İdarəetmənin əsasları  

 

İdarəetmə üzrə Beynəlxalq məsləhətçi və İnsan Resurslarının idarə edilməsi üzrə Beynəlxalq Ekspert Gülzar Quliyevanın minlərlə insanın karyerasında böyük, əvəzedilməz rolu olub. İdarəetmə üzrə 28 illik təcrübəsində o, hər zaman gənclərə xüsusi diqqət göstərib, onları düzgün sahələrə istiqamətləndirib, öz faydalı məsləhətləri ilə onların karyeranın növbəti pillələrinə irəliləməsinə və yüksək zirvələrə qalxmasına dəstək olub. Bu gün ölkəmizdə böyük auditoriyaya sahib olan iş qadını və idarəçi Gülzar xanım, eyni zamanda biznes və həyat kouçu, mentor, məsləhətçidir. O, "GDG Professionals" şirkətinin təsisçi direktoru və idarəetmə üzrə dəyərli kitabların müəllifidir.

 

 

- Gülzar xanım, idarəetmə sizin üçün nədir?

 

- İdarəetmə bütün resurslardan - insanlardan, puldan, məlumatlardan, müxtəlif ləvazimatlardan, xidmət vasitələrindən, avadanlıq və qurğulardan istifadə edərək, onları hərəkətə gətirərək, işlədərək və onlara nəzarət edərək nailiyyətlər əldə etməkdir.

 

- Lider və menecer arasında fərqlər barədə nə deyə bilərsiniz?

 

- Liderlik idarəetmədə rəhbər vəzifədə olan hər bir kəsdə olması vacib olan bir keyfiyyət, qabiliyyətdir. Liderlik vəzifə deyil. Bir insan lider olaraq rəhbər vəzifədə olmaya bilər. Amma menecerin və ya istənilən rəhbər vəzifədə olan şəxsin lider olması mütləqdir.

 

- Xidməti fəaliyyətin idarə olunmasında vacib faktorlar nələrdir?

 

- Xidməti fəaliyyətin effektiv idarə edilməsində iki əsas faktor var: düzgün hədəflərin qoyulması - Nə edilməlidir? tələb olunan qabiliyyətlər - Necə edilməlidir?

 

- Qabiliyyətlər şirkətin korporativ mədəniyyətindən irəli gələrək vəzifə üçün mütləq olan və arzu olunanlardır. Qabiliyyətlərin sayı adətən 8-10 olur. Sizcə vəzifədə yüksəlmək, idarəetmədə daha effektiv olmaq üçün kouç xidməti almaq vacibdir?

 

- Dünyada kouç və mentorluq uzun illərdir var və bu xidmətlərin böyük nəticələri var. 1995-ci ildə indiki böyük xarici şirkət PwC ( ozaman PW) şirkətində HR direktor işləyərkən biz kouç və mentorluq tətbiq edirdik. Ölkəmizdə isə son illərdə bu sahəyə maraq yaranıb. Kouç və mentorun həm fiziki şəxslərə, həm də təşkilatlara böyük faydası var və çox sevindirici haldır ki, ölkəmizdə bir sıra təşkilatlar öz yüksək və orta idarəçilərinin inkişafı üçün kouç və mentorlarla əməkdaşlıq edirlər.

 

Adətən, kouç və mentor kimi nəticələri uğurlu, müvəffəqiyyətli olanlar öz karyeralarında böyük uğurlar əldə etmiş idarəçilər olur.

 

- Bəs kouç ilə mentor arasındakı fərq nədir? Sizə daha çox hansı üçün müraciət edirlər?

 

- Kouç düzgün suallar verməklə şəxsi düzgün cavaba istiqamətləndirir, mentor isə məsləhət verir.

 

Mənə həm kouç, həm də mentor kimi müraciət edirlər. Öz sessiyalarımda həm kouçluq, həm də mentorluq edirəm. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, kouçluq uşaqlıqdan sistemli düşünmək öyrədilən şəxslə effektiv olur.

 

- İdarəetmədə uğurlu olmaq üçün İQ yetərlidirmi?

 

- İQ bir sahə üzrə ekspert işləmək üçün yetərli ola bilər. Biz iş yerində tək deyil, komanda daxilində işləməli oluruq və bilirik ki, böyük işlər komanda ilə görülür. İdarəetmədə uğurlu olmaq üçün yalnız İQ yetərli deyil. İQ ilə yanaşı, EQ - emosional zəkanın olması da mütləqdir.

 

- Bəzən insan istər şəxsi, istər professional həyatında nə istədiyini anlamaqda çətinlik çəkir. Yəqin ki çoxillik təcrübənizdə bu hallarla qarşılaşmısınız. Bununla əlaqədar insanlara hansı tövsiyələr verərdiniz?

 

- Hər bir kəs ilk öncə özünü yaxşı tanımalıdır. Özümüzü yaxşı tanıdıqdan sonra isə əsas məqam özümüzü-emosiyalarımızı, hisslərimizi idarə etməkdir. İşindən və vəzifəsindən asılı olmayaraq hər kəs öhdəlik və məsuliyyətləri dərk edib, onlara riayət etməlidir. Maariflənmək mütləqdir. İnsan nə qədər maariflənmiş olarsa, öz həyatı ilə bağlı sualları, məsələləri bir o qədər rahat həll edər, düzgün seçimlər edər, müvafiq qərarlar verər və həyat yolunun xəritəsini öz arzu, məqsədlərinə uyğun çəkər.

 

- Bir yazınızda belə deyirsiniz: "Reaksiya verməyin, cavab verin!". Bu fikri bizim üçün bir az da açıq ifadə edərdiniz.

 

- İnsanlar reaksiya maşınıdır. Yəni əksər insanlar hadisələrə, vəziyyətlərə cavab yox, düşünmədən reaksiya verirlər. Cavab ilə reaksiya fərqli anlayışlardır. Reaksiya vermək səbəbi emosionallıqdan irəli gəlir.

 

İnsan bəzən "qana-qan" reaksiyası verir, bəzən isə kimsə onun üstünə gedir, o isə geri çəkilir. Bu, zəiflik reaksiyasıdır. Hər zaman "qana-qan" deyəndə oxunulmuş kitab oluruq və bizi tilova daha rahat keçirmək olur. Reaksiya deyil, cavab verdikdə insan rasional olur və cavabına görə məsuliyyət daşıyır, ağıllı cavab verərək sonra peşmançılıq hissi keçirmir.

 

Üçüncü növ reaksiya ümumiyyətlə bir-biri ilə danışmadan münasibətləri kəsməkdir. İnsanlar ünsiyyət qurub məsələni danışa bilmədikləri səbəbindən bir-birindən küsür və nəticədə həm ailələr dağılır, həm də dostluq, iş münasibətləri pozulur. Bunların hər biri insanların emosiyalarını düzgün idarə edə bilməməsinin nəticəsidir.

 

- Sizinlə bağlı araşdırma apararkən çıxışlarınızın birində "İnsanın məzmunu formasını yaradır" - ifadəniz diqqətimi cəlb etdi. Axı bəzən bizə heç məzmunumuzu yaratmaq şansını da vermirlər...

 

- Nə dediyinizi yaxşı başa düşürəm. Təəssüf ki, hələ də bəzi valideynlər övladlarının yerinə qərarlar verir, heç də həmişə onların fikirləri ilə hesablaşmır. Bu da uşaqlarda özgüvənin azalması ilə nəticələnir. Beləcə aşağı özgüvənə sahib uşaqlar onun mənfi təsirlərini bütün həyatları boyu yaşayırlar.

 

Valideynlərin övladlarının müstəqil ruhda tərbiyə edilməsində müstəsna rolu var. Lakin müstəqillik post-sovet məkanında çox da geniş təbliğ edilməyib. Həmin o, "şans verilmir", ifadənizdə əminəm ki, valideynlərin, eləcə də cəmiyyətin qoyduğu yersiz, izahı verilməyən qadağalardan, "qohum-qonşu nə deyər, nə düşünər", kimi tərbiyəmizə vurduğu zərərli və sonralar həyatımızda komplekslərə səbəb olan yanaşmaları nəzərdə tutursuz.

 

Düşünürəm, müasir gənc valideynlər bu cür məsələlərdə daha proqressivdir və öz övladlarında yetərincə özgüvən formalaşdırır.

 

Əvvəlki nəsil valideynlərə də empatiya ilə yanaşıb, onları başa düşüb, daha az qınayaq. Çünki onların dövrü fərqli idi. O dövr təbliğ olunan sovet düşüncə tərzi "fərqlənməmək" idi. Hər dövrün tələbləri var və siz o dövrdən fərqləndiyiniz təqdirdə cəmiyyət sizi həzm edə bilməyib, qamçılayacaq. İllər keçdikdən sonra isə proqressiv şəxs kimi tarixə düşəcəksiz. Mirzə Ələkbər Sabiri kafir adlandırıb daş atan mollaların birinin də adı tarixə düşmədi, amma bu gün Sabirin adınaküçələr var, heykəli var, adı əbədiləşdirilib. Bura başqa misalları da əlavə edə bilərik: Vaqif Mustafazadə, Alim Qasımov da öz dövrlərində həmkarları tərəfindən qınanmışdılar. Amma bu gün onları dünya qəbul edib. Nə gözəl imiş ki, dünya qəbul etdikdən sonra, biz də qəbul etdik.

 

Demək istədiyim odur ki, gəlin həyatdan şansı gözləməyək, özümüz həyatımızın qurucusu olaq.

 

- "Effektiv ünsiyyət" təliminizdə iştirak etdim. Siz mövzuya heç gözləmədiyim aspektdən yanaşdınız. Ünsiyyət prosesində şüuraltının rolundan və onun ünsiyyətimizə təsirindən danışdınız. Bu olduqca fərqli yanaşma tərzi idi. Bu barədə oxucularımızla fikirlərinizi bölüşdürməyinizi istərdim.

 

- Ünsiyyət münasibətlərin düzgün tənzimlənməsində ən vacib, əhəmiyyətli qabiliyyətdir, desəm, düşünürəm, oxucular bu fikirlə razlaşar. Alimlər deyir ki, bizim xarakterimiz 14 yaşınadək formalaşır. Bu yaşdan sonra əsasən tamamilə qəlibləşmiş beyinə - şüuraltına sahib oluruq. İnsanların fikirləri, hissləri, seçimləri, qərarları, davarnışları  ünsiyyətləri şüuraltından qaynaqlanır. Şüuraltı isə əsasən keçmişlə bağlıdır.

 

Niyə təlimdə şüuraltından danışıram? İştirakçılar bu təlimdə iştirak etməklə öz ünsiyyətlərini inkişaf etdirmək, daha böyük nəticələr əldə etmək istəyir. Biz təlimlərimizdə onların gözləntilərini reallığa çevrilməsini təmin edirik. Əgər onların münasibətlərində gərginlik varsa, onlara deyirəm ki, baxın, bu, siz deyilsiniz, siz-nəticəsiniz. Bu qəlibləri siz qurmamısınız, siz illərlə sizə verilmiş, ətrafdan - ailənin, məktəbin, mühitin, cəmiyyətin sizə verdiyinin cəmlənmiş formasısınız. Gəlin, biz şüurlu beyinlə şüuraltına təsir edək.

 

İnsanın ehtiyaclarından biri müsbət olanı eşitməkdir. İştirakçılar özlərinin şüuraltının formalaşmasında rolu olmadığına, daha doğrusu özünün günahkar olmadığına əmin olduqda onu şüurlu beyinlə idarə edəcəyinə daha qətiyyətlə inanır və ünsiyyətində arzuladığı nəticələrə nail olurlar.

 

Şirkətimiz təlim sahəsində ən öndə gedən şirkətdir və təlimlərimizdə minlərlə insan iştirak edir. "GDG Professionals" olaraq böyük uğur qazanmağımızın səbəbini çox yaxşı bilirik. Çünki biz, insanlara ünsiyyət, danışıq, müsahibə aparmaq texnikasını öyrətmirik.

 

Uğurumuzun sirri iştirakçılarımıza mövzu ilə əlaqədar qabiliyyətlərinə dərindən nəzər salmaq, boşluqların kök səbəblərini müəyyən etmək, düzgün üsullar, yanaşmalar təqdim etməklə, hər bir iştirakçıda, "Mən bunu edə bilərəm!" inamını yaratmaq, aşılamaqdır.

 

İşgüzar və şəxsi həyatında daha əmin addımlamaq istəyən hər kəsi təlimlərimizə dəvət edirəm.

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2022.- 16 aprel.- S.11.