Mən sənə aşiqəm, Şuşa  

 

 

30 illik həsrətdən sonra ilk dəfə görüşünə gəlmişəm, Şuşa. Bircə qanadlarım yox idi ki, uçam. 30 illik həsrət çəkdirib sonra yenidən qovuşduran Allaha şükürlər olsun!  Böyük zamandı. Zaman məkan uzunluğu səni qəlbimdən çıxara bilmədi. Buna gücü çatmadı. Hicran qədər uzun olarsa, vüsal bir o qədər şirin olar, -  deyirlər. Bizimki ondan oldu, Şuşa. Sən yenə əzəmətlisən,  yenə qüdrətli gözəlsən. Yenə bizi qoynuna aldın, əzizlədin, yenə üzümüzü güldürdün. Bir körpənin yalnız ana qucağında  rahatlıq tapdığı kimi mən sənin qoynunda rahatlığa qovuşdum. Sən bizə Allahın hədiyyəsisən. Sən böyüksən, Şuşa. Yenə  istədiyimi səndən ala bildim. Duyğularım, hisslərim bir-birinə qarışdı. İtirdiyim illərə, sənsiz keçən günlərə yandım. Sevinci , kədəri eyni anda yaşadım.  Mən səndən aldığım zövqü heç yerdən almadım, səninlə yaşadıqlarımı heç yerdə yaşamadım, yaşaya bilmədim, Şuşa. Bu gün həsrətini çəkdiyim hər yerdə axtardığım ətrini, qoxunu yenidən duydum, Şuşa. Həmin qoxu, həmin gözəllik, həmin təmizlik, həmin hava idi. Ciyərlərimə çəkdim. Yenidən nəfəs aldım, həyata qayıtdım. Sən dəyişməmisən, Şuşa.  Dəyişən bizik. Böyüyən, səni yenidən kəşf edən, dəyərini yenidən anlayan bizik.

 

Mən yenə sənə heyranam, Şuşa. 30 il əvvəl belə idi, indi belədir. Qəlbimdə heç dəyişmədi.

 

Bu gün keçmişə qayıdış günüdür.  Çünki bu gün illərlə üstü basdırılmış uşaqlıq xatirələrim Cıdır düzündə - uşaqlıq oylağımda yenidən oyandı. Kədərlə xatırladığım günlərə yenidən döndüm.  Mən o anları yenidən yaşadım, Şuşa. Bir topum, bir kəndirbazım yox idi ki, hər şey yenidən təkrar olsun. Bu gün sən mənim sehrli xalatım oldun.  Hər şeyi mənə xatırlatdın, Şuşa.

 

Bu gün xatirələrim bir-birinə dolaşdı. Xatirələr o qədərdir ki, nəyi xatırlayacağımı da, haradan başlayacağımı da bilmədim. Bilmədim ki, burada kəndirbazla oynamağımızı yadıma salım, yoxsa voleybol oynamağımızımı?  Uşaq vaxtı xınagülü dediyimiz  bitkini tapmaq üçün dəridən - qabıqdan çıxırdıq. Az qala daşları da qaldırıb altına baxırdıq. Tapanda əvvəl daşlara, sonra da  əlimizə sürtərdik. Bunumu deyim? Çiçəklərdən çələng düzəltməyimizimi? Yoxsa bütün oyunlar qurtaranda oturub bir kəlmə kəsmədən səssizcə, saatlarca sənə tamaşa etməyimizimi deyim? Ya çiçəklərdən dəstə bağlayıb Ağdama aparmaq üçün günlərlə necə əzizləyib saxlamağımdanmı danışım? Hansını xatırlayım? Bəlkə, evdəkilərin  bizi zorla evə aparmalarınımı?

 

 

 

Cıdır düzündə olanda evi unudurduq. Evdən arxamızca adam gəlməsə, evə qayıtmazdıq. Hər dəfə bizi danlayardılar. "Bir bura gəlməyiniz son olsun", -  deyirdilər. Amma səhər duran kimi çay-çörək yeməzdik, birbaşa Cıdır düzünə qaçardıq. Yenə eyni şeylər təkrar olardı. Bəzən insafa gələr, qayıtmadığımızı görəndə ardımızca yemək bir axşamın soyuğundan qorunmaq üçün isti bir şey gətirərdilər geyinməyə. Hansı sehr idi bizi sənə bağlayan? Bizi nəylə ovsunlamışdın, Şuşa?

 

Biz heç yoruldum deməzdik. Qarış-qarış hər tərəfi gəzərdik. Biz gücü səndən alırdıq, Şuşa. Sən bizim məhəbbətimiz idin. Sən bizim ən yaxın sirdaşımız idin, dostumuz idin. Bütün sirlərimiz səndə idi. Sən hər şeyimiz idin.

 

Ən ağır xatirəm isə Cıdır düzünə son gedişim olmuşdu. Şuşada dərin bir sükut var idi. Vəziyyət pisləşdiyi üçün açıq sahələrə, Cıdır düzünə uşaqların gedişi narahatlıq doğururdu. Bunlara baxmayaraq bir gün gözdən yayınıb gəzə-gəzə Cıdır düzünə getmişdik uşaqlarla. Sonra fikirləşdik ki, yığdığımız çiçəkləri aparıb evə qoyaq, paltarlarımızı dəyişək qayıdıb şəkil çəkdirək. Geri qayıdanda hara getdiyimizi bilib  bizi çox danladılar. Qayıtmağa icazə vermədilər. Cıdırdan yığdığımız o çoçəklər son çiçəklər oldu. o yay mənim Şuşada son yayım oldu. O şəkli isə çəkdirə bilmədik. 30 il sonra yenə eyni yerdəyəm.Yer həmin yer, daşlar həmin daşlardır. İndi daha qürurlu daha sevincliyəm. O şəkli isə mən düz 30 il sonra - bu gün çəkdirdim, Şuşa.

 

Bəlkə, dəyərini anlamamışdıq. Nəyi itirdiyimizi nəyi geri aldığımızı anladıq gəldik, Şuşa. Bu günü mənə bəxş edən Allahıma şükürlər olsun! Müqəddəs bir ayda aldğım ən gözəl hədiyyəm oldun, Şuşa.

 

Darıxdım, Şuşa. Çox darıxdım, lap çox. Əlim çatmadı, gələ bilmədim. Gecikdim, gec gəldim. Bağışla, Şuşa.

 

Hisslərimi paylaşmağı sevmirəm. Amma indi istədim hamı bilsin ki, MƏN SƏNƏ AŞİQƏM, ŞUŞA.

 

Uşaqlığımın keçdiyi evə isə gedə bilmədim. Çox istəsəm .... Ürəyim getmək istəsə , ayaqlarım ağlım buna imkan vermədi. Ağlım ürəyimə: "Bu günü korlama", -  dedi,  fikrimdən döndüm. Bir qorxdum ki, Ağdamdakı kimi uşaqlıq xatirələrim məhv olar, dağılar. Məni keçmişə qaytara bilən heç görə bilmərəm. Sevincim gözümdə qalar. Bununla üzləşməyə cəsarətim çatmadı.

 

Sənə qovuşmağa vəsilə olan əsgərlərimizə isə təşəkkürlər. Qanı və canı bahasına torpaqlarımızı geri qaytaran Şəhidlərimizə Allah rəhmət eləsin. Birbu səfərin təşkilatçıları, əməyi keçən hər kəs. Sizə sonsuz təşəkkürlər.

 

 

Səltənət ƏLİYEVA

AMEA Nizami Gəncəvi adına  Ədəbiyyat İnstitutu

Böyük elmi işçi, Filologiya üzrə fəlsəfə doktoru

selteneta@gmail.com

 

525-ci qəzet.- 2022.- 21 aprel.- S.13.