Hüseyn Cavid
yaradıcılığı yazıçı və folklor əlaqələri
kontekstində
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayevanın yeni monoqrafiyası "Hüseyn Cavid və folklor" adlanır.
Naxçıvanda
"Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində
çapdan çıxan əsər AMEA Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının qərarı
ilə çapa tövsiyə olunub. Kitabın elmi redaktoru və
ön söz müəllifi də həmin muzeyin direktoru,
filologiya elmləri doktoru, professor Gülbəniz
Babaxanlıdır.
AMEA-nın müxbir üzvü, professor, filologiya elmləri
doktoru Əbülfəz Quliyev və dosent Elxan Yurdoğlu-Məmmədovun
rəy verdiyi monoqrafiya Çinarə Rzayevanın
"Hüseyn Cavid və folklor" istiqamətindəki
araşdırmalarının ikinci hissəsidir.
Onu da qeyd edim ki, Çinarə Rzayeva elmə Hüseyn
Cavid tədqiqatçılığı ilə gəlib. Və
görünür ki, H.Cavid sevgisi onu bu sahədə tədqiqatlarının
mütəmadi olaraq davam etdirməyə kökləyib.
2013-cü ildə "Hüseyn Cavid dilinin leksikası"
mövzusunda fəlsəfə doktorluğu dissertasiyası
müdafiə edən Çinarə xanım həmin ildə
"Hüseyn Cavidin "İblis" dramının
sözlüyü"nü hazırlayıb nəşr
etdirib. 2016-cı ildə "Hüseyn Cavid dilinin
leksikası"nı monoqrafiya şəklində
elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim
edib. Bütün bunlar onu AMEA Naxçıvan
Bölməsinə işə gəldikdən sonrakı fəaliyyətinə
də təsirsiz ötüşməyib. Folklorşünaslıq
şöbəsində çalışdığı illər
ərzində mütəmadi olaraq Cavid və folklor istiqamətində
araşdırmalar aparıb və qısa bir zamanda - 2017-ci ildə
"Hüseyn Cavid və folklor" monoqrafiyasını nəşr
etdirib. Həmin monoqrafiyada Cavid
yaradıcılığında mifoloji obrazlar, Dərviş
obrazı, Cavidin əsərlərində atalar sözləri və
məsəllərin işlənmə xüsusiyyəti,
alqışlar və qarğışlar, aşıq
yaradıcılığı məsələlərini
araşdırıb. Böyük bir dərya
olan Hüseyn Cavidin əsərlərində folklorla əlaqəli
digər məqamlar da var idi ki, Çinarə xanım həmin
cəhətləri məhz yeni əsərində ortaya qoyub.
Romantik
şair, mütəfəkkir şəxsiyyət, Azərbaycan
mənzum dramının hegemonu Hüseyn Cavidin
yaradıcılığının folklorla
bağlılığı, şairin əsərlərinə
folklor qaynaqlarının təsir səviyyəsi, şairin
folklordan yaradıcı bəhrələnməsi, eləcə
də H.Cavid əsərlərində folklordan gələn
mövzu, motiv, sujet və qəhrəman kimi məsələlər
bu monqrafiyada ətraflı şəkildə öyrənilib,
nümunələr əsasında təhlil edilib.
Giriş, dörd fəsil, nəticə və istifadə
edilmiş ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada
müəllif xüsusi bir başlıq altında mənəvi
mədəniyyət məqamına da toxunub.
Kitabın ilk səhifələrində H.Cavidin aforizmləşmiş
misraları təqdim olunur ki, bunlar da artıq xalqın
gündəlik nitqinə keçərək folklor nümunəsi
mahiyyətində vətəndaşlıq qazanmışlar. Bunlara nümunə olaraq
"Qadın gülərsə şu ıssız mühitimiz
güləcək", "Kəssə hər kim
tökülən qan izini, Qurtaran dahi odur yer
üzünü" və sair misraları nümunə
çəkə bilərik ki, bu məna və dəyərdə
olan misraları Çinarə xanım xüsusi olaraq seçib
oxuculara təqdim edir.
Monoqrafiyaya
ön söz yazmış professor Gülbəniz Babaxanlı
müəllifin xidmətlərini bu şəkildə xarakterizə
edir:
"Tədqiqatçının dili aydın və
mühakiməlidir. Müəllifin mövzuya məhəbbətlə
yanaşdığı aydın sezilir. Çinarə
Rzayeva hər hansı bir mülahizəni irəli
sürürsə, onu mütləq nümunə ilə əsaslandırmağa
çalışır. "Kitabi-Dədə
Qorqud"-dan üzü bu yana xalq ədəbiyyatı materiallarına,
Hüseyn Cavidin ilk mətbu əsərlərindən
yarımçıq buraxdığı əlyazmalarına qədər
yazılı mənbələrə istinad edir, ədibin həyatı
və yaradıcılığının bəzi məqamları
ilə bağlı konkret faktlara, sənədlərə diqqəti
yönəldir. O, mövzu ilə bağlı mövcud elmi-nəzər
ədəbiyyatı tədqiqata cəlb edərək qənaətlərini
əsaslandıra bilir".
Gülbəniz xanımın bu fikirlərini biz
monoqrafiyanı oxuyarkən də görə bilirik. Giriş hssədə müəllifin
tədqiqatı boyu qarşısına qoyduğu məqsəd
və buna nail olmaq üçün
ayrı-ayrı fəsillərdə nələrə diqqəti
yönəltdiyi, hansı elmi metoddan istifadə etdiyi ilə
tanış oluruq.
"Məhəbbət dastanları və Hüseyn
Cavid" adlanan brinci fəsildə müəllif iki
yarımbaşlıqda fikirlərini ortaya qoyub. Belə ki, "Məhəbbət
dastanlarının Hüseyn Cavid
yaradıcılığına təsiri" paraqrafında
"Şeyx Sənan" mənzum dramı ilə
"Əsli və Kərəm" dastanı arasında
paralelliklər aparılır. Eləcə də
"Qurbani", "Tahir və Zöhrə" dastanları
ilə Cavid yaradıcılığının üst-üstə
düşən cəhətləri təhlil edilir. Bu
yarımfəsildə hətta "Fərhad və
Şirin", "Taleh və Valeh", "Arzu-Qəmbər",
"Alı xan", "Ziyad və Şövkət" kimi
xalq dastanlarından yola çıxılaraq "Topal
Teymur", "Şeyda", "Ana", "Maral",
"Afət" əsərləri ilə müqayisəli təhlillər
və elmi ümumiləşdirmələr öz əksini
tapıb.
Birinci fəslin ikinci yarımfəsli maraqlı
mövzuya həsr olunub. "Məhəbbət dastanlarında əğyar və
Hüseyn Cavid dramlarında üçüncü adam obrazı" adından da
göründüyü kim yeniliyi ilə seçilir. Müəllifin nümunələr əsasında
ortaya qoyduğu fikirlərində bir maraqlı məqam diqqət
daha çox çəkir. O, dastanlardakı əğyar
obrazlarını mərkəzə çəkərək
Hüseyn Cavdin dramlarındakı üçüncü adam obrazından bəhs edərkən "Afət"
əsərində Afətin özünü
üçüncü adam kimi təqdim edir. Düzdü,
Afət əsərin baş qəhrəmanıdır.
Amma o həm də sevgi mövzusunda üçüncü adam obrazına çevrilir. Özü
faciənin əsasını qoyur. Beləliklə də
Qaratayla Altunsaçın sevgisində üçüncü adam rolunu oynamış olur. Müəllfin
xüsusilə bu əsərin təhlili zamanı nümunə
gətirdiyi parçalarla ortaya qoyduğu maraqlı məqamlar
elmi yeniliyi ilə seçilir.
Monoqrafiyanın ikinci fəslində "Qəhrəmanlıq
dastanları və Hüseyn Cavid" mövzusunda
araşdırmalar ortaya qoyulub. Bu fəsil də iki
yarımbaşlıqda öyrənilib. "Azərbaycan
dastanlarında qəhrəmanın sevgisi uğrunda mübarizəsi
və Hüseyn Cavid əsərlərinə təsiri"
adlı birinci yarımbaşlıqda "Koroğlu",
"Qaçaq Kərəm", "Qaçaq Nəbi" və
bu kimi dastanlarda qəhrəmanın öz sevgisi uğrunda
mübarizəsinə nəzərə salınır və bu
məqamların Cavid əsərlərindəki işlənmə
xüsusiyyətləri, motiv bəhrələnməsi və
süjetə təsiri məsələləri
araşdırılır.
İkinci yarımfəsil "Xalqın qadın qəhrəmanları
və Hüseyn Cavidin "Ana" faciəsində Səlma
obrazı" adlanır. Adından da göründüyü kimi
burada mütəffəkir şairin sadəcə "Ana"
faciəsi təhlilə cəlb edilib. Xalqın
qadın qəhrəmanları Həcər, Nigar, Telli, Ruqiyyə
xanım, Məhbub xanım, Dünya xanım, Bənövşə
xanım və başqaları arasında müqayisəli tədqiqatlar
aparılır.
Monoqrafiyanın
"İnam və inancların Hüseyn Cavid
yaradıcılığında bədii həlli" adlı
üçüncü fəsli "Xalq inanclarının Cavid
yaradıcılığında əksi" və
"Hüseyn Cavid yaradıcılığında dini
inanclar" adlı iki yarımfəsilə bölünüb.
Bu paraqraflarda da xalq inancları və bu
inanclardan doğan düşüncə sisteminin obrazların
nitqinə təsiri məsələləri, həmçinin,
dini inanclara yaradıcı şəxsin münasibətindən
doğan yanaşma diqqətə alınmışdır.
Dördüncü fəsildə də biz bu istiqamətdə
paralel araşdırmaları görə bilirik. "Andların
Hüseyn Cavid yaradıcılığında yeri" adlı
fəslin birinci yarımfəslində "Hüseyn Cavid
yaradıcılığında dini and içmələr
üzərinə araşdırmalar"
aparılmışdır. Burada müəllifin
Cavid yaradıcılığından seçdiyi nümunələr
əsasında ortaya qoyduğu fikirlər təkcə
Cavidşünaslıq üçün deyil, eləcə də
folklorşünaslıq üçün də maraqlı tərəfləriylə
seçilir.
İkinci yarımfəsil isə "Müqəddəs sayılan digər predmetlərə and içmələr" adlanır ki, burada da digər predmetlər deyərkən müəllif xalq nitqində yer alan andlar sistemini əsas götürüb. Bunlara nümunə olaraq "ana südü", "vicdan haqqı", "işığa kor baxmaq", "namus haqqı" və bu kimi andlar tədqiqat obyekti kimi seçilib. Çinarə xanım belə bir nəticəyə də gəlir ki, bu cür andlar həm Hüseyn Cavid əsərlərini, müəllif dilini, həm də yazıçıdan folklora töhfə kimi qəbul edilərək xalq yaradıcılığını zənginləşdirir.
Monoqrafiyanın sonunda müəllifin bir əlavəsi də var ki, görünür heç bir fəsildə ümumiləşdirə bilmədiyindən həmin başlığı ayrıca olaraq təqdim edib. "Folklorda yer alan islami dəyərlər Hüseyn Cavid yaradıcılığında" adlanan həmin bölmədə ilk olaraq islami dəyərlərin folklorda işlənmə mövqeyinə nəzər salınmış və bunun Cavid əsərlərinə daxil edilməsi və hansı səviyyədə yer alması məsələsinə toxunulmuşdur. İnanırıq ki, ötən beşillikdəki elmi-tədqiqat işi kimi ərsəyə gələn monoqrafiyada araşdırılmış islami dəyərlər sistemi müəllifi gələcəkdə sırf bu istiqamətdə ayrıca tədqiqat aparmağa yönəldəcək və biz Çinarə xanımın araşdırmasında Hüseyn Cavid və islam mövzusunda tam fərqli elmi yanaşmanı da oxuya biləcəyik.
Monoqrafiya boyu müəllifin əldə etdiyi yeniliklər "Nəticə" kimi ümumiləşdirilib. Çinarə Rzayevanın ümumi qənaəti isə belədir ki, zəngin yaradıcılığı ilə daim sevilən və seçilən Hüseyn Cavid əsərlərində xalqın zəngin şifahi xalq ədəbiyyatına daim müraciət edilmiş, bu müraciət təkcə statistik bəhrələnməylə kifayətlənilməmiş, müəllif öz fəlsəfi baxış tərzinə uyğun olaraq həmin nümunələri bədii dilinə uyğunlaşdırmışdır. Eləcə də Hüseyn Cavid əsərlərində xalq yaradıcılığından doğan, lakin birbaşa müəlliflik haqqı olan ifadələr, misralar, beytlər var ki, bunlar da xalq yaradıcılığının zənginləşməsinə öz töhfəsini verəcəkdir.
Yeni nəşr olunan elmi əsəri münasibəti
ilə Çinarə xanımı təbrik edir, Hüseyn
Cavid və folklor istiqamətində apardığı
araşdırmalarının bundan sonra da davamını
arzulayırıq.
Elxan
YURDOĞLU
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, şair-publisist
525-ci qəzet.- 2022.- 22 aprel.- S.15.