Serhat Kabaklının yubileyi Sumqayıtda da qeyd olunub
Görkəmli türk ziyalısı, şair, Türk Ədəbiyyatı Vəqfinin
sədri Serhat Kabaklının Azərbaycanda
keçirilən 70 illik
yubiley tədbirləri
aprelin 19-da da davam edib. Həmin gün
Sumqayıt şəhər
Heydər Əliyev Mərkəzində şəhər
rəhbərliyinin, millət
vəkillərinin, tanınmış
mədəniyyət işçilərinin
və mətbuat nümayəndələrinin iştirakıyla
tədbir keçirilib.
Tədbir Milli Məclisin Mədəniyyət
Komitəsi, Sumqayıt
şəhər İcra
Hakimiyyəti və Sumqayıt Regional Mədəniyyət
İdarəsinin təşkilatçılığıyla
baş tutub.
Tədbiri giriş sözüylə
açan Sumqayıt şəhər Əli Kərim adına
Poeziya Evinin rəhbəri, "Tərəqqi"
medallı şair İbrahim İlyaslı qonaqları salamlayıb, onları Sumqayıt şəhərində görməyin
məmnunluğundan bəhs
edib. O, çıxışında
gündən-günə inkişaf
etməkdə olan Azərbaycan-Türkiyə ədəbi
əlaqələrindən söz
açıb, Serhat Kabaklının bu əlaqələrin möhkənlənməsindəki
mühüm rolundan bəhs edib. Bu gün S.Kabaklı
kimi şəxsiyyətin
yubiley tədbirlərinin
Azərbaycanda keçirilməsinə
vəsilə olan Milli Məclisin deputatı, Mədəniyyət
Komitəsinin sədri
Qənirə Paşayevaya
xüsusi təşəkkürlərini
çatdırıb.
"Türk Ədəbiyyatı"
dərgisinin baş redaktoru, yazıçı,
tərcüməçi İmdat
Avşar S.Kabaklının
yaradıcılığı, Türk Ədəbiyyatı
Vəqfinin və dərgisinin fəaliyyəti
haqqında geniş məruzəylə çıxış
edib. "Azərbaycana hər
zaman sevinclə, qardaşlıq duyğusuyla
gəlirik"-deyən
natiq Türkiyədə
yaşayan sənətkarların
yubiley tədbirlərinin
keçirilməsi ənənəsinin
olmamasını təəssüflə
qeyd edib: "Azərbaycanda isə bu gözəl ənənə çox geniş inkişaf edib. Hətta Serhat Kabaklının
da 70 illik yubileyi ilk dəfə məhz Bakıda keçirilir. Bu gün Türkiyədə
50 yaşını keçmiş
iki dərgi var. Onlardan biri də
"Türk Ədəbiyyatı"
dərgisidir. Zamanında
azərbaycanlı ədiblərin,
ziyalıların önəmli
qismi Əhməd Kabaklı və "Türk Ədəbiyyatı"
dərgisiylə sıx
əlaqə saxlayıb
və əsərləri
burada yayımlanıb.
Sərhədlər açılandan sonra Türkiyədən Azərbaycanla ilk əlaqə
saxlayan şəxslərdən
biri də Əhməd bəy olub. Onun azərbaycanlı şair və yazarlarla dostluğu sayəsində biz Azərbaycan
ədəbiyyatını ilk dəfə "Türk Ədəbiyyatı" dərgisindən
tanımışıq.
İndi həmin vəzifəni davam etdirən Serhat Kabaklı bu müqəddəs işi 7-8 ildir layiqincə yerinə yetirir. O, "Türk Ədəbiyyatı"
dərgisini də bizə etibar edib. Biz də
onun başçılığı
ilə Türk Ədəbiyyatı Vəqfini
və "Türk Ədəbiyyatı" dərgisini
yaşatmağa çalışırıq.
İldə bir dəfə
dərginin Qarabağa
həsr edilən özəl sayı çap olunur. Həmçinin, Azərbaycanın tanınmış şair
və yazarlarının
əsərləri dərgimizin
səhifələrində mütəmadi
yayımlanır. Bütün bu
işlərin arxasında
Əhməd Kabaklı
və Serhat Kabaklının mənəvi
gücü dayanır".
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, uzun illərdir, Azərbaycan xalqı olaraq torpaq davamız, Qarabağ mübarizəmiz davam edirdi. Bu mübarizəmizdə daim yanımızda olan, getdiyi hər yerdə bu mübarizəmizi anladan böyük aydınlarımızdan biri də Serhat Kabaklıdır: "Dilimizdə əzbərə çevrilən "Düşmənləri əz, oğlum! Qarabağda gəz, oğlum!" misralarının müəllifi Serhat Kabaklı bu gün çox xoşbəxt ziyalıdır ki, inandığı və sürdürdüyü davanın nəticəsini görərək yubileyini keçirir. İndi onun yubileyi Azərbaycanda qələbə ruhuyla, zəfər ovqatıyla qeyd edilir. Bu ruhu gücləndirən aydınlardan biri də Serhat Kabaklıdır. Çünki o, gənclər arasında marşa çevrilən, onlarda milli ruhu yaradan əsərin müəllifidir. Onu bu qədər dəyərli edən Serhat bəyin əsərindəki ruhu öz içində daşımasıdır".
"Türk Ədəbiyyatı" dərgisi 50 illik uzun bir yol gəlir"- deyə qeyd edən millət vəkili bildirib ki, bu dərgi hər zaman türkdilli toplumların tanınmış şair və yazarlarına qapı açıb.
Q.Paşayeva əlavə edib ki, S.Kabaklının 70 illik yubileyinin Azərbaycanda keçirilməsi həm də bir mesajdır. O mesaj ki, qəlbi vətən sevgisi, yurd məhəbbətiylə dolu aydın harada yaşamasından, harada olmasından asılı olmayaraq, ona hər zaman layiq olduğu diqqət göstərilməlidir.
Çıxışından sonra xanım komitə sədri yubilyara hədiyyələrini təqdim edib.
Fəxri təqaüdçü, şair, əməkdar müəllim, "Tərəqqi" medalı və "Şöhrət" ordeninə layiq görülmüş Ofelya Babayeva çıxışında türk dünyasının dəyərli ziyalılarını Sumqayıtda görməkdən məmnunluğunu bildirərək, S.Kabaklını 70 illik yubileyi münasibətilə təbrik edib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Rəşad Əliyev bildirib ki, S.Kabaklı türk ədəbiyyatında özünəməxsus yer tutan, söz sənətində şərəfli yol yaradan aydınlardan biridir. Onun kövrək qəlbi və dərin zəkasıyla ərsəyə gələn əsərləri daim oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Sonra R.Əliyev yubilyara Sumqayıt Regional Mədəniyyət İdarəsinin Fəxri Diplomunu təqdim edib.
Daha sonra şair Əşrəf Veysəlli, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədri İntiqam Yaşar və digərləri S.Kabaklını təbrik edib, ona cansağlığı, yaradıcılıq uğurları diləyiblər.
Tədbirdə Türk Ədəbiyyatı Vəqfinin nəzdində DGTYB-nin İstanbul şöbəsinin yaradılmasıyla bağlı anlaşma sənədi də imzalanıb.
Çıxışlardan sonra söz alan Serhat Kabaklı tədbirin təşkilatçılarına və çıxışçılara öz təşəkkürünü bildirib, bu günün unudulmaz günlərdən biri olduğunu deyib.
Tədbir bədii hissəylə davam edib. Bədii hissədə Əməkdar artistlər Cəlal Məmmədov və İzaməddin Bağırov S.Kabaklının şeirlərini səsləndirib, aşıqlar Elməddin Məmmədli və Roman Azaflının ifaları mərasimə rəng qatıb.
Sonda Türk Ədəbiyyatı Vəqfinin təltifləri sahiblərinə təqdim olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və RMİ rəisi Rəşad Əliyev Vəqfin "Şərəf üzvlüyü", Ofelya Babayeva, İntiqam Yaşar və İbrahim İlyaslı "Fəxri üzvlüyü"nə layiq görülüblər.
Şair Əşrəf Veysəlli, Regional Hüquqi və İqtisadi Maarifləndirmə Birliyinin sədri Arzu Bağırova, Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının üzvü Vəsilə Abulova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanovaya yubiley tədbirlərinin keçirilməsindəki dəstəklərinə görə "Təşəkkür bəlgəsi" təqdim olunub.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 20 aprel.- S.15.