ABŞ-dan Rusiyaya
soyqırımı ittihamı
UKRAYNADA MÜHARİBƏ ŞİDDƏTLƏNƏCƏK
Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdikcə Moskvaya qarşı ittihamlar da artır. ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynada soyqırımı törətdiyini
ifadə edib və hərbi cinayətlərin araşdırılmasına
çağırıb. Co Baydenin barışmaz
rəqibi sabiq prezident Donald Tramp da ilk dəfə xələfi ilə həmrəylik göstərərək Ukraynada
vaş verənlərin
soyqırımı olduğunu
bəyan edib. Trampın Baydenlə həmrəylik
göstərməsi Vaşinqtonda
Rusiyaya münasibətdə
vahid və sərt mövqenin formalaşdığının bariz göstəricisidir.
Bu isə o deməkdir
ki, Rusiyaya qarşı sərt qərarlar qəbul etmək Co Bayden adminstrasiyası üçün
çətin olmayacaq.
Çox
böyük ehtimalla
ABŞ Konqresi də Rusiyanı soyqırımında
günahlandıran qanunvericilik
aktı qəbul edəcək.
ABŞ Dövlət Katibinin
müavini Viktoriay Nuland Rusiyanın Ukraynada törətdiyi hərəkətləri tezliklə
rəsmən soyqırımı
kimi tanıya biləcəklərini bildirib.
Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidenti Co Baydenin Rusiyanın Ukraynada soyqırımı törətməsi
haqqındakı fikirləri
ilə razı olduğunu ifadə edib. Baş nazir həmçinin
bildirib ki, indi daha çox
insanın "soyqırımı"
sözündən istifadə
etməsi doğru olar.
Ukrayna Ali Radası
"Rusiya Federasiyasının
Ukraynada soyqırımı
törətməsi haqqında"
adlı qərar qəbul edib. Ali Rada Birləşmiş Millətlər
Təşkilatına, Avropa
Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına, ATƏT Parlament
Assambleyasına, NATO Parlament
Assambleyasına, xarici
dövlətlərin hökumətlərinə
və parlamentlərinə
Rusiya Federasiyasının
Ukraynaya qarşı törətdiklərini soyqırmı
kimi tanımağa çağırıb.
Fransa prezidenti Emmanuel Makron isə amerikalı həmkarı Co Baydendən
fərqli olaraq Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırımı
adlandırmaqdan imtina edib və sülhə
nail olmağa çalışacağını
bildirib.
Moskvaya qarşı
münasibətin sərtləşməsini
qaçılmaz edən
digər məsələ
isə Ukraynada araşdırma aparan
ATƏT-in ekspertlər qrupunun
hesabatında Rusiya ordusunun əməllərinin
hərbi cinayət kimi qiymətləndirilməsidir. Ekspertlərin 108 səhifəlik hesabatında
qeyd edilir ki, Mariupolda doğum evinin və Dram Teatrı binasının atəşə
tutulmasına görə
məsuliyyəti Rusiya
hərbçiləri daşıyır.
Ekspertlər hər iki halı hərbi cinayət kimi dəyərləndiriblər. Ekspertlər hesab edirlər ki, 300 nəfərə yaxın insanın ölümü ilə nəticələnən teatr
binasının atəşə
tutulması beynəlxalq
humanitar hüququn kobud şəkildə pozulmasıdır. ATƏT-in
ekspertləri Rusiya hərbçiləri tərəfindən
törədilən məqsədli
qətllər və mülki əhalinin, o cümlədən, jurnalistlərin
və məmurların
zorla qaçırılması
və ya oğurlanmasının da insanlığa qarşı
cinayət kimi qiymətləndirilə biləcəyini
qeyd ediblər.
Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın
ABŞ-la yanaşı Avropa
ölkələri ilə
də münasibətini
ciddi zədələyib. İsveçrə Federal Prokurorluğunun xüsusi işçi qrupu Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərə dair sübutlar toplamağa başlayıb. Eyni zamanda
İsveçrə Rusiya
ilə qarşılıqlı
hüquqi yardım sahəsində əməkdaşlığı
dayandırıb.
Rusiya ilə Qərb ölkələri
arasında münasibətlər
yüksələn xətt
üzrə gərginləşdiyi
kimi, ABŞ və müttəfiqlərinin Ukraynaya
hərbi yardımı
da artır. ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın
Baş naziri Boris Consonla telefon danışığı zamanı
Rusiyanın Ukraynaya qarşı müharibəsinə
cavab olaraq Qərbin Rusiya neft və qazından
asılılığına qətiyyətlə son qoymaq
istədiklərini bəyan
ediblər. Eyni zamanda
iki lider Ukraynaya hərbi yardımı davam etdirməkdə qərarlı
olduqlarını da vurğulayıblar. Co Bayden Boris Consonla Ukraynaya gəmi əleyhinə raketlər də daxil olmaqla
yeni hərbi dəstək paketi haqqında razılığa
gəliblər.
Belə məlumatlar var ki, ABŞ Ukraynanın Rusiya hava limanlarına zərbə endirməyə qadir olan orta mənzilli raketlərlə təmin edilməsi imkanını nəzərdən keçirir. ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks bir qrup hərbi ekspertlə görüşdə bildirib ki, ukraynalıların istədikləri silah növlərinin verilməsi məsələsinin müzakirəsini davam edəcəklər. Nazir müavini eyni zamanda Ukraynaya kəşfiyyat məlumatlarını verməyə davam edəcəklərini də bildirib.
ABŞ-ın avropalı müttəfiqləri də Ukraynanı silahlandırmaqda qərarlıdırlar. Norveç NASAMS və NSM zərbə raketlərinin Ukraynaya verilməsini müzakirə edir. Avropa Birliyinin Şurası Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan 500 milyon avro məbləğində üçüncü tranşın ayrılmasını təsdiqləyib. Bununla da Avropa Birliyinin Ukraynaya dəstəyi 1,5 milyard avroya çatdırılıb.
Qərbin Ukraynaya dəstəyini artırması onun Rusiyaya qarşı müqavimətini və mübarizəsini gücləndirəcək. Ukrayna ordusunun bir sıra əməliyyatları, Rusiya ərazisində yanacaq anbarının partlaması, Qara dənizdəki rus donanmasının flaqman gəmisi "Moskva"da baş verən partlayış müharibənin miqyasının böyüyəcəyindən xəbər verir. Xüsusilə də Ukraynanın hücum silahları ilə təmin edilməsi müharibənin daha şiddətlənəcəyi ehtimalını artırır. Rusiyanın uzun müddət müharibəni davam etdirmək üçün resursların çatışmadığı da məlumdur. Ukraynaya qarşı müharibəni bir neçə günlük uğurlu hərbi əməliyyat kimi düşünən Rusiyanın siyasi və hərbi rəhbərliyi indi nə edəcəyini bilmir. Yeganə çıxış yolu kimi hərb meydanında üstünlük əldə etmək üçün daha güclü silahlardan istifadə etməyə başlayacağı ehtimal edilir. Hətta Rusiyanın kütləvi qırğın silahından istifadə edəcəyi ilə bağlı narahatlıqlar da yaranıb. Rusiyanın artıq kimyəvi silahdan istifadə etməsilə bağlı məlumatlar səslənir. Qərbin Ukraynaya kütləvi qırğın silahlarının təsirlərindən qorunmaq üçün xüsusi geyimlər göndərməsi də Rusiyanın kimyəvi və ya nüvə silahından istifadə edə biləcəyi düşüncəsini yaradır. Rusiyanın hakim dairələrində gərginliyin artması, həbslər və istefalar haqqında məlumatlar da qarşıdakı bir ayın çox gərgin keçəcəyindən xəbər verir.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 16 aprel.- S.8.