Ana dilimizin
və milli ruhun alovlu təəssübkeşi
ƏHMƏD CAVAD-130
Bəşəriyyət tarixi qədər
qədim olan Azərbaycan ədəbiyyatı
indiyə qədər
bir çox dünya şöhrətli sənətkarlar
yetişdirib və bundan sonra da
yetişdirəcəkdir. Onların arasında
Əhməd Cavad imzası həmişə
öz orijinallığı
və səmimiliyi ilə seçiləcək,
gələcək ədəbi
nəsillərə örnək
kimi əsrlərdən-əsrlərə
adlayacaq.
XX əsrin əvvəllərindən
başlayaraq dil məsələsi həm
problem kimi ortaya çıxmış, həm
də siyasi bir məsələ səviyyəsinə yüksəlmişdi. Yazıçı
və tənqidçilər
ana dilini yad ifadə və üslub ünsürləri ilə
saxtalaşdıran "Həyat",
"Füyuzat" və
"Şəlalə" kimi
mətbuat orqanlarına
qarşı daimi bir "döyüş meydanı" açmış,
qəliz, mənası
çətin başa
düşülən, arxaik
sözlərdən, ərəb-fars
kəlmələrindən yaxa
qurtarmağa çalışan
qələm sahibləri
bu fəaliyyətlərilə
ədəbi dilin xəlqi və demokratik istiqamətdə inkişafına zəmin yaratmışdılar. Bu illərdə bir qrup "ziyalılarımız"
ana dilində danışmağı belə
özləri üçün
təhqir hesab edirdilər. "Demokratik ziyalılar isə xalq maarifi
uğrundakı mübarizəni
xalqı maarifləndirməyin
ən güclü silahı olan milli dil uğrunda,
Azərbaycan dilinin saflığı və inkişafı uğrunda mübarizə ilə əlaqələndirirdilər".
H. Zərdabi, F. Köçərli,
N. Nərimanov göstərirdilər
ki, milli dil bütövlükdə
milli mədəniyyətin
və millətin inkişafında mühüm
vasitədir. Həmin dövrlərdə rus dilinin öyrənilməsinə
yüksək qiymət
verilirdi. O dövrdə
dilimizlə bağlı
problemlərə münasibət
bildirən Üzeyir Hacıbəyli ana dilimizin ehtiyaclarını
açıb-göstərirdi. O, "Hansı vasitələrlə
dilimizi öyrənib kəsbi-maarif etməliyik"
adlı məqaləsində
"Dilimizi öyrənməliyik,
öz mədəniyyət
və mərifətimiz
üçün öyrənməliyik
ki, öz ehtiyacımızın bəyanına
qadir olaq" yazırdı.
Şairlərimiz arasında dilimizin bütün incəliklərinə
bələd olması,
dilinin zənginliyi, bədiiliyi və milli koloriti ilə seçilən
Ə. Cavad forma etibarilə
sadə, orijinal şeirlər müəllifi
kimi tanınmışdı. Ə. Cavadın
qoyub getdiyi ədəbi irs
kifayət qədər
zəngin olmasına baxmayaraq, lazımi səviyyədə toplanıb
çap edilməmiş,
haqqında yazmaq, söz söyləmək istəyənlərin dəst-xəttində
sovet ideologiyasının
qorxunc təsiri son dövrə qədər
hiss olunurdu. 1956-cı ildə şair bərait qazansa belə üzərindən
bu ləkə götürülməmiş, son zamanlara qədər davam etmişdi. Bir sənətkar kimi şair haqqında yazılan yaxşı və pis nə varsa
sətir arxasında onun sənətinin
gücündən, istedadından
qorxu və qısqanclıq özünü
hər zaman göstərib.
Türkiyəli araşdırmaçı Sərvət Gürcan yazır: "Əhməd
Cavadın həyatındakı
və şeir yaradıcılığındakı ikinci dönəmin dönüm nöqtəsini
27 nisan 1920-ci il tarixində Azərbaycan Cümhuriyyəti torpaqlarının
Qızıl Ordu tərəfindən işğalı,
"Türk birliyi"
fikrinin getdikcə gerçəkləşmə nöqtəsindən
uzaqlaşması, "Kültür
birliyinin" məhəlli
şivələrə dayanılaraq
oluşdurulan "yazı
dilləri"lə ayrı-ayrı
əlifbalarla bir-birindən
fərqliləşməyə zorlanması və çox sevdiyi qızı Almasın gənc yaşda ölümü olayları
təşkil etməkdədir.
1920-ci ildən ölümünə
qədər olan zaman içərisində
yazdığı hər
şeirdə və tutduğu hər işdə bu böyük sarsıntının
təsiri özünü
yer-yer hiss etdirdi".
Ə. Cavad öz yaradıcılığı
ilə çoxsaylı
Azərbaycan ziyalıları
içində seçilən,
Türk dünyasında
özünəməxsus yaradıcılıq
məktəbi olan sənətkarlardan biridir ki, yaradıcılığı
təkcə ictimai-siyasi
və əxlaqi-tərbiyəvi
məzmunu ilə deyil, orijinal sənətkarlığı, bədiiliyi,
axıcılığı və sadəliyi ilə xalqın ürəyinə hakim kəsilmişdi.
Hələ gənc yaşlarında
- 1913-cü ildə yazdığı
"Dilimiz" adlı
şeirində ədəbi
və danışıq
dilimizə münasibətini
bildirərək yazarlarımızın
dilində ərəb-fars
sözlərinin güclü
təsirinin, buna aludəçiliyin get-gedə
artdığını göstərməkdən
çəkinmir, bunun
pis nəticələrə
gətirəcəyini düşünürdü.
Şair bu şeiriylə çoxlarının
çətin, anlaşılmaz
bir dildə yazdıqlarını və
sadə xalqın oxuyub başa düşə bilmədiyini
göstərirdi:
Yazan düşünmədən yazsa
da belə,
Oxucu beş-on
gün gərək düşünə.
Ki, anlasın
bu söz ərəbmi, farsmı?
O ki, qaldı məna... anlayan hanı.
Dilimizdəki bu acınacaqlı
vəziyyəti görən
Ə. Cavad şeirin sonunda üzünü
"qocaman ədiblərimiz"ə
tutaraq deyirdi:
Çalındı "qardaşı", gəldi "bəradər",
"Bacı"nın yerinə "həmşirə"
gəzər.
Nədir bu qiyamət, nə işdəsiniz?
Ey bizim qocaman ədiblərimiz?
Yaxasından tutub, bu "el oğlunu"
Fars ilə ərəbin bir həmvətəni
Şəklinə soxdunuz, baxınız
sonra,
Oxunacaq lənət belə yazana!
Sadə dildə yazan Ə.Cavad xalq şeirinin zəngin, rəngarəng xəzinəsindən
istifadə edərək,
özünəməxsus yaradıcılıq
üslubu əldə etmişdi ki, bu da şairin
şeirlərindəki sadəlik,
oynaqlıq və axıcılıqda özünü
göstərir. Şairin canlı hadisələrin,
milli azadlığımızın
şahidi olaraq, aprel inqilabından qabaq yazdığı
"Azərbaycan bayrağı",
"Al bayraq", "İngilis",
"Yeni türk əlifbaçılarına", "İsmayıl bəy Qaspirinski üçün"
və sair şeirləri bu qəbildəndir.
Çar üsul-idarəsinə xidmət
göstərən xırda
burjua nümayəndələri
Azərbaycan dilinə
xor baxır, bu dildə sənət
əsərlərinin yaradıla
bilməsini inkar edirdilər.
Görkəmli siyasətçi, dövlət
xadimi və eyni zamanda istedadlı
ədib M. Ə. Rəsulzadə
özünün "Azərbaycan
cümhuriyyəti" kitabında
bu fikrin səhv olduğunu göstərərək yazırdı:
"Azərbaycanlılar ibtida
farsicə yazmışlar.
Sonra sırf Azərbaycan şiveyi-məhəlliyyəsi ilə
yazan Füzuli məşrəb şairləri
ilə qocaman bir dövr dəvam
eyləmişdir. Bu dövrdə əvvəl Qövsi, Nəbati, sonra Vaqif, Seyid
Əzim, Ləli, Raci kibi şairlər
yetişmişdir. Nəhayət,
üçüncü dövr
gəlmiş: Qərb
həyat və əfkarının təsirinə
girən Azərbaycan ədəbiyyatı Osmanlı
türk ədəbiyyatından
mülhəm, müasir
ədəbi türkcə
ilə yazmaya başlamışdır. Bir
tərəfdən rus
ədəbiyyatı, digər
tərəfdən də
Osmanlı ədəbiyyatı
təsirində bulunan
bu dövrün şairləri Əbdülsəlimzadə
Məhəmməd Hadi,
Sabir, Hüseyn Cavid, Əhməd Cavad, Səhhət, Müznib və sairləri-dir".
Fikrini davam etdirən böyük siyasətçi
daha sonra yazır: "Sənələr
keçdi, bir tərəfdə "mirzə",
digər tərəfdə
"uçitel" durdu.
Bunlar bir çox zaman anlaşmadılar.
Farslaşmış mirzə kimi
ruslaşmış uçitel
dəxi xəlqin ehtiyac duyduğu mətləbi bir çox zaman dərk edəmədi.
Nəhayət, bir çox
maneələrdən kiçildi.
Məktəb, mədrəsələrə
qarşı üsulsuz
mübarəzələrdən sonra "uçitel" məqsədi anladı, bildi ki, Sədini
də, Tolstoyu da türk xalqına
öyrətmək, türkü
onlarla aşna etmək həm lüzumlu, həm də faydalıdır. Fəqət bununla bərabət türkü kəndi Sədisindən, kəndi Tolstoyundan məhrum etmək olmaz. Sədini, Tolstoyu və sair dünya məşahiri-ədibini anlamaq
üçün kəndi
Füzulilərini, Nəbatilərini
- nə qədər kiçik görürsələr,
Seyidlərini, Sabirlərini,
Cavidlərini, Cavadlarını
öyrənməlidirlər".
Ə. Cavadın da
yaradıcılığının ilk
dövründə yazdığı ictimai-siyasi
məzmunlu şeirlərin birbaşa Azərbaycan
adlı vətənə və Azərbaycan xalqına,
dolayı yolla isə, bu
vətənin, bu xalqın təəssübünü
və qeyrətini çəkən, onun uğrunda sərvətini və səyini xərcləyən
Azərbaycan xalqına xidmət etdiyini
söyləyə bilərik. Məhz buna görə mütərəqqi Azərbaycan
burjuasiyasının Azərbaycan xalqının milli azadlıq mübarizəsində
oynadığı rol haqqında, həmin
dövrün ədəbi hərəkatını
qiymətləndirən professor Yaşar Qarayev yazır:
"Ümumiyyətlə, əsrin (XX əsrin - G.M.) əvvəllərində
"Azərbaycanda milli hərəkat",
"milliyyət və hürriyyət", "məşrutiyyət
və müsavat" ideyaları geniş vüsət alır. Artıq
"xalqın düşüncəsində Azərbaycan məfhumu
coğrafi bir mənadan
ziyadə fikir və əməl şəklində
təcəssüm edir" və millət
qəti inanır ki, daha
bundan belə "istiqlal
xaricində onun üçün
bir Azərbaycan yoxdur".
Göyərçin
MUSTAFAYEVA
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 20 aprel.- S.22.