Rüstəm İbrahimbəyov Bakı Kitab Mərkəzində anılıb

 

Bakı Kitab Mərkəzində ssenarist, kinorejissor, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirə gecəsi təşkil olunub.

Gecədə yazıçının ailə üzvləri, dostları, həmkarları, onun yaradıcılığının pərəstişkarları iştirak ediblər.

 

Tədbir Xalq yazıçısına həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Sonra Bakı Kitab Mərkəzinin direktoru, İbrahimbəyovlar ailəsinin yaxın dostu Günel Rzayeva çıxış edib. O, Rüstəm İbrahimbəyov haqqında xatirələrini bölüşərək deyib: “Rüstəm müəllim nurlu, pozitiv və gülərüz insan idi. Hesab edirəm ki, bugünkü tədbir çox yaddaqalan olacaq, çünki buraya ona yaxın adamlar toplaşıb”.

Xalq yazıçısı Anar Rüstəm İbrahimbəyovun həyat və yaradıcılıq yolundan danışaraq qeyd edib ki, o, çox ciddi insan idibu da onun istedadından xəbər verirdi.

Xalq artisti Fərhad Bədəlbəyli vurğulayıb ki, Rüstəm İbrahimbəyov cəmiyyət ab-havasına öz notlarını köçürüb. “Biz dahi insanı itirdik. Lakin onun ideyaları və yaradıcılığı gələcək nəsillər üçün qalacaq”, - deyə F.Bədəlbəyli əlavə edib.

 

Xalq rəssamı Fərhad Xəlilov deyib: “Rüstəm İbrahimbəyovun Azərbaycana hədsiz sevgisi vardı. Müxtəlif ölkələrdə yaşamasına baxmayaraq, Vətən onun qəlbində xüsusi yer tuturdu”.

 

Sonra Xalq yazıçısı Ramiz Rövşən istedadlı ssenarist barədə səmimi və xoş xatirələrini bölüşdü.

 

Gecədə Sevda Ələkbərzadə, Sahib Paşazadə və digər incəsənət nümayəndələri çıxış etdilər.

 

Tədbirin sonunda FuadFatma İbrahimbəyovlar gecənin təşkilinə görə təşəkkür ediblər, bütün iştirakçılara minnətdarlıqlarını bildirdilər.

 

525-ci qəzet.- 2022.- 21 aprel.- S.9.