Duyğuları yaşadanlar
var olsun!
Nə qəribədir: yolun başlanğıcı və
sonu səni izləyir, gözləyir.
Gözləyir ki, addımlayasan.
Yeni bir səhifə açıb
vərəqlərini çevirə-çevirə
getmək və gülüşünü, hayqırışını,
fəryadını, sevincini,
sevgini, bir sözlə, hər şeyini o səhifədə
gizlətmək...
Bu səhifələr həyatımda çox olub. Hər birinin özəl,
yaddaqalan xatirəsi var, lakin bu
xatirə bir başqadır. Bu yazını oxuduqda sizə məsləhətim
odur ki, gözlərinizi qapadın.
Özünüzü bir
dənizkənarında hiss edin. O dənizin dalğaları sizi heç bilmədiyiniz limana yolcu etsin.
O zaman anlayacaqsınız
söyləmək istədiklərimi.
Bu dəfə həm
qələmim, həm
də mən danışıram, əziz
dostlar. Daxilimdəki fırtınanı, əzabı, keçmişi
bir kənara qoyub yeni səhifəni
açaraq yazıram.
Həyatım çox keşməkeşli
olub. Bu o demək deyil ki, yaşım azdır. İnsanın daxili dünyasındakı
fırtına onu hər dəfə özü ilə sürükləyir ki, heç biz belə bilmirik hardayıq? Mən bu gün bu
sualların cavabını
tapdım, həm də dənizin sayəsində. Həmişə qeyd etmişəm ki, xarakterimi dənizə bənzədirəm.
Dəniz
kimi fırtınalı,
coşqulu, acı xatirələri yük edən, lakin bir o qədər də sevgi dolu
və huzurlu. Məni bəlkə də anlayanlardan biri də dənizdir. Onunla danışmaq, söhbətləşmək
mənə təkcə
huzur vermir. Mən dənizlə birgə bütün ötüb-keçmiş
xatirələrimi yada
salıb gələcəyə
addımlayıram. Mən də
məhz bu gün addımladım.
15 aprel... Təqvimdə tarixlər qeyd
olunduğu kimi mən də beynimə, ürəyimə
həkk etdim bu özəl tarixi. Nə vaxtsa bir gün bu sənətə
doğru addımlamağı
heç düşünməzdim,
lakin qələmimin gücü ilə addımladım. Dənizin
həzin səsi, havadakı qoxu, quşların səsi, qələmin mirvari kimi yazması və saatın tik-tak səsləri... Mənim ilham aldığım duyğular elə bunlar deyildimi? Mən o qapıdan çıxıb
növbəti qapıya
addımladımsa, bu sadaladıqlarımın sayəsində
oldu.
Bəli, xəbər gəldi ki, Səma Muğanna,
siz Azərbaycan Yazıçılar Birliyinə
üzv seçilmisiniz. Həmin anda
beynimdə və ürəyimdə döyünən
pıçıltılar bir-birini
elə bil addım-addım izlədi.
Elə izlədi ki, mən belə onların qarşısında
susdum. Bu duyğuların hər biri evlərinə köç edir, lakin qələmimə və ürəyimə yalnızca onlardan qalacaq xatirəni qoyub gedirdilər. Nə qəribə imiş, elə deyilmi? Əslində, qəribə deyil,
düşündürən və dərin mövzudur. Bu tarix mənim yaddaşıma belə həkk olunduğun an dedi ki, bu
duyğuların izi heç vaxt silinməyəcək, Səma!
Silinməsin, mənim qəbulumdu.
Əgər silinsə,
mənim qələmim
məhv olar...
Hörmətli Anar müəllimə və Rəşad Məcidə xüsusi təşəkkür edirəm! Sizlər olmasaydınız, qələmim gücünü ifadə edə bilməyəcək və daima gizlənəcəkdi! Bu qələmi yazdıranlar, duyğuları yaşadanlar var olsun!
Səma MUĞANNA
525-ci qəzet.- 2022.- 20 aprel.- S.20.