BİR KÖRPƏ YATIRDI

 

Gecə sükutunda bu təbiətin

bir körpə yatırdı ana səsində.

Sığınıb qoynuna ilk məhəbbətin

yatırdı bir eşqin təntənəsində.

 

Bir körpə yatırdı, ana gözündə

yer üzü şirin bir yuxu görürdü.

Yuxulu gözləri göyün üzündə

yuxu nağılında torpaq gülürdü.

 

Bir körpə yatırdı...

Durub səmadan

kövrək bir həsədlə ay boylanırdı.

Ana laylasında uyuyub hər yan,

məsumluq içində xumarlanırdı.

 

Bir körpə yatırdı,

bütün kainat

bir ülvü müqəddəs yuxu görürdü.

Bir körpə yatırdı arxayın, rahat,

çünki keşiyində Ana dururdu.

 

KƏDƏR

 

Boynubükük bir atanın gözlərindən cığır salan

bir ananın saçlarında dən-dən olan dərd gördünmü?

O saçlarda dolandınmı?

O gözlərdən həyatına boylandınmı?

Sən kədəri gördünmü heç?

Bilirsənmi necə olur?

kədər vətən yarasıdı, kədər  torpaq ağrısıdı.

Bəs sevinci gördünmü sən?

Hələ gizlənqaç oynamaq arzusunun torpaq üçün

Şəhid olmaq arzusunda ölməsində

atasının daş şəklinə qucaq açan

bir körpənin gülməsində

ağrı içində qıvrılan kədərlə qolboyun olan

o sevinci gördünmü sən?

dərdlərini, kədərini yığ üst-üstə

Bax sevincin gözündəki

o qürurlu kədərə bax protez üstə

həyatdan sevinc istə.

gör olurmu?

Olmasa da, heç darılma.

Bir qar soyuqluğunu

duymayacaq  uşaqlığın

qar topuyla oynamaq istəyinin əlindən tut.

bütün dərdlərini unut.

 

QARABAĞIM

 

Sənsiz keçən gecələrim

özüm kimi ağır oldu ...

Sənsiz ötən gündüzlərim

özün kimi fağır oldu...

Gecələrin yaxasından

ay tək asılmaq istədim

hərdən sənə boylanmaqçün,

gündüzlərdə

günəş tək yanmaq istədim

hərdən sənə toxunmaqçün.

Donub qaldım dağlarıntək,

susub qaldım bağlarıntək,

həsrət oldum yarpaq-yarpaq,

çiçək-çiçək.

bulud oldum düzlərinin başı üstə,

ota döndüm qayaların daşı üstə.

Külək olub meşələrində dolandım, ağaclarına sarıldım.

Yağış oldum səpildim ki çöllərinə

"gələcəyəm" pıçıldayım dönə-dönə...

 Elə böyükdü ki ağrın,

ağrı da ola bilmədim,

sənin ağrında əridim,

böyüyə bilmədim mən...

kiçik qaldım Qarabağım.

30 ildi bətnindəydim

ağrı çəkən bu torpağın.

göz yaşımla, gülüşümlə

onun Vətən  ağrısından doğuldum mən.

44 günə sənin boyda böyüdüm mən,

böyüdüm ki, səni görəm, səni sevəm.

heç doyunca görməmişdim səni axı,

Gördüm səni əsgər-əsgər, igid-igid,

gördüm səni Qarabağım.

Heç doyunca sevməmişdim səni axı,

sevdim səni şəhid-şəhid,

sevdim səni Qarabağım.

 

ELƏ DARIXDIM Kİ

 

Elə darıxdım ki, bu yer üzündə

Buludlara dönüb çəkildim göyə.

Göyə sığmadım səpildim yerə

bəlkə bir damcımı tapasan deyə.

 

Elə darıxdım ki, elə darıxdım,

yerə, göyə sığa bilmirəm.

Elə darıxdım ki, darmadağınam,

Özümü bir yerə yığa bilmirəm.

 

Günlər ilə döndü darıxdı zaman

Ayların, illərin yaddaşı oldun.

Mən bir dünya qurdum xəyallarımdan

sənsə o dünyanın yad daşı oldun.

 

Elə darıxdım ki, mən bu şəhərdə

bir küçə, bir qapı olmaq istədim,

dedim o küçədən keçib yenə

bəlkə o qapını döymək istədin.

 

Döndün mənim gerçək bir yalanıma,

sənli həqiqəti görmədim ki, heç.

Özümü aldatdım öz yalanımla

əgər günahdısa bu günahdan keç.

 

Elə darıxdım ki, sənli qəlbimi

darıxan əlimlə sökmək istədim.

Elə darıxdım ki, mən səni deyil,

başqa birisini sevmək istədim...

 

GÖNDƏR ƏLLƏRİNİ

 

Mən kiçik olanda böyüklər çoxdu,

Mən böyük olduqca kiçildi çoxu.

Böyük olanların sayı azaldı

azaldı, azaldı lap azca qaldı.

hündür boyluların boyu qısaldı

qısaldı, qısaldı lap cırtdan oldu.

 

O dəniz bildiyim, ümman bildiyim

sahildə yox olan ləpəymiş demə.

O zirvə bildiyim, o dağ bildiyim

Neçəsi balaca təpəymiş demə...

Düşəndə həyatın burulğanına

Bir saman çöpü olmadı tutum.

əllərim boşluqdan asıldı ana

göndər əllərini əlindən tutum...

 

ŞƏHİD ANASI

 

Başını köksümə qoymaq istərəm,

qorxuram, incidəm, incidəm səni.

Duyub qəlbimdəki giley-guzarı

bağışlamayasan qorxuram məni.

 

başımı köksünə qoymaq istəsəm,

qorxuram kiçilim, xırdalanım mən

duyub qəlbindəki ağrılarını

özüm öz gözümdən düşə bilərəm.

 

Təsəlli etməyə söz tapmıram,

dilimdən asılır sözüm utanır.

baxışım hər yanı dolansa belə

üzünə baxmağa gözüm utanır.

 

Ayların, illərin, ömrün paralı,

mən o  paraları tikə bilmərəm.

Övlad həsrətinə hörülmüsən sən

səni bu həsrətdən sökə bilmərəm.

 

Önündə yalandan söyləyim ki?

bilirəm sağalmaz bala yarası.

Bircə həqiqət var-məğrur duruşun

yaşadır bu yurdu şəhid anası.

 

Boynubükük olsan bircə an əgər,

bu doğma torpaq da boynunu bükər.

Gözündən bir damla yaş düşsə belə 

Qarabağ özü  göz yaşı tökər.

 

Ruhu rahat olmaz igidlərimin

sızlasa ürəyin şəhid anası.

Torpağa can verən şəhidlərimin

sızlayar yenə vətən yarası.

 

Bu torpaq hamıya ana deyil ki

namərdin, qorxağın vətəni olmur.

Hər qadın sənin tək igid böyütmür,

hər ana bətnindən şəhid doğulmur.

 

Ağlama gözünün yaşını sil sən

Sənin göz yaşında Vətən boğular.

Ay müqəddəs qadın sənin bətnindən

oğul doğulmayıb Vətən doğulub.

 

UNUTMUŞUQ

 

Dəniz, daha dəniz olma,

sularına duzlu deyib

göz yaşına bənzədirik.

Bulud daha bulud olma,

dərdi-qəmi yağışına bənzədirik.

Daşı başa, başı daşa

Ömrümüzü yay, payıza, yaza qışa,

Gələn günü,  ötən ayı, ili yaşa bənzədirik

Hər varsa bəzəyirik, bənzədirik

Özümüzü unutmuşuq,

heç bilmirik nəyə, kimə bənzəyirik?..

 

 

İstəyirəm

Yuxunu tapmayasan.

gecəni gəzə-gəzə qalasan.

Yatmayasan...

səssizcə ağlayasan,

harayını göz yaşında boğasan

İstəyirəm özünü gecədən atasan, küçəyə atasan,

Gedib o tənha skamyada oturasan...

tökəsən xatirələri qarşına,

peşiman olasan

mən çıxam qarşına...

 

CAVAB YAZ, YAXŞIMI?!

 

Bilirəm, internet var, mobil telefon, sms var,

dəb deyil məktublar.

Amma sən mənə məktub yaz.

Bir vərəq götür, qələm gətir,

əvvəla salam yaz, sonra yaz ki, necəsən.

bir az da yaz özündən, olub-bitəndən

bilim, düz yan-yana necələri,

Necə açırsan səhəri, bir gecələri yaz, gecələri.

bilim  ürəyindən keçənləri...

Gözləyəcəm illər öncəki kimi.

Yadındamı,

bir-birimizə çoxlu məktub yazardıq...

Sonra anlamadım nə oldu,

çünki hər şey anlamsız oldu.

Amma mən oxuyuram hərdən,

hərdən hər gün məktublarını.

Bir cavab yazmadığım son məktubunu.

Bilirəm məktubun cavabsız qaldı

bütün həyatım

o məktuba yazmadığım cavab oldu.

Amma sən cavab yaz, yaxşımı?

O vərəqdə əllərini hiss edəcəm,

bir az da kövrələcəm,

hər sözdə görəcəm baxışını...

O məktubu

yüz dəfə min dəfə oxuyacam,

gözlərimə sıxacam...

O məktubu bilirsən necə əzizləyəcəm?

Cavab yaz, yaxşımı?

Mən gözləyəcəm.

Bir istəsən,

yenə sonda yaz:

Cavab gözləyirəm....

 

 

Kamalə Abiyeva

 

525-ci qəzet.- 2022.- 20 aprel.- S.23.