Vətən, gözəllik, azadlıq... və
hicab haqqında
VƏTƏN
HAQQINDA İZHAR
(Bu yazıının
hansısa zərurətlə bağlı Vətəndən kənarda
yaşasa da, Vətəni ilə nəfəs alanlara, Vətən
ruhu ilə yaşayanlara aidiyyəti yoxdur!)
Bir vaxtlar
respublikamızda nəşr olunan şeir kitablarının
birinci bölməsi mütləq qaydada Vətən
haqqında yazılmış şeirlərdən ibarət
olardı və bu hesabdan Azərbaycan bəlkə də Vətən
mövzusunda ən şox şeir yazılan ölkələrdən
biri idi...
Mən o şeirlərin nə dərəcədə səmimi
olması barədə qəti fikir söyləyə bilmərəm
- düzünü həmin şeirlərin müəllifləri
bilir. Amma
Abbas Səhhətin "Vətən", Səməd
Vurğunun "Azərbaycan" şeirlərini, Məmməd
Arazın Vətənə həsr olunmuş şeirlər
silsiləsini, Vətən haqqında deyilmiş bayatılarımızı
poeziyamızın incilərindən hesab edirəm.
Lakin indi
fikirləşirəm ki, Vətəni həqiqətən,
ürəkdən və təmənnasız sevmək zərurətinin
hamımızı sınağa çəkdiyi indiki
çağlarda bu anlayışla möhtəkirlik edənlərin,
onu hər gün
yemək istədikləri desert səviyyəsində
kiçildənlərin sayı əhəmiyyətli dərəcədə
artmaqdadır...
"Bu Vətən mənə nə verib ey, mən də
onu sevim? Harda
günüm yaxşı keçir - vətənim də
oradır" - deyib xoş
gün-güzaran dalınca arzularının ölkələrinə
qaçan, yeni "vətənlərində" yadlara qulluq
göstərə-göstərə əldə etdikləri
qotur avtomobilləri, miskinlik, ləyaqətsizlik qoxuyan
dollarları, nə bilim daha nələri ilə öyünən,
başqalarına da dərs keçmək istəyən
varlıqlar, anlayırsınızmı ki, bu jestinizlə əslində
olmayan özünüzü nümayiş etdirir, "ruhsuz da
yaşamaq olar" (əlbəttə, insan kimi yox - Ə. H.)
"həqiqətini" sübut etmək
üçün çabalayırsınız?
"Biz beləyik, filan cürük, gör nə günə
qalmışıq? - deyə-deyə Vətəni
gözdən salmaq istəsəniz də, Allahın bizə ərməğan
etdiyi bu Vətənin gözündən düşən əslində
elə siz özünüzsünüz!
Axı Vətən
ilk növbədə ruhani anlayışdır, insanın
ruhundadır!
Vətən sənin sevdiklərindir, kimlərəsə,
nələrəsə görə sevmədiklərin yox.
Vətən
insanın bu dünyaya göz açanda gördüyü ilk
yerdən, eşitdiyi ilk sözdən, ilk nəğmədən
- layladan, ilk addımlarını atdığı torpaqdan
başlayır!
Vətən
heç vaxt sənə borclu ola bilməz, əksinə, dərk
etsən, sən
özünün varlığına görə Allahınla,
valideynlərinlə birlikdə həm də Vətənə
borclusan!
Vətən
sənin yumruq boyda ürəyində gəzdirməli
olduğun böyük bir məkandır!
Əgər
bunları dərk etmirsənsə, sən yox kimi bir şeysən!
Səməd
Vurğunun ədəbiyyat dərsliklərindən
çıxarılan (???) poemasının qəhrəmanı
demiş:
"Vətənsiz
də insan ola, insan kimi
yaşayarmı?!"
"ÜZÜNDƏ
GÖZ İZİ VAR..."
Bir neçə ay əvvəl
feysbukun xəbər lentində bir paylaşma diqqətimi cəlb
elədi. Müəllif (qadın idi) hicablı
qadınların halına acıyır, özlərini "bu
günə" qoymalarına, mənəvi əsarətdən
xilas olmamalarına görə onlara "yazığı gəlir"
və sonda soruşurdu ki, niyə C.Cabbarlının əsərləri
bunlara dərs olmayıb?
Mən dərhal rəy yazdım ki, məsələni bu
cür qoymaq düzgün deyil, mənəvi əsarətin,
geriqalmışlığın hicaba heç bir dəxli
yoxdur və hicab geyinən qadınların öz seçim
şanslarından istifadə etmələrinə,
azadlığına hörmətlə yanaşmaq
lazımdır.
"Hicab"
və "azadlıq" sözlərini yan-yana işlətməyim
opponentlərimi lap çaşdırdı: hicab hara,
azadlıq hara? Məgər hicabın elə
adı azadlığın məhdudlaşdırılması
xofu doğurmurmu?
Anladım ki, onlar azadlıq məfhumunun mənasını
səhv, özlərinə sərf eləyən formada başa
düşürlər. Ona görə də dərinə getmədim,
nə vaxtsa bu barədə ətraflı yazmaq qəratına
gəldim.
Deyəsən, həmin vaxt yetişib.
Amma əvvəlcə azadlıq haqqında.
1
Görkəmli filosofumuz Niyazi Mehdi çox dəqiq deyir
ki, dünyanı düzgün anlamağın birinci şərti
anlayışların mənasını düzgün
açmaqdır. Çox təəssüf ki, bizdə
azadlıq məfhumunun mənası çox vaxt düzgün
yozulmur və nəticədə bir çox fikir
dolaşıqlıqları yaranır. Azadlıq
insanın, cəmiyyətin taleyi ilə bağlı
olduğundan adi söz sərhədlərini aşıb fəlsəfi
kateqoriyaya çevrilmişdir. Filosofların
ona verdikləri şərhlər də birmənalı deyil.
Təfərrüfatlara varmadan mənə daha
düzgün görünən və qəbul etdiyim yozum
üzərində dayanacam.
Azadlıq - öz seçim imkanlarından istifadə etmək
şansı, daha doğrusu, bu şansın
reallaşmasıdır. İnsan bu şansı nə qədər
çox reallaşdıra bilirsə, bir o qədər də
azad olur, öz ömrünü yaşayır, ən
başlıcası isə özü olur.
Bu deyilənlərdən azad olmayan, öz ömrünü
yaşamayan, özü olmayan adamların obrazını
yaratmaq o qədər də çətin deyil.
Çox vaxt azadlığı "Nə istəsəm
edə bilərəm" diskursu kimi yozurlar, halbuki bu, tamamilə
səhv yanaşmadır. Əgər hər hansı bir formul işlətmək zərurəti
varsa, onu bu cür ifadə etmək daha doğru olar: "Mən
nə etmişəmsə, nə edirəmsə
başqalarının təklif etdiyi fəaliyyət
proqramı əsasında yox, öz seçimim əsasında
etmişəm (edirəm). Mənim
azadlığım elə budur".
Yalnız
azad olmayan, başqalarının təklif edərək digərlərinin
də həyatında kütləviləşdirmək istədikləri
"azadlığa" boyun əyənlər qorxaq, yaltaq,
evyıxan... olurlar, çünki öz sözlərini
yox, başqalarının
sözünü dediklərinə görə onlar heç nəyə
məsuliyyət daşımırlar. Məsuliyyət
isə vicdanın və əxlaqın birinci şərtidir.
Bəzən
deyirlər ki, azadlıq və məsuliyyət
anlayışları bir-biri ilə düz mütənasib
olduğundan, insanlar azadlıqlarının çoxalmasından heç də həmişə
xoşhal olmur, hazır streotiplər, sanaqdan
çıxmış paradiqmalar çevrəsində
yaşamağa üstünlük verirlər.
İndi gəlin
bu deyilənləri hicab məsələsinə şamil edək,
kimin - hicab geyinib bədənlərinin müəyyən hissələrini
yad nəzərlərdən gizlədən qadının, yoxsa
onun bu seçimini mənəvi əsarət adlandıran, dar
şalvar, yaxasıaçıq paltar geyinməklə yad
kişilərin erotik fantaziyalarına rəvac verən,
özünü azad hesab edən qadının əsl həqiqətdə
azad olması məsələsinə baxaq.
Zahirən belə bir təəssürat yaranır ki,
onların ikisi də eyni dərəcədə azaddır, yəni
1-ci qadın öz seçim şansından istifadə edib
hicabı, digəri isə dizləri cırıq dar
şalvarı, yaxasıaçıq paltarı seçib.
Amma yox! Azadlığa düz mütənasib olan məsuliyyət
məsələsi də burada özünü göstərir.
Özünü azad hiss edən qadın bu azadlıq qədər
məsuliyyət daşıdığından tək
özünü yox, başqalarını da fikirləşir,
öz azadlığı daxilində edəcəyi hərəkətin
əxlaqi tərəflərini də düşünür və
sonra seçim edir. Hicabı inkar edənlər
isə bu məsuliyyəti dərk etmədiklərindən
"mənə belə xoşdur, əcəb edirəm"
prinsipi ilə kor-koranə hamının etdiyini etməyə,
hamının oynadığı rolu oynamağa
başlayır.
Bir az da dəqiqləşdirək: Hicab geyinən
hicabı hamının geyindiyi üçün yox, öz istəyinin
diqtəsi ilə seçir. Açıq-saçıq
paltar geyinənlər isə öz geyim tərzlərini
"hamı belə geyinir, mən niyə hamıdan biri
olmayıb onlardan geri qalım" prinsipinə görə
müəyyən edirlər. İndi özünüz deyin:
Kim daha azaddır?
"Azadlıq" və "hicab"
("çadra") anlayışlarını, necə deyərlər,
bir-birinə yapışdırmaq istəyənlərə
görkəmli dinşünas alim Rafiq Əliyevdən gətirdiyim
bir sitatla cavab vermək istəyirəm. O yazır: "Bu 2
anlayış arasında birbaşa asılılıq yoxdur. Əgər biz belə bir asılılıq
axtarırıqsa, onda azadlığın ümumiyyətlə
mövcud olmaması fikrini söyləyənlərin dəyirmanına
su tökürük".
2
Xalqımızın
ruhundan qopan gözəl bir bayatı var:
Əzizim
baxtı yarım,
Könlümün taxtı yarım.
Üzündə
göz izi var,
Sənə
kim baxdı, yarım?
Fikir verin, sevən şəxs yad nəzərin onun
sevgilisinin üzündə ilişib qalmasından narahatdır
(Yəni sənin üzünə, gözəlliyinə
yalnız mən baxıb həzz ala bilərəm. Bunu başqaları da edə
bilirsə...).
Qərb
dünyasında isə kişi - qadın, ər - arvad münasibətləri
fərqli paradiqamlar əsasında qurulub - kişi öz
arvadının gözəlliyini ictimai yerdə nümayiş
etdirməkdən, yad kişilərin onun arvadının
gözəlliyinə heyranlığından, onun arvadı
haqqında dedikləri sözlərdən ləzzət
alır, bunu özünün ləyaqəti bilir, yad kişilər
onun qadınını nə çox rəqsə dəvət
edirlərsə, bir o qədər feyziyab olurlar.
Sizə elə gəlmirmi ki, göbəkdən yuxarı
koftalar, cırıq-cırıq dar şalvarlar, yaxası
açıq paltarlar və s. bu "azadlıq" modelini kütləviləşdirmək,
başqa xaqlara da təlqin etmək və deməli, öz
"azadlıqlarının" hüdudlarını
genişləndirmək cəhdinin təzahürüdür?
İndi
deyin - kimin seçimi düzgündür - özünün
gözəlliyini yad kişilərin baxışlarından gizlədib
bu gözəlliyi sevdiyi adam
üçün hifz edən qadının, yoxsa
özünü əmtəə kimi nümayiş etdirib bundan
ləzzət alan qadının?
Məgər şərəfinə abidə
ucaltdığımız "Azad qadın"
çadrasını öz sələflərinə belə
bir "azadlıq" bəxş etmək üçün
atmışdımı?
3
Niyazi Mehdi yazır ki, bütün qadınlarda öz gözəlliklərinə
bir sənət əsəri kimi baxıb onu başqalarına
nümayiş etdirmək meyli var. Təmamilə düzgün
qənaətdir. Amma unutmayaq ki, ustad digər bir
yazısında gözəlliyin nümayişinin belə bir
formulunu da təklif edir ki, gözəlliyin prinsiplərindən
biri natamamlıq, assimmetriklikdir. Əgər qadının
gözəlliyinə də bir tekst kimi baxsaq Ustaddan gətirdiyim
aşağıdakı
sitat bu fikri tam açır (mötərizələrdəki
əlavələr mənimdir): "Simfonik musiqinin arasında
sükut ləzzət verdiyi kimi, yazar da (qadın da - Ə.H.)
tekstini elə qurmalıdır ki (gözəlliyini elə təqdim
etməlidir ki), deyə bilmədikləri (gizlətdikləri)
deyilməmişlik (gizlədilmişlik) kimi ləzzət
versin".
Bu deyilənlər
kontekstində hicaba tamamlanmamış gözəlliyin bir
elementi kimi baxmaq heç bir çətinlik törətmir...
Hansı
yaxşıdır - öz heyranlığını ani bir
baxışla bildirmək, yoxsa " Ulduz"
filmindəki Məhəmmədsayağı "Sən mənim
fərəmsən, sən mənim cücəmsən" kimi düşük, əttökən,
sarsaq cümlələrlə?
Nəhayət, zor, diktatorluq və mənəvi əsarət
barədə.
4
Bu məsələdə ən qəribə, anlaşılmaz məqam hicabı inkar edib onu özləri üçün "heçə" çevirənlərin hicab təəssübkeşliyi, hicab gəzdirənlərdə hicaba hörmətsizlik əlamətləri axtarmasıdır. Soruşan lazımdır: "Hicab sənin üçün bir heçdirsə, onun təəssübünü çəkmək, onun hörmətini qorumaq istəyində nə qədər səmimisən? "Heç" olan bir şey səni nə üçün bu qədər məşğul edir? Əgər bu hörmətsizlik səni narahat edirsə, nə üçün öz nümunəndə əsl hörməti sərgiləmirsən?"
Bu sualların cavablarını tapmağı onların öz öhdəsinə buraxıb yazımın son abzasını yazıram:
Hicaba meyl etmək dini əsarətin göstəricisi deyil, genetik yaddaşdan gələn bir məsələdir. "Qaçaq Nəbi" filmini xatırlayaq - Həcər də əynində şalvar at belində tüfəng oynadanda, çar çinovniklərinin pişiyini ağaca dırmaşdıranda başına hicab aksessuarlarından birini - baş örtüyü olan çalma bağlayırdi. Hətta bəzən yaşmaqdan da istifadə edirdi.
Qoy bizim xanımlar da şalvar
geyinsinlər, amma nənələri kimi ədab-ərkan
çərçivəsində, qoy qaşlarına vəsmə,
gözlərinə sürmə çəksinlər, amma qədərində...və
bütün bunları hicabın hansısa bir aksessuarı
tamamlayırsa, buna görə onları rahat buraxmaq
lazımdır, daha təhqir, tənqid etmək yox.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2022.- 22 aprel.- S.14.