Ürəklərdə yeri olan aşıq  

 

Aşıq Şakir Hacıyev -100

 

Yaxın dostlardan biri Ağakərimlə Azadı Tovuza toya çağırmışdı. O zaman Ağakərim Ağsuda birinci katib, Azad isə sovxoz direktoru işləyirdilər. Toya hazırlıq ərəfəsində  fikirləşib belə qərara gəlirlər ki, Tovuza toya gedəndə  aşıq Şakiri   özləri ilə aparsınlar.

 

Toyun vaxtı gəlib çatır. Bir yerdə maşına minib Göyçay yolu ilə  Tovuza  üz tuturlar. Şakir  maşından  ətrafları seyr edəndə  uzaqdan  ata-baba yurdları Xəlilli kəndini görür fəxrlə köks ötürüb qeyri-ixtiyari olaraq: "Mənim doğma kəndim" - deyə  dillənir.

 

Şakirin xüsusi bir hal ilə dediyi bu sözlər  yol yoldaşlarının  diqqətindən yayınmır. Odur ki, Ağakərim müəllim Şakirə üz tutub təkidlə deyir: "Aşıq, deyəsən, yeri gəlib, gəlsənə elə  buradaca kəndinizin  şəninə  bir söz qoşub mahnı oxuyasan, biz   maraqla qulaq asaq".

 

Şakir əvvəl tərəddüd içərisində qalır. Amma görür ki, yol yoldaşları əl çəkməyəcək, odur ki, istər-istəməz razılaşmalı olur.

 

Maşını  yolun bir kənarına  çəkib saxlayırlar. Təbiətin yaxşı vaxtlarıymış. Yam-yaşıl çöllər, çəmənlər, ətirli çiçəklər, kəndin göz oxşayan gözəllikləri, bir   cidd-cəhdlə ondan mahnı istəyən yol yoldaşlarının maraq  hissi... Bütün bunlar aşıq Şakiri bir anda vəcdə gətirir, ona  yeni  ruh verir. Odur ki,  sazını sinəsinə alıb yaşıllığa, gözəlliyə qərq olmuş doğma kəndini bir daha qürurla seyr edir. Bir anda  mizrab simlərə toxunur. Şakir elə buradaca  bir daha  doğma  kəndlərinə üz tutaraq bədahətən söz qoşub şirin səsi ilə oxumağa başlayır:

 

Saz götürüb dastan yazım hüsnünə,

Bahar güllərindən təzə kəndimiz.

Güllü yaylaqların, meyvə bağların,

Hər şeydən əzizdir bizə, kəndimiz.

Nə gözəldi, nə  göyçəkdi kəndimiz,

Hər bir yanı gül-çiçəkdi kəndimiz.

 

...Gedib Tovuza çatırlar. Aşıq Şakirin  gəlişi Tovuzda yeni ab-hava, yeni sevinc yaradır. Həm yerli aşıqlar, həm də bu  məclisə qonaq gəlmiş aşıq Şakir birlikdə  çalıb-oxuyur, məclisə xüsusi  təravət bəxş edirlər...

 

Aşıq Şakirin  o vaxtlar Tovuza həmin  gəlişi  sonralar "Aşıq Şakirin Tovuz səfəri" adlı  bir dastana  çevrilir. Qobustanlı aşıq Mahmudun qələmə  aldığı bu dastan bu günmaraqla dinlənilir...

 

...Mən özüm  ağlım kəsəndən aşıq Şakir  sənətinin  vurğunu olmuşam. Uşaq vaxtlarımda aşıq Şakirin səsini ilk dəfə  radiodan eşitmişəm. Sonralar, tələbəlik illərimdə  Şakiri Bakıda  Filarmoniyada görmüşəm. Onun konsertinə düşmək müşkül məsələ idi. Amma mən  xoşbəxtlikdən buna nail ola  bilirdim. Tələbə  yataqxanamız o yerlərə yaxın olduğuna görə Şakirin səsini tez-tez Yasamal toylarından eşidir  hər dəfə də  gedib o toylarda aşıq Şakirin toy aparmasına  böyük  həvəslə tamaşa edirdim. Mən  bütün hallarda, eləcə də eşitdiyim söhbətlərdə, bir-birindən maraqlı xatirələrdə aşıq Şakir  sənətinə, Şakir şəxsiyyətinə olan hörmət və ehtiramı, dərin maraq hissini həmişə  yaxından duyub hiss etmişəm. Bütün bunlardan ruhlanaraq ürəyimdən keçib ki, ustad aşıq Şakir Hacıyev haqqında kitab yazım.

 

Bu məqsədlə Azərbaycanın  bir çox tanınmış elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri ilə görüşmək qərarına gəldim. Düşüncələrimin bu məqamında rəhmətlik ustad aşıq Əhməd Rüstəmovun bir sözü yadıma düşdü. O, deyirdi: Şakir dahi Bülbülün ən çox sevdiyi aşıqlardan olub.

 

Bu söz mənim yoluma bir növ işıq tutdu. Dahi Bülbülün ev muzeyinə gedib Adilə xanımla - Bülbülün həyat yoldaşı ilə  görüşdüm. Düzü, tərəddüd içərisində idim. Amma ilk  sualım məni bu tərəddüddən qurtardı. Aşıq Şakirin adını  çəkəndə Adilə xanım: Siz nə danışırsınız, - dedi - aşıq Şakiri  tanımamaqmı olar?! Onun o "Boylana-boylana"sı indi də yadımdadır. Necə də  gözəl oxuyurdu. O biri mahnıları da elə.

 

Adilə xanım  növbəti sualımın cavabında dedi: "Bülbül aşıq Şakirin səsini, ifalarını, səhnə mədəniyyətini çox bəyənirdi və  söz düşəndə bunları deyirdi. Yeri gəlmişkən, Sizə bir xatirə danışım" - deyə Adilə xanım ötən illəri yada salaraq dedi: "Bir gün Bülbüllə ikimiz Tiflisdən Bakıya gəlirdik. Adətən o vaxtlar Bülbül Tiflisdən, yaxud Şuşadan Bakıya gedib-gələndə yol üstündə olan rayonların rəhbərləri Bülbülü hörmətlə qarşılayıb yola salardılar. Bir dəfə də  Bülbülə Tiflisdən Bakıya  gəlirdik. Dəqiq yadımda deyil, bilmirəm Ağsu idi, yoxsa Kürdəmir. Amma dəqiq bilirəm ki, bu iki rayondan biri idi. Rayonun birinci katibi Bülbülü qarşılayıb qonaq evinə dəvət etdi. Qonaq evində bir qədər istirahət etdikdən sonra  yenidən yola düşməliyik. Söhbət əsnasında Birinci katib Bülbülə üz tutub: Bülbül müəllim,- dedi - bu axşam konsertimiz  olacaq, istəsəniz qalıb baxa  bilərsiniz. Bülbül katibdən soruşdu ki, konsertdə kimlər oxuyacaq?  Katib ifaçıların adını sadaladı. Aşıq Şakirin adı çəkiləndə  Bülbül sevincək mənə sarı dönüb: Ada xanım, - dedi - bu nə yaxşı oldu. Konsertdə aşıq  Şakir  oxuyacaq. Gəlsənə, bu axşam qalıb konsertə baxaq.

 

Düzü, bu, mənim də ürəyimdən oldu. Səfərə çıxanda heç yerdə qalmayıb həmişə Bakıya tələsən Bülbül aşıq Şakirə görə həmin gün qalıb rayonda gecələməli oldu. Həmin konsertdən çox böyük zövq aldıq".

 

Aşıq Şakirlə  bağlı görüşdüyüm bir çox tanınmış şəxslərin ustad sənətkar haqqında olan söhbətlərini, fikir və düşüncələrini çox böyük maraqla dinləyərək onları bütünlüklə diktofonuma yazmışdım və bu səs yazılarını əziz və dəyərli xatirə kimi bu gün də saxlayıram.

 

Odur ki, yeri gəlmişkən, vaxtilə aldığım həmin  müsahibələrdən bəzi məqamları diqqətə çatdırmaq istəyirəm:

 

Xalq artisti, kaman ustadı Habil Əliyev:  "İfaçılar sırasında həmişə iki səsdən xoşum gəlib: Biri Xan Şuşinskinin, biri də aşıq Şakirin. Şakir haqqında saatlarla, günlərlə danışaram, qurtarmaz. Bir onu bilirəm ki, xalq aşıq Şakirdən doymadı".

 

Xalq artisti, xanəndə Əlibaba Məmmədov: "Mən aşıq Şakirin  sənətinə sözün  əsl  mənasında aşıq idim. Onun gözəl muğam ifaçılığı da vardı. Əruzu yaxşı bilirdi. Eşidəndə ki, Şakir Bakının, Abşeronun hansısa  bir kəndinə toya gəlib, başımızın dəstəsiynən gedib ona ləzzətnən qulaq asardıq".

 

Bəstəkar, Xalq artisti, Şəfiqə Axundova: "Mən aşıq Şakiri dövlət konsertlərində, el şənliklərində görmüşəm. Çox sevilən, tanınan aşıqlardan olub. Yaxşı səsi vardı. Oxuduğu mahnının sözlərini çox aydın, rəvan çatdırırdı. İfa  etdiyi mahnıların hamısı maraqla dinlənilirdi".

 

Xalq artisti, xanəndə Arif Babayev: "Şakir həm aşıq idi, həm də xanəndə. Hətta onu da  deyərdim ki, Şakir şair idi, bəstəkar idi. O, oxuyanda adam ona qulaq asmaqdan doymurdu. Onu həmişə toylarda tez-tez görmək istəyirdim. Onu həmişə ürəklə dinləmişəm. Lap belə necə  deyərlər, yağım daşsaydı da ona hökmən  qulaq asardım. Bu, özümdən  asılı deyildi, ürəyimdən gələn bir istək idi".

 

Akademik Vasim Məmmədəliyev:  "Şakir aşıq sənəti ilə yanaşı muğamatı gözəl bilirdi. Eşidəndə adam təəccüb qalırdı: Aşıq olasan, muğamları belə  mükəmməl biləsən. Əgər o,  sazı yerə qoysaydı, gözəl aşıq olduğu kimi,  gözəl də xanəndə olardı. Aşıq Şakir xalqın sərvətidir".

 

Kinorejissor, Xalq artisti Tofiq İsmayılov: "Şakir kimi sənətkarlarda Allah vergisi vardı. O, bağlı olduğu, sevib-seçdiyi sənətin bütün ünsürlərini özündə birləşdirmişdi.Mən aşıq Şakirin  sənəti qarşısında  baş əyirəm. Sevinirəm ki, belə bir sənətkarı həyatda görmüşəm, onu həmişə dönə-dönə dinləmişəm. Aşıq Şakir ona görə unudulmur ki, o, məktəb yaradıb, sənətə möhür vurub.

 

Bəstəkar, Xalq artisti Vasif Adıgözəlov: "Mən aşıq Şakir haqqında ilk sözü atamdan- Zülfü Adıgözəlovdan eşitmişəm. Atam söz düşəndə deyərdi: Aşıq Şakirin səsindən ötrü ölürəm. Atam hər dəfə Şakirin mahnılarını eşidəndə böyük zövq alır, fərəhlə deyirdi: Adə, nə şirin oxuyur, nə  gözəl oxuyur bu... Atam aşıq Şakirin vurğunu idi. Ümumiyyətlə, aşıq Şakir  oxuyanda adam  dinləməkdən  doymurdu.

 

Atam evdə bizə danışırdı ki,  bir gün Bakıda küçə ilə  gedirdim. Gördüm qarşıdan 3-4 adam gəlir. Onlardan  biri yaxınlaşdı mənə,  mehribanlıqla görüşüb hal-əhval tutdu. Dedim: Səni tanımadım, sən kimsən? Dedi ki, mən Şakirəm, aşıq Şakir... Bunu eşidəndə çox sevindim. Dedim: Ay Şakir, mən sənin  səsini  eşitmişdim, amma üzünü görməmişdim.  İndi çox şadam ki, üzünügördüm.  Mən sənin səsindən ötrü ölürəm, nə gözəl oxuyursan, nə şirin oxuyursan.

 

Dediyim kimi, atam, elə  biz özümüz də aşıq Şakir sənətinə həmişə böyük maraq göstərmişik.

 

Mən aşıq Şakirlə Filarmoniyada işlədiyim vaxtlarda tanış  olmuşdum. Filarmoniyanın  direktoru Soltan Hacıbəyov bir gün mənə dedi ki,  Vasif, Filarmoniyanın  yay salonu boşdur.  İşçilər də əmək haqqı ala  bilmirlər. Gəl  burada  nəsə  bir tədbir  keçirək, tamaşaçı yığılsın. Dedim, aşıqları dəvət edək. Dedi, kimi dəvət edək? Dedim aşıq Şakiri, bir də aşıq Pənahı. Soltan müəllim təklifimi bəyəndi. Həmin aşıqları dəvət  etdik, gəldilər. Onlar burada 10 günə yaxın  konsert verdilər. Hamısında da zal tamaşıçılarla dolu olurdu. Beləliklə bu konsertlər hesabına Filarmoniyanın gündəlik və aylıq planları  artıqlaması ilə yerinə yetirirdi. Çəkdiyim bu nümunə bütövlüklə tamaşaçı sevgisinin  ən yaxşı göstəricilərindəndir".

 

Əməkdar elm xadimi Qəzənfər Paşayev: "Elə sənətkarlar var ki, ölümü ilə təkcə el-obanın  deyil, bütün xalqın qəlbini sızıldadır. Ümumxalq  məhəbbəti qazanan, yoxluğu  ilə  ürəklərə od salan aşıq Şakir belə  sənətkarlardan idi. Aşıq Şakir o sənətkardır ki,  yoxluğunun xiffətini bu gün də çəkirəm".

 

Xalq rəssamı Altay Hacıyev: "Əslən Şuşalıyıq. Atam da  musiqisevən adam olub. Biz Bakının Montin küçəsində yaşayırdıq. O vaxtlar televizorlar az idi. Ən çox radioya qulaq asırdıq. Aşıq Şakirin səsini ilk  dəfə  radiodan eşitmişəm. Onda cavan vaxtlarım idi. Məhəlləmizdə tez-tez toylar olardı. Geniş çadırlar  qurulardı. Aşıq  Şakiri həmin toy  məclislərində çox  görmüşəm. İfalarına həmişə maraqla qulaq  asmışam. Aşıq Şakirin sənəti də,   şəxsiyyəti də çox  cəlbedici idi. Gözəl səsi vardı, oxuduğu sözləri aydın deyirdi. Məclislərdəki davranışı, təmkini bir sənətkar kimi onun  hörmətini daha da  artırırdı. O, həm də 50-ci illərdə Azərbaycan Ali Sovetinə deputat seçilmişdi.

 

Mən aşıq Şakiri tək bizim məhəllədə yox, Bakının ayrı-ayrı toy məclislərində, Bakıda keçirilən musiqili tədbirlərdə də çox görmüşəm. O, həmişə sevilən sənətkar olub. Odur ki,  bu gün də hörmətlə xatırlanır".

 

...Ustad aşıq Şakir haqqında  belə dəyərli fikirlər çoxdur. Mən bu fikirləri, eləcə də aşıq Şakirə olan el  hörmətini ustad sənətkarın 100 illiyi münasibətilə yazdığım "Aşıq Şakiri ürəklərdə axtarın" adlı kitabımda da  geniş əks etdirmişəm.

 

Aşıq Şakirlə əlaqədar Bakının, bütövlükdə Abşeronun  demək olar ki, bütün qəsəbə və kəndlərində oldum. Aşıq Şakiri həyatda, toy məclislərində yaxından görmüş, hətta onunla dostluq etmiş bir çox yaşlı adamlarla,  el ağsaqqalları ilə görüşdüm.   Şakirin sənətkarlığı, şəxsiyyəti barədə kifayət qədər xoş sözlər, maraqlı xatirələr eşitdim. Hamı eyni sözü deyirdi: "Allah verən səsin Şakiriydi o. Və yaxud deyirdilər ki: İndi toy məclislərində milyonlarla  pul xərcləsən də  vaxtilə  aşıq Şakirin iştirak etdiyi toylardan  aldığın zövqü heç cür ala  bilməzsən. Çünki Şakir əsl sənət sahibi idi. Necə deyərlər, sənəti ilə  birgə doğulmuşdu".

 

Tofiq ABDULLAYEV

 

525-ci qəzet.- 2022.- 20 aprel.- S.17.