Şuşalı Məşədi Cəmilin
Gəncə musiqi məktəbi
GÖRKƏMLİ
MUSİQİÇİ VƏ BƏSTƏKARIN YARATDIĞI BU
TƏHSİL OCAĞININ 100 YAŞI TAMAM OLUR
Dövlət başçısının 15 mart
2022-ci il tarixli Sərəncamının işığında
Azərbaycanda, eləcə
də dünyanın bir sıra ölkələrində
dahi milli bəstəkarımız Fikrət
Əmirovun anadan olmasının yüz illik yubileyi geniş miqyasda qeyd edilir, bizim
və xarici ölkələrin böyük
mədəniyyət salonlarında
onun möhtəşəm
musiqisi səslənir,
opera və balet teatrlarında tamaşaları
səhnəyə qoyulur.
Fikrət Əmirov əsərləri
milli təfəkkürün
musiqidə ən uca təcəssümü
nümunəsidir desək,
yanılmarıq. Heç şübhəsiz, böyük bəstəkarın
fitri-istedadının genetik
impulsu da mövcud olub ki, bu da
ilk növbədə onun
atası, 19-cu əsrin
sonu - 20-ci əsrin əvvəllərində yaşayıb-yaratmış
görkəmli musiqiçi
və bəstəkar Məşədi Cəmil Əmirov ilə bağlıdır.
ŞUŞADAN
BAŞLAYAN MUSİQİ ALƏMİ
Şuşalılar hamısı musiqi duyumu ilə doğulur, deyirlər. Cəmil də
eləcəymiş. Yerli mədrəsədə
oxuyarkən, dərsini
də hər gün eşitdiyi xalq təranələrini xəyalında "səsləndirərək"
hazırlarmış.
O, 12 yaşındaykən atası
Kərbəlayi Əmiraslan
vəfat edir. Məktəbdən ayrılmağa məcbur
olan oğlancığaz
anası və özündən kiçik
altı qardaş və bacısının dolanışığı üçün
Şuşada müxtəlif
köməkçi işlərdə
çalışır. Küçələrdə xırdavat
satan, baqqal
dükanında satıcı,
evlərdə xidmətçi,
yük boşaldan kimi işləyir, nəhayət dərziliyi öyrənib, babat paltarlar tikir.
Cəmilin çətinliklərlə dolu uşaqlığını
təsvir edərkən,
görkəmli musiqi tədqiqatçımız Firudin
Şuşinski "Azərbaycan
musiqiçiləri" kitabında
(Bakı, 1985) qeyd edir ki, o, məclislərdə
xanəndə və musiqiçilərin ifalarını
göz qırpmadan izləyir, xüsusən tarzənin əl hərəkətlərini bir
növ, öz beyninə yazırmış.
Bir gün Cəmil ona libas sifariş verən bir tarzəndən zəhmət
haqqı kimi pul deyil, ona
tar çalmağı öyrətməsini
istəyir, o da razılaşır. Sonra isə Mir Möhsüm
Nəvvabdan muğam dərsləri alır.
Bir qədər sonra artıq tarzən Cəmil xanəndələri
müşayiət edir.
Səsini sınmağı da unutmur, ara-sıra
xanəndəlik də
edir. Beləliklə, gənc Cəmil
musiqi xiridarı kimi ad çıxarır.
GƏNCƏDƏN
İSTANBULA VƏ YENƏ GƏNCƏYƏ
Bir müddət
sonra Cəmil dərziliklə vidalaşıb,
Gəncəyə köçür. O, burada
Məşədi Məmməd
Fərzəliyevi, Malıbəyli
Həmidi, Bülbülü,
Seyid Şuşinskini müşayiət etməklə
ad çıxarır, Məşhədə
də gedib Məşədi Cəmil olur. Gəncədə yaşadığı müddətdə o, həmçinin,
kamança, qarmon, skripka və pianoda çalmağı da mükəmməl öyrənir.
1911-ci ildə Məşədi
Cəmil musiqi savadı almaq üçün İstanbula
yollanır. Orada təhsil alıb yaşadığı iki il ərzində
Şərq və Avropa musiqisinin incəliklərinə yiyələnir.
Türkiyədə həm tarzən,
həm də müğənni kimi konsertlər verir, muğam və təsnifləri, rəngləri
məharətlə ifa
edir.
İstanbulun "Şəhbal" qəzetində tanınan musiqişünas Rauf Yektabay onun haqqında məqalə də yazır, Məşədi Cəmilin
tarla şəklini verir. Məqalə müəllifi qeyd
edir ki, o, Azərbaycan musiqi tarixində muğamları
ilk dəfə nota salanlardan
biridir. R.Yektabay Məşədi Cəmilin
nota köçürdüyü "Heyratı" muğamını
"Şəhbal"ın səhifəsində də
verir.
Məşədi Cəmil Türkiyədən
qayıdanda orada sevilən ud və kanonu da Gəncəyə gətirir.
Əlbəttə, onun yaradıcılığının
1913-cü ildən başlayan
ikinci dövrü daha məhsuldar olur: Məşədi Cəmil Gəncədə yerli ifaçıları cəlb
etməklə Şərq
musiqisi konsertləri verir, Üzeyir Hacıbəyovun əsərlərindən
səhnələrdə Məcnun,
Zeyd, Kərəm, Rza bəy və
digər obrazları məharətlə canlandırır,
teatr tamaşaları üçün yaranan orkestrə dirijorluq edir, 1915-ci ildə isə özü "Seyfəl-Mülk" operası
da yazır. Həmin opera
1916-cı ildə Sidqi
Ruhullanın quruluşunda
əvvəl Tiflisdə,
sonra isə İrəvanda göstərilir.
Daha sonra,
1923-cü ildə Məşədi
Cəmil daha bir səhnə əsəri, "Namuslu qız" operettasını
yazacaq. Bu əsər Gəncədə
səhnə həlli tapdıqdan sonra Azərbaycanın digər
bölgələrində də
uğurla göstəriləcək.
Təəssüf ki,
"Seyfəl-Mülk" və
"Namuslu qız"
tarixin dolanbaclarında
yox olub...
Məşədi Cəmil Gəncədə
muğamat kursu da açır, bu kursdan Bülbül,
Seyid Şuşinski, Zülfü Adıgözəlov,
Əli Cavad oğlu, Əbdürrəhman
Fərəcov, Musa Şuşinski
kimi cavan ifaçılar bəhrələnirlər.
Lakin Məşədi
Cəmil Əmirovun ən böyük arzusu musiqi məktəbi
açmaq idi.
O, 1923-cü ildə bu
arzunu gerçəkləşdirir,
Gəncədə ilk musiqi
məktəbini yaradır
və özü bu ocağın ilk direktoru kimi tarixə düşür.
Məşədi Cəmil
burada tar ifasından dərs deyir, həmçinin məktəbin
xalq çalğı
alətləri orkestrinə
rəhbərlik edir.
İlk ildə
məktəbə 39 tələbə
qəbul edilir. Az sonra onların sayı 10 nəfəri keçir. 1928-29-cu tədris ilindən məktəb genişləndirilir və
musiqi texnikumuna çevrilir. Amma Məşədi Cəmilin
ömrü 1928-ci lidə
sona çatır...
O, Gəncənin "Səbzikar"
məzarlığında dəfn
edilir.
MƏŞƏDİ
CƏMİL MƏKTƏBİNİN VARİSİ
Müasir Gəncənin indi Fikrət Əmirovun adını daşıyan
1 saylı Uşaq Musiqi Məktəbi həmən Məşədi
Cəmilin yaratdığı
musiqi təhsili ocağının varisi sayılır. Doğrudan da Məşədi Cəmil Əmirovun cəmi 53 illik ömrünə sığışdırdığı,
yuxarıda bəhs etdiyimiz enerjili, daim xalqa, xüsusən
onun yetişməkdə
olan nəslinin mədəni böyüməsi
işinə
faydalı olan yorulmaz fəaliyyəti bu məktəb üçün daim örnək hesab olunub. Həm də məktəbin siniflərində müxtəlif
illərdə
görkəmli bəstəkarlar
Fikrət Əmirov, Telman Hacıyev, Qəmbər Hüseynli, Faiq Nağıyev, dirijor və Xalq artisti Nəriman
Əzimov, Xalq artisti Azad Əliyev kimi tanınmış musiqiçilər təhsil
alıblar, bu musiqi ocağında dərs demək üçün Moskvadan,
Sankt-Peterburqdan, Kiyevdən
mütəxəssislər də
dəvət olunublar...
100 yaşını qeyd etməyə hazırlaşan
bu beşillik məktəbin xanəndəlik,
fortepiano, skripka, violançel,
kanon da daxil olmaqla
simli, eləcə də nəfəsli alətlər, həmçinin
xalq çalğı
alətləri və nəzəriyyə şöbələrinin
12 ixtisasında 400 nəfər
şagird tədris alır. Məktəbdə
müvafiq ixtisaslar üzrə 80 ali
və orta ixtisaslı müəllim çalışır. Burada
təhsil alan
şagirdlər arasında
hər il istər Respublika, istər də beynəlxalq səviyyəli
müsabiqələrdə fərqlənənləri
az deyil.
"Bu məktəbin
böyük ənənələrini
qorumaq və yaşatmaq vacibdir. Mən 1977-ci
ildən, Konservatoriyanı
bitirdikdən sonra təyinatla bura gəldim və bu günə kimi də burada
fəaliyyət göstərirəm.
Gəncə ölkəmizin ikinci
böyük şəhəridir.
Bu şəhərin mədəni mühitinin inkişafında bu məktəb də daim öz töhfələrini
verib və verəcəkdir" - deyə,
Xalq artisti, tanınmış dirijor
Rafael Bayramov bildirir.
Məktəbin hazırkı binası
bu ilin əvvəlində
əsaslı təmir
olunub və lazımi avadanlıqlarla təmin
edilib.
Zakir Muradov, Gəncə
P.S. Yeri gəlmişkən qeyd edək ki, Məşədi Cəmil Əmirov Azərbaycanın ilk ordu marşının da müəllifidir. 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin xilası
üçün Nuri paşanın komandanlığı
altında gəlmiş
Türk əsgərlərinə
həsr olunan bu marşın maraqlı tarixçəsi
haqda "525-ci qəzet"in
15 sentyabr 2012-ci tarixli
sayında yazı vermişdik.
(Həmin yazının linki: https://525.az/?name=xeber&news_id=380)
525-ci qəzet.- 2022.- 20 aprel.- S.9.