Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Qəmli düşüncələr və yaponların "ikiqayı"

 

Ruhiyyə ərinin ölümü ilə heç cür razılaşa bilmirdi, başa düşürdü ki, həyatında onu Hüseyn kimi odlu məhəbbətlə sevən ikinci bir adam olmayacaqdır. O, bu qızın həyatına, könlünə, bütün varlığına daxil olmuşdu, onsuz yaşayacağını heç ağlına da gətirə bilməzdi. Lakin fatum, rok onu təqib etdi və canından artıq sevdiyi əri dünyadan köçdü. Əslində, ərinin ölümü ilə onun özünün dünyası, xoşbəxtlik səltənəti uçub, dağılmışdı. Axı bu insan ona sadəcə ər, uşağına ata deyildi, onun keçmiş, indi və gələcəkdə də yoxa çıxmayacaq qəlb dostu, onun dayağı və həyat cığırındakı yol göstərəni idi. Ona görə də çaşbaş qalmışdı, öz həyatını necə qurmaq barədə də çətinlik çəkirdi. Əri həyatdan yaxşı baş çıxarırdı, onun mənasını bilirdi, həyat fəlsəfəsinə bələd idi, sağlamlığının da qayğısına qalırdı. Bütün bunlar ona kömək edə bilmədi, həyata müdrik baxışı da ona yardımçı ola bilmədi. Hüseyn arvadının onun üstündə əsdiyini görəndə, ona sakitləşdirmək üçün deyirdi ki, sən nahaq narahat olursan, mən uzun ömrün və xoşbəxt həyatın sirlərinə də bələdəm. Əgər bunlardan agah olmasaydım, heç sənin kimi cavan qızla da ailə qurmazdım. Mən səninlə evlənmişəm ki, biz uzun illər birlikdə yaşayaq, məhəbbətimizin balını bir-birimizlə doyunca bölüşək və hətta cavan ər-arvadlar da bizim yaxınlığımıza həsəd aparsınlar. O, necə də həyatsevər bir insan idi, lap kolibri kimi hansı çiçəyin nektarının daha şirin olduğunu da bilirdi. Bəlkə də, belə şiddətli məhəbbətə onun ürəyi dözmədi, axı kolibrinin də ürəyi olduqca intensiv ritminə görə onun çox yaşamasına imkan vermir, axı çox kiçik olan bu quş saniyədə qanadlarını 100 dəfədən çox çırpır.

 

Ruhiyyə özünü danlayırdı ki, gərək onun ehtirasını soyutmağa çalışaydı, ancaq ilk dəfə belə burulğana düşdüyündən bu barədə düşünmürdü də, istəyirdi ki, ərinin ehtirası onu məhəbbətin dərin sularında boğub, taqətdən düşənə qədər davam etsin. Onun fiziki məhəbbətdən yorulmazlığı, doymaması şirlə, bəlkə hətta ilanla müqayisə edilə bilərdi, axı yalnız ilanlar fasiləsiz qaydada uzun müddət cinsi əlaqədə olurlar. Onun sönməyən ehtirası onlara nə qədər xoş anlar bəxş etsə də, insan ömrünə heç də bütünlüklə uyğun gəlmirdi. O, ərinin yanan atəşini söndürməyi intim yaxınlıqda görürdü, başa düşmürdü ki, yaşlı kişi üçün bu, o qədər də asan məsələ deyildir, onun imkanlarından xaricdə olan bir məsələdir.

 

Bu ağır fikirlər onu üzürdü, özünə ağılsız şeyləri təlqin edirdi, bəzən ağlına belə bir qəribə fikir gəlirdi ki, ərini özü öldürmüşdür, ərinin qızışmaqda həddi keçən həvəsinə özü də müvafiq qaydada cavab vermək kimi ağılsız bir istəyinə boyun əyməsi ilə.

 

Belə ağır fikirlərin təzyiqi altında əzab çəkəndə, qəzetdəki jurnalist qız ona zəng vurdu və dedi ki, vaxtilə Türkiyədə tanış olduğu və haqqında məqalə yazdığı görkəmli professor Bakıya qonaq gəlmişdir və herontologiya barədə yerli mütəxəssislərə mühazirələr oxuyacaqdır. Sabahkı mühazirəsinə zəng edib, məni də dəvət etmişdir. Çox maraqlı insandır, etiraz etməsən, bir yerdə gedərik, güman edirəm ki, sənin üçün də maraqlı olacaqdır. Yeddi ilə yaxın öz elmi axtarışları ilə əlaqədar Yaponiyada olmuş, bu ölkədəki çoxömürlülüyün sirlərinə bələd olmağa çalışmışdır. Ona görə də onun elmi məqalələri Avropada və Amerikada da böyük marağa səbəb olmuşdur.

 

Mühazirə Dənizkənarı bulvardakı Muğam evində təşkil olunmuşdu. Jurnalist qız tərcüməçi rəfiqəsi ilə bir yerdə mühazirəsinə qulaq asmağa gəldiyini professora mobil telefonla çatdırdı. Professor onları girişdə qarşıladı və Ruhiyyə ilə tanış olduqda heyranlığını gizlədə bilmədiyindən dedi:

 

- Əcəba, nə gözəl rəfiqən vardır. İlk dəfədir ki, mühazirəmə belə gözəl xanım təşrif buyurmuşdur, gərək mən bu cəhəti də bugünküçıxışımın uğurlu alınması üçün nəzərdən qaçırmayam.

 

Ruhiyyə ona xoş sözlərinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, uzunömürlülük problemi mənim xüsusi maraq dairəmə daxildir, çünki mən o qədər də qoca olmayan ərimi itirmişəm və hər ikimiz nəyə görəsə arxayın idik ki, hələ bir yerdə biz uzun ömür sürəcəyik. Lakin tale vəfasızlıq göstərdi və ərim infarktdan vəfat etdi. Rəfiqəm mənə sizin tədqiqatlarınız barədə xeyli danışmışıdır və sizin kimi uzman elm adamı ilə tanış olmaq mənim üçün çox xoşdur.

 

Professor üzr istəyib, çıxışına

 

hazırlaşmağa getdi. Zalda çoxluməşhur tibbalimləri, bioloqlar, həmçinin, dövlət xadimləri və deputatlar əyləşmişdi.Ruhiyyə ilə jurnalist qız onlarla müqayisədə sadə adamlar zümrəsinə daxil edilə bilərdi. Tibb universitetinin məşhur kardioloq professoru yığıncağı açıb, sözü yaxın dostu adlandırdığı türk aliminə verdi və bildirdi ki, biz şadıq ki, hörmətli professor vaxt tapıb, paytaxtımıza gəlməyə və mühazirə oxumağa razılıq vermişdir. Hamı bu sözləri alqışlarla qarşıladı.

 

Professor mühazirənin əvvəlində qeyd etdi ki, Yaponiya uzunömürlülük sahəsində dünya dövlətləri arasında birinci yeri tutur. Yüzdən artıq yaşı olanlara görə də bu ölkə başqalarından irəlidədir. Sonra o, Yaponiyada olduğu müddətdə uzunömürlülük problemini öyrəndikdə ilk dəfə sehrli bir sözlə - "ikiqay" ifadəsi ilə tanış olmuş, həm də uzun və xoşbəxt həyatın yapon sirrini öyrənməyə çalışmışdır. Yaponlar həyatın mənasını öyrənməyə cəhd edirlər və bu vaxt ortaya "ikiqay" termini çıxır. Bu ölkədəki Okinava adası uzunömürlülüyə görə irəlidə gedir, hər yüz min sakinə 25 nəfər 100 yaşa çatmış adam düşür ki, bu da orta dünya səviyyəsindən xeyli yuxarıdır. Burada çoxlu faktorlar - sağlam qida, təmiz hava, yaşıl çay içmək və xoş iqlim də mühüm rol oynayır. Lakin uzunömürlülüyün ən vacib cəhəti, ada sakinlərinin icra etdikləri ikiqaydır. Onun köməyi ilə adada yaşayanlar dərin qocalığa qədər fəal olaraq qalır və həm də xoşbəxt ömür sürürlər. Onlar əla fiziki formalarını və həyatsevərliklərini ahıl yaşlarında da saxlayırlar. Onlar olduqca nikbin görünürlər, daim gülür və zarafat edirlər.

 

Əlbəttə, məni ikiqayın müəmmalı fəlsəfəsi çox maraqlandırırdı. Məlum oldu ki, tarixində ada fəlakətlərdən də yayına bilməmiş, vaxtilə bədbəxtliklərlə də üzləşmişdi, İkinci Dünya müharibəsində burada 200 min nəfərə qədər günahsız adam ölmüşdü. Lakin ada sakinləri qalib amerikanlara qarşı qəzəb hissi ilə yaşamamış, onlarla yaxın adamlar kimi davranmışdılar. Müharibənin günahkarı isə Asiyaya hökmranlıq eşqində olan yaponlar özü olmuşdu, amerikanlar onlara cavab vermək üçün müharibəyə cəlb olunmuşdular. Yaponlar həm də uşaqlıqdan icmaya məxsus olmaq hissinə sahib olur, kollektivdə işləməyi, bir-birinə kömək əlini uzatmağı sevirlər. Hətta qoca yaşlarında da hər bir günü, varlığın şüurlu qaydada onlara töhfəsi kimi qiymətləndirməklə, sevinclə qarşılayırlar.

 

Həyatdan həqiqi sevinc almaqla uzun ömürə yiyələnmək daha vacib məqsəd sayılmalıdır. Yaponlar güman edirlər ki, hər bir adam öz ikiqayına malikdir, biz isə bunu həyatın mənası adlandırırdıq. Yaponiyada adamlar hətta istirahətə yollandıqda da, mübaliğəsiz olaraq, daha çox fəal həyat sürürlər. Əslində, onlar sevdiyi işlə məşğul olmağı davam etdirməklə, pensiyaya çıxmırlar. Ən başlıcası isə, hər bir adam üçün həyati məqsəd çox mühüm əhəmiyyət kəsb edir. Yaponlar təkcə uzun ömür yaşamırlar, həm də ağır xəstəliklərdən nisbətən az əziyyət çəkirlər, ona görə də qocaların çoxu gümrahlıq və səhhətin əla vəziyyətini nümayiş etdirirlər, bu mənzərəni görəndə adam buna inanmaq da istəmir. Ona görə də onlarda dementsiya hallarına, ağılın azalmasına da nisbətən az rast gəlinir. İkiqay - hər günü dərindən hiss etməklə keçirmək əsasında həyata münasibəti müəyyən edir.

 

İkiqay sözünün mənası dəyərə malik olan, irəlidə olmağı mümkün etməklə, lider olmaq və gözəl həyat deməkdir. Yaponlar tərəvəzi və tofunu (soyadan hazırlanan pendiri) çox, lakin xırda porsiyalarla yeyirlər. Uzun ömrün şərtləri pəhriz, fiziki fəallıq, ikiqaya şüurlu qaydada əməl etməkdir. Burada sosial əlaqələr, sədaqətli dostlar və möhkəm ailə heç də az əhəmiyyət kəsb etmir. Onlar izafi fiziki məşğuliyyətlə də özlərini yormurlar, həm də hər gün hərəkət edirlər - gəzir və ya torpaqda işləyirlər. Onların pəhrizindən də çox şey öyrənmək olar, onlar ancaq ac olanda yeməyə üstünlük verirlər və deyirlər ki, yeməkdən sonra mədə yalnız 80% dolu olmalıdır. Əcdadlardan qalmış bir müdriklik də çox yeməməyi məsləhət görür. Həm də onlar yeməyi kiçik boşqablarda verirlər, ona görə də az yeyirlər.

 

Alimlərin tədqiqatına görə, hüceyrələrin yenidən generasiyası insanı 120 ilə qədər yaşamağa qadir edir. İnsan həyatının harmoniyası üçün bədən də, ruh da eyni dərəcədə vacibdir, bu vaxt bədən sağlamlığı ruhi sağlamlıqdan asılıdır və əksinə. Cavanlığı saxlamaq üçün yeniliyi qəbul etməyi bacaran canlı, çevik ağıl vacibdir. Cavan ağıl adamı sağlam həyat tərzinə can atmağa məcbur edir, bu da qocalığı təxirə sala bilir. Ona görə də ağılın gimnastikası çox vacibdir. Ağılı gündəlik ağırlıqlardan qorumağın düzgün vasitəsi, beyni yeni informasiya ilə yükləməkdir. Hər gün nəsə yeni bir şeyi bilmək, oyun oynamaq, başqa adamlarla ünsiyyətdə olmaq beynin qocalmasını ləngitmək üçün çox vacibdir. Çoxları stresdən qorxur, lakin ibtidai insan tez-tez təhlükə ilə üzləşdikdə, yırtıcı heyvanlarla qarşılaşdıqda qaçmaqla, harasa dırmaşmaqla özünü stresdən qoruyurdu. Stresdən qaçmağın yolu hər bir adamın şüurlu qaydada onun təsirini azaltmasıdır. Həm də unutmaq olmaz ki, yüngül stress sağlamlıq üçün faydalıdır. Kiçik dozalarda stress orqanizmə müsbət təsir göstərir.

 

Günəş həyat üçün nə qədər böyük əhəmiyyət daşısa da, vaxtından əvvəl qocalmağın başlıca faktorlarından biridir. Ona görə də günəşdən qorunmaq məsləhət görülür, Şərq adamları kimi bu, bizim üçün də mühüm əhəmiyyət kəsb edir. Qocalıqdan qoruyan birinci vasitə yuxudur. Həyat tərzi də uzunömürlülük üçün vacib şərtlərdən biridir. İncəsənət xoşbəxtlik gətirməklə və həyata məna verməklə ikiqay hesab olunur. Rəssamlar ikiqay alovunu axıra qədər qoruyub saxlayanlardan biridir, onlar bu məsələdə qədim Roma vestalkalarını yada salırlar. XIX əsrdə yaşamış böyük yapon rəssamı Hokusay özünün məşhur "Fucinin yüz görünüşü" qravüralarını 70 yaşından sonra yaratmışdı.

 

Bir cəhəti də qeyd etmək lazımdır ki, Yaponiyada uzunömürlülük bu ölkənin mədəniyyəti ilə sıx bağlıdır. Daim fəal olaraq qalmaq üçün öz ikiqayına malik olmalısan, bu yol göstərən ulduz insanı bütün həyatı boyu öz arxasınca aparacaqdır, bu da onun üçün yaratmağın və cəmiyyətə fayda verməyin vacib motivinə çevrilir. Sadəcə olaraq, həyatın mənasını axtarmaq lazımdır. İnsan əlindən azadlıqdan başqa hər şeyi almaq olar, azadlıq isə ona imkan verir ki, mövcud şəraitlərdə necə yanaşmağı seçməyi bacarsın. Qəribə görünsə də, insana sakit həyat lazım deyildir, ona çətinliklər lazımdır ki, öz bacarğından istifadə etməklə onlarla mübarizə aparsın. Həyatın mənası hər kəsin özününküdür və ömür boyu çox dəfələrlə dəyişə bilər. Ona görə də daim öz məqsədini yaddan çıxartmamalısan, öz daxili dərinliyinə nəzər yetirməli və ikiqayını tapmalısan. Prosesə girişərək, öz ikiqayının üzə çıxmasına imkan vermək vacibdir.

 

Yaponların fərqləndirici xüsusiyyətlərindən biri onların təmizkarlığa ciddi riayət etməsi, şəxsi gigiyenalarına böyük qayğı göstərmələridir. Onlar ciddi-cəhdlə yuyunduqdan sonra furo adlanan çəlləkdəki qaynar hərarətdə olan su vannası proseduralarını hər axşam qəbul edir, sonra yatağa uzanırlar. Bunu bütün ailə üzvləri edir, çünki yalnız yaxşı yuyunduqdan sonra furoya girirlər. Bu, həm də qış vaxtı qızdırılmayan otaqda yatmaq üçün bədənə xeyli istilik verir. Yaponiyada geniş yayılmış bu prosedur ən azı erkən orta əsrlərə gedib çıxır. Amerikan yazıçısı Ceyms Klavell özünün "Syoqun" romanında sadə yapon kəndlisinin də bədən təmizliyinə ciddi fikir verməsini geniş təsvir edir, ingilis dənizçisi ilə münaqişə səhnəsində bu, özünü tam şəkildə əks etdirir. XVI əsrin sonunda ingilis gəmisi Yaponiyaya gəlib çıxmışdı. Yaponlar komanda üzvlərini həbs etmiş, lakin kapitanı əvəz edən losmandan gəmiçiliyə dair sirləri öyrənmək üçün onu zindana atmamaşdılar. Daymyo - mülkədar onu evində ayrıca saxlamaq üçün bir kəndliyə təhkim etmişdi. Onlar evə qədəm basan kimi kəndli ingilisdən çimməyi tələb etdi. Həm də əlavə səbəb kimi, ondan iy gəldiyini dedi. Losman imtina edib, çimmək istəmədiyini bildirdi, ona yad olan işdən qaçmaq istədi. Axı ingilislərdə yaponlardan fərqli olaraq şəxsi gigiyenaya diqqət verilmirdi. Həmin XVI əsrdə, kraliça I Elizabetin sarayında işləmiş məmur yazırdı kı, o, ömründə ikicə dəfə çimmişdir, bir dəfə doğulanda, ikinci dəfə isə evlənəndə. Axırıncısı ona görə baş vermişdi ki, təzə gəlinin çimdiyini görüb, onun bu naməlum hərəkətini sadəcə təkrar etmək istəmişdi. Ev sahibi çimməyi təkid etdikdə, losman yenə onun israrına məhəl qoymayanda, yapon karate priyomundan istifadə edərək ingilisi vurub, yerə sərmişdi. Zərbə ağır olduğundan losman inadkarlıq etsə, ev sahibinin onu öldürəcəyindən qorxub, göstərişinə əməl etməli olmuşdu.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 16 aprel.- S.22.