“Səhra savaşı” Təbrizdə yayımlanıb

 

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” romanı Güney Azərbaycanda nəşr olunub. Təbrizin nüfuzlu “ANAS” nəşriyyatında yayımlanan kitabı əski əlifbaya Milad Teymuri çevirib.

Qeyd edək ki, “Səhra savaşı” romanı müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk kitabı deyil. Bundan öncə yazarın “İnsan dənizi” romanı Dr.Böyük Mollayinin fars dilinə çevirisində Tehranda (2014) və Zəncanda (2015) böyük tirajla yayımlanıb.

Metaforik üslubda qələmə alınmış “Səhra savaşı” romanında təsvir olunan olaylar zamanın çatlaması ilə gələ­cəkdən imtina edərək keçmişə üz tutan baş qəhrəmanın – Qocanın taleyi fonunda aşkar­lanır. Hadisələrin bu bağlamda çözümü müəllifə insan, zaman, dünya və gələcək haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verir.

Vaqif Sultanlının əvvəlki əsərlərindən yalnız məzmunca deyil, eyni zamanda forma-sənətkarlıq baxımından əhəmiyyətli dərəcədə seçilən “Səhra savaşı” romanı çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biga­nələşmə, gərəksizləşmə kimi mənəvi çöküşhumanitar aşınma probleminə etiraz ruhu ilə maraq doğurur. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörü­yü ilə müşayiət olunan hadisə, əhvalat və epizodlarla şərtlənir.

Azərbaycan oxucularına ilk dəfə 2015-ci ildə təqdim edilən “Səhra savaşı” romanı daha sonra Ukrayna (2018), İngiltərə (2019) və Türkiyədə (2021) yayımlanıb.

 

525-ci qəzet.- 2022.- 22 aprel.- S.9.