Bakı Şəhəri üzrə Təhsil İdarəsinin layihə ləri: tərəqqi naminə mühüm addımlar

 

Təhsilin inkişafı, keyfiyyət göstəricilərinin artırılması fəaliyyətin əsas prioritetlərindən biridir. Son illər məhz təhsil sahəsində gedən inkişaf və təhsilin bütün istiqamətlərində islahatların daha da genişlənməsi dövrü kimi xarakterizə olunur.

 

Ötən illərdə olduğu kimi, 2021-2022-ci tədris ili də təhsilalanların hərtərəfli yetişməsi və keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlarla əlamətdardır.

 

Təhsil sahəsində həyata keçirilən islahatların nəticələri, qazanılan uğurlar göz önündədir. Çünki strateji bir sahə olan təhsil Azərbaycanda ən yüksək səviyyədə diqqət mərkəzindədir.

 

Ulu öndər Heydər Əliyevin dediyi kimi, təhsil hər bir xalqın gələcəyidir, təhsilsiz inkişaf ola bilməz. Əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident tərəfindən təhsilin inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, təhsil sahəsində parlaq uğurlara imza atılır, mühüm islahatlar və layihələr həyata keçirilir.

 

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qarşıya qoyulan hədəflər uğurla reallaşdırılır. Bu istiqamətdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər və layihələr xüsusi olaraq qeyd edilməlidir.

 

İdarənin inkişaf layihələri sektorunun müdiri Günay Qurbanovanın sözlərinə görə, BŞTİ ötən illərdə olduğu kimi cari tədris ilində də bir sıra inkişafyönümlü layihələrin həyata keçirilməsinə nail olub. BŞTİ tərəfindən reallaşdırılan layihələr və inkişafyönümlü pilot proqramlarda təhsil işçiləri, məktəblilər və valideynlər böyük həvəslə iştirak edirlər. Maraqla qarşılanan layihələrdə qazanılan uğurlar yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaradır: "Həyata keçirilən layihələrin məktəblilərin gələcək nailiyyətlərinə müsbət təsir göstərəcəyinə inanırıq.

 

Layihələr şagirdlərin istedadlarının üzə çıxarılmasına, nailiyyətlərinin yüksəldilməsinə, asudə vaxtlarının düzgün təşkilinə, həmçinin müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına, valideynlərin məktəbin idarəolunmasında iştirakına, məktəb rəhbərliyinin idarəçilik baxımından istiqamətləndirilməsinə xidmət edir".

 

Mütaliəyə dair sosial layihə

 

Sektor müdiri bildirib ki, uşaqların müasir dünyagörüşə yiyələnməsi, özünüifadə bacarıqlarına sahib olması və xəyal gücünün inkişafında mütaliənin müstəsna əhəmiyyətinin olduğu danılmazdır: "Məktəblilərlə bərabər müəllim və valideynlərin də əhatə olunduğu mütaliəyə çağırış layihəsinin uşaqlara daha təsirli olacağını ehtimal edərək fərqli təşəbbüs irəli sürdük.

 

Bu baxımdan "Hər kitab bir xəzinədir" adlı sosial layihə məktəblilər, müəllimlər və valideynlər arasında xüsusi maraqla qarşılandı.

 

Layihədə məktəblilər, valideynlər və pedaqoji işçilər iştirak etdilər. İştirakçılar mütaliə etdikləri kitabdan bəyəndikləri hissəni oxuyaraq 1 dəqiqəlik videogörüntü formatında  #HərKitabBirXəzinədir həştəqi ilə "Facebook" sosial şəbəkəsində paylaşdılar. Nəticələr gözlədiyimizdən də uğurlu oldu".

 

"Onlayn kitab klubu" layihəsi

 

Günay Qurbanovanın dediyinə görə, şagirdlərin düzgün, şüurlu və ifadəli oxu vərdişlərinə yiyələnməsi vacib məsələlərdəndir. Mütaliə yalnız əsərin oxunması ilə yekunlaşmır, eyni zamanda, oxunan hadisələri dərk etmək, onlardan düzgün nəticə çıxarmaq, şifahi nitq bacarıqlarına yiyələnmək vacib tələblərdən hesab olunur.

 

Bu baxımdan İKT-dən istifadə bacarıqlarının mütaliə ilə vəhdətdə inkişafını hədəfləyən "Onlayn kitab klubu" adlı sosial layihəmiz də diqqət cəlb edib".

 

Təhsil müəssisələrində "Bahar çələngi" layihəsi

 

Milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini şagirdlərin nəzərinə çatdırmaq BŞTİ-nin diqqətində olan əsas məsələlərdəndir. Təhsilalanları mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə "Bahar çələngi" adlı layihə keçirilib.

 

Tədbirlərdə şagirdlərə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, çərşənbələrin mahiyyəti, Novruz atributları haqqında geniş məlumatlar verilib.

 

Məktəb  kitabxanalarında "Novruz bayramı bədii ədəbiyyatda" adlı tədbirlər təşkil olunub, mənəvi  dəyərlərimizin  əks  olunduğu  bədii nümunələr (əsərlər) əsasında tamaşalar hazırlanıb.

 

"Bahar  çələngi" adlı Novruz guşələri    divar qəzetləri  hazırlanıb, məktəblərin həyətlərində yeni yaşıllıqlar salınıb.

 

"Mənim gündəliyim" - oxu və yaradıcılıq  müsabiqəsi

 

Sektor müdiri qeyd edib ki, "Mənim gündəliyim" adlı oxu və yaradıcılıq  müsabiqəsi də şagirdlər arasında böyük marağa səbəb olub.

 

Müsabiqənin ilk mərhələsində şagirdlər məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və  dünya  ədəbiyyatı nümunələrini oxuyaraq gündəlik hazırlayırlar.

 

İki mərhələdən ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin I-XI sinif şagirdləri iştirak edirlər.

 

"Ən yaxşı təqdimat" müsabiqəsi

 

Günay Qurbanovanın söylədiyinə görə, gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin əməyi və misilsiz xidmətləri danılmazdır. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə şagirdlərə ətraflı məlumatlar verilir. Həmçinin Təhsil Nazirliyi tərəfindən ümumi təhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi keçirilir.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin BŞTİ tərəfindən təşkil olunan şəhər mərhələsi başa çatıb.

 

Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin şəhər mərhələsində iştirakçılar təqdim olunmuş mövzulardan biri əsasında videotəqdimatla çıxış ediblər.

 

İştirakçıların çıxışı hər meyar üzrə maksimum 5 bal olmaqla, ümumilikdə 25 balla qiymətləndirilib.

 

İki mərhələdən ibarət  "Ən yaxşı təqdimat" müsabiqəsinin ölkə mərhələsi aprel ayında Bakı şəhərində keçiriləcək.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli ömür yolunun və çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da genişləndirməkdən ibarətdir.

 

"Yaradıcı müəllim" təqdimat müsabiqəsi

 

Müsabiqələr təkcə şagirdlər üçün yox, həm də müəllimlər üçün təşkil olunur. Belə müsabiqələrdən biri "Yaradıcı müəllim" təqdimat müsabiqəsidir. Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq,  təhsilverənlərin nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti daha da artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdən ibarətdir. Müsabiqə qaliblərinə BŞTİ tərəfindən diplom və hədiyyələr verilib.

 

"Kiçik Akademiya" - elmi tədqiqata açılan pəncərə

 

Sektor müdiri vurğulayıb ki, Bakı şəhərinin ümumi təhsil müəssisələrindəki "Kiçik Akademiya"ların fəaliyyəti təkmilləşdirilir.

 

"Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması qarşıya qoyulan əsas hədəflərdən hesab edilir. Belə ki,  orta  məktəblərdə  fəaliyyət göstərən  "Kiçik Akademiya"lar bütün  mövcud  imkanlardan istifadə edərək şagirdləri yüksək  səviyyədə  maariflənməyə çağırır.

 

Ümumi təhsil müəssisələrində "Kiçik Akademiya"nın fəaliyyət göstərməsi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması baxımından önəmli rol oynayır.

 

Akademiyaya üzv olan şagirdlərin elmi konfranslarda, olimpiadalarda və "Kiçik akademiya"nın digər tədbirlərində iştirak etmək, şagirdlər arasında elmi bilikləri təbliğ etmək və s. kimi vəzifələri var.

 

Eyni zamanda, "Kiçik Akademiya" üzvü olan şagirdlər seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini artırır, ünsiyyət və davranış qaydalarına riayət etməklə digər şagirdlərə nümunə göstərirlər.

 

BŞTİ-nin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində "Kiçik Akademiya" fəaliyyət göstərir.

 

"Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin Tədbirlər Planına əsasən, paytaxtın bütün məktəblərində "Kiçik Akademiya" yaradılması nəzərdə tutulur.

 

Qeyd edək ki,Təhsil Nazirliyi tərəfindən tətbiq edilən STEAM, "Rəqəmsal bacarıqlar", "eTwinning Plus" və digər bu kimi layihələrin BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində həyata keçirilməsi təhsildə rəqəmsal çevrilmənin tətbiq edilməsi, müasir dövrün əsas kompetensiyalarından sayılan müstəqil öyrənmə bacarıqlarının inkişafı, innovativ texnologiyalardan istifadə qabiliyyətinin yüksəldilməsi və kommunikativ bacarıqların artırılması, daha səmərəli tədris mühitinin yaradılması, təhsildə keyfiyyətin artırılması baxımından mühüm əhəmiyyətə malikdir.

 

Həmçinin məktəblilərin dövrün tələblərinə uyğun formalaşması, milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə olunması, maddi-mənəvi sərvətlərimiz haqqında şagirdlərin məlumatlandırılması, Qarabağın tarixi, qəhrəman şəhidlərimiz, Azərbaycanın Milli Qəhrəmanlarının  tanıdılması ilə əlaqədar məlumatların yeniyetmə və gənclərə  çatdırılması məqsədilə də müxtəlif tədbirlər və layihələr həyata keçirilir.Həmçinin dövlət başçımız İlham Əliyevin sərəncamı ilə elan edilən "Şuşa İli" ilə bağlı müxtəlif tədbirlər və müsabiqələr də keçirilir.

 

Bundan başqa BŞTİ tərəfindən "Hekayəni paylaş", "Ailəm və məktəbim", "Yaşıl layihə: Təbiəti qoruyanlar" kimi layihələrin reallaşdırılması, təhsil müəssisələrində "Zəfər tarixi" konfranslarının keçirilməsi də nəzərdə tutulur.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 19 aprel.- S.11.