İlham Əziz: 50 yaşın təzə
nəsr havası
Son illərdə təsvir, estetika və onların məzmunla
əlaqəsi məsələsi ədəbi polemikaların əsas
mövzusuna çevrilib. Ələlxüsus, həm əski, həm
də çağdaş Azərbaycan nəsrində üslub
müxtəlifliyinin əsas qayəsi olan bu ifadə tərzi
üçbucağı rəngarəng mənzərə
yaradıb. Hekayənin süjeti öz ifadə
libasına ilmələr vurduqca bu təsvir, estetika və məzmun
üçbucağının üfüqləri
görünür. Qeyd olunan məsələləri
özündə ehtiva edən hekayələrə misal olaraq
yazıçı İlham Əzizin bədii nümunələri
üzərində fikir mübadiləsi aparmaq
mümkündür.
Qeyd edək ki, 2017-ci ildən ədəbi nümunələri
mətbu orqanlarda yayımlanan yazıçının bu
günlərdə "Şimşəkdən sonra"
(Bakı, "Qanun" nəşriyyatı, 2022, 136 səh.)
adlı hekayələr toplusu işıq üzü
görüb.
Kitabda cəmləşən bədii əsərlər
bir yazı üçün istinad yeri yaradacaq potensialda qələmə
alındığından, təhlil predmetinə çevrilə
bilər.
İlham
Əzizin mövzuları xalq yaddaşından, el nisgilindən
qaynaqlansa da, yazıçının özünün təlatümləri,
cari duyğularının təsiri hiss olunan hekayələri də
var. Hekayələrin estetikası və üslubu barədə
söz açmamışdan əvvəl qeyd etmək
lazımdır ki, bir ailənin, bir nəslin, bir obanın həyatından
müəyyən epizodları əks etdirən bu hekayələr
baş verən hadisələrin ab-havasına uyğun olaraq
öz şirəsini təbiətdən çəkir. Bu təbiət - dağ, ağac, çay, bulud,
günəş kultları hekayənin gedişatını əvvəldən
axıra kimi müşayiət edir. Əbəs
yerə "kult" sözünü işlətmədim.
"Kult" tapınma deməkdir. Həqiqətən, müəllif hadisələrinin
fonunda həmin təbiət elementlərinə tapınır,
onlara sığınır, ilham alır, paralellər
aparır, müqəddəsləşdirir. Məhz metafor və təşbehlərin, o cümlədən,
digər bədii təsvir və ifadə vasitələrinin muncuq
kimi sapa düzülüşü möhtəşəm
estetika yaradır.
Metafor və təşbehi xüsusi
vurğulamağım da səbəbsiz deyil. İlham
Əzizin ustalığı odur ki, onun hekayələrində
metaforlar təşbehləri kölgədə qoymağı
bacarır. Onun hekayələrində
"kimi" bənzətmə qoşmasının sayı
minimumdur. O hadisənin özünü birbaşa paralelləşdirir,
bənzərsiz metaforlar yaradır. Məsələn,
"Qara gölə gün düşmüşdü,
sarı-sarı gülümsəyirdi"
("Güllünün gözəlliyi bir yana" hekayəsindən).
Qara gölün gülümsəməsi
prosesində oxşadılan nəsnə pünhandır.
Təşbehlərdə həm bənzədilən,
həm də bənzəyən nəsnələr göz
önündə olur. Məsələn,
müəllif yaza bilərdi ki, "Qara göl körpə
uşaq kimi gülümsəyirdi". Amma
burada yazıçı heç bir köməkçi vasitə
olmadan hökm verə bilir. Göstərdiyim sitatda daha
bir peşəkarlıq var. Qara göl - gülümsəmək;
Qara göl - gün işığı... Bədii
təzadlar fikrin bədii gücünü daha da
artırır, ifadənin vurğusunu gücləndirir.
Yaxud,
müəllifin "Elvira" hekayəsində belə bir
cümlə var: "Qatar sürətlə gedir, Rusiya
torpaqları pəncərədən varaqlanırdı". "Kitabın səhifələri kimi" yox, sadəcə
varaqlanırdı. Bu, mətnin
ecazını artırır.
Daha bir maraqlı məqam odur ki, adətən, nasirlər
insanların xüsusiyyətini təbiət hadisələri
ilə ifadə edir. İlham Əzizin hekayələrinin səciyyəvi
cəhəti isə odur ki, o, insan xüsusiyyətlərini təbiət
kultlarına köçürür. Məsələn,
"Qoraların canına vəlvələ
düşür..." ("Nübar orucu"
hekayəsindən).
İlham
Əzizin hekayələri təbiət hadisələri ilə
səsləşdiyindən şifahi xalq ədəbiyyatının
nəfəsini hiss etdirir. Novruzun gəlişi ilə təbiətin
hansı dona girdiyini "Biri var idi... Məmmədbağır"
hekayəsində gözəl ifadə edir, Novruz adətlərindən
olan nişanlı qızların
"bayramcalığ"ından söhbət açır:
"Ağaclar, otlar, çiçəklər göyün
bulud pəncərəsindən gülümsəyən gözəlim
günəşi görcək canlarına isti yayılmışdı,
hamısı o pəncərəyə boylanmışdı,
baxmışdı. Qızlar-gəlinlər
çiçək açmışdı, güllü
geyinmişdi, al geyinmişdi. Nişanlı
qızlara bayramcalığ gəlmişdi, hamısı
sevinmişdi".
Yaxud, elə həmin hekayədə toy adətindən,
"gəlingətirdi"dən bəhs edir, rus vilayətindəki
ab-havanı azərbaycanlıların təbirincə izah edir.
Folklor
nişanəsi ilə bağlı məqamların
kulminasiyası "Biri var idi... Məmmədbağır"
hekayəsində öz əksini tapıb. Vaxtilə
qumar masasından donuzluğa atılan üzük sonradan Məmmədbağıra
hədiyyə olunur. Məmmədbağır
qərib yerdə, saymazyana, ucuz ölür. Hekayəni nəql edən obraz girir içəri və
görür ki. Məmmədbağır
kresloda keçinib, üzük də stolun üstündədir.
Müəllif yazır: "O üzük ki, mənə
görə dünyanın ən haram malı, ən pis
sarı bəzəyi idi. Bu sarı
üzüyü çıxarmaqla Məmmədbağır
öz-özünə qüsl vermişdi,
paklanmışdı".
Folklor
nümunələri olan nağıllarda, rəvayətlərdə,
əfsanələrdə üzüklə bağlı bir
çox məsələlər var. Üzüyün verdiyi
qeyri-adi güc, üzükdən böyük qərinələrin
açarı kimi istifadə olunması, üzüyün
insanı mühafizə etməsi, arzularını həyata
keçirməsi kimi məsələlər
sadaladığım folklor janrlarında öz əksini
tapır. XXI əsrin bu günündə
yazıb-yaradan müəllif əşya ilə münasibətin
müasir bədii həllini tapır, onun reallıqla
bağlarını tamam kəsmir və ona fantaziya ilə yox,
yaranmış situasiya, dramaturji xətlərlə məna
yükləyir. Sözügedən hissə
İlham Əzizin hekayələrindəki ən yaddaqalan
tapıntıdır.
İlham Əzizin hekayələrindəki frazeoloji birləşmələr
onun yazı tərzininin daha bir xüsusiyyətini bizə izah
edir. Bu, müəllifin Azərbaycan dilinin incəliklərinə
yaxşı bələd olmasından xəbər verir. Təkcə
"Güllünün gözəlliyi bir yana" hekayəsindəki
frazeoloji birləşmələr bu barədə dolğun təsəvvür
yaradır: "çullu dovşan sığmır
ağzına", "baş-göz eləmək istəyirdi",
"gözü yoldan-izdən yığıldı",
"özlərinə əl qatdılar", "baş
sındırdı", "canı soyuyar",
"fısqırığı yerə-göyə
sığmırdı", "qarnına ağrı
dolurdu", "ürəyinə bir az su səpildi",
"qırışığı açıldı"... Göstərilən nümunələr arasında
gündəlik nitqimizdə işlənən frazeoloji birləşmələrlə
yanaşı, nadir hallarda istifadə olunan, əsasən, xalq
dilində, əyalətlərdə yaşayan insanların
nitqində təzahür tapan ifadələr daha çox diqqət
çəkir. Frazeoloji birləşmələr məcazlığın
hərəkətlə qovuşağının ən ali mərtəbəsindədir.
Hekayələrdə rastlaşdığım daha bir
neçə ifadə diqqəti cəlb edir. "Çatıb
yerbəyer olandan sonra ortaya göl səssizliyi
çökdü". ("Güllünün gözəlliyi
bir yana" hekayəsindən) "Göl səssizliyi"
Təkcə bu təyini söz birləşməsi hekayədəki
həmin situasiyanın nəqlini kadrlaşdırır, həmin
vəziyyəti göz önündən canlandırmağa
nail olur. Gölün ətrafındakı
səssizliyin hansı ab-havaya mənsub olduğu yaxşı məlumdur.
Yaxud, "Biri var idi... Məmmədbağır" hekayəsində
bir söz birləşməsi də var: "Kürdə su
yaddaşım qaynayır, xatirələrim axır".
"Su yaddaşı"nın daxilində
müəllifin Kürün sahilində keçən
uşaqlığı, orada yaşanan xatirələr, Kürdə
boğulan insanların ruhları cəmləşib. Müəllif
bir ifadəyə - bir oxun ucuna bir neçə məqamları
dolayıb düz hədəfi – oxucunun ürəyini nişan almağı bacarır.
Yuxarıdakı abzasların birində
yazıçının bədii təzadlı cümləsini
sitat gətirmişdim. Bədii təzadın ən kamil nümunələrinə
İlham Əzizin "Narlar yetişirdi" hekayəsində
rast gəlmək olur. Müəllif nəql edir: "Qara
artezianın qara suyundan qara kəhrəbaya dönən daş
hovuzun içində Aypərinin ağappaq ay
baldırını görəndə Seyran özünə dəli-dəli
dedi ki, iki dünya bir ola, bu qızı
almalıyam, vəssalam". Ağla qaranın
obrazlaşaraq qarşı-qarşıya qoyuluşu mükəmməl
təsvir yaradır. Yaxud, "Artezianın
qara suyunun üzərinə sanki ağ örpək çəkilmişdi"
cümləsində yazıçı quyunun üstündəki
daş armuddan asılan Aypərinin əksinin suda görünməsini
bu cümlədəki bədii təzadla ustalıqla ifadə
edir.
İlham Əzizin yazıçı kimi gəldiyi qənaətlər, yəni hekayələrinin ideyaları da maraq doğurur. Təbii ki, süjetin quruluşu bu ideayalara xidmət edir. Yazıçı, publisist Sərdar Amin İlham Əzizin yaradıcılığından bəhs edərkən yazır: "Məni nəsrdə əsas üç şey cəlb edir; atmosfer, poetika, dramaturgiya... Yazıçı maestro kimi prozanın bu vacib üç simindən birinə toxunmasa, düşünürəm, nəticə lazımi effekt vermir... İlham Əziz eyni mətndə yuxarıda qeyd etdiyim üç əsas simdən, ən azından, ikisinə hakim olmağı bacarır. Nəinki simləri dınqıldadır, bəzən uzun illərin sənətkarı kimi sarı simdən nalə qoparır".
Sərdar Aminin fikirləri İlham Əzizin yazıçı kimi məharətli manevrlərinin carçısıdır.
İlham Əziz "Güllünün gözəlliyi bir yana" hekayəsində qadının xəyanətini bir uşaq gülüşünə qurban edən ər obrazını yaradacaq qədər geniş yazıçı sinəsinə malikdir. "Xəsil adam" hekayəsində dağ kimi oğlunun tabutunun altında liliput atanı barmağının üstə ucalara qaldıracaq təxəyyülə sahibdir. "Priçuda" hekayəsində dayısının uşaqlıqda ona verdiyi priçudanı itirib, illər sonra dayısı can verəndə şkafın bir bucağında priçudanın qabını görüb pərişan olacaq yaddaşı var İlham Əzizin.
İlham Əzizin ilk hekayələr kitabı 50 yaşında işıq üzü gördü. Yaxşı, bəs deyə bilərikmi İlham Əziz 50 yaşında, yaxud daha əvvəl çap olunduğu 2017-ci ildən bəri yazıçıya çevrilib? Bu hekayələr qeyd etdiyim fikri təkzib edir. İlham Əziz ağlı kəsəndən ilk hekayə yazacağı günə hazırlaşıb. Onun yazıçı müşahidələri uşaqlıq yaddaşından bu günə qədər onu izləyib. O zamanlar yazdıqlarını ürəyinin qanı ilə könül dəftərinə yazıb. Görünür, vərəqlərdə əksi bu son illərə qismət imiş... "Fikir Umudun ürəyini üzürdü, papiros çıxarmaq istədi. Əlini şalvarın cibinə tam gəzdirəndən sonra başa düşdü ki, orda nə papiros var, nə də kibrit. Amma bir şeyi anlaya bilmədi ki, o, papiros çəkən idi, ya yox!" "Umud" hekayəsindəki bu sətirlər daha bir sübutdur ki, İlham Əziz, əslində, çoxdanın nasiridir, nəsrdə xeyli təcrübəlidir. Əks halda, bədii düşüncəsini birdən-birə belə ustalıqla ifadə eləməsi mümkün olmazdı. Sadəcə, nəsrimiz öz yeni imzasını hələ indi-indi nübar kimi bağrına basır, 50 yaşın təzə nəsr havası oxucuların üzünə sərin meh kimi əsir.
Dəyərli ədəbiyyat adamını –
yazıçı İlham Əzizi 50 yaşı və yeni
kitabının çapı münasibəti ilə təbrik
edir, ona həyat və yaradıcılığında daha
parlaq uğurlar arzulayıram!
Nadir
YALÇIN
525-ci qəzet.- 2022.- 16 aprel.- S.20.