Əbədi yaşamaq haqqı
(Şövkət xanım Ələkbərovanın
ruhuna)
"Mən
yaratdıqca yaşamaq, yaşadıqca yaratmaq istəyirəm"
Ş.Ələkbərova
***
...Vaxt
keçir, dövran dəyişir - hər şey, o cümlədən,
sənət, yaradıcılıq sahəsindəki meyarlar da
yenilənir. Lakin bir çox
hallarda gündəliyə gələn,
"aktuallaşıb" hakim mövqeyə keçən
düşüncə paradiqmaları, zövq kriteriyaları
hazırda orta və yuxarı yaş dövrünü
yaşayan və estetik zövqü korifey sənətkarların
yaratdıqları əsl dəyərlər əsasında
formalaşan mənim kimi "mühafizəkarların"
etirazı, mənəvi dirənişi ilə
qarşılaşır. Bəzi sözləri dırnaq
içinə almağım sizi çaşdırmasın,
dostlar - bizim mühafizəkarlığımızı, bədbinliyimizi
sözün birbaşa mənasında işlədənlər
əslində bu missiyanı zorla boynumuza qoyanlar, bu
yarlıkı bizə yapışdıranlardır. Halbuki biz xalqımızın sənət xəzinəzinə
dəyərli töhfələr vermiş sənətkarları
mümkün qədər küncə
sıxışdırııb boş qalmış meydana
soxularaq orada at oynadan antisənətə, onun təmsilçilərinə
qarşıyıq və bu mənada həqiqi dəyərlərin,
həqiqi sənətin keşiyində dayanan mühafizəkar
olmaq heç də pis deyil, bəlkə də zəruridir (lap
şərəfli işdir!)
Heç
uzağa getməyək, vokal-instrumental musiqi
ifaçılığı sahəsində estetik
zövqü, deyək ki, Sara Qədimova, Şövkət
Ələkbərova, Rübabə Muradova, Flora Kərimova ...
kimi sənətkarların yaratdıqları şedevrlər
çevrəsində formalaşan bizlər bu günlər səslərini
kompyüter effektləri ilə yonub -yontalayaraq
"abıra" salanların, ata- anası bilinməyən
bic avazlarla möhtəkirlik edənlərin, guya böyük sənət
yaratdıqlarına görə özlərini
başqalarına da etalon kimi sırımaq istəyənlərin
"yaradıcılığından" zövq ala bilərmi?
Bizim ruhumuzu fəth etmiş o gözəl, təkrarsız səsləri,
böyük sənətkarlarımızın
yaratdıqları inciləri bu miskin (fəqət hakim
mövqedə dayanan) psevdosənətin ayağına versək,
Allah bizi bağışlamaz axı!
Nə isə,
deyəsən müqəddimə bir az uzun
alındı. Ona görə də mən
yazımın üverturasını burada bitirib keçirəm
əsas məsələyə - vokal sənətimizdə
etalona, meyara çevrilmiş Şövkət Ələkbərova
fenomeninə.
Boynuma alıram ki, mən Şövkət xanımın
səsinə, sənətinə o səsi elə ilk dəfə
eşitdiyim andaca heyran olmamışam. Bu
vurğunluğun çox qəribə və maraqlı bir
tarixçəsi var.
Musiqi, ifaçılıq sahəsində
özümün ilk primitiv düşüncə modellərimi
qurduğum yeniyetməlik vaxtlarımda Şövkət
xanım yalnız bəstəkar mahnıları oxuyurdu və
mən də onu elə bu ampluada fəaliyyət göstərən
bir müğənni kimi tanıyırdım. Üstəlik, o vaxtlar radio
və televiziyamız öz əsas, matah boxçasını -
qızıl səslər arxivini açıb hamının
malına, zövq mənbəyinə çevirmək sahəsində
indiki kimi səxavətli deyildi. Artıq musiqinin fəlsəfəsini,
estetikasını az-çox anladığım günlərin
birində - onda mən gənclik dövrünü arxada
buraxmışdım - bazar günü xidməti işimlə
bağlı çalışdığım qəzetin
redaksiyasına gəldim... Təfərrüatlara varmayacam,
düz saat 14-də
həmişə mənimlə olan "Xəzər"
radioqəbuledicimi işə saldım ki, "Muğam
saatı" nın xoş sədaları altında bir az dincəlim.
Diktor növbəti ifanı təqdim edəndə əlimdəki
qələmlə bir yerdə sanki damarlarımdakı qanım
da bir anlığa dondu: "Mirzə Hüseyn segahı. Oxuyur Şövkət Ələkbərova".
Mənə elə gəldi ki, ya verilişin
redaktoru texniki səhvə yol verib, ya da həmin o boş
otaqdakı sükut mənimlə zarafat edir - Şövkət
xanım Ələkbərova nə vaxtdan muğam dəstgahı
oxuyan olub axı!?
Tam əmin
idim ki, giriş rəngindən sonra eşidəcəyim səs,
avaz hər şeyi yoluna qoyacaq, amma Şövkət
xanımın ilk avazındaca açılan ağzım təxminən
15 dəqiqə - dəstgahın ifası başa çatana qədər
elə o cür açıq qaldı, üstəlik
"Segah" şöbəsi oxunanda deyəsən
başımın tükləri
biz-biz olub papağımı bir az dikəltdi, sonuncu
şöbə ifa olunanda isə mənim şəklimi çəkən
olsaydı trans vəziyyətinə düşmüş bir
zavallının vizual obrazını yaratmaq sahəsində
heç şübhəsiz ki, böyük
yaradıcılıq uğuruna imza atmış olardı...
Həmin
o 15 dəqiqə müddətində mən həmin kimsəsiz
redaksiyanın kiçik iş otağında deyildim - haradasa
irreal bir məkanda idim və sanki uzaqdan - qeybdən gələn
bir səsə təslim olmuşdum...
O vaxtacan
(bütün məsuliyyətini üzərimə
götürüb deyirəm ki, elə indiyəcən!)
qadın müğənnilərimizdən heç kimin ifasında belə
şirin, təsirli "Mirzə Hüseyn segahı"
eşitməmişdim!
Bu, sadəcə oxumaq deyildi - bu, qeyri-adi səs
obrazları ilə həsrətin, nisgilin, şikayətin, təmənnasız
sevginin... izharı idi.
Lakin mənim
təəccüb qarışıq heyranlığımı
illərin o tayında, həmin o otaqda qoyub elə Şövkət
xanımın səsinin qanadları üzərində indiyə
- bu sətirləri yazdığım anlara, məkana
qayıdaq...
İnternet
məişətimizə daxil olandan sonra mən Şövkət
xanımın uzun illər əldə edə bilmədiyim həmin
o ifası ilə yanaşı, "Şahnaz",
"Qatar"
muğamlarının, "Kəsmə şikəstə"
zərb muğamının o vaxta qədər eşitmədiyim
başqa bir variantının lent yazılarını
"Youtube" kanalında tapıb təkrar-təkrar dinlədim,
onun muğam ifaçılığı sahəsindəki fəaliyyəti
ilə yaradıcılığının sonrakı -
mahnı ifaçılığı dövrü
arasındakı ilişgiləri axtardım və nəhayət,
Şövkət xanımın sənətinin təkrarsızlığını,
bənzərsizliyini, əbədiyaşarlığını
və GÖZƏLLİYİNİ
şərtləndirən amillər mənə tam şəkildə
əyan oldu.
Yaxşı, nə üçün "yaxşı
ifa", "yaxşı səs" yox, məhz gözəl
səs, gözəl ifa? Fərq nədədir?
Fərq ondadır ki, ümumiyyətlə, yaxşı
olan hər şey bizim hansısa konkret bir
umacağımızı, tələbatımızı ödədiyinə
görə yaxşı olur və bu missiyadan kənarda o
öz yaxşılığını dərhal itirir. Bu, elə
musiqiyə də, səsə də, ifaya da aiddir. Məsələn,
tutaq ki, mən musiqinin köməyi ilə şənlənmək, əhvalımı
yüksəltmək istəyirəm və axtarıb öz məqsədimə
uyğun həmin musiqini tapıramsa, bu olur yaxşı musiqi.
Tez-tez eşitdiyimiz "Əhvalımın vəziyyətindən
asılı olaraq, hər cür musiqini sevirəm" - etirafı bu
fikri təsdiq edir.
Gözəl
musiqi isə hər cür umacağın, ehtiyacın
fövqündə dayanan, sənin əhvalının vəziyyətindən
asılı olmayaraq ruhunu oxşayan, sənə xoş gələn
musiqidir və bu mənada gözəllik çoxlarının
səhv olaraq düşündükləri kimi nisbi yox, əksinə,
hamıya xoş gəldiyinə, hamının
duyğularını sayrışdırdığına
görə mütləqlik
qütbünə meyl edən anlayışdır. Hamı tərəfindən qəbul olunmaq,
hamının rəğbətini qazanmaq isə ümumxalq
sevgisi qazanmaq deməkdir və Şövkət xanım Ələkbərova
da belə bir səviyyəyə yüksəlmiş xoşbəxt
sənətkarlardan idi.
Onun səsinə,
oxuduğu mahnılara gözəllik əyarı qatan
xüsusiyyətlər - ipək kimi yumşaq səs, əsrarəngiz
temp, yalnız sınətkarlıqla yazılmış mahnılardan ibarət
repertuar və s. barədə
çox danışmaq olar. Lakin mən bu şansı hörmətli
musiqişünaslarımıza ötürüb diqqəti zənnimcə,
çoxlarının görmədiyi, yaxud görüb əhəmiyyət
vermədiyi vacib bir məsələyə yönəltmək istəyirəm.
Məncə, Şövkət Ələkbərova
fenomeninin təməlində onun
yaradıcılığının ilk dövrlərində məşğul
olduğu muğam ifaçılığı ilə
bağlı məqamlar dayanır. Bu fikir ilk
baxışdan bir qədər şablon, ənənəvi
görünə bilər. Amma fikir verin - bizim xalq
mahnılarımız, rəqs melodiyalarımız kimi, bəstəkar
mahnıları, instrumental pyeslər, hətta simfonik musiqimizin
inciləri, bütövlükdə, professional musiqimiz də xalq musiqisi üzərində
ucalıb, çünki muğam ab-havası bizim milli ruhumuzun
mütləq atributlarından biridir, hətta yazılarımın
birində qeyd etdiyim kimi, düşmənə olan nifrətimiz
də muğam "rəngindədir". Şövkət
xanım isə bir vaxtlar ustalıqla, şövqlə
oxuduğu muğamların şəddi-şəkərini,
pozitiv enerjisini - insan nisgilinin, sevincinin, kədərinin, həsrətinin... səs obrazlarını intuitiv
şəkildə oxuduğu mahnılara transfer edərək
onların canına hopdura bilən qeyri-adi istedad sahibi idi.
Gəlin razılaşaq ki, bu xoşbəxtlik, heç də
hər sənətkara nəsib olmur.
Şövkət
xanımın oxuduğu mahnılar - "Axşam oldu",
"Getmə yar", " Qızların nəğməsi",
"Qəmgin mahnı", "Bir könül
sındırmışam - hansını deyəsən -
...sanki onun oxumadığı, oxumağa macal
tapmadığı muğamların rənginə,
sayrışdırdığı duyğuların
işığına bələnmişdi və məhz buna
görə də yaşından, cinsindən asılı
olmayaraq hamının ürəyinə yol tapırdı.
Şövkət
xanımın hər ifası oxunmamış bir muğamın
zəfəri idi!
Burada
ustad tarzən Rövşən Zamanovun
danışdığı bir əhvalatı xatırlamaya bilmədim:
"Ramiz Mirişlinin "Oxu tar" mahnısının lentə
alınması ərəfəsində son məşqlərdən
biri imiş. Əhsən Dadaşov ifaya giriş kimi "re"
kökündə möhtəşəm bir "Segah" gəzişməsi
edib, Şövkət xanıma
"ayaq" verir, lakin Şövkət xanım nəyə
görəsə susur...
Əhsən müəllim görür ki, Şövkət
xanım özündə deyil, gözlərini bir nöqtəyə
dikərək dərin fikrə dalıb. "Olan şeydir" -
deyib həmin gəzişməni bir də təkrar edir...
Şövkət
xanım yenə susur...
Əhsən
Dadaşov təəccüblə soruşur:
- Şövkət, nə olub, niyə oxumursan?
Şövkət
xanım sanki yuxudan ayılaraq titrək səslə deyir:
- Əhsən,
ay zalım, səhərdən qoyursan ki, oxuyum.."
Sizcə, əlavə şərhə ehtiyac varmı?
Dahi Niyazi
yəqin elə buna görə, bu amili nəzərə alaraq
"Qaragilə", " Xumar oldum" mahnılarını simfonik orkestr
üçün işləmişdi və Şövkət
xanım orkestrin müşayiəti ilə bu inciləri ifa edəndə maestro da qeyri-ixtiyari əlləri,
barmaqları, üzünün dəyişən cizgiləri ilə
bu mahnıları "oxuyurdu".
Şövkət
xanım bir sənətkar kimi maksimalist idi - onun sənət fəlsəfəsində "babat", "orta",
"miyanə" anlayışları, "yola vermək"
fəndi yox idi - o, özünə, dinləyicilərə hörmət qoymağı
bacarırdı, çünki ilk növbədə oxuduğu
mahnılara hörmətlə yanaşırdı, onları
incitmirdi, nəinki hər avazın, hər sözün, hətta
hər səsin, vurğuların,
nöqtələrin, vergüllərin, nida, sual işarələrinin
üstündə əsirdı.
Onun xanım-xatınlığı, sadəliyi, qonaqpərvərliyi,
səmimiyyəti və təvazökarlığı barədə
çox eşitmişəm, amma təəssüf ki, bu
xanımla şəxsi ünsiyyətdə
olmadığıma görə öz xatirələrimə
istinad edib nə isə yazmaq şansım yoxdur. Ustad tarzən,
Göyçay uşaq musiqi məktəbinin direktoru
Rövşən Zamanovun danışdığı bir əhvalat
isə
Şövkət xanımın nə qədər
sadə, təvazökar bir insan olduğuna parlaq
illüstrasiyadır : "Gənc yaşlarımda bir dəfə
iş elə gətirdi ki, Göyçayda qastrolda olan
böyük vokalçımız Şövkət Ələkbərovanı
müşayiət edəsi oldum. İfa başa
çatandan sonra alqış səsləri salonu
bürüdü.
Şövkət xanım əlinin işarəsi ilə
ona ünvanlanmış gurultulu alqışları
dayandırıb dedi : "Siz məni yox,
bax bu cavan oğlanı, cavan tarzəni
alqışlayın!".
Belə böyük ürək yalnız böyük sənətə
xidmət edənlərin sinəsində döyünə bilər.
Şövkət
xanım hələ
sağlığında adı Azərbaycanın vokal
ifaçılığı tarixinə böyük hərflərlə
yazılmış sənətkar səviyyəsinə yüksəlmişdi.
Lakin mən onu bir dəfə də olsun
televiziyada, radio verilişlərində özünü tərifləyən,
başqalarına dərs keçən
"çoxbilmiş" statusunda görmədim, O, musiqi məktəbindəki tələbələrindən
başqa heç kimə dərs keçmirdi, tələbələrini
isə təkcə tələbə kimi yox, öz
övladları kimi sevirdi.
Bu gün
Şövkət xanımın səsi təkcə radionun,
televiziyanın qızıl fondunda yox,
"Görüş", "Onu bağışlamaq
olarmı", "Bəxtiyar", "Ögey ana"...
filmlərində yaşayır və illər keçəcək, biz də bu dünyadan köçəcəyik,
amma Şövkət xanımın ifaları həmişə
yaşayacaq, nəvələrimizin, nəticələrimizin,
kötücələrimizin ruh, mənəviyyat
Kitabının unudulmaz səhifələri kimi həmişə
vərəqlənəcək, onlara vacib bir mövzuda unudulmaz
dərs deyəcək...
"Əbədi yaşamaq haqqı" dərsini!
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2022.- 15 aprel.-
S.10;11.