Ürəkdən güc alan poetik səs

 

ADİLƏ NƏZƏRİN ŞEİRLƏRİ HAQQINDA DÜŞÜNDÜKLƏRİM

 

Adilə Nəzər (Adilə Həsən qızı Nəzərova) artıq 7 şeir kitabının müəllifidir imzasını çoxdan tanıdıb. İndi şairlərin türk, rus, fars, ingilis dillərində şeirləri ilə çıxış etməsi qətiyyən təəccüb doğurmur. Adilə xanım da "çoxdilli" şairdir. Onun İraq Yazıçılar Birliyinin üzvü olması da sensasiya sayılmaz. Adilə xanımın filologiya üzrə fəlsəfə doktoru kimi fəaliyyəti ("Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", 40-a qədər elmi məqalənin bir monoqrafiyanın müəllifidir) buraya əlavə olunsa (hələ aldığı "Can yarlığı" mükafatını, respublikada xarici ölkələrdə elmi konfranslarda çıxışları), görün Adilə xanım necə zəki bir qadınmış deyərsən...

 

Sabah Adilə Nəzər hansı şirkətinsə prezidenti ola bilər, ya bir yaxşı vəzifə kreslosunda əyləşə bilər. Amma mənim nəzərimdə o şairdir. Şairlik isə vəzifədir, hansı qurumunsa sədrliyi... Şairlik ürəklə baş-başa verməkdir, həyatı, dünyanı, gözəlliyi, təbiəti, Günəşi, Ayı, ulduzları, gülü-çiçəyi hamının gördüyündən fərqli görməkdir.

 

Hansı ağrılardan çıxdın,

 

Hansı əzablardan gəldin?

 

Harda ağladın kim bildi,

 

Kim bildi ki, harda güldün?

 

 

 

Ruhumun yağmur havası,

 

Könlümün duman yerisən.

 

Kiminin ümid işığı

 

Kiminin güman yerisən.

 

 

 

Sən elə müqəddəssən ki,

 

Ayağıyalın girirəm.

 

Aynaya baxanda sanki,

 

Məni yox, səni görürəm.

 

 

 

Oxuduqca hər sətrini,

 

Hər hərfini seyr edirəm.

 

Sənin özün olum deyə,

 

Ta, adımı şeir edirəm.

 

Şairin şeir ömrü yaşamağı barədə etirafları çox eşitmişik.

 

Adilə Nəzərin ayrıca "Şeir" şeiri var. Burada onun şeirə müxtəlif yanaşmaları ilə üzləşirik. Şeir nədir sualına cavablar səslənir:

 

Şeir bir az

 

Tanrıyla dostluq yaratma ittifaqıdı,

 

Bir az da şeirin özünü tanıtma ixtirası.

 

Bir az da buludların

 

Yaddaşındakı yağışların lirikasıdır.

 

Şeir sözə vurğunluq sənətidi.

 

Şairin tanrı ilə dostluq yaratmaq "ittifaqı" barədə çox eşitmişik, bir az da özünü tanıtma "ixtirası" - məlum. Bəs sonra? Hələlik təzə bir söz eşitmirik.

 

Amma:

 

Şeirdən əvvəl ağrısı gəlir,

 

Şeir, həm ömrü

 

uzadan nəfəs

 

Yıxıl, hər misrasına səcdə et,

 

Şeir bazarıdır könlüm...

 

Təbii ki, Adilənin şeir haqqında fikirləri onun özünün düşüncələridir. Bəzən heç razılaşmırsan da. "Şeir adi qulağa xoş gələn uzaq bir coğrafiyadır, rəng korluğudur, səs karlığıdır" yaxud "bir ucuz sevgiyə bir bahalı canın ödənişindən epitafiyadır" - razılaşmaq olmaz... Şeiri bu qədər sağa-sola, coğrafiyaya, epitafiyaya sürükləmək neçin?

 

Amma Adilə Nəzərin elə şeirləri var ki, o "coğrafiya", o "epitafiyanı"da yıxıb sürüyür, əsl şeir obrazı ilə qarşımızda canlanır. Atasının xatirəsinə həsr etdiyi "Mən ağladım" şeiri kimi...

 

Ağlamaq - patoloji mənada anlaşılsa, hüzn, ələm, haqqıraq gətirər. Amma bu şeirdə ağlamaq kövrəkliyin, həzinliyin poetik ifadəsinə çevrilir.

 

Qızılı saçlarını gün yandıran iyul gecəsiydi...

 

Gündüzün havarı, gecənin sükutu ağı dedi,

 

Mən ağladım.

 

Yeddi gün əvvəl -

 

Ramazanın ilk günündə xəzan gəldi,

 

Bütün yarpaqlar tarımar oldu, titrədi, üşüdü.

 

Həyat budağından bir yarpaq düşdü - ata adında.

 

Desəm ki, Adilə Nəzər əsl ovqat şairidir, inandırmaq çətin olmaz. Şeir elə ovqatdan, əhval-ruhiyyənin rəngarəng, çeşidli çalarlarından yaranmırmı - deyəcəksiniz. Amma məsələ burasındadır ki, hər şairin ovqatı onun öz fərdi dünyasının bəlirtiləridir. Bahar qışdan betər ola bilərmi? Bu da ovqatdan asılıdı:

 

Xəbərin oldumu?

 

Çox çağırdım bu gecə,

 

İlk heca son heca: -

 

Al apar məni

 

Bu xəzan vurmuş baharın əlindən, Allah

 

Bu bahar gözümdən düşdü,

 

Bu bahar məni qışdan betər üşütdü.

 

Elə güman eləməyin, Adilə Nəzər yalnız ovqat şairidir; canında yatıb qalan duyğularını ovqatı gələndə şeirə çevirir, hətta gününü qeyd edir (2 dekabr "şeiri" sair). elə güman eləməyin ki, onun sevgi şeirləri ancaq pessimist ovqat aşılayır sənə, mənə, ona...

 

Xocalı işğal olunanda qəfəsdə bir quş... harada olduğunu anlamadığı dar tüstülü bir qəfəsdədir. Xain gözətçilər tez-tez içəri dalıb süngüləyirdilər hiss etmədiyi bədənini... Yaxud:

 

Çətindir xar olmaq yağı içində,

 

Bu xalq ümidindən hələ güc alır.

 

Qalıb dərd içində, ağı içində

 

Əsir düşən körpələri, qocaları.

 

Qarabağın şəhid düşən balası

 

Xocalıdır, Xocalıdır, Xocalı.

 

Adilə Nəzər o illərdə - 44 günlük savaşdan öncə yazdığı bir şeirdə "Lap hönkürüb ağlaram, axsın yaşım bulaq tək, Bilim, Xarıbülbüllər açıb ləçəklənəcək", "sinəsindən qoparsa Qarabağ adlı dağı, gözlərimi möhür tək o dağa basdıraram" - deyir. İndi göz yaşlarının bulaq təki axmağına lüzum yox, Xarıbülbüllər ləçək-ləçəkdir...

 

"Əsgərə məktub" şeiri hecanın az-az rast gəlinən on ikiliyində yazılıb uğur- xeyir dua - yola salma mərasimi ilə səsləşən ritmə uyğundur:

 

Tələsir qonmağa üçrəngli bayrağın,

 

Laçında, Şuşada başına hər dağın.

 

Azadlıq gözləyir o əsir torpağın,

 

Qisasın qalmasın - şərəfə toxunur.

 

 

 

Hələ ki, yurd-yuvam, el-obam dardadı,

 

Hardadır qələbən, zəfərin hardadı?!

 

Yolunu gözləyən qız intizardadı,

 

Adına dualar oxuyur, oxuyur...

 

Adilə Nəzərin şeirlərini fəsil bölgüsü ilə səciyyələndirsək, deyərik ki, bu şeirlər payız fəslinə daha çox oxşayır. Özü bunu etiraf edir:

 

Payız hakim olub şeirlərimə,

 

yazsam vərəqdə saralıb solur.

 

Hələ tab edirəm bu ayrılığa,

 

Gecəni çəkirəm səhərlərimə.

 

Vaxt gələr, yazaram yazdan, hələ ki.

 

Payız hakim olub şeirlərimə.

 

"Əsən dəli küləklər" , ağac olmaq istəyi , yağışı dinləmək payızdan, daha doğrusu, payızın şair ürəyində sakin olmasından xəbər verir. Amma bu məsələnin ancaq zahiri tərəfidir. Əsas odur ki, Adilə Nəzərə qədər subyektiv səslənsə , payız şairi - darıxan qadın deyə bilərəmmi?

 

Yenə onun bir etirafı:

 

Hər yerdə eyni fəsil, hər yerdə eyni hava,

 

İçim çölüm payızdı,

 

Rəngim avazdı.

 

Köç edən durnaların avazına boylanır

 

İçimdə rəngi solan gül qoxulu ümidlər.

 

Çölümdə göy üzünün ətəyindən sarmaşan o boz-qara buludlar.

 

Adilə Nəzərin şeirləri şeir kitabları barədə bir neçə məqalə ilə tanış olmuşam. Tərifləyiblər, xoşlarına gələn şeirlərindən misallar da gətiriblər. Amma bir suala cavab verilməyib ki, axı, bu Adilə Nəzərin poetik inkişafı, bir şair kimi irəliləyişi nəzərə çarpırmı? Başlıca uğurları hansı yöndədir, zəiflikləri necə?

 

Adilə Nəzərin artıq fərdi üslubu da, deyim tərzi özünəməxsusluğu ilə seçilir. Əgər poeziyada SƏS məfhumu da bir faktor kimi götürülürsə, Adilə Nəzərin poetik səsi formalaşıb. Məncə, onun "50 yaşın şeiri"ni elə bu mənada SƏS adlandırmaq olar. Bu SƏSin güc aldığı mənbə ürəkdir:

 

Sən məni yaza bilərsənmi?

 

Anlada bilərsənmi ruhumun rəngini?

 

Səhərlərimin yağış qoxusunu,

 

Gündüzlərimin sıxıntılarını...

 

Adilə Nəzərdən gətirdiyim şeir parçaları onun sərbəstdə yazdıqlarıdır. Amma o hecada da mükəmməl şeirlər yazır:

 

Dünya-aləm sevgi dolu,

 

açılıb könlümün yolu.

 

Dil-dil ötən bir bülbülü

 

Yazır məhəbbət şeiri.

 

 

 

Qəlbim oda yanır hər gün,

 

Gözlərim yoluna sürgün.

 

Əlim soyuq, yorğun,

 

Yazır məhəbbət şeiri.

 

Yaxud:

 

Bir göl kimiyəm, lalam,

 

Sən axar çaysan hələ.

 

Mən səndə daşam, liləm

 

Çöküb axa bilmirəm.

 

 

 

Sən mənim can evimin

 

Təməl bina daşısan.

 

Evim çökəcək deyə

 

Söküb ata bilmirəm.

 

Adilə Nəzər bir şeirində yazır:

 

Mən niyə həsrətə qucaq açım ki,

 

Mənim dərd adlı öz sevgilim var.

 

Onun dərd adlı sevgilisi sözdür, şeiridir... Əgər beləysə, eşq olsun o Dərdə!

 

Yusifli Vaqif

525-ci qəzet.- 2022.- 16 aprel.- S.19.