"Bilmirdim doğulduğum yerə aid olmadığımı!"  

 

AHISKALI GƏNC YAZAR NERVİYƏNİN YARADICILIĞI VƏTƏN HƏSRƏTİNƏ KÖKLƏNİB

 

 

Ahıska türklərinin deportasiya dövründə formalaşmış sürgün ədəbiyyatı yaşlı və orta nəsillə yanaşı, istedadlı gənc yazarların yaradıcılığını da əhatə edir. O gənclərdən bir qismi Azərbaycanda yaşayan Ahıska Türkləri Yazarlar Birliyində, bir hissəsi isə dəyərli ədib Mircavad Ahıskalının Bursadakı ədəbi dərnəyində toplaşıb. Bu cığırlarla ahıskalı gənc yazarların sorağına çıxdım və sosial şəbəkələrdə Nerviyə Usmanova imzasına rast gəldim, onun "Şimdi anlıyorum" adlı şeiri məni xüsusilə təsirləndirdi. Bu şeir üslubu, pafosu, ritmi, emosiyası və ilk növbədə lirik "mən"in səmimiyyəti, duyğu və fikir həssaslığı ilə mənə nəinki Ahıska sürgün poeziyasının, deyərdim ki, ümumən çağdaş türk şeirinin örnək əsərlərindən biri təsiri bağışladı. Bundan sonra Nerviyənin eyni qənaəti doğuran "Nedamet" romanı ilə tanış oldum, fitri istedad və saf mənəviyyat sahibi ilə qarşılaşdığıma əminlik qazandım.

 

Müəllifin özü ilə əlaqə yaradıb anladım ki, Nerviyənin yetişdiyi zəngin mənəvi mühit var və onun əsərləri təsadüfdən yazılmayıb. Nerviyənin babası Ədhəm Ahıska mahalında Yuxarı Posxovun Hevat kəndində doğulub. Sovetləşmədən sonra Gürcüstana qatılmış ərazidə qalıb və 1944-cü ildə elliklə sürgün ediliblər. Atası və anası sürgün dövründə Özbəkistanda dünyaya gəlib, 50-ci illərin axırlarında Azərbaycana köçüb Xaçmazın İlıxçı kəndində məskunlaşıblar. Atası müəllim, anası tibb bacısıdır. Nerviyə 1991-ci ildə bu kənddə doğulub. 1996-da Xaçmazın Cığatay kəndində ibtidai məktəbə gedib, yuxarı sinifləri Gülalan kənd məktəbində oxuyub.

 

Türk xanımı kimi formalaşmasında ailəsinin müstəsna rolu olub və ona vətən eşqi, insanlıq sevgisi aşılamış valideynlərinin xidmətini, ata-anasına həsr etdiyi "Nedamet" romanının epiqrafında əsas dəyər kimi göstərir: "Bana vatan, millet ve bayrak aşkını öğreten, sevgileriyle sevgi bulduğum canım Annem ve Babam'a". Valideynlərinin vətən sevdası isə, yəqinliklə, doğma yurdları Hevat kəndinin, ailələrində qorunub saxlanmış etnik-mədəni ənənəsindən və dağətəyi təbiətin ecazkarlığından qaynaqlanır. Hazırda Türkiyə sərhədlərində olan, Ardahan ilinin Posof ilçesine bağlı bu kənd Osmanlı dövründə "Hevat", 1950-ci illərdə Boşdərə, sonradan Aşıküzeyir adlandırılıb. Sonuncu ad Ahıska türklərinin məşhur aşığı-şairi, Hevat kəndindən Usta Üzeyir Fəqirinin adı ilə bağlıdır. Keçən əsrin 80-ci illərində folklor ekspedisiyalarımda Usta Üzeyir Fəqirinin nəvəsi, şair Fərhad Fəryadinin oğlu, saz şairi və dastançı kimi tanınan Aşıq Süleymaninin həm ədəbi, həm də tarixi, coğrafi əhəmiyyət daşıyan səyahətnaməsini yazıya alıb çap etdirmişdim. Əsər belə bir qeydlə başlayırdı: "1891 tarixdə bir xoryel İrandan başlamış, Bakıya gəlmiş, Bakıdən Tiflizə getmiş, Tflizdən Axisxaya, ondan Posxova, Posxovdan Badava, ondan İrana, İrandan Vana, Vanda toxdamışdi. Bu sözləri də söyliyan aşıx Süleymani".

 

Nerviyənin şairə kimi etnik-mənəvi qaynaqları məhz Hevat-Aşıqüzeyir kəndinin ailələrində yaşayan tarixi ənənələrdən gəlir və ədəbi müəllimi Mircavad Ahıskalı ilə müasir bəşəri səciyyə qazanır. Orta məktəbdən sonra Türkiyənin Aydın vilayətində Adnan Menderes Üniversitetinin Ebelik (mamaçalıq) bölümünü bitirərək Bursaya yerləşən Nerviyə 2018-ci ildə burada Ahıska türklərinin ünlü sənətkarı Mircavad Ahıskalı ilə tanış olur və onun köməyi ilə içində yatan ədəbi istedadını cilalamağa və ədəbi savad almağa başlayır, şeirlər, hekayələr və nəhayət roman yazır. Mircavadla tanışlığını "həyatının dönüm nöqtəsi" adlandıran gənc şairə Nerviyə bu dövrdə milli-ictimai ideallara da yiyələnir və ədəbiyyata fərdi çərçivədə deyil, milli amalla yanaşdığını bəyan edir: "Amacım ünlü olmak deyil, ədəbiyyatımıza az da olsa qatqıda bulunmaqdır".

 

Nerviyə xanım məhz bu amacla yaradıcılığında həm ədəbi, həm də maarifçilik meyarlarını önə çəkir. Onun 2020-ci ildə ilk kitabı olaraq çıxmış 240 səhifəlik "Nedamet" romanı ədəbiyyatın əbədi mövzularından olan atalar və övladlar kolliziyası üzərində qurulub. Ancaq mücərrəd şəkildə yox, həyati, yaşanmış gerçək hadisələr əsasında. Romanda valideynlərin qızların oxumasına qarşı çıxması mövzusu ələ alınır. Nerviyə göstərir ki, yeni gənclik fəal, öz mövqeyi olan mübariz gənclikdir və romanın qəhrəmanı da qətiyyəti, məqsədinə çatmaq üçün yolundan dönmür. Əsərini hər kəsin oxuyub anlamasını önəmli saydığından, sadə üslubda, "yalın bir dillə" yazdığını deyən müəllif süjeti də sadə, ancaq təsirli fabula üzərində qurur: "Qızının oxumasına qarşı olan bir ata, qızının oxumaması üçün əlindən gələn hər şeyi yapır, amma bütün bu əngəllərə rəğmən qızı bulunduğu kənddən çıxıb, İstanbula getməyi bacarır və Tibb fakültəsindən məzun olur. Romanın sonunda atası məcbur qalıb oğlunu müalicə etdirmək üçün qızının ayağına gəlir və bütün yapdıqlarına peşman olub, qızından üzr diləyir".

 

Gənc yazıçı romanın adını da məhz bu səbəbdən "Nədamət" (hiddət - inciklik) qoyduğunu bildirir və roman süjetinin zirvəsi, fikrimcə, atanın şüurunun dəyişməsidir.

 

 

 

Belə realist, sadə və aydın üslub, oxucu ilə birbaşa səmimi dialoq Nerviyə Usmanovanın şeirlərinə də xasdır. Bu baxımdan, şairənin "Şimdi anlıyorum" şeiri ənənəvi sürgün poeziyasında, ümumən vətən mövzusunda yeni bir istiqamətə - yüksək pafos və emosionallıqdan uzaq birbaşa dialoq üslubuna yol açır. Bu şeirdə qürbət acısı, vətən sevgisi çocuqluqdan başlayaraq əsərin lirik qəhrəmanına sözlə, baxışla, sükutla ötürülən, insan böyüdükcə böyüyən dəruni yaşantı, duyum və həm də dərkdir:

 

Daha küçüktüm,

 

Çok küçüktüm.

 

Vatanın ne demek olduğunu,

 

Vatan hasretinin nasıl bir duygu olduğunu,

 

Ayrılığın ne olduğunu bilmiyordum...

 

 

 

Ama!

 

Ama büyüklerimiz;

 

Annem, babam...

 

Evet, büyüklerimiz çok iyi bilirlerdi,

 

Çok iyi bilirlerdi benim bilmediğim o acıları!

 

Müəllifin onu dolğun anlayacaq, dediklərini uyğun qavrayacaq məhrəm oxucuya yönəlmiş sərbəst şeir formasında olan bu nitqi klassik türk eposunda izlənən nəzm-nəsr sinkretizminə yaxınlaşır və canlı söhbəti xatırladır: "Ah çekip başlardı annem konuşmasına,  Babam susardı,  Sessizce dalıp giderdi nemli gözleri. // Nemli ve keder doluydu, Hüzünlü bakışları. // Ve uzun süre öyle kalırdı,  Boşluğa bakar gibi bakardı.  Kıpırdamazdı, cansız heykel misali..."

 

Əsərin əsas motivinə varan gənc şairə mətnin ritmini və pafosunu xəfif tərzdə gərginləşdirir və açar sözü - həm də qrafik şəkildə, böyük hərflərlə vurğulayır: "Bana öyle geliyordu; boşluğa bakıyormuş gibi. Ama o! Ama o, kim bilir neleri hatırlıyor, Neleri düşünüyordu o an? // Belki de o meşum gecede, Askerlerin evlere nasıl zorla girdiklerini, O soğuk havada, karanlık gecede, Kara haberi nasıl verdiklerini... SÜRGÜN! Sürgün, sözünü duyduklarında neler hissettiklerini, Düşünüyordu, bilemiyorum".

 

Müəllif bu məqamda faciəvi pafosu həm də "məhşər günü", "sürgün gecəsi", "fəlakət gecə" kimi emosional ifadələr, təşbehlər, təkrarlarla gücləndirir. Bir neçə dəfə təkrarlanan "bilemiyorum" feli ilə sürgün faciəsinin insanlığa zidd mahiyyətini çocuq baxışı ilə ifadə edir:

 

Ben daha küçüktüm, çok küçüktüm,

 

Vatanın ne olduğunu bilmediğim gibi,

 

Sürgünün de ne olduğunu bilemiyordum.

 

Müəllif "bilməmək" motivini gücləndirərək, əzəli saf anlayışlara yönəlik çocuq şüuruna, çocuq qavrayışına yad olan sürgün, qürbət, qəriblik anlayışlarının qeyri-təbii, qeyri-insani mahiyyətini emosional suallarla dilə gətirir: "Sürgünlerde, gurbet hayatı yaşadığımızı dahi bilmiyordum. Küçük dünyamda şen ve mutluydum. // Nerden bilebilirdim ki, Doğduğum yere ait olmadığımı. // Nerden bilebilirdim ki, Buraların adının gurbet olduğunu! Nerden bilebilirdim ki,  Sürgünün ne demek olduğunu!"

 

Faciə bütün dərinliyi ilə bu məqamda aşkarlanır, qərib çocuğun böyüyüb, sürgünün və həm də vətənin nə olduğunu anlayıb bildiyi məqamda: "Ama şimdi biliyorum, Biliyorum sürgünün ne demek olduğunu" deyərək "korkunç olduğu kadar da soğuk" olan bu sözün mənasını bildirir: "Ayrılık demekmiş, hasret demekmiş,  Figan feryat demekmiş, Doğduğun topraklara yabancı olmak demekmiş!"

 

Şairə bununla da əsas məramına çatır: "Şimdi anlıyorum vatanın ne demek olduğunu.  Vatan demek;  Ana demekmiş, hayat demekmiş, Özgürlük demekmiş… // Vatan demek; Millet demekmiş, dil, din, örf adet demekmiş. Vatan demek; huzur demekmiş!"

 

Mətnin pafosunu zirvəyə çatdırmış müəllif yenidən emosionallığı endirir, hələ də sürgün ömrü yaşayan valideynlərinin, soydaşlarının sükün, ağrılı ovqatının yaşantısını verir:

 

Şimdi anlıyorum;

 

Annemin ah çekerek söze başlamasının,

 

Babamın nemli gözlerinin sessizce dalıp gitmesinin,

 

Nedenini...

 

Ahıska türklərinin istedadlı şairəsi Nerviyə Usmanova bu kimi əsərləri ilə tək soydaşlarının sürgününə deyil, həm də çağımızda dünyada baş verən faciəli olaylara, qaçqınlığa, didərginliyə, məsum insanların qətlinə etiraz bildirir. İnsanları hiddət və qəzəbdən sevgi və mərhəmətə səsləyir. Gənc şairəyə bu yolda uğur, tükənməz yaradıcılıq ilhamı, yeni əsərlər və oxucu sevgisi arzulayırıq. 

 

 

Asif HACILI

 

525-ci qəzet.- 2022.- 19 aprel.- S.14.