Arzuların ana zirvəsi
Əvvəllər onu bir həmkar, müəllim, ustad
kimi oxuyur, sevir və təqdir edirdim. Sonralar bu istəyin, pərəstişin
ünvanı dəyişdi. İndi onu
arzularımın ana zirvəsində görür, duyur, dəyərləndirir,
elə bu məhəbbət və xiffətlə də müraciət
edirəm. Bir neçə il əvvəl
onun barəsində fikirlərimi qələmə
almışdım. Görürəm ki,
heç nə dəyişməyib. Yenidən
oxucuların diqqətinə çatdırmaq istədim.
Əlinə qələm aldığı gündən
könlünü sözə elə bağladı ki, illər
gəncliyini qocalığa - əslində, ucalığa
qovuşdursa da, şehli arzularına zərrəcə
qırov da düşmədi. Həmişəki
şövqlə, həvəslə, əqidə və amalla, ən
başlıcası, peşəkarlıqla, jurnalistikaya
böyük sevgi ilə yazıb-yaratdı. Min bir diqqət və zəhmətlə
hördüyü söz mülkünün hər bir "kərpic"ində
ömrünün mənasını naxışladı.
Yazılarının coğrafiyası da
çox genişdir. Müsahibə
aldığı, yaxud da haqqında yazdığı
insanların adları bəs edər ki, biz müəllifinin
hansı zəkaya, biliyə malik olduğundan, maraq
dünyasından, mövzu seçmək qabiliyyətindən,
sual vermək səriştəsindən, qəhrəmanını
danışdırmaq məharətindən xəbər tutaq.
Fərəhlidir ki, bu şəxsiyyətlər
həm də elmin hər kəsə nəsib olmayan zirvəsini
fəth ediblər. Məsələn, dünya
kosmonavtikasını yeni mərhələyə qovuşduran Kərim
Kərimov, texnika elmləri doktoru Tofiq İsmayılov,
neftçi-alim Həsən Abdullayev, akademiklərdən
İmam Mustafayev, Nəriman Quliyev, Akif Əlizadə, İzzət
Orucova, oftalmoloq Ümnisə Musabəyova, unudulmaz Hüseyn
Cavid, Xalq artisti Hökümə Qurbanova və onlarla
başqalarını bu məqalələrdə həm
yaxından tanıyır, həm də müəllifin
üslubuna, özünəməxsus yazı tərzinə bələd
oluruq. Bu mənada, Azərbaycan milli mətbuatının
yaranmasında, inkişafında xidməti olan qadın
jurnalistlərimizin iftixar doğuran fəaliyyətinin
sırasında öz yeri var Ülkər xanım
Hüseynovanın...
O, 24 aprel 1937-ci ildə
Şəkidə anadan olub. 1955-ci ildə Bakıdakı
Hüseyn Cavid adına 132 nömrəli
orta məktəbi gümüş medalla bitirib. Azərbaycan
Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika
şöbəsində təhsil alıb. 1966-cı ildən uzun
müddət "Elm və həyat" jurnalında
çalışıb. Ötən illər ərzində
şöbə müdiri, redaktor müavini, baş redaktor vəzifələrini
ləyaqətlə yerinə yetirmiş Ülkər Hüseynova həm
də müntəzəm və səmərəli şəkildə
tərcümə ilə məşğuldur. Bütün
varlığı ilə bağlandığı jurnalın səhifələrində
onun tərcüməsi ilə işıq üzü görən
elmi yazılar həmişə aktual və gərəkli
mövzulardan bəhs edib.
Filologiya elmləri doktoru, professor
İfrat Əliyeva vaxtilə bir məktəbdə oxuduğu
sinif yoldaşı barəsində qələmə
aldığı məqalədə yazıb: "Ülkər
xanım özünün savadı, mühakiməsi, qavrama
qabiliyyəti ilə çoxumuzdan fərqlənirdi. O,
bütün fənləri eyni məhəbbətlə sevir,
sinif yoldaşlarından fərqli olaraq, çoxlu bədii və
tarixi əsərlər oxuyardı... Ülkərin
iti qələminə məktəb illərindən bələd
idim. Sevinirəm ki, uzun illər "Elm və
həyat" jurnalında müxtəlif vəzifələrdə
çalışan uşaqlıq rəfiqəm gözəl tərcüməçi,
böyük dünyagörüşə və intellektə
malik olan jurnalist kimi bir zirvəyə yüksələ
bildi".
Ülkər xanımla ilk dəfə müsahib olanlar
öncə onun insanlarla davranış mədəniyyətinə,
nəzakətinə, mehribanlığına diqqət kəsilirlər. Yaradıcılığına
bələd olanlar isə zəhmətkeşliyinə, hünərinə,
gecə-gündüz yorulmadan çalışmağına
vurğundurlar. Bu illər ərzində təvazökar
şəkildə yazıb-yaradan, yalnız öz işi ilə
məşğul olan Ülkər Hüseynova Azərbaycan
Jurnalistlər Birliyinin üzvüdür. "Heydər
Əliyev və Azərbaycan kimya sənayesi", "Qeyri-səlis
məntiqin atası ilə həyatım və səyahətlərim"
adlı kitabları rus dilindən Azərbaycan dilinə tərcümə
edib. "Elm və həyat"ın
işığında", "Mənim fəxrim - məktəbim"
kitablarının müəllifidir. 1999-cu
ildə Açıq Cəmiyyət İnstitutunun
keçirdiyi müsabiqənin qalibi olmuş və həmin
institut ilə Rusiya Federasiyası Təhsil Nazirliyinin birgə
layihəsi əsasında hazırlanan yeni nəsil
üçün tədris ədəbiyyatlarının tərcüməçisi
və redaktorlarından biri olmuşdur. "Qızıl
qələm" mükafatçısı Ülkər
Hüseynova "Elm və həyat" jurnalındakı səmərəli
fəaliyyətinə görə də bir sıra fəxri fərman
və diplomlarla təltif olunub.
Maraqlı cəhət odur ki, Ülkər Hüseynova mətbuat
xadimi, çoxumuzun müəllimi olmuş, bu gün də tədqiqatçılığını
yorulmadan davam etdirən Şirməmməd Hüseynovun həyat
yoldaşıdır. 1959-cu ildən qoşa ömrün
qanadına çevrilmiş bu fədakar insanlar bütün
hallarda örnəkdirlər. "Şirməmməd
mənim müəllimim olub. Moskvada ali
təhsil alıb gəlmişdi. Yarım əsrdən
çoxdur ki, bir yerdəyik. İki gözəl
övladımız var. Bütün bunlara baxmayaraq, Şirməmməd
mənim üçün həmişəlik müəllim
olaraq qalıb. Həyat
yoldaşlığından çox mən ona mətbuat cəfakeşi,
müəllimim kimi rəğbət bəsləyirəm.
Çox çalışqan və fədakardır", -
söyləyən Ülkər xanımın fikrini davam etdirmək
üçün "siz, əslində, mətbuatımızın
qoşa qanadısınız", - dedim. Qəribə bir
gileylə, amma səmimiyyətlə cavab verdi:
"Nə danışırsınız? Mənim Şirməmmədin
səviyyəsinə çatmağım mümkün deyil! Bizim əməyimizi eyniləşdirməyin. O
çox böyük və fədakar mətbuat xadimidir". Bu, həm həyat yoldaşının -
qadının, ananın, həm də uzun illər mətbuatda
cəfakeşlik etmiş peşəkar bir jurnalistin öz
müəlliminə verdiyi dəyərli qiymət və səmimi
etiraf idi.
Ülkər Hüseynovanın insanı valeh edən məziyyətləri
çoxdur. Hər şeydən əvvəl; milli təəssübkeşliklə
yazıb-yaradan, sözün həqiqi mənasında, qələmə
bağlı olan bir xanımdır. Azərbaycan
mətbuatında zəhmətləri olan qadın jurnalistləri
məhəbbətlə xatırlayır. Xədicə
Əlibəyovadan, Şəfiqə Əfəndizadədən,
Sona Tağıyevadan, Umgülsümdən, Həmidə
Cavanşirdən, Xalidə Hasilovadan, Əzizə Cəfərzadədən...
özünəməxsus məhəbbət və ehtiramla
danışır. Vaxtı ilə onunla
çiyin-çiyinə çalışan həmkarlarından
Mehparə Axundovanın, Maral Poladovanın fədakarlığından
söz açır. Bütün varlığı ilə
"Elm və həyat" jurnalına bağlanan Ülkər
xanım söyləyir: "Mən jurnalda əməkdaşlığa
başlayanda "Elm və həyat" demək olar ki,
artıq öz mövqeyini, üslubunu müəyyənləşdirmişdi.
Jurnala həmin illərdə Rza Şahvələd
rəhbərlik edirdi. İlk redaktoru
akademik Abdulla Qarayev olub. Sonrakı illərdə
Həsən Mehdiyev, Aydın Səlimzadə, arada mən, sonra
da akademik Mahmud Kərimov rəhbərlik ediblər. Jurnal həmişə alimlərimizin tribunası
olub. Yadımdadır, akademik Həsən
Əliyevin coğrafiyaşünas-alim kimi ilk yazısı da məhz
bizim jurnalımızda çap olunub. O, ildə
iki-üç dəfə jurnalda aktual mövzularda
çıxış edərdi. Tez-tez də
xarici ölkələrə elmi ezamiyyətlərə gedər
və qayıtdıqdan sonra öz təəssüratını
jurnalımızın oxucuları ilə bölüşərdi.
Təsəvvür edirsiniz, bizim jurnalın bədii
tərtibatını uzun illər SSRİ Xalq rəssamı
Mikayıl Abdullayev verib. Biz onun dəst-xəttini
həmişə saxlamağa çalışırıq.
Hətta bu unudulmaz rəssamın çəkdiyi bir sıra
portretlər - Cəlil Məmmədquluzadənin, Molla Pənah
Vaqifin, İmadəddin Nəsiminin və başqalarının
portretləri ilk dəfə "Elm və həyat"ın
üz qabığında çap olunmuşdur. Şair
Bəxtiyar Vahabzadə də jurnalımızla fəal əməkdaşlıq
edərdi. Dövlət müstəqilliyimizi
qazandıqdan sonra rəhmətlik Mahmud İsmayılovun və
Məmməd Cəfərin silsilə yazılarını dərc
etdik. Jurnalımızın səhifələrində
alimlərlə yanaşı, Azərbaycanın bir çox
tanınmış jurnalistləri də öz qələmlərini
sınayaraq xeyli müddət bizimlə bir redaksiyada
çalışıblar. Rasim Səfərov, Ələsgər
Cabbarov, Rafiq Əhmədov, Aqil Abbas, Eldar Nəsibli, Rəşad
Məcid, Arif Quliyev, Məhəbbət Hüseynova və
başqalarının adlarını qeyd edə bilərəm..."
Ülkər Hüseynova hələ 1969-cu ildə "Elm və həyat" jurnalında təmiz hava problemi ilə bağlı həyəcan təbili çalmışdı. Bəşəriyyəti hava çatışmazlığından xilas etmək üçün elmin qarşısında duran ən mühüm problemlərə toxunmuşdu. Məsələ budur ki, vaxtilə Ülkər xanımın vətəndaş yanğısı ilə diqqətə çatdırdığı problem bu gün də aktualdır. İndi havanın çirklənməsinə qarşı mübarizəyə bütün dünya diqqət yetirməkdədir. Paytaxtımızı ürəkdən sevən həmkarımızın bir fikri də riqqət doğurdu: "Bakı çox dəyişib. Elə gözəlləşib ki, tanımaq olmur. Bunu qeyd etməmək, görməmək insafsızlıqdır, amma..." Müsahibimiz sussa da, ürəyindən keçənləri duymamaq mümkün deyildi. Şəhərimizi bütövlükdə tikinti meydanına bənzətmək olar. Burada küçələrin adlarını çəksək, uzun bir siyahı yaranar. Müxtəlif təşkilatlar, qurumlar eyni vaxtda qazıntıya başlayıblar. Ünvanlar müxtəlif olsa da, görünən abadlıq işlərinin ümumi mənzərəsində məsələ eynidir: sistemsizlik və məsuliyyətsizlik. Dünyanın çox yerində tikinti işləri gedir. Amma planlı və səliqəli şəkildə. Ən azından müxtəlif örtüklər, qoruyucular olmalıdır ki, ətrafda narahatlıq yaratmasın. Bir yeri düzəldəndə, başqa bir ərazinin çirklənməsinə, ətrafın toza bürünməsinə səbəb olmasın. Ekologiyaya zərbə belə dəyir.
O ,
mükəmməl bir jurnalist, xeyirxah insan, sədaqətli
dost, mehriban ana və nənədir. Məktəbdə
heç bir saat da müəllim işləməyib. Bu
yaşımda onu
özümə müəllim və ana bilirəm.
Hər dəfə onunla söhbət edəndən sonra
özümü elə rahat hiss edirəm ki... Yadımdadır,
mətbuatla bağlı bir tədbirə getmışdim. Onları qoşa
gördüm, dərhal yaxınlaşdım və Ülkər
xanımı qucaqladım. Rəhmətlik Şirməmməd
müəllim həmişəki kimi atmacasından qalmadı:
"Ay bala, sənin müəllimin mənəm, bir mənə
sarı da bax..." Hələ də anlamıram ki, niyə
belə dedim: " İnciməyin, Şirməmməd
müəllim, mən Ülkər xanımı daha çox
istəyirəm". Mənalı-mənalı
gülümsədi. Hətta evlərinə zəng edəndə
də təsadüfən telefonu özü götürəndə
səsimi eşidən kimi deyərdi: "Hə, bilirəm,
Ülkəri istəyirsən..." Unudulmaz
müəllimimizin vəfatından xeyli günlər
keçmişdi. Əl telefonum zəng
çaldı. Baxdım, ad yerinə
Şirməmməd Hüseynov yazılmışdı. Qəribə hal keçirdim. Açdım.
Ülkər xanımın səsini eşitdim.
Kövrəldim. Ülkər xanımın
qəhərli sözləri məni xeyli
düşündürdü: "İstəmədim, onun
telefonu sussun..." Mərd və vəfalı Ülkər
xanım, bircə onu deyə bilərəm ki, siz bizim qəlbimizdə
əbədi yer tutmuş korifeylərsiniz... Sizi necə
unutmaq olar? Yaşınız
mübarək, ömrünüz uzun olsun!
Flora
XƏLİLZADƏ
525-ci qəzet.- 2022.- 20 aprel.- S.14.