Hekayədən romana
ELÇİN
HÜSEYNBƏYLİNİN "VİDA" ƏSƏRİ
HAQQINDA QEYDLƏR
Elçin
Hüseynbəyli müasir nəsrimizdə öz fərdi
üslubu, dəst-xətti ilə tanınır. Artıq səkkiz romanın,
bir neçə povestin, onlarla hekayənin müəllifi olan
yazıçının romanlarında həm müasir həyatın
problemləri (xüsusilə mənəvi-əxlaqi məsələlər)
işıqlandırılıb, həm də tarixi
keçmişə münasibət (səyahət
formasında) öz bədii əksini tapıb, amma onun
yaradıcılığında bir mövzu xüsusilə diqqəti
cəlb edir ki, bu da Qarabağ mövzusudur. Münaqişənin
ilk günlərindən başlayaraq o, həm publisistik
yazıları, həm də hekayə və povestləri ilə
müharibə haqqında əsl həqiqəti əks etdirməyə
çalışırdı. Təxminən on il öncə o, Qarabağda baş verən
olaylarla bağlı qələmə aldığı povestlərini,
hekayələrini "Ağ və Qara" adı ilə bir
kitabda cəmləmişdi. "Ağ və
Qara" kitabı bir yazıçının hələ
tamamlanmamış "Qarabağnaməsi" də adlana bilər.
E.Hüseynbəylinin Qarabağ müharibəsi ilə
bağlı ilk sözü "Qurdun şərqisi"
("Əsirlər" və "Qoca" adı ilə iki
hissədə) adlı povesti olub. Bu povestdə, eləcə
də bundan sonra yazdığı hekayələrdə
müharibəyə tamam fərqli bir münasibətlə
qarşılaşırıq. Onun
Qarabağda baş verən hadisələrlə, xüsusilə,
müharibə ilə bağlı qələmə
aldığı nəsr əsərlərinin heç birində
döyüş səhnələrinə rast gəlmirik.
E.Hüseynbəylinin hekayələrində,
povestlərində müharibənin, savaş
psixologiyasının ayrı-ayrı fərdlərin həyatında,
varlığında necə iz buraxdığının
şahidi oluruq. Yazıçının
"Əsirlər" və "Qoca" povestləri həm
də onun təsvir etdiyi obrazların müharibəyə fərdi
münasibətlərini əks etdirir. Müharibə
təkcə qəhrəmanlar, igidlər yetirmir, qorxaqlar,
satqınlar, xainlər, tərəddüd edib fərariliyə
yuvarlananlar da olur. Müharibə bu mənada insanları
çeşidləyir, kimin kim olduğunu
ortaya çıxarır. Bu mənada Elçin
Hüseynbəylinin müharibəyə fərdi münasibətini
onun təsvir etdiyi obrazların həyat tərzində,
düşüncəsində də görə bilirik.
Neçə
il öncə Elçin Hüseynbəyli
"Gözünə gün düşür" adlı bir
hekayə yazmışdı və açığını
deyim ki, bu hekayə onun "kiçik janr"da böyük
uğuru idi. Bu hekayədə hətta bir
romanın məzmununa sığa biləcək hadisələr
vardı, təsvir olunan obraz isə doğrudan da İNSAN və
MÜHARİBƏ problemini özündə əks etdirirdi.
Elçin Hüseynbəyli bu hekayəni romana
çevirdi və "Vida" adı ilə "Azərbaycan"
jurnalında dərc etdirdi. İndi isə
kitab halında oxuculara təqdim edib. Görünür,
hekayədə bir çox mətləblərin daha geniş,
epik planda təsvirlərinə ehtiyac duyulurdu, əsərdə
obrazın daxili aləminin, xatirələrinin,
yaşadığı kəndlə bağlı
düşüncələrinin geniş lövhələrlə
işıqlandırılması zərurəti meydana
çıxırdı. Keçən otuz
ildə bizim hər birimizin, xüsusilə, işğal olunan
rayonların qaçqın düşən hər bir şəxsi
öz doğma kəndinə qayıtmaq arzusu ilə
yaşayırdı. Elçin Hüseynbəyli
bu arzu ilə yaşayan bir insanın son günlərini qələmə
alır. Getmək və orada ölmək!
Hekayədən romana doğru bu
"çevriliş" təkcə bir janrın digər bir
janra irəliləyişini əks etdirmək baxımından
deyil, həm də obrazın xarakterini tam və dolğun
açıqlamaq üçün zəruri idi. Romanda bir sıra epizodik surətlər
olsa da, yalnız bir əsas obraz var. Süjet ağır xəstəliyə
tutulmuş əlli üç yaşlı onkoloq-həkimin
işğal altında olan öz doğma kəndlərinə
yol alması və bu "səyahətdə"
keçirdiyi psixoloji hallar üzərində qurulub. Onun yeganə arzusu doğulduğu kəndi, öz həyətlərini
son dəfə görmək, orada ölməkdir. "Hər şeyi götür-qoy eləmişdi.
Bəlkə də, arvadı ərinin hərəkətlərindən
şübhələnmişdi, amma onun son istəyinə
qarşı çıxa bilməzdi. Çıxmayacaqdı
da. Bunu dəqiq bilirdi. Çünki
vəsiyyətini çoxdan eləmişdi. İstəyi doğma kəndlərində,
atasının məzarı üstündə ölmək
idi". Bu niyyətlə o, tanış
yollarla öz kəndlərinə doğru yol alır. Çox
çətinliklə də olsa, öz həyətlərinə
girir və evlərinin yağmalandığını
görür: "Xarabalığa dönmüş evə
girdi. Bir zamanlar üstündə iməklədiyi,
qardaş-bacıları ilə qaçdı-tutdu
oynadığı evin döşəməsi də
sökülmüşdü. Ara-sıra
çürük taxta qırıqları gözə dəyirdi...Kimsəsizlik
hər tərəfə hakim kəsilmişdi". Amma bu, uzun çəkmir, kənddə olan iki erməni
əsgəri onu qabaqlarına qatır, kənddən iki kilometr
aralıda yerləşən posta gətirirlər. Postda o, erməni zabitinə məsələni
açır və deyir ki, mənim ömrümə bircə
gün qalıb, istəyirəm öz kəndimdə öz qəbrimi
qazım, ölə bilməsəm, sizlərdən kimsə məni
öldürsün. Zabit tərəddüd
edir, amma həkim ona rüşvət vəd edir, həm də
xəstə zabiti sağaldır və məqsədinə nail
olur. Həkim sürünə-sürünə
atasının qəbrinə çatır, daha qəbir qazmaq
lazım olmur, çünki atasının qəbrinin
yalnız yeri qalmışdı, özü uçulmuşdu və
xəstə həkim özünü həmin boş qəbirə
yuvarladır.
Hekayə sona yetir. Bu hadisənin Qarabağ həsrəti ilə
yaşayan hər bir azərbaycanlıya dəxli var, - deyə
düşünürük.
Elçinin bu əsəri öz psixoloji gərginliyi ilə
də seçilir. Biz hadisələrin təsviri ilə
bağlı məqamların bütün hekayə boyu psixoloji
çalarlarla ifadə edildiyini izləyirik. Hadisənin özü maraq doğurur, amma obrazın
keçirdiyi sarsıntılar daha təsirlidir. Onkoloq-həkimin "ölüm səyahətində"
kəndlə, təbiətlə bağlı təsvirlər
deyərdim ki, son dərəcə koloritli və təbiidir.
Yəni bu təsvirlərdə zərrəcə
uydurma yoxdu, təbii ki, təsvirlərin dəqiqliyi Elçin
Hüseynbəylinin özündən gəlir, yəni məkan
ona tanışdır. "Qarşıdakı
kəndləri də keçdi. Burada
sahilin kənarı nisbətən hamar idi. Kol-kos o qədər də böyüməmişdi.
Çayın o biri tərəfindən keçən
dəmiryolu daha görünmürdü. Relsləri
söküb aparmışdılar, yerində nəhəng,
qara bir cığır qalmışdı. Həmin yolla
qonşu kəndlərə futbol yarışına gedərdilər"
və ya: "Təpəciyin üstündə oturdu. Qarşıdakı bomboz təpələrə tərəf
baxdı. Dağ dedikləri təpələrin
qaraltıları görünürdü. Onların
o biri üzündən ara-sıra atəş səsləri
qulağına gəlirdi. Birdən Ay çıxdı,
təpələr aydınca görünməyə
başladı... Ona elə gəldi ki, huşu
özündə deyil, nəfəsi də daralır".
Bütün roman boyu həkimin düşüncələri
keçmişlə-ötən illərlə
gördüyü indiki mənzərə arasında davam edir -
vaxtilə gördüyü bulaq yoxdu, quruyub və itib,
ilğım kollarının arasında bir tala var, amma Yaloba
bulağı yaşayır. "Kəndə yeni nəzərlərlə
baxdı. İlahi, heç nə dəyişməyib! Zahirən hər şey dəyişib, amma mahiyyət
həminkidir. Keçmişə elə
keçmişin gözüylə baxmaq lazımdır".
Həkimin keçmişlə bağlı
düşüncələri heç də xəstə xəyalın
məhsulu deyil, o, xatirində əbədi yaşayan
insanları yad edir. Bu xatırlamalar onun
kimliyini, həyat və insanlar haqqında qəti qənaətlərini
ifadə edir. Həkimin babası öz
sevimli atını niyə öldürür? O at
Böyük Vətən müharibəsini babası ilə
birlikdə keçmişdi, Berlinə qədər gedib
çıxmışdılar. Amma at indi
qocalıb əldən düşüb, "Atlar
qocalmağı sevmirlər". Babası
qocalmış atını bu evin dalında, səhər dan
yeri təzə açılanda gülləylə vurmuşdu
və oturub uşaq kimi ağlamışdı".
Başqa bir misal: Qolçomoq adı ilə sürgünə
göndərilən və bir də geri qayıtmayan Ədil bəyin
taleyi. Beş uşağı yetim qalan Ədil bəy.
Bu uşaqlar onun-bunun qapısında, bir
qarınları ac, bir qarınları tox
böyüyürdülər. Ədil bəyin
bir nəvəsi eynən babasına çəkmişdi, onu da
hökumət adamları qəsdən
öldürmüşdülər.
"Geriyə baxmazlar!" Amma ömrünün
son günlərini yaşayan həkim "şabalıdlı
saçlı qızı" - indi həyat
yoldaşını da xatırlayır. Qızın
dayıları "kəndçiyə verməyə
qızımız yoxdur" desələr də, onların
qarşılıqlı sevgisi alınır. Bu sevgi ailə həyatında bir-birini anlamaq, dərk
etmək səviyyəsində davam edir.
Romanın son fəslində həkim son arzusuna
çatır.
Artıq geriyə dönüş yox... Amma o,
ölümdən qabaq öz həkimlik - Hippokrat andına
sadiq qalır, xəstə erməni zabitini otlarla müalicə
edir. Ölümdən qabaq həkimin monoloqu səslənir
və humanizmlə aşılanmış bu monoloq romanın
son akkordu kimi səslənir: "Mənim istəyim öz qəbrimi
əllərimlə qazmaqdır. Bu, bir
etirazdır. Təkcə sülh ağacı ilə
iş bitmir. Qoy onlar görsünlər ki, bu müharibələr
uzandıqca hələ çox adam
özünü diri-diri basdırmağa hazır olacaq. Əslində, belə də olur, hamı öz
içində ölür, yaxud hansısa bir sevgini, deyək
ki, vətən sevgisini öldürür. Bundan dəhşətli
nə ola bilər?"
Romanın hər epizodu, hər bir hadisəsi elə
motivləşdirilib ki, əsərdə baş verən olaylar
çox inandırıcı görünür.
"Vida" romanı 44 günlük şanlı qələbəmizdən əvvəl qələmə alınıb (yazılış tarixi fevral 2010 - 9 oktyabr 2019). Təbii ki, bu illər ərzində qələbə qazanacağımıza ümid və inam hissilə yanaşı, ümidsizlik və bədbinlik də içimizdə yaşayırdı. Bu ümidsizlik və bədbinlik çoxlarını xəstə həkim kimi mənəvi depressiyaya uğratmışdı. Elçin Hüseynbəyli də bu insanların ümumiləşdirilmiş bir tipini - onun sarsıntılarını romana gətirir. Torpağı, çayı, bulağı işğal altında olan bir insan heç olmasa, o torpaqda ölmək istəyir. O, qəhrəman deyil, döyüşçü də deyil, xəstədir, son günlərini yaşayır. Onun ölümü qaçılmaz idi!
"Vida" romanını oxuyub başa
çatdıranda Elçin Hüseynbəyliyə belə bir
sual verdim: O yolçu - o həkim sən deyilsən, amma onun kəndi,
onun təsvir etdiyi məkan səninkidir, eləmi? Təsdiq etdi ki, mənim kəndimdir, mənim
çayım, bulağımdır. İndi o kənd
işğal altında deyil və ümid edirəm ki,
Elçin Hüseynbəyli yeni bir roman yazsa, müharibənin
doğurduğu acılıqları öz varlığında
yaşadan və çıxılmazlıq
qarşısında qalan obrazları deyil, qalib gəlmək
həvəsiylə alışıb yanan, öz kəndinə
ölümə yox, düşməni məhv etməyə can
atan obrazlar yaradacaq.
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 20 aprel.- S.18.