Təhsil sahəsinin media ilə əlaqələri keyfiyyətcə yeni mərhələdə

 

Bəşarət Məmmədov: "Həm idarə daxilində, həm də məktəblərlə kommunikasiya baxımından sistemli fəaliyyət göstəririk"

 

Hər bir qurumda ictimaiyyətlə əlaqələrin işi təmsil etdiyi sahənin fəaliyyətinin güzgüsünə çevrilir desək, yanılmarıq. Cəmiyyətin hər bir üzvünün bu və ya digər dərəcədə maraqlandığı təhsil sahəsində, xüsusilə qaynar həyatı ilə seçilən paytaxtın ümumi təhsil məktəblərində baş verənlərin ictimaiyyətə çatdırılması çevik və həssas yanaşma tələb edir. 

Məlumdur ki, hər hansı bir idarə və ya qurumun müntəzəm fəaliyyətinin hədəf auditoriyasına səmimi ünsiyyət vasitəsilə çatdırılması ictimaiyyətlə əlaqələr üzrə strukturun üzərinə düşən ən əsas vəzifələrdəndir. İstiqamətləndiyi ictimai kəsim və kütləvi informasiya vasitələri bu səmimiyyəti duymasalar, qarşılıqlı anlaşma, inam və müsbət ictimai rəy formalaşdırmaq sual altına düşə bilər.

İctimaiyyətlə əlaqələr hər bir qurumun görən gözü, eşidən qulağı, görünən üzü-simasıdır. Bu baxımdan nümunəvi qurum sayıla biləcək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektoruna tanınmış jurnalist Bəşarət Məmmədov rəhbərlik edir.

B.Məmmədovun sözlərinə görə, Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi BŞTİ-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş verən yeniliklər və idarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması istiqamətində işlər 2021-2022-ci tədris ilində müvafiq qaydada yerinə yetirilir.

 

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektoru fəaliyyət istiqamətlərinə uyğun olaraq KİV-lə səmərəli əlaqələr yaratmaq, idarə və idarənin tabeliyində olan ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı zəruri informasiyaları ictimaiyyətə çatdırmaq, müvafiq hüquqi-normativ sənədlərin şərhini, ictimaiyyətə daha dolğun çatdırılmasını təmin etmək, rəsmi sayt və sosial şəbəkə səhifələrini zəruri məlumatlarla təmin etmək kimi vəzifələri yerinə yetirir. KİV-dən daxil olan sorğular operativ şəkildə cavablandırılır, tədbirlərə media nümayəndələri dəvət olunur, təhsil müəssisələrinə mediaturlar təşkil olunur, mətbuat konfransları və brifinqlər keçirilir.

 

B.Məmmədov bildirib ki, indiki zamanda hər hansı bir qurumu ilk növbədə elektron resursları üzərindən tanıyırlar. İctimaiyyətlə səmərəli əlaqələrin yaradılması hər bir qurumun özünü geniş ictimaiyyətə təqdim etmək imkanıdır. Bu baxımdan BŞTİ-nin saytı qurumun ictimai nüfuzunun formalaşmasına birbaşa təsir edir: "Ümumilikdə son illərdə təhsil sahəsində ictimaiyyətlə əlaqələr məsələsinə olan həssaslıq və informasiya açıqlığı media ilə əlaqələrdə keyfiyyətcə yeni mərhələ deməkdir. Bizə mediadan ünvanlanan bütün sorğuları, KİV-i maraqlandıran sualları qısa bir zamanda cavablandırmaq üçün həm idarə daxilində, həm də məktəblərlə kommunikasiya baxımından sistemli fəaliyyət göstəririk. Görünür bunun nəticəsidir ki, media da bizimlə sıx əməkdaşlıq edir. Keçirdiyimiz bütün tədbirləri, görüşləri, xəbərlərimizi KİV ictimaiyyətə dolğun şəkildə çatdırır. Sevindirici haldır ki, artıq bu gün cəmiyyətdə məktəb, məktəb rəhbəri, müəllim haqqında daha müsbət obrazların təqdim olunduğunu müşahidə edirik. Təbii ki, nöqsanlar da açıq deyilir. Bu gün Təhsil Nazirliyi və idarənin də əsas yanaşması bundan ibarətdir ki, biz harda nöqsan varsa onu görməliyik, onu etiraf etməliyik və həlli yollarını tapmalıyıq.

 

Biz cəmiyyətdə məktəb, müəllim imicinin düzgün formalaşdırılması işini birgə fəaliyyətə çevirməliyik. Bugünədək nəyə nail ola bilmişiksə, burada cəmiyyətin, medianın böyük dəstəyini görmüşük".

 

B.Məmmədov deyir ki, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunda 5 əməkdaş fəaliyyət göstərir. Sektor tərəfindən mütəmadi olaraq KİV-lərə idarənin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumatlar verilir. İdarə tərəfindən təşkil olunan tədbir və mətbuat konfranslarına ölkədə fəaliyyət göstərən KİV nümayəndələri dəvət olunur: "İşimiz təkcə məlumatın ictimaiyyətə ötürülməsi ilə bitmir. KİV-i maraqlandıran mövzularda açıqlamalar verilir, paytaxtda fəaliyyət göstərən təhsil müəssisələrinə mediaturlar təşkil olunur, sektora həvalə edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələr yerinə yetirilir. İdarənin bütün məlumatları KİV-lə yanaşı sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılır. Bu gün sosial şəbəkələrdən istifadə edənlərin auditoriyası olduqca genişdir. Sosial media operativlik baxımından bir çox hallarda ənənəvi medianı üstələyir. İnsanların böyük əksəriyyəti də xəbərləri sosial şəbəkələrdən əldə edirlər. Bütün bunları nəzərə alaraq idarənin bütün məlumatları sosial şəbəkələrdə yerləşdirilir. Obrazlı desək, bizdə iş vaxtı bitsə də, iş bitmir. Bəzən işdən kənar vaxtlarda baş verən hər hansı hadisə haqqında doğru və operativ məlumatı təqdim etmək dezinformasiyaların yayılmasının qarşısını alır. Bu baxımdan peşəkar medianın rolu əvəzsizdir. Nə yaxşı ki, bu gün ictimaiyyətin inandığı, etibar etdiyi kifayət qədər peşəkar media orqanları var".

 

B.Məmmədov qeyd edib ki, cari fəaliyyət ilə yanaşı paytaxt təhsilinin ən müxtəlif tərəflərini təqdim etmək, fərqli fəaliyyəti ilə seçilən təhsil işçilərini daha geniş ictimaiyyətə tanıtmaq üçün bir sıra layihələrin reallaşdırılması da ciddi ictimai maraq doğurur: "Yeri gəlmişkən, bu baxımdan bizə dəstək verən media qurumlarına da təşəkkürümüzü bildiririk. İctimaiyyətlə əlaqələr sektoru tərəfindən ötən tədris ilindən reallaşdırılan layihələrdən biri BŞTİ və ASAN radionun birgə təşkilatçılığı ilə həyata keçirilən "Mənim məktəbim" layihəsidir. Layihənin əsas məqsədi paytaxt məktəblərinin yığcam fəaliyyət hekayələri əsasında ayrı-ayrı təhsil müəssisələri barədə məlumatları daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir. Qısa radioçarxda məktəblərin inkişaf tarixinin maraqlı məqamları, uğurları və seçilən məzunları haqqında dinləyicilər məlumatlandırılır. Bununla yanaşı, "Mənim məktəbim" layihəsi doğma məktəbə olan sevginin azalmadığını nümayiş etdirir, dinləyicilərdə nostalji duyğular oyatmaqla onları keçmişə, məktəb illərinə qaytarır. Oxuduğu məktəb haqqında BŞTİ-nin təqdim etdiyi mənbə əsasında bir daha eşitmək istəyənlər ASAN radionu dinləyə bilərlər. Layihə çərçivəsində təqdim olunan radioçarxlar hər gün bir neçə dəfə ASAN radioda səsləndirilir.

 

Azərbaycanın qəhrəmanlıq tarixinin yeni bir salnaməsi yazılıb. Zəfər tarixi ilə bağlı olan bu salnamənin obrazları arasında müəllimlərimizi görmək qürurverici bir hissdir. Sinif otaqlarını döyüş səngərlərinə dəyişən qazi müəllimlərimizin həyat və fəaliyyətini, döyüş yolunu geniş ictimaiyyətə çatdırmaq, günümüzün real qəhrəmanlarını təbliğ etmək olduqca vacibdir. Bu baxımdan BŞTİ-nin "Qafqazinfo" saytı ilə birgə həyata keçirdiyi "Qəhrəman müəllimlərimizi tanıyaq" layihəsi də böyük maraq doğurub. Layihənin əsas məqsədi Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, əsl vətənpərvərlik nümunəsi göstərən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən, yetirmələri olan keçmiş şagirdlərlə çiyin-çiyinə döyüşən paytaxt məktəblərində çalışan müəllimləri daha yaxından tanıtmaqdan və müəllim obrazını fərqli istiqamətdən təqdim etməkdən ibarət olub. Vətən Müharibəsində iştirak edən müəllimlər barədə ətraflı məlumat verilib və onların döyüş yolunu, eləcə də mülki həyatdakı fəaliyyətini əks etdirən fotoşəkillər təqdim olunub. Layihənin nəticəsi olaraq "Qazi müəllimlər" kitabı ərsəyə gəlib".

 

Sektor müdirinin sözlərinə əsasən, BŞTİ tərəfindən Vətən yolunda hər cür fədakarlığa hazır olan, torpaqlarımızın etibarlı müdafiəsi üçün şagirdlərini vətənpərvər ruhda yetişdirməyi qarşısına məqsəd qoyan, cəbhədə vətənpərvərlik dərsi keçməyi bacaran I Qarabağ və Vətən Müharibəsində iştirak etmiş müəllimləri geniş ictimaiyyətə tanıtmaq məqsədilə reallaşdırılan layihələrdən biri "Müəllimin cəbhə gündəliyi" layihəsidir. BŞTİ və AzEduAz Təhsil Portalının birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak etmiş müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.

 

İctimaiyyətlə əlaqələr sektorunun əsas vəzifələrindən biri maraq doğuran müzakirə mövzularını müxtəlif proqramlar vasitəsilə cəmiyyətə çatdırmaqdan ibarətdir. BŞTİ tərəfindən "Gündəm təhsildir" müzakirə proqramı çərçivəsində təhsil gündəmində olan maraqlı mövzular ətrafında müxtəlif qonaqlarla söhbətlər aparılır. "Gündəm təhsildir" proqramının əsas məqsədi  özünəməxsus yanaşma, təcrübə və yeni fikirləri ilə fərqlənən, qazandığı uğurlarla təhsil prosesinin iştirakçılarını ruhlandıran şəxslərin çıxışlarına yer vermək və onları geniş ictimaiyyətə təqdim etməkdən ibarətdir.

 

Yaradıcı və yenilikləri ilə fərqlənən, sadəcə məktəbdə öyrəndiklərilə kifayətlənməyib daha çox məlumat əldə etməyə çalışaraq fərqli işlər ərsəyə gətirən Bakı məktəblərinin istedadlı gənc startapçılarını ictimaiyyətə tanıtmaq məqsədilə BŞTİ və AzEdu Təhsil Portalı tərəfindən "Məktəbli startapçılar" adlı yeni layihəyə start verilib. Layihə çərçivəsində paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunur.

 

B.Məmmədov bildirir ki, ölkənin tanınmış ziyalıları və ictimai maraq doğuran şəxslərlə paytaxt məktəblilərinin görüşü vacib məsələlərdəndir. Bu baxımdan "Məktəbdə..." layihəsini həyata keçirmək qərara alınıb. Layihədən məqsəd şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdir.

 

B.Məmmədov bildirir ki, ictimaiyyətlə əlaqələr sahəsi davamlılıq, sistemli fəaliyyət, məsuliyyət və dəqiqlik tələb edir: "Ümumiyyətlə, bu sahənin bəlli olan və o qədər də görünməyən tərəfləri arasında təmkinini qorumaq, əvvəldə qeyd etdiyimiz kimi, səmimi münasibətləri ana xətt kimi qəbul etmək çox vacibdir. Bütün bunları isə o qədər də böyük olmayan heyətimizlə həll etməyə, hadisələri, prosesləri önləməyə çalışırıq".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 21 aprel.- S.10.