"Ayrılıq nədir ki, adam
öldürə..."
FƏXRƏDDİN
TEYYUBUN "RUHLARIN SEVİNƏN GÜNÜ" KİTABINI
OXUDUM...
Polkovnik
rütbəsinə qədər yüksəlib, müxtəlif
məsul vəzifələrdə işləyib. Harda olubsa,
şeirlə yanaşı addımlayıb. Bir gün də
olsa qələmi əlindən yerə qoymayıb. Qəribə xasiyyəti var, şairliyindən irəli
gəlir bütün davranışları. Dostlara sadiq olduğu üçün, hamını
da sadiq görmək istəyir. Tez-tez zəng edir mənə,
ola bilsin ki, ya telefonum bağlı olur, ya
rolda oluram, telefonu açmıram. İndi Fəxrəddinin
ikinci zənginə bax, "sən qardaşının
telefonunu niyə açmadın", səbəbini deyirəm.
Görürəm, narazı qalır. Polis operativliyi onu indiyə kimi tərk etməyib.
Bunları nəyə görə deyirəm: Fəxrəddin
Teyyub çox etibarlı, dəqiq adamdır və o, bu dəqiqliyi
də dostlardan gözləyir.
O
günü yeni kitabını gətirib mənə, həm də
çox tələsir. İnanmıram ki, vacib
işi var, yox, sadəcə mənə mane olmaq istəmir.
Kitabın
adına baxıram: "Ruhların sevinən
günü". İlk anda yadıma İkinci
Qarabağ müharibəsində şanlı qələbəmiz
gəlir. Bilirəm, iki saat keçəndən
sonra zəng edib soruşacaq ki, kitaba göz gəzdirdinmi?
Əslində düz deyir, Fəxrəddin,
çünki özü belədir, harda şair
dostlarının çap olunmuş bir şeirini
görsün, zəng zəngin dalınca olur.
Zəng
edib kimisə dəng eləmirəm,
Gileyli misrayla doludur masam.
Daha
doğmalara zəng eləmirəm,
Məni
axtaran kim, mən axtarmasam.
Fəxrəddin Teyyubun kitabındakı şeirləri də
özü kimidir. Misralar əsgər kimi sıralanıb, nə
beli əyilib, nə nidası yıxılıb. Mənanın keşiyində ayıq-sayıq
durublar, nida, vergül, sual qalxanları da əlində.
Fəxrəddin Teyyubun şeirləri həmişə
müasirdi, yəni şair gündəlik xəbərlərin
bədii informasiyasını həkk edir şeirlərinə. Qələbə
xəbərini şeirlə verir, hətta anasına da. Bir anaya verilən qələbə xəbəri onun
simasında bütün insanlara ünvanlanır.
Ana,
gözün aydın, şad xəbərim var,
Daha qarlı qış da bahardı bizə.
Qəhrəman
oğullar, igid oğullar,
Aldı
Qarabağı, qaytardı bizə.
Fəxrəddin
Teyyubun qələmi təkcə şeirin məna tərəfini
deyil, o şeirin yaranma səbəblərini, bir az da dərinə
getsək, baş verən hadisənin tarixi köklərini
araşdırır, ola bilsin ki, bir başqası şeirin məna
tərəfini qələmə alır, amma Fəxrəddin mənanın
əsas kökünə, tarixinə və bu hadisənin qəhrəmanlarına
qədər gedib çıxır, onu şeirin əsas
süjet xəttinə çevirir.
Sən
Göyün oğlusan, Sən Yerin oğlu,
Xoş xəbər gətirən səhərin oğlu.
Sınmaz
Ulu Öndər Heydərin oğlu,
Ali
Baş Komandan, var ol, min yaşa!
Fəxrəddin Teyyub öz yerini bilən adamdı, həm
həyatda, həm də ədəbiyyatda. Yazıçılar
Birliyinin tədbirlərində heç vaxt önə
çıxmaz, məclisin kənar bir küncündə
öz yerini rahatlayar və oradan həmişə xoşbəxt
görünər:
Mənim
öz yolum var, demə "sür ordan",
Tanrıya yaxınam, gəlir nur ordan.
Hələ
deməyiblər mənə "dur"ordan,
Əzəldən
yerimi bilən şairəm!
Fəxrəddin Teyyub Mərdəkanda yaşayır. Bu yolu gedib-gəlmək
çətindir. Amma Fəxrəddinə nə
vaxt zəng elədin, o saat yanındadı. O həm də
yol ilə deyil, qəlbinin fikir küçələrindən
gedib-gəlir. Ona görə yorulmur.
Fəxrəddin
heca şairidir, şeirləri durna qatarı
kimi ötən əsrin 80-ci illərindən qanadlanıb
bugünümüzə qədər yol gəlib. Durnanın sırası elmə, təcrübəyə
əsaslanır. Hər şeydən
dağılmadığı kimi, şairin də şeirləri
bir-birinə elə bağlanıb, elə birləşib, elə
qaynaqlanıb ki, zamanın küləyi onu uçura bilmir.
Fəxrəddin Teyyub payız haqqında şeirləri
çox dəqiq yazır. Düz
yazdığına görə hər şey ürəyincə
olur.
Oxşayam
saçını uşaq sayağı,
Qoy mənim dizimə başını, payız.
Soruşsan
xanımlar gizlədər axı,
Sən də gizlədirsən yaşını,
payız.
Elə ki, həyatda hiss elədiyin bir şeyi olduğu
kimi deyil, yalandan yazdın, onda heç nə alınmayacaq. İstər
şeir olsun, istərsə də başqa nəsə.
Vurduğun
yaralar sağalan deyil,
Neçə yol belimi, qəddimi əydin.
Sənlə
barışmazdım, iyirminci il,
Bizə qələbəni gətirməsəydin.
Yuxarıdakı bənddə 2020-ci ilə münasibət
tamam fərqlidir. Əvvəla, 20-ci il bizə 19-cu
ilin gətirdiyi koronavirusu daha ağır yaşatdı.
Hamı deyirdi ki, bu il yaman pis gəldi,
ayağı düşərli olmadı və sair. Amma
şairin sevinci aşıb-daşır: 20-ci il bizə Qələbə
gətirdi, ordumuz Qarabağı işğalçılardan təmizlədi, - deyir.
Fəxrəddin Teyyubun heca şeirinin səciyyəsi,
Musa Yaqubdan boy götürür, sonra genişlənir. Təbiətə
Musa Yaqub baxışı var, bunu hamı deyir, şair təbiətdə
öz təsdiqini tapır və ya əksinə. Fəxrəddin Teyyub da belədir, o təbiət
şeirləri yazanda heç vaxt büdrəmir,
çünki təbiəti yaxşı tanıyır. Arısından tutmuş, əzgilin sınmış
çeçələ barmağına qədər,
hamısına bələddi.
Qızılgül
küləkdə necə dikəlib,
Buta gözlərində qəmi, nisgili.
Elə bl
uşaqdı, dalaşıb gəlib,
Çeçələ barmağı sınıb əzgilin.
Yazdıqlarına görə Fəxrəddinin Mərdəkanda
gözəl bir bağı var. Əslində ora şairin
laboratoriyasıdır. Dünyanın hər üzünü -
qışını, yazını, payızını o
bağdan hiss edir. Ağacların hisslərini dərindən
duyur. Almanın üzündən öpür,
əzgilin əlini sıxır, nar ağacının
başını sığallayır. Şair deyir ki,
ağac əkiləndə, körpə gülümsəyəndə,
ev tikiləndə, bağ suvarılanda
sevinirəm. Şair dünyanın halını
ağaclardan xəbər alır. Hər
ağac öz boyu qədər təbiətin
antenasıdır. Onun payız, qış,
yay, bahar fəsli bu bağda doğulub.
Öz
bağımın bağbanıyam mən özüm,
Gül kolunda neçə kol var, bilirəm.
Bağda
keçir elə günüm- gündüzüm,
Qönçə gülür, qışı bahar bilirəm.
Balaca bağdakı şairin müşahidələri həyatın,
dünyanın sintezidir. Cəmiyyətdəki hadisələr
bağın fövqündə və yaxud paralelliyində cərəyan
edir. Şair bağda həm meyvə dərir,
həm də şeir. Əgər alma
dərilirsə, onun yanında şeir də dərilir. Bu balaca bağın kompası bütün
dünyanın xəritəsini tutur. Meşələrin
keyfini bu bağdan al, vəssalam. Topxana,
İsmayıllı və Kür qırağının
meşələrinin ağrı-acılarını bu
bağdan xəbər alsan, yetər. Hər
gün şair bu bağın içindədir. Dünya informasiyalarını bu bağdan öyrənir.
Hər budaqdakı çiçək
dünyanı eşidən bilən bir qulaqcıqdır.
Bilirəm
ki, üzü bozdu fələyin,
Hər budağın bir körpənin biləyi.
Qəm eləmə,
kim sevir ki, küləyi,
Gilənarım, qoy alnından bir öpüm.
Bəli, külək çoxdan bu bağa aşiqdir. Onun Nəfəs
almağı həyatın mövcudluğudur. Qonşu uşağı ilə dalaşıb gələn
əzgilin sınan çeçələ barmağı da bir
yaşam tərzidir. Şair insan və
ağacların bir-birinin tamamlamasını, bir-birinə
oxşamasını bədii lövhələrlə nəzərə
çatdırır. Şair gözündə
vaxtın axması aydınca görünür. Zaman gedir, ağaclar da bunu hiss eləyir. Taqor demiş, ağac sevəndə çiçək
olur, çiçək sevəndə meyvə.
Bütün dəyişmələrin şahidi olmaq bir az kədərli olsa da, amma vaxtı
dayandırmağa güc çatmaz. "Heyvanın
xanım duruşu" elə küləyin yolunu gözləmək
deyilmi? Külək ağacları vurularaq
vüsala qovuşdurmurmu?
Baharda Nərgizin
qoxusu gəlir,
Uçur səhər-axşam könlümün
quşu.
Əzgil
gül açanda yuxusu gəlir,
Heyvanın duruşu xanım duruşu.
Fəxrəddin
Teyyub üçün çətin olur bağındakı səmimilikdən
ayrılıb şəhərə çıxmaq: ağaclar
insanlardan daha mehribandır, səmimidir axı..
Neyləyək ki, hər tərəf bağ deyil.
Heç olmasa bağın içində
yaşayaq, sevmək öyrənək. Şair
bağdan çıxanda, ayrılanda artıq şeir də dəyişir,
qəmdən, kədərdən, xatirələrdən
yazır.
Kimdi ürəyimi açan, güldürən?
Görən yox, qəlbimin yarası dərin.
Ayrılıq
nədir ki, adam öldürə,
Məni öldürəcək xatirələrin.
Bağdan
kənar sevginin əzabları var, hicranı var. Dostların
laqeydliyi var. Hələ bunlar bir yana,
koronavirus var. Ağacların nəfəsində bu
ağrı-acılar yoxdur. Ayağını bir az kənara atsan, "anası
ölmüş" uşağı görəcəksən.
Sükut içindədir qəmli gecələr,
Nə olsun işıqdan hər tərəf ağdı.
Adama tamarzı həsrət küçələr,
Elə bil anası ölmüş uşaqdı.
Koronavirusun tüğyan etdiyi günlərdə yazılıb bu şeir. Şair boş küçələri anası ölmüş uşağa bənzədir. "Anası ölmüş" ifadəsi şairin yaradıcılığında boldur. Bu ifadədə dərin bir kədər var, həm də qayğı var. Küçələrin anası insanlardır. Onlar küçələri "çöldə" qoyub qaçıb giriblər evlərinə. Kədərli lövhədir, elə deyilmi? Elə bu zaman şairin yadına doğma kənddə qoyub gəldikləri düşür:
Bəzən basır məni xəcalət təri,
Qələmdi, varaqdı yarağım indi.
Şəhərə dəyişdim biçənəkləri,
Pas atıb dəryazım, orağım indi.
Şair bütün şeirlərində itirdiklərini
axtarır. İtirmədiyini necə axtara bilərsən? Axtarırıq, tapanda sevinirik. Dəqiq
deyə bilərəm ki, Fəxrəddin Teyub itirdiklərini
düz tapır. "Ruhların sevinən
günü" kitabında olduğu kimi.
Qəşəm NƏCƏFZADƏ
Əməkdar mədəniyyət
işçisi
525-ci qəzet.- 2022.- 21 aprel.- S.15.