsviri
yerləşdirilib və
burada arayış, məktub, ərizə, qeydlər (2), qətnamə,,
məlumat (2), sığorta
sənədi, tibbi məlumat, vəkalətnamə
(2) və zaçot dəftərçəsinin təsviri
əksini tapıb. Yeddinci bölümdə
"Azər Buzovnalının
topladığı materiallar":
ərəb sözlərinin
yazılışı, ərəb
sözləri dəftəri,
fars və ərəb dilinin qrammatikasına aid əlyazma,
izahlı lüğət,
kəklikplovun hazırlanması
haqqında yazı, qrammatikadan lüğət
və işarələrin
izahı, lüğət,
zərbül-məsəllər və lüğət təsvir olunur. Kitabın "Başqalarının
əsərləri" adlı
səkkizinci bölümündə
arxivdə olan müxtəlif müəlliflərin
əsərlərinin təsvirini
görürük: Ağabacıdan
məktub, cüng, dua və surələr,
dini kitab, ərəb dilinin qrammatikasına aid yazı,
Füzulinin şeiri, Hafizin şeiri, hədislər, qeydlər,
qəzəl (2), qəzəllər,
müxtəlif sənədlərin
sənət tərtibedilmə
qaydaları və rübailər, mərsiyələr
(2), Nəvainin qəzəlləri(2),
"Pyotrun əcdadının
əhvalatı haqqında",
"Samur çayına",
şeir (6), şeirlər
və tibbə aid əlyazma. "Azər Buzovnalıya həsr olunmuş şeirlər"
adlı doqquzuncu bölümdə müasirlərinin
Azərə ithaf etdiyi şeirlərin təsviri verilib: şeir (2), şeirlər.
"Çap kitabları"
adlı onuncu bölümdə Azərin
arxivində olan kitabların təsviri təqdim olunub: "Ağa Məhəmməd Yəzdi", "Əlişir
Nəvai. Münşəat", "Ədəbiyyatdan dərslik", "Əli
Fuad. Osmanlı-rus səfəri 1293-1294-cü illər", "Füzuli.
Divan", "Xəzineyi-məkatib yaxud mükəmməl münşəat", "Məarif
işçisi" məcmuəsi,
"Mənzumə", "Müxtəsəre sərfi-türki",
"S.V.Lanskoun. Qəzavat".
Göründüyü kimi, Azər Buzovnalının olduqca zəngin arxivi vardır. Burada əksəriyyət materiallar ərəb qrafikasındadır, həm
də arxivdə müxtəlif şəxslərin
əlyazmaları da yer alır. Təsvirçi müəllif kitabı
nəşrə hazırlamaq
üçün bir şəxsin deyil, müxtəlif şəxslərin
əlyazmasını oxuyub,
təsvirini verib.
Bu, mətnşünasdan böyük əzm, iradə, həm də hövsələ tələb edir. K.Bağırova öhdəsinə götürdüyü bu əziyyətli işə
böyük məsuliyyətlə
yanaşıb, Azər
Buzovnalının şəxsi
fondunda olan bütün materialların
izahlı təsvirini verib. Kitab tədqiqatçılar, doktorantlar və tələbələr üçün
dəyərli vəsaitdir.
Müəllifə təşəkkür edir və yeni
uğurlar arzulayırıq.
Sona XƏYAL
525-ci qəzet.- 2022.- 15 aprel.- S.11.