Məsumiyyət muzeyindən reportaj
İncəbelli çay bardağı, eşqin anatomiyasi və Orhan Pamuk
Dalgıc küçəsinin tinindən
dönən kimi özünəməxsus, qəribə
bir atmosfer yaxınlaşdığını, əsrarəngiz görüntüyə
sahib olan binaya girdiyin andan etibarən unudulmayan macəranın bir parçası olacağını
hiss edirsən. Əminsən ki, sənə
minbir hiss yaşadan, iliyinə qədər işləyən, hətta
ilk cümləsi qulağına
sırğa, beyninə
damğa kimi vurulan romanın içərisində gəzmək
möcüzəyə bərabər
bir duyğu olacaq. Yazıçı "Hayatımın en mutlu anıymış, bilmiyordum" deyirdi unudulmaz romanın ilk cümləsində. Söhbət Orhan Pamukun "Məsumiyyət muzeyi"
əsərindən gedir.
Bu kitab bir
dəfə oxunan, təsiri ömür boyu sürəcək olanlardandır. Amma bu gün söhbətini açacağım roman deyil,
Pamukun romandan daha çox zaman, enerji xərcləyib,
hər parçasını
zərrə-zərrə toplayaraq
yaratdığı və
2012-ci ildə qapılarını
açdığı Məsumiyyət
muzeyidir.
Muzeyi ziyarət
etmək eyniadlı romanın cümlələrinə,
kəlmələrinə toxunmaq,
obrazlara qarışmaq,
sətirlərin arasında
gəzmək kimi bir hiss yaradır insanda. Burada 1970-80-ci illərin İstanbulunu, gündəlik
həyatdan seçilmiş
əşyalar üzərindən
sərgilənən dönəmi
görmək mümkündür.
İncəbelli çay bardaqlarının,
rakı qədəhlərinin,
balıq masalarının,
mətbəxt əşyalarının,
saralmış məktubların,
saç aksessuarlarının,
hətta suda saxlanan protez diş stəkanı ilə vitrinlərin hər birində bir dünya yaradılıb sanki. Çaşğınlıq, maraq, heyranlıq,
qürur, sevinc kimi qarmaqarışıq duyğular insanı çox uzaqlara aparır. Dinamik dizaynın təsiri
ilə muzey, kimə aid olduğu bilinməyən, vaxtı keçən, tarixə qarışan və ya qarışmaq astanasında olan əşyaların sərgiləndiyi
məkan halına gəlib.
Yalnız eşq deyil, evlilik, dostluq, intim münasibətlər,
şəhvət, ailə,
xosbəxtliklə bağlı
bütün düşüncələrin
əksi muzeyə yansıyıb. Fürsət tapıb oxuya
bilməyənlər üçün
qeyd edim ki, əsər İstanbullu zəngin ailənin övladı Kamal ilə onun uzaq və
yoxsul qohumu Füsunun hekayəsindən
bəhs edir. Kamal özü kimi zəngin ailədən olan Sibel ilə
nişanlı olur.
Ona hədiyyə almaq üçün bir butikə gedir, illərdir görmədiyi
Füsunla qarşılaşır
və hekayə başlayır. Xoşbəxtliklə dolu bir-iki ay keçirən qəhrəmanlar
Kamalın nişanlanması
ilə birlikdə dünyanın gerçəkləri
ilə üzləşir
və ayrılırlar.
Bundan sonra Kamal şam kimi əriməyə, acı çəkməyə
başlayır və məşhur səkkiz illik dönəmin əsası qoyulur. Kamalın
Füsungilin süfrəsində
az qala
hər axşam qonaq olduğu və qadının ərinin, anasının, atasının göz yumduğu həmin səkkiz il... Kamal Füsungilin evindən əşyalar oğurlamağa
başlayır və bunları bir kolleksiya halına gətirir. Bu nöqtədə kitab bizi həmin əşyalardan ibarət bir muzeyə yönləndirir. Muzeyin konsepti
Orhan Pamuk tərəfindən ta əvvəldən qurğulanıb.
Yazıçının 15 illik əməyinin
və hər şeydən üstün xəyal gücünün
məhsuludur bura.
Hətta
sərgilənən vitrinlərin
konseptini öz əlləri ilə tərtib edib. Kamalın Füsuna olan sevgisi 83 vitrinin hər birinə işlənib. İlk baxışda
bura insanı tilsimləyən ruhani bir yer təsiri
də yaradır.
Muzeyi gəzdikcə fərqinə
varırsan ki, əslində əşyalar
öz hekayələrini
danışmaq iqtidarındadır.
Onlara əlavə anlamlar, mənalar yükləmək
gərəksizdir.
Məltəm qazozları, inci sırğalar, qəzetlərdən
səhifələr, dönəmin
manşetləri, ayaqqabılar,
geyimlər, mətbəxt
əşyaları, saralmış
ailə fotolarından
ibarət vitrinlərin
hər biri insanı uzaqlara aparır. Keçmişi ilə üz-üzə
qoyur görənləri,
haralardan keçib gəldiyini xatırladır.
Dünyanın necə dəyişdiyini,
nələrin nələrlə
əvəzləndiyini gözlər
önünə sərir.
Xəyalın həqiqətə
çevrilməyinin isbatıdır
Məsumiyyət muzeyi!
Təcavüzə məruz qalmış
və ya qətlə yetirilmiş qadınların rəsmindən
ibarət qəzet səhifəsi isə insanı daha da sarsıdır. Çünki artıq həmin
cinayətlərdən hər
gün daha betərləri törədilir.
Muzeydə ziyarətçini ilk qarşılayan sağda yerləşən, Kamalın
topladığı və
hər biri ilə bağlı xatirəsi, monoloqları və dialoqları qeydə aldığı
4213 dənə siqaret
kötüyünün sərgiləndiyi
divar insanı daha çox heyrətləndirir. Kamal həmin
kötüklərin altına
tarixini və önəmini bir-bir yazıb. Muzeyi gəzmək bir-iki
saatdırsa bu qeydləri oxumaq ikiqat artıq vaxt tələb edir. Elə ziyarətçilərin gözlərini uzun-uzadı
xırda hərflərə
dikməsi buna sübutdur.
Vitrinlərdən birini insanın baş və gövdəsi üzərində
göstərilən və
romanı oxuyanların
unutmadığı o məşhur
"Eşq acısının
anatomiyası" tutur. Qutunun önündə
kilidlənib qalmamaq mümkün deyil. İnsanın acıya necə
dayanıqlı olduğunu
düşündükcə bədənini bir qorxu və panika
havası bürüyür. Dəhşətə gəlirsən, bu
yoldan keçdiyini və ya bir
gün keçə biləcəyini düşündükcə.
On bir maddəlik bu bölüm ziyarətçisini romanın
26-cı bölümünə aparır:
"Müzemizi göremeyen
okur için acının en yoğun olduğu başlangıç
noktasının, midemin
sol yanının yukarı
kısmında olduğunu
belirteyim. Acı güçlendiği vakit göğsümle midem arasındaki boşluğa hemen yayılırdı. O zaman
gövdenin yalnız
sol kısmında kalmaz,
sağa da geçerdi. Sanki içime
bir tornavida ya da kızgın
bir demir sokulmuş içeriden kanırtılıyormuş hissine
kapılırdım. Sanki midemden
başlayarak bütün
karnımda keskin asitli sıvılar birikiyordu, sanki yakıcı ve yapışkan küçük
deniz yıldızları
iç organlarıma yapışıyordu. Şiddetlendikçe
hacmi genişleyerek artan acı, alnıma, enseme, sırtıma, hayallerime,
her yerime vurur, beni boğar
gibi sıkıştırırdı.
Bazan göbeğimde, tam göbek
çukurunun etrafında,
resimde gösterdiğim
gibi, sanki bir yıldız şeklinde birikir ve asitli sert
bir sıvı gibi boğazıma, ağzıma dolup sanki beni boğup
öldürecekmiş gibi
korkutur, oradan bütün gövdemi zonklatır, beni inletirdi".
Bir az dərindən
düşünəndə Kamalın sevgisinin sağlıqlı olmadığını
düşünürsən. Hətta xəstəlik səviyyəsində
olduğuna inanırsan.
Çünki zamanla keçən,
uzaqbaşı izi qalacaq olan bir
yaranı ömürboyu
sağalmayacaq xəstəliyə
çevirmək həşirinin
başqa bir adı olduğunu düşünmək çətindir.
Zamanın və anların yerini əşyalarla doldurmaq cəhdi, unutmamaq təlaşı, bitməyən
ehtiras, sonu gəlməyən gözləntidir
Kamalın yaşadıqları!
Bu isə insanın
öz həyatını
cəhənnəmə çevirməsi
və yaşadığı
hər günə zərbə vurmaqdır.
Muzeyi gəzdikcə elə
bilirsən ki, bu dəqiqə
Kamal hardansa
çıxıb iki rakı qədəhini
götürüb səni tavan
arasında yerləşən otağına çəkərək
bütün yaşadıqlarını başdan danışacaq. Eynilə Pamuka danışdığı kimi... Bu muzey
gerçəkdirmi, xəyaldırmı, yaradıcı
insanın arzularıdırmı deyə düşünür
insan. Başqa nöqtədən
baxanda isə görürsən ki, bura qəlbi
qırıq insanların kimliklərini ortaya
qoyan bir muzeydir. Hüznlü demək
doğru olmaz. Məsələn,
romanda Kamalın belə bir
cümləsi var: "Hayatı
Aristo'nun Zaman'ı gibi
tek bir ince
çizgi değil de tek-tek eşyaların
hatırlattığı yoğun
anların her biri olarak düşünmeyi öğrenirsek, sevgilimizin
sofrasında sekiz yıl beklemek
bize alay edilebilecek bir tuhaflık, bir saplantı gibi değil, Füsun'ların sofrasında geçirilmiş 1593 mutlu
gece gibi gözükür".
Deməli, acı ilə xoşbəxt olmaq
da bir sənətdir.
Əks halda bu cür möhtəşəm bir
əsər, belə sehirli bir
muzey ərsəyə gəlməzdi. Bütün yaşadıqlarına rəğmən
Kamal "Herkes bilsin, çok mutlu bir hayat
yaşadım" deyə bilir. Bu, muzeyin tavan
arasında yerləşən Kamalın yataq
otağındakı divarda iri
hərflərlə yazılıb. Xoşbəxtlik anlardan ibarətdir. Kamal isə
həmin anları bir yerə toplayaraq məsumiyyətin muzeyini
yaradıb!
Türkan
TURAN
525-ci qəzet.- 2022.- 16 aprel.- S.21.