Mir Cəlal nəsrində təbiət: dolğun təsvirlər, canlı lövhələr

 

Görkəmli yazıçı və alim Mir Cəlal geniş yaradıcılıq diapazonuna malik ədibdir. Ötən əsrin 30-cu illərindən müxtəlif temalı hekayələr, povestlər, romanlar qələmə alıb. O, əsərlərində yaratdığı müxtəlif situasiyalarda yüksək bədii amalına sadiq qalıb. Bizim nəsil orta məktəbdə oxuyarkən yazıçının məşhur "Bir gəncin manifesti" romanı sayəsində onun yaradıcılığı ilə tanış olduq. Əsərdəki Ana və Bahar obrazlarını qəlbən sevdik. Baharın anasının qoruyub-saxladığı xalçanı bazarda ingilisə satmadığını, "itə ataram, yada satmaram" deyə qoltuğuna vurub evə qayıtmasını səhnəsini xatırlamaya bilmərik...

Mir Cəlal əsərlərində hadisələrin substansiyasında - mahiyyətində, şeylərin dəyişməz məzmununda təbiətin bir görünümünü verir. Səhərlər işə tələsənlər yağışlı, rütubətli havada çaşqın-çaşqın dayanacaqlara tələsirlər. Budur, belə bir mənzərənin təsviri: "Səhər yenicə açılmışdı. Yağışlı bir gün idi. Elə yağırdı, deyəsən, göydən yerə dolça ilə su tökülür. Navalçalar kran kimi işləyir, küçələrdən su gedirdi. Üfüqlər elə qaralmışdı, deyərdin bu hava daha açılmaz. Rütubətli ağır havada hər şey bomboz, kədərli idi. Hələ sönməyən lampalar limona bənzəyirdi. Adamlar yerə baxır, yeyin ötür, bir-birini basıb tramvaylara doluşurdular. Cəld ötən çətirli qadınlar səyyar çadır kimi görünürdü. Yer, səma qazan kimi pıq-pıq qaynayırdı".

 

Bu lövhənin "yaşını" təyin etmək çətindir, bəlkə də mümkünsüzdür. Ona görə ki, yazıçı bu ab-havanı yaşayıb.

 

Mir Cəlalın həssas müşahidə qabiliyyəti ona təbiətin incəliyini təsvir etmək imkanı verib. Dan yerini sübhdən oyananlar daha aydın görürlər, onun "hərəkət dairəsini" təsəvvürlərinə gətirirlər. Mir Cəlal da özünəməxsus zövqlə yanaşaraq belə bir təsvir qələmə alır: "Dan yeri ağarır, göylərə gümüş kimi bir parıltı gəlir. Xəfif və sərin yay küləyi bağlardan, bostanlardan, çiçəklərdən, lalələrdən ötərək hər yerə ətir gətirir".

 

Yaxud: "Günortanın istisi ağacların arasına dolmuş havanı ağırlaşdırmışdı. Qarğalar qoca çinarların başında çırpınır, böcəklər kölgələrə dolub səslənirdi".

 

İki etüddən göründüyü kimi, yazıçının zövqü onu hissi vasitəsilə cismə (şeyə) doğru çəkmişdir, elə düşünməyək ki, zövq mənəvi aləmdən ayrıdır, kənardadır, əksinə, insanın (o cümlədən, ədibin) ruhi aləmi və ideyaları ilə bağlıdır, ahəng təşkil edir. Oxucu günəşi öz zövqü ilə seyrə dalır, biri istisinin həsrətindədir - bədəni (canı) qızsın, basqası onun səpələdiyi şüaların sorağındadır, daha özgəsi günəşin qüruba endiyinə baxacaqdır, Mir Cəlal isə yazır: "Günəş dağların, bağların uca qovaq ağaclarının altından min il bundan əvvəl atılmış, lakin hələ soyumamış, uzaq sürən top qülləsi kimi yüksəlirdi. Burada, bu tənha qamışlıqda başlanan atışmanı nəzərə almasaq hər yer, hər tərəf sakit və durğun görünürdü... Nə üfüqlərdə tüstü, nə dərələrdə duman, nə dağlarda bulud görünür, nə yerlərdə fəryad eşidilirdi. Ani sakitlik müdhiş və böyük günlərin sərlövhəsini yazırdı".

 

Yazıçı müşahidəsindən süzülən zövq bu cür yaranır. Burada zövqlə həzz, böyük dramaturq F.Şiller demişkən, bir-birinə bağlıdır. Savadlı, mədəni oxucuda estetik zövq - təbiətdən həzz almaq təfəkkür tərzilə sıx bağlıdır və bunu təbiətdən umur.

 

Mir Cəlal bir məqamda belə bir lövhə təsvir edir: "Dərə nə dərə! Elə bil böyük dənizləri dolduran çayların hamısı buradan axıb ötmüşdü. Çılpaq, uca, müdhiş qayalar tərtəmiz, bomboz. Fikir edirsən ki, bədəni çölə çıxmış yerdir. Dərənin tərkindən, göz işləyən yerdən parıltı gəlir, ancaq su görünmür. Sarıköynəklər, qaranquşlar qayalar arasında oynaşır, kollar arasında itirlər".

 

Mir Cəlal təbiətdə axtardığı və gördüyü predmetlərə həyatın ifadəçisi kimi yanaşır, onun nəzərincə zahirən diqqəti cəlb etməyən, atılıb qalmış hansısa daş parçası onun üçün canlıdır, həyatı öz anlayışında görmək istəyir, həyatı ifadə edir, yaxud həyatı xatırladır, bu məqamda gözəlliklə xeyirxahlıq bir-birini tamamlayır. Yazıçı üçün maraq doğuran bir nüans da var ki təbiət səhv edə bilər, lakin sənət əsəri təbiətin bu səhvini düzəltməlidir. Meşədə sular axır, bulaqlar çeşmələnir, yarpaqlar xəzəlləşir, kollar, bənövşələr uyuyur, təbiətin görünümüdür. Yazıçı isə bu "adiliyi" öz təxəyyülündə başqa şəkildə oxucuya təqdim edir: "Meşənin arasından axan sular yaşıllıqlarda gümüş kimi işıldayıb qayaların altına soxulur. Bir az yuxarıda, az qala torpaqdan üzülmüş, üstünü xəzəl basmış, lakin nazik budaqlarını göyə uzadan, yaşamaq istəyən kollar görünür. Onların dibində tək-tək baş qaldıran bənövşələr yoldan ötənlərə baxır". Beləliklə, anlayışımız təzələnir. Bu meşə bizə böyük rəssam İsaak Levitanın "Sokolnikdə payız günü", "Yağısdan sonra", "Əbədi dinclik" tablolarını xatırladır. O şəkillərdəki meşə, payız, hərçənd, qüssə gətirir, insan kədərli olarkən kətana köçmüş mənzərələrdə belə bir hissi yaşadır. Mir Cəlalın təsvir etdiyi meşə, çinar, sular nikbinlik aşılayır. Levitanı bir qadının səsi məftun eləmişdi, gecələr oxuyan qadın üçün darıxırdı. Naməlum qadın kiçik çətirini açmağa tələsirdi, amma açılmırdı, axır ki açıldı, yağış onun ipək səthindən axmağa başladı. Qadın yavaş-yavaş uzaqlaşdı. Levitan onun üzünü görmədi, eləcə də qadın. Rəssam söz adamı deyildi bu mənzərəni yazsın. Mir Cəlalsa yazıçıdır, gördüyü qadın onu sözə çəkmişdir: "Uca çinarın altında göy kələğayılı, əli boxçalı bir qadın dayanıb şimala qoşa simlər kimi uzanıb gedən və birləşib gözdən itən yola baxırdı. Qoca çinarın gümüş yarpaqlarında meşədəki kimi uğuldayan külək qadının kələğayısını alıb aparmaq istəyirdi. Qadın kələğayısının ucunu əlinə dolayıb, o biri əlini alnına kölgəlik verib lap uzaqlara, üfüqlərin dərinliklərinə baxır, köksünü ötürürdü". Təbiətdən zövq alan Levitan və həyatda müşahidə edən Mir Cəlal dünyagörüşündəki belə bir maraqlı paralellik!

 

 

 

Belə bir fikir var ki, sənətkar üçün əsl məsələ əşyanın ruhuna, cövhərinə varmaqdır. Obyektlər qarşısındakı duyduqlarımı anlada bilmək üçün onları yenidən yaratmaq, biçimi və rənglərilə yenidən yaratmaq məcburiyyətindədir. Mövzunun, motivin qarşısına keçdiyi zaman o motivin, mövzunun anlayışda oyandırdığı təəssüratı canlandırmalıdır. Bunun üçün təbiətdən vaz keçə bilməz, çünki hər şeyi ondan alır. Qəlbində oyanan sarsıntıların hamısını təbiət oyandırır. Deməli, insan nə diləsə təbiətdə tapır, adamın özü də təbiətin deyilmi?!

 

İnsan təbiətin oyanışı ilə həyatını davam edir, torpağa sarılır, əkib - becərir, cida boyu qalxan günəşi salamlayır, səcdə qılır. Həyat eşqi beləcə doğulur Mir Cəlal yozumunda: "Bağçalar dərəsinin sağ tayında Cənuba doğru axıb gedən və təzəcə şumlanan əkin yerləri məxmər kəmər kimi dağları qucmaqda idi. Zəmilərdən qalxan nəmli torpaq qoxusu yenicə açılan bənövşə, quzuçiçəyi ətrinə qarışaraq havaya bir təzəlik, mülayimlik gətirmişdi. Səhər soyuğundan sonra yumşalan hava hələ də narahat kimi çırpınır, bir anda da eyni vəziyyətdə qalmırdı. Cida boyu qalxan günəş cənuba axan müxtəlif biçimli, müxtəlif şəkilli əlvan buludlar arasında gah çıraq kimi yanır, gah köz kimi sönür, gah kəhrəba kimi saralır, gah sədəf kimi parıldayırdı. Karvan-karvan ötən seyrək buludlar ardınca nəsə bir aydınlıq, bir parlaq gündüz olacağı yəqin idi. Aşağılarda, dərənin qovuşan yerlərində isə baş-başa verən söyüd, qələmə, qarağac, vən, iydə, zoğal ağacları küləyin səmtinə doğru can atmaqda, sanki kökdən çıxıb haralarasa getmək arzusunda idilər".

 

Təbiət həyatı beləcə yaradır - insanları dünyaya gətirir, nemətlərilə qidalandırır. İnsanları milyon-milyon yaratdıqları ilə bir-birinə bağlayır, yaşın zirvəsinə aparır, özü isə qocalmır. Təbiət insanlar arasında körpü yaradır, onların qəlbini, varlığını tərpədir, həyəcanlandırır. İnsanın fiziki varlığı təbiətin bu iqtisadi qayğısından asılıdır, onun zənginliyi instiktiv olaraq münasib maddi vəziyyət tələbatı yaradır, yaşamağa zəmanət verir, eyni zamanda ondan zövq alır: təbiətşünaslar təbiəti sadəcə öyrənmir faydalanır, bu iş onlara ləzzət verir, çün təbiət gözəldir. İnsanların xeyiri naminə alimlər özünü bu gözəlliklər xatirinə uzun və ağır vəziyyətə salırlar. Andersenin nağıllarının birində qurumuş qızılgül kolu sərt qış günündə ağ ətirli güllərlə örtülür, çünki ona nəcib insan əli toxunub.

 

Mir Cəlal əsərlərində insan hisslərini təbiətdən ayırmır, harmoniyada təsvir edib, onun üçün Günəş, Ay, Meşə, Quşlar, Sular rəmzi məna daşıyıb, insan xarakterinin açılmasını əyaniləşdirib. Əsərlərində təbiətin predmetləri öz funksiyalarını yerinə yetirib:

 

- Günəş batırdı, batmasından da acıqlanmış kimi qızarmışdı: dağlardan, meşələrdən uzanıb gələn böyük, qara kölgələr üst-üstə mindikcə qatlaşır, qaralır, günə-şin bozarmış ətəklərini qamçılayırdı.

 

- Ay işığında, dağlar arxasından, Araz üstündən qalxanda yuyulmuş kimi tərtəmiz, gümüşü bədənilə görünür... Ay səssiz yerişilə sanki qalxmaq, göylərin üst qatında, piləkli, abı gərdəyin dalındakı yatağına girmək üçün tələsir.

 

- Buludları uca və qarlı dağların zirvəsindən coşub gələn, bütün ətrafı bürüyən bahar sularının həzin, riqqətli səsi isə get-gedə güclənir, gücləndikcə məntiqli, mənalı bir ahəng alır, hüdudları ötərək aləmi bürüyürdü...

 

Görkəmli yazıçımız Mir Cəlal zəngin nəsr yaradıcılığında ədəbi-bədii yaşantılarını təbiət duyğuları ilə harmoniyada verib, əsərlərini büllurlaşdırıb.

 

Mart, 2022

 

Allahverdi EMİNOV

Pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 16 aprel.- S.18.