Antitezalar poetizmi, yaxud ağrı obrazının çalarları  

 

Şeirə, şeirin mövzu təyinatına ağıllı münasibəti ilə seçilən gənc şair Elvin İntiqamoğlunu qələmə aldıqlarına qələm adamlarının münasibəti daha çox "narahat" edir. Əlbəttə, oxucu reaksiyaları içərisində şair yazıçı həmkarlarının fikirlərinə önəm verməsi Elvinin öz yaradıcılığına emosional olduğu qədər ciddi yanaşmasının nəticəsidir. İlk poetik toplusunda Elvinin şeirini xarakterizə edənlər kifayət qədər tanınmış elm ədəbiyyat adamlarıdır. Rəy yazanlardan fikir bildirənlərdən bir neçəsi - Almas Ülvi Binnətova, Mərziyyə Nəcəfova Rafiq Yusifoğlu filologiya elmləri doktorudır. Elvinin şair həmkarları İbrahim İlyaslı, Gülnarə Cəmaləddin, Emin Piri, Nigar Həsənzadə, Təranə Dəmir, Aysel Xanlarqızı Səfərli, Gülnar Səma, Hikmət Məlikzadə, Vaqif Osmanov Aygün Cəfərzadənin fikirləri maraqlıdır. Yazıçılardan Əyyub Qiyas, Əli bəy Azəri, Nəcibə İlkin, Nemət Mətin Vüsal Oğuzun Elvinin şeirlərinə tənqidi yanaşması oxucunu əlinə aldığı kitabın ədəbi urvatına inandırır. Ön sözün müəllifinin Xalq şairi Sabir Rüstəmxanlı olması isə kitabın oxucu üçün dəyərini bir qədər artırır. Bu təqdimat Elvinin ilk poetik toplusunu mütaliə edən digər oxucuları da düşündürür: Görəsən, əl içi böyüklükdə olan bu balaca kitabda var ki, onu tanınmış qələm əhli belə yüksək dəyərləndirir?

Kitabı açıb vərəqlədikcə oxucuya bir həqiqət məlum olur: Elvin şeirin daxili poetikasına üz tutur semantik şeirə üstünlük verir. Vətən müharibəsinin iştirakçısı olan Elvin İntiqamoğlu ağrı obrazlarının çalarlarını yaradır:

 

İnsanlara

öz dərdlərimi danışmaq istədim -

Halıma dördü ağladı...

Üzümdəki kədərdən,

gözümdəki yaş izindən tanıdı -

Kor məni gördü ağladı...

 

Kordan kor peşman ayrılan şair karla qarşılaşır, kar da kara gəlmir. Oxşar səhnə lal ilə yaşanır. Ölmüş ümidlərilə dənizə sarı gələn şair yosun təsəllilərinə sığınır ümid edir: bir nəfər tapılsın suların arasından... Semantik yekun heyrətamizdir:

 

Çiynimə əl toxundu:

dostum, hazırlaş gedək -

məni Allah qaldırıb əl arabasından.

 

Şairin halına niyə üç deyil, dörd kimsə ağlayır? Dörd, şairin dörd bir yanıdırmı? Yəni ətraf! Kar, kor lalın mənzərəsini şairi "əlil arabasından qaldıran" Kimsə tamamlayır! Heyrətamiz sonluq! Ağrıların çulğaşdığı mühit məkan antitezalar - əksliklər üzərində qurulub:

 

- kor üzdəki kədəri, gözdəki yaşı görür ağlayır;

 

- kar ürəkdən keçənləri eşidir;

 

- lal dərdə ağzını açmağa qoymur, təsəlli verir;

 

- dənizdən umulan təsəlliyə əvəz çiyninə toxunan əl "hazırlaş gedək" deyir.

 

Cəmiyyətin dərdlərə ağrılara kor, kar lal olduğu bir zamanda son ümid yeri - Tanrı əlini uzadır. Bu heyrətamiz lövhə "Dörd nəfər" şeirindəndir. Gənc şairin əksliklər üzərində qurulan digər şeirinə nəzər salsaq, yenə oxşar mənzərənin şahidi olacağıq. "Keçənlər" adlı bu mənzum parça yeddi hecalı klassik şeir ənənələri üzərində qurulub: Qafiyələr bəndlər yerindədir. Hər bəndin birinci ikinci misrası əsas fikrin ifadə olunduğu üçüncü dördüncü misralara "hazırlıq" mərhələsidir:

 

Həyat nədir?

Heç nədi,

xoş günü say-seçmədi -

İnadından keçmədi

ürəyimdən keçənlər.

 

Şeirdəki "keçməmək" feli oxşar sabit söz birləşmələri yaratsa da, fərqli frazeoloji mənaları ifadə edir: Şairin ürəyindən keçən inadından keçmir (qalmır). Digər iki bəndə frazeoloji antiteza yaşantıları obrazlı şəkildə ifadə olunur:

 

Ətəyimdən yapışdı

ələyimdən keçənlər...

 

Yaxud:

 

Sol yanımı qanatdı

kürəyimdən keçənlər...

 

Müharibə, şəhid, şəhid anası, itkin əsgər anası, şəhid qızı obrazlarını yaradan şeirlərdə sözün semantik gücünü görmək mümkündür. "Pəncərə" şeiri müharibə mövzusundadır:

 

Bəlkə uzaq dəhlizlərdən görünmür

Laçın pəncərələri: -

Havası çatmır Vətənin, boğulur, açın pəncərələri...

"Açıq pəncərə" ifadəsi növbəti bənddə yeni məna çalarına dolur:

Otuz ildən sonra bağlaya bildik

açıq pəncərələri... 

 

Pəncərə açmaq qapı açmaq deyil. Amma el arasında bu mövzuda gözəl bir deyim var: "Qapıdan qovursan, pəncərədən girir". Bəlkə bu deyimin təsirindəndir ki, müharibə iştirakçısı olmuş, qanı-qadanı gözü ilə görmüş, düşmənin ayağını yurdumuzdan üzmüş gənc şair fikrini daha tünd boyalarla ifadə edir:

 

Qapıdan qovulan bir gəlməsin,

tutun pəncərələri -

Keçmişimiz təkrarlanmasın, örtün,

bütün pəncərələri...

 

Elə bilirəm, Vətən Müharibəsi iştirakçısı olan və müharibə ağrılarını canında, qanında daşıyan Elvin İntiqamoğlunun "On dördüncü Qızılgül" adlı ilk şeirlər kitabından (Qanun, 2022, 104 s.) gətirdiyim bir neçə nümunə oxucuda onun yaradıcılığı haqqında dolğun bilgi yarada biləcək. Elvinin bu kitabda yer almış bütün şeirlər ağrı obrazının çalarlarını yaradan antitezalar poetizmidir, desəm, fikrimi daha sərrast ifadə etmiş olaram. Şeir təkcə qafiyədən, ritmdən, assonansdan, allterasiyadan ibarət deyil, duyğuları silkələyən, düşündürən, daşındıran fikirlər toplusu kimi də təsirlidir.

 

Elvin İntiqamoğlunun ilk kitabında həm klassik üslubda, həm də çağdaş tələblərə cavab verən şeir nümunələri toplanmışdır. Sözün semantik gücünə güvənməsini, şeirin daxili poetikasına üz tutmasını Elvin İntiqamoğlunun ədəbi uğuru saymaq olar.

- Bilal Alarlı- Hüseynov

 

525-ci qəzet.- 2022.- 20 aprel.- S.19.