Şuşa vüsalı  

 

12 aprel 2022-ci il. Şuşaya səfər. Səhər ertədən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının çıxdıqları bu səfərin məramı Şuşanı görmək, Xurşidbanu Natəvanın nəhayət ki rahatlıq tapmış ruhuna salam yetirmək idi.

 

O səhər hər kəsin qəlbində Şuşa bir başqa cilvələnirdi. Şuşada doğulan, kökləri ilə ora bağlı olanlar çoxdan xəyallarındakı Şuşaya çatıb doğma ocaqlarının kandarından içəri keçmişdilər. 30 il əvvəlki, qəfildən qırılan kinolent yenidən bərpa olunmuşdu ürəklərdə. Hekayə 30 iləvvəl qaldığı yerdən davam edirdi. Şuşaya vaxtsa, gəncliyində səfər edənlər yola baxa-baxa nələrisə xatırlamağa çalışırdılar. Gəncliyin itən güzgüsü idi onlar üçün Şuşa. Tapacaqdılar o güzgünü, baxacaqdılar öz gəncliklərinə bu güzgüdə bu günün baxışları ilə.

 

Bir 30 il əvvəlki Şuşanı heç görməyənlər var idi. İçlərində mənim olduğum bu üçüncü qisim yolçuların bəxtinə hər gün televiziyada Şuşanın hava proqnozunu dinləməkdən savayı heç düşməmişdi. Yadımdadır, uşaq vaxtı televiziyada qışda Şuşada temperaturun çox aşağı olduğu deyiləndə "urra, ermənilər donurlar" deyib sevinirdim. Elə bil Xocalıda donan körpələrin intiqamını alırdım. İndi isə Şuşaya gedirəm. MƏN ŞUŞAYA GEDİRƏM! AZAD OLUNMUŞ, YENİDƏN BİZİM OLAN ŞUŞAYA!

 

 

 

Avtobus Füzuliyə çatanda Füzuli şəhərinin qalıqlarını göstərdi bələdçi. Füzuli var idi, şəhər. Evlərin, binaların qalıqları xarabalığa çevrilmiş qədim qəbiristanlığın baş daşları kimi görünürdü. istəmişdiniz bu şəhərdən ay məlunlar?! Çöllüyə, yaşıl otlu düzəngaha çevrilmiş bir vaxtlar şəhər olmuş yerdən keçib yolumuza davam etdik.

 

Yol boyu sıralanan dağlara, meşələrə baxdıqca bir fikir yaxamdan əl çəkmirdi. O vaxt buralarda arzuları yarım qalan, qətl edilən soydaşlarımızın qan izini görürdüm. Elə bilirdim torpaq ağlayıb doymuş, kirimiş bir ana idi. Gözünün yaşı qurumuşdu. Balaları yenidən geri qayıtmışdı.

 

Sonra Daşalatıdan keçdik. Ağrı, sızı kimi sazaq əsdi sanki.

 

Qabaqda Şuşa dayanıb. Məğrur, möhkəm, qoca bir igiddir o. Onu ancaq özü kimi igidlər ala bilərdilər, o, ancaq igidlərə məskən olmalı idi. İgidlərimiz aldılar gözəl Şuşanı. 30 il əvvəl günahsızların axan qanı vətən deyib nərə çəkən şəhidlərimizin, igid balalarımızın qanı ilə qovuşdu. Həsrət bitdi, ağrı bitdi. ŞUŞADAYIQ. Şuşa sakit, təmkinli və məğrurdur. Dağıdılan abidələr, aparılan restavrasiya işləri fonunda Şuşasağalmağa başlayır. Amma yaraları hələ köz-közdür.

 

Cıdır düzü. Təmizlik, genişlikululuq. Vaqif yada düşdü, Natəvanın səsi gəldi, Nəvvab şeir dedi, Bülbül Üzeyirin bəstəsini oxudu. Azqalırıq hər otu, hər daşı qucaqlayaq sığallayaq. Şuşa bizi birləşdirir. Hamıya doğmadır O! Bizimdir O! Anidən Qurban müəllimə (ədəbiyyatşünas, tənqidçi Qurban Bayramov) baxıram. Sinədolusu nəfəs alır Şuşa havası ilə! Bu yaşda bu səfərə necə sevinclə, ürəklə gəlib. Cıdır düzündə daşın üstündə oturub. Özü də elə başı qarlı bir dağa bənzəyir. Nə fikirləşir görəsən? Xoşbəxtdir. Gözləri gülür.

 

İndi artıq getmək vaxtıdır. Yola çıxırıq. Şuşa arxamızca baxır. Bilir ki, bundan sonra həsrət olmayacaq. Salamat qal gözəl şəhər, məğrur qala! Bizim qala!

 

 

Elnarə QARAGÖZOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 16 aprel.- S.9.